Ədəbiyyatşünaslığımızda zəngin bir portret – Araz Dadaşzadə

 

Araz Dadaşzadənin milli ədəbiyyatşünaslıq elminə göstərdiyi xidmətləri qiymətləndirmək bir o qədər də asan deyil. Ona görə yox ki, demək olar, əlli illik ömründə gərgin axtarışlar aparıb, çeşidli mövzular üzrə deyil, fundamental və konseptual problemlər üzrə tədqiqat aparıb. Bu səbəbdən onun əsərlərinin siyahısı tutularsa, indiki ölçülərlə baxanda bir elə böyük təəssürat yaranmaz; onun seçilmiş əsərlərini buraxmaq mümkün deyildir, ona görə ki, iki fundamental – seçkin araşdırması var və bunlar öz dövründə yazılanlardan da, indi də bir az sürətlə qələm altından çıxan tədqiqatlardan da sanbalı və mükəmməlliyi ilə seçilir. Araz Dadaşzadənin alim şəxsiyyətində iki cəhət birləşirdi – ciddiyyət və problemə fərqli bucaqlardan baxa bilmək səriştəsi. Bu səriştə necə, hansı şəraitdə formalaşmışdı?

Araz Dadaşzadə ömrün tən ortasında, yaradıcılığının püxtələşdiyi bir məqamda çıxıb getməli oldu, darıxdımı, səbrimi tükəndi, yoxsa ədəbiyyat elminin dərinliklərinə baş vurduğu zaman bir işıq ucu görmüşdü, aldandı, ancaq bu vaxtından əvvəl ixtiyarlaşmış, müdrikləşmiş adamı kim aldada bilərdi ki... Ancaq ölümün aldatmadığı kim var? Ancaq .... bəlkə, ən düz sözü ölüm deyə bilər və bu yalnız bizə aldanış kimi gəlir.

Görkəmli alim iki monoqrafiya yazdı – “Vaqif: həyat və yaradıcılığı” və “XVIII əsr Azərbaycan lirikası”. Adlar ilk baxışdan ümumi (problemsiz...) təsir bağışlasa da, gözlənildiyindən mürəkkəb və ziddiyyətli mövzu və kompozisiya həllini şərtləndirir. Ayrı-ayrı klassik yazıçı və şairlərin həyat və yaradıcılığından indi də saysız əsərlər qələmə alınır. Sadəcə, həyatı və yaradıcılığı, yəni tərcümeyi-halı, sadəcə əsərləri, yəni yazmalı olduğu əsərlər. Araz Dadaşzadənin monoqrafiyasında bunlarla bərabər, yaxud bu kimi ənənəvi mövzuların fonunda çox ciddi yaradıcılıq və elmi problemlər çözülür. Molla Pənah Vaqif kimdir? Bir sıra məxəzlərin üzə çıxarılmadığı, bəzi mənbələrin isə qarışıq düşdüyü bir vəziyyətdə əsərlərinin xeyli hissəsi sadəcə məhv edilmiş və sonradan dillərdən, cünglərdən toplanmış bir şairin obrazını necə yaratmalı? Bu bütün dərinliyi ilə təsəvvür edilməyən bir müşküldür və məhz bu çətinliyin, məxəz çatışmazlığının ucbatından ədəbiyyatşünaslar ayrı-ayrı dövrlərin ədəbi prosesini şifahi şəkildə ötürülən informasiyalar əsasında bərpa etməklə məşğul olublar. Adı “Füzuli, Zakir, Sabir kimi söz ustaları ilə yanaşı çəkilən” Vaqifin şair obrazı ciddi tədqiqatlara bu və ya digər şəkildə həmişə mane olub. Vaqif mənbədən, divandan, cüngdən çox, epik qaynaqdan, dastan və onunla bağlı bəzən bir-biri ilə ziddiyyət təşkil edən əhvalatlardan süzülərək formalaşan obrazı ilə tanınıb. Tədqiqatçı yazırdı: “...Vaqifin həyat və yaradıcılığını öyrənmək işinə maraq artır, aparılan tədqiqatın dairəsi genişlənir. Bu da səbəbsiz deyildir. Şairin bədii irsinin tədqiqi ədəbiyyat tariximizin bir sıra problemlərinin həllinə yardım edə bilər. Çünki Vaqifin qoyub getdiyi irs sayca çox böyük olmasa da, məzmunu, bədii xüsusiyyətləri, dili və üslubu etibarı ilə olduqca əhəmiyyətlidir. Burada realizm və novatorluq, klassik poeziya ilə folklorun qarşılıqlı əlaqəsi, poetik sözün təsir qüvvəsi və s. məsələlər ilə qarşılaşırıq ki, həmişə canlı olan bu məsələlərin tədqiqi bizi maraqlandırmaya bilməz... ” (adı çəkilən monoqrafiya, s. 5.). Bu sitat bir neçə adi aspektdən (-!) maraqlıdır. İndiki elmi çıxarışlarla, problemsiz təsvir və cansız problemlərlə müqayisədə (şübhəsiz ki, ədəbiyyatşünaslıqda) “çox sönükdür”, “adidir”, ancaq pəltəklikdən, dil dolaşıqlığından, termin bazlığından əsər-əlamət yoxdur. Nə var? “Vaqifin qoyub getdiyi irs sayca çox böyük olmasa da...” cümləsi adama qəribə gəlir, uşaqlıqdan bildiyimiz budur ki, Vaqifin qoşmaları dünyanı tutur, yerlə, göylə əlləşir, bu şeirləri oxuyanda, yaxud kimsə səninçün oxuyanda nəzərində “dalğıc” obrazı yaranır, suyun dərinliklərinə baş vurub, elə işlər görür ki, indiyə qədər statik bir şey kimi hiss etdiyin formanı “gözünlə görürsən”, duyur, istədyin şəklə salırsan. Bu dalğıc insanın daxili aləmi ilə paltarını, üz, sifət cizgilərini elə bir məqamda birləşdirir, yaxud qarşılaşdırır ki, indicə yaranan mənzərəni gözündən ötürdüyünə dərindən təəssüf edirsən, ancaq bu mənzərəni heç də ötürməmisən, sadəcə o, elə sürətlə süzüb ki, hansısa qoşmadan, müxəmməsdən, bayatıdan çıxıb yanına gəldiyini zənn etmisən. Bu mənzərəni görən adamlar üçün bu şeirlərin çoxlu yeni qatı açılır, elə bil dünyanın bütün dillərində eşqə dair yazılan yazılar, bağlanan kitablar türkcə danışır, Vaqifin şirin dilində... Araz Dadaşzadənin o sadə cümlələrdə qoyduğu problemdən mənim görə bildiyim mənzərələr bunlardan ibarətdir. Kimsə daha fərqli mənzərələr görə bilər və bunları bizim bilmədiyimiz şəkildə şərh edə bilər və bütün bu imkanlar bir az quru, ilk baxışdan “adi” elmi təsvirin altında gizlənir. Yəni, alim elmi faktların, məxəzlərin verdiyi məlumatların işlənməsində, əsası isə bunların fonunda ümumiləşdirici fikirlərin ifadəsində metaforik düşüncə tərzindən uzaqlaşır, onu – ikinci planda, necə deyərlər, ehtiyatda saxlayır. Müxtəlif nəzəriyyəçilər Haydegerdən sonra təsdiq edirdilər ki, əsl müdriklik məntiqi düşüncənin o biri tərəfindədir və ən dərin fikirlər diskursiv formada yox, əksinə, ədəbi və bədii vasitələrin köməyi ilə ifadə edilə bilər, bunların arasında assosiasiya seli doğuran metafora xüsusi yer tutur. Ancaq Araz Dadaşzadənin elmi təfsirində “metafora boşluqları” yoxdur, yəni, müəllif (tədqiqatçı) ciddiliyi bir an belə əldən vermir, müəyyən konsepsiyanın sahibi kimi əda göstərmir, sadəcə məlum fikirlərin sırasında özünü ifadə edir (... Mən kiməm? Sadə katib... – Əli Kərim), “məntiqi düşüncənin o biri tayını” oxucular üçün saxlayırdı, əgər belə imkan-təbəddülat yaranarsa, demək o sədə fikirlər, o iddiasız mülahizələr artıq öz işini görüb. İndi haqqında bəhs etdiyimiz “elmi təfsirdə metaforaya yol verilə bilərmi?” probleminə yanaşmada üç əsas mərhələ nəzərə çarpır. Əslində bu, analitik fəlsəfənin problemidir. “Principia Mathematica”-da, Rasselin məntiqi atomizmin əsaslandırılmasına həsr edilən əsərlərində, Vitgenşteynin “Traktat”ında və digər əsərlərdə sübut edilir ki, metafora ciddi ideal dil hüdudlarında yolverilməzdir. Elmi fikirdə metafora varsa, biz ondan ya imtina etməliyik, ya da onu ciddi məntiqi formaya salmalıyıq. Rasselin diskrepsiya nəzəriyyəsi baxımından, ciddi dildə metaforanı təkcə məntiqi deyil, həm də ontoloji qadağanedici arqumentlərə görə işlədə bilmərik. Məsələn, biz mövcudluq kvantorunu metafora ilə təsvir edilən əşyaya aid edə bilmərik, çünki o, müşahidə edilən fiziki və psixi aləmdə mövcud olan fakta uyğun gəlmir. Elmi dildə metaforanın işlənməsinin doğurduğu təhlükələr haqqında onlarla nümunə göstərmək olar. Azərbaycan ədəbiyyatşünaslığına bu yöndən yanaşdıqda bu “qadağanın”n işlədiyi və “qadağan edildiyi” nümunələr həddindən artıq çoxdur. Mərhum Yaşar Qarayevin elmi təfsirindən yalnız onun özünə xas olan metaforaları çıxarsaq (belə bir işi görməyin özü mümkündürmü-?) bütün sistem dağılar. Nisbətən sakit, daha dəqiq ifadə edilərsə, təmkinli üslubda, məxəz və faktların cızdığı çərçivədən aşmayan tədqiqat üslubları içində Araz Dadaşzadənin (o cümlədən atası akademik Məmməd Arifin) tərzi aydın seçilir. Bu üslub “müşahidəçi mövqeyini” sevir, eyni zamanda hadisələrin həm axarında olmağı, həm də müəyyən mövqe seçib onlardan nəticə çıxarmağı ön plana çəkirdi. Milli ədəbiyyatşünaslıq və tənqiddə bu iki xətt – bütün həqiqəti dilin verdiyi imkanlar, metaforik naxışlar vasitəsi ilə üzə çıxarmaq cəhdi ilə həqiqəti sistemli analiz əsasında ortaya qoymaq inadı dərhal seçilir. Mərhum Asif Atanın tənqidi esselərində yanğı, ona tanış olan ən müxtəlif ideyaların əhatəsində yeni sözlə irəli çıxmaq cəhdi doğrudan da təqdirəlayiqdir, ancaq bu tənqiddə ədəbi fakt və əsər yalnız vasitədir, assosiativ qurğudur, burada ədəbiyyatla fəlsəfənin sərhədində insan, dünya və cəmiyyət haqqında həqiqətləri söyləmək, ifadə etmək yanğısı əsasdır. Bu “sistemə” ədəbiyyatşünaslıq kimi, yaxud fəlsəfə kimi baxılarsa, xeyli tərs məqamlar ortaya çıxar, bu mexanizmə onun özündən, sadəcə qərar tutduğu sərhəd vəziyyətindən nəzər salmaq daha faydalı və perspektivlidir.

Araz Dadaşzadənin seçdiyi mövqe, fikrimizcə daha perspektivlidir, bu elə bir məqamdır ki, izah, təhlil və faktlarla araşdırma gözlənilməz ideyaların meydana çıxmasını şərtləndirir. Ədəbi mövzuda – tənqid və ədəbiyyatşünaslıqda yeni ideya irəli sürmək milli ədəbiyyatşünaslığın başlıca problemidir. Nə mənada? Buraya “sistemsizlik” sözünü əlavə etsək, məsələ bir az da aydınlaşar. Milli mədəniyyətin, yaxud ədəbiyyatın əsas mətnləri arasındakı əlaqələri nəzərə almadan yazılan, bu mətnləri göz önünə gətirməyən tədqiqatlar konseptual şəkildə heç nəyi araşdırmır, heç bir əsaslı problemin çözümünə gətirib çıxarmır. Belə fraqmentar təhlillər kitab-kitab şişsə də, bir bütöv halında ədəbi prosesin canlı halını, dinamikasını ifadə etmir. Araz Dadaşzadənin təhlillərində poetik sistem – Vaqifin, yaxud XVIII əsrdə yazıb-yaratmış bir şairin poetikası elə bir mövqedən təhlil edilir ki, hər bir sözün, ifadə və deyimin ümumi kontekstdəki “tarixçəsi”, dolayısı ilə ədəbi prosesin kardioqramması həqiqətə yaxın bir durumda ortaya çıxır. Yuxarıda qeyd etdiyimiz kimi, alim Vaqif obrazını təsadüfən seçməyib, onun Azərbaycan ədəbiyyatında oynadığı rolu, açdığı cığırın mənasını çatdırmaq məqsədi ilə müxtəlif üsullara, yanaşma metodlarına əl atır, şairin ən müxtəlif poetik situasiyalarda dəyişən və sabit qalan cəhətlərinin təmas nöqtəsini tapmağa cəhd edir və əksər hallarda buna nail olur. Vaqifin poetik sisteminin özəlliklərini izah edərkən tədqiqatçı onun “xalq dilindən nə qədər bacarıq və məharətlə istifadə etdiyini” önə çəkir. O, Vaqifin müxtəlif qoşma və gözəlləmələrindən gətirdiyi misraları sadəcə yan-yana düzür, bu siyahıda, bu cərgədə bir neçə məqam eyni zamanda seyr edilir: bir tərəfdən – “bu sözlər və ifadələr o qədər təbii, o qədər dəqiq və yerində işlədilmişdir ki, canlı söhbəti xatırladır”, digər tərəfdən “bu söz və ifadələr şeirə üzvi surətdə daxil olduğu üçün yabançı ünsür təsiri bağışlamır.” Bu yeniləşmə, poetik təfəkkürün təzələnməsi, gerçəkliyi fərqli rakursdan seyr etməsi Vaqifin təkcə qoşmalarından görünmür, daha açıq və əyani şəkildə ərəb-fars tərkiblərinin meydan suladığı qəzəllərindən görünür. Qəzəlin hər bir bəndindən digərinə keçidlərə diqqət yetirin, poetik enerjinin paylanma mexanizmi, yaxud başqa ifadə ilə desək, “sıxlaşma faktoru” daha sadə şəkildə həll edilir. Bu artıq əvvəlki oyun meydanı deyildir, bu qəzəllərdə dil sadəcə dünya haqqında bildiklərimizin keçdiyi ekran, ayxud filtr rolunu oynamır, yeni məzmun, yeni münasibət formanın tələblərini yumşaldıb. XVII əsr poeziyasında gedən mürəkkəb və qəliz proseslər XVIII sərin poetik təfəkküründə mütləq şəkildə sadələşdi və bununla da yeni dövrə keçidin əsası qoyuldu. (... Sən nə bəslərsən bu tərlanı, Nəbati, ruzi şəb? Mən bu dağı çox dolandım, bir şikarı yoxdu, yox! Yaxud: Nəbati istəməz sənsiz dünyanı, İzzəti, hörməti, şövkəti, şanı, Bir zada qalmayıb daha gümanı, Bu baş o meydana gəlsin, gəlməsin? – Nəbatidən verilən iki nümunədə – qəzəl və qoşma parçasında poetik sistem fərqi, poetik enerjinin paylanma mexanizmindəki ayrıntılar ədəbi prosesdə XVII əsrin sonlarından gedən prosesin nəticəsi kimi maraqlıdır, təfəkkürdəki, həm də oxucu anlayışındakı qəzəl strukturu və anlamı sürətlə dəyişir, düşüncə tərzi dəyişdiyindən forma tələbləri sanki arxa plana keçir, intonasiya o qədər milliləşir ki, bu ritm, bu hava yad formanın özünü sıxışdırıb çıxarır). Bu həm də illər boyu bədii təfəkkürün alt qatında gedən proseslərin ümumi nəticəsi idi. Bu ideya, hər şeydən öncə Vaqifin qoşmalarında ard-arda düzülən yeni söz, yeni ifadə, yeni münasibətin, sözə fərqli baxışdan nəzər salmanın doğurduğu perspektivlərin mövcudluğu ilə faktlaşır. “Vaqif novator kimi hərəkət edərək bir sıra sözləri yerinə, mənasına uyğun olaraq dəyişdirir, sözün bütün imkanlarından istifadəyə çalışır, yeni kəlmələr yaradır. Məsələn, şair gözəlin gözündən ayrıla bilməmək fikrini, “Göz kəsmərəm gözündən” şəklində ifadə etmişdir. “Kəsmərəm” sözü ilk nəzərdə təəccüblü görünsə də, yaxşı tapılmış obrazlı bir ifadədir” (adı çəkilən monoqrafiya, s. 143). Vaqif saraya çöllərdən gəlmişdi və bu “təəccüblü” sözləri o, heç bir əziyyətə qatlaşmadan, poetik fiqurlar haqqında qəliz düşüncələrə dalmadan yazırdı. Vəzir kimi o, bir sıra əhəmiyyətli işlər görmüşdü, bunların arasında onun bir mühəndis kimi cızdığı layihələr də vardı. Tədqiqatçı şeirlərin müxtəlif özəlliklərini xatırlayarkən bu nüansa da diqqət yetirir, şairin bədii təfəkkürünün xassəsindəki quruculuq, novatorluq, bir tikilinin planında gözəl görünüşlə dayanıqlığı, zərbəyə duruş gətirmə qabiliyyətini incə şəkildə nəzərə alırdı. Bu cəhət onun hər bir qoşmasında qabarıq nəzərə çarpır, belə ki, əsasən gözəlin təsvirindən, onun müxtəlif vəziyyətlərindən danışan bu şeir parçalarında, diqqət yetiribsinizsə, mətləbin başlama və bitib-başa çatma anı “hiss edilmir”, sən sadəcə danışılan əhvalata qulaq kəsilirsən və sonradan bunu dəfələrlə xatırlayırsan. Ona görə ki, yuxarıda deyildiyi kimi, adi düşüncə tərzini çarpaz kəsən (yəni onun içindən keçərək dünyanı dəyişdirən) bu ifadələr dünya və gerçəkliyin həqiqi mahiyyətini açmaqda əvəzsiz rol oynayır. Bu məqamı yaxşı anlamaq üçün tədqiqatçı Vaqiflə Vidadinin deyişməsini nümunə gətirir. İki fərqli dünyagörüşlü və taleli insanın dostluğu, səmimi şəkildə şeirləşməsi, fərqli faktların və həqiqətlərin səmimi şəkildə ifadə edilməsi adamı riqqətə gətirir. Klassik mövzunun klassik çözümü yeni çalarlar, ədəbiyyata yeni baxış doğurur. Vaqif missiyası etibarı ilə köhnə şeirin, köhnə ifadə tərzinin manerasının dəyişməsi, mücərrəd hislərin və duyğuların donunun açılması, bədii sistemə həyat aşılanması ilə məşğul olurdu. Vaqif üçün yerə düşən, hayıf olan durna teli artıq böyük bir mövzudur, Vidadi bu mənzərəni görmür, yaxud görmək istəmir. Şairin novator təfəkkürünü araşdıran bəzi tədqiqatçıların xüsusən Vaqif realizminə həsr etdiyi məqalə və monoqrafiyalarda təəssüf ki, şairin obrazı yoxdur.

Araz Dadaşzadə bu incəlikləri bildiyi üçün (həm də onlar haqqında uzun-uzadı danışmağa lüzum görmədiyindən) araşdırmanın yönünü düzgün istiqamətləndirməyə çalışırdı. Bu yanaşmada böyük bir mədəniyyət, geniş tədqiqatçı dünyagörüşü, eyni zamanda mətləbin incə məqamlarını fəhm etmə ustalığı birləşdirdi. Onun mövzunu dərindən bilməsi, nəzəri biliyi ilə tədqiqatçı – qara fəhlə əməyinin dəruni şəkildə birləşməsi ən kiçik, ilk baxışdan əhəmiyyətsiz görünən nüansların geniş diapazonunu açırdı. “Durnalar” silsiləsindən və ənənəsindən danışarkən bir çıxarış edir: “Durnalara bənzər obraz bir sıra başqa xalqların, hətta Azərbaycandan coğrafi cəhətcə uzaq xalqların ədəbiyyatında da özünə yer tapmışdır. Məsələn, şair P.Antakolski yazır ki, bir çox Vyetnam şairləri üçün “cənubdakı sevgiliyə müraciət ümumi bir haldır, bu, Azərbaycan lirikasında yaranmış cənuba uçan durnalara müraciəti xatırladır (Literaturnaya qazeta, 1959, No: 73)” (Göstərilən əsəri, s. 116). Yeri gəlmişkən “durnalar” mövzusu üzrə gəzişmələr hər iki şairin bədii dünyagörüşünün açılmasında böyük rol oyanır. Şeirin ritm və digər komponentlərinin ustalıqla təhlili ruh, düşüncə, obraz fərqini, ən əsası isə missiya fərqini bütün qabarıqlığı ilə ortaya qoyur.

 

Nazənin-nazənin edərsiz avaz,

Ruhlar təzələnir, olur sərəfraz,

Vaqifin də könlü çox edər pərvaz,

Hərdən sizin ilə gəzə, durnalar.

 

Bu misralar Vaqifə həsr edilən əksər tədqiqatların illər boyu dediyi “yalanı” dağıdır, ona təkrar nəzər salmağı, onu başqa gözlə oxumağı tələb edir. Vaxtilə F.Köçərli yazırdı ki, “Nə qədər ki... Vaqif əhli zövq və səfa imiş və beşgünlük ömrün qədrini bilib, istərmiş ki, onu eyş-işrət içində keçirib könlündə bir həsrət və arzu qoymasın, bir o qədər onun dostu .... Vidadi dünyanın zövq və səfasına bel bağlamayıb, onun bivəfa olmasından məyus və şaki imiş, könlü və meyli axirət dünyası ilə olub, ibadətlə ömrünü keçirməyi eyşi-zəmanəyə tərcih qılarmış...” (s. 115). Vaqifin poeziyası sadəcə bu bəsit düsturun içinə atılan “zövq-səfa sürmə” arzusundan ibarət olmayıb, yeni Azərbaycan ədəbiyyatını yaradan böyük ideyalardan biri idi. Durnaları görəndə könlü uçunan, onlarla uçub dünyanı gəzib-dolaşmaq istəyən şair öz obrazı ilə (yeni şair obrazı ilə-!) keçmişlə gələcəyin düz ortasında qərar tutub əlinin hərəkəti ilə nəyin necə olacağından xəbər verirdi. Azərbaycan ədəbiyyatında bu xassəli obraz Nəsiminin ədəbi taleyində də mövcuddur. Yaşadığı gerçəkliyin içində gərdişi iki mərzə ayırıb hər iki yönə aydınlıq gətirən bu obraz bir növ həm də şərh xarakteri daşıyır. Bu iki obrazı – Nəsimi və Vaqifin obrazlarını aradan götürməli olsaq bütün ədəbi proses heç nə anlatmayan bir şeyə çevrilər. Vaqifə münasibətdə Vidadi sanki klassik poeziya obrazıdır, Vaqifdən 9 il əvvəl dünyaya gələn, onu yola salandan sonra 11 il yaşayan Vidadi yeni ideyanın-yeni ruhun doğulmasında reaktor rolunu oynayırdı. Ən qədim dövrlərdən dövrünə qədər yazılan lirik nümunələrin ruhundan meydana gələn bu obraz onalrın ən qatı formada ifadəsinə, həm də bu nümunələrin sirrini açan ətək yazılarına bənzəyirdi. Tədqiqatçı bütün bunları incələyərkən yazır ki, “bu cür ifadələr (... Asta qanad çalın, qafil telləri, Heyifdir, salarsız düzə, durnalar- C.Y.) Vidadi şeirindən gələn ənənəyə güzəşt kimi qiymətləndirilməlidir. Vaqif şeirinin o biri şeirlərə oxşar cəhəti burada qurtarır. Çünki Vaqif durnalara baxarkən kədərli fikirlərə qapılmır...” (s. 117). Ancaq, fikrimizcə ən çəkilməz, ən dəhşətli kədər elə Vaqifin avazındadır. Bunun üçün Vaqifin bir şair kimi ilk növbədə qəlbi öyrənməlidir və məlum fikirdə deyilir ki, bəzən bir qəlbin tarixi, bir ölkənin tarixindən qat-qat maraqlı və dəhşətli ola bilər.

Araz Dadaşzadənin araşdırmaçı xarakteri milli ədəbiyyatşünaslığın aynasıdır desək, yanılmarıq. Onun tədqiqatları bizə Sadiq bəy Əfşarı salır. Sadiq bəyin “Məcməül-Xəvas”ında yer alan qabarıq cəhətlər, münasibət tipi Arazın elmi xarakterində də rastlanır. Bir nümunəyə nəzər salaq: “Mövlana Səlami. Ərdəbildəndir. Sədrəddin xan Məsum bəy oğlunun vəziri idi. Kəndçiliyindən daha artıq bəzək-düzəyə üstünlük verər, nəzakətə çox meyl göstərərdi. Bər-bəzəkli halda ədəbi məclislərə daxil olub şeir oxuyardı. Təsadüfən günlərin birində bir neçə şairlə, xüsusən adı bu təzkirədə qeyd olunmuş Mövlana Həzini Gilani ilə şairanə söhbət edirdim. Bu zaman Mövlana Səlami daxil olub müdaxilə üçün fürsət axtarır. Həzini təəccüblənib soruşur: Siz şairsiniz? Adınız nədir? Dedi: bəli, məşhur beytlərim var. Həzini soruşdu: Ədəbsizlik olmasın, bəs fəlakətiniz – abır-həyanız hanı? Camaat gülüşdü. Bu beyt o günahsızındır” (Sadiq bəy Əfşar. Məcməül-Xəvas, Bakı, 2008).

Araz Dadaşzadə ömrün tən ortasında, yaradıcılığının püxtələşdiyi bir məqamda çıxıb getməli oldu, darıxdımı, səbrimi tükəndi, yoxsa ədəbiyyat elminin dərinliklərinə baş vurduğu zaman bir işıq ucu görmüşdü, aldandı, ancaq bu vaxtından əvvəl ixtiyarlaşmış, müdrikləşmiş adamı kim aldada bilərdi ki... Ancaq ölümün aldatmadığı kim var? Ancaq .... bəlkə, ən düz sözü ölüm deyə bilər və bu yalnız bizə aldanış kimi gəlir.

Fəlsəfi metaforalar arasında diqqətimi ən çox cəlb edən “təbiət kitabı”dır. Təkcə təbiət yox, tarix də kitabdır. Borxes yazırdı: “Şotland Karleyl əsərlərinin müxtəlif məqamlarında, xüsusən Kaliostro haqqında essesində deyirdi: ümumdünya tarixi elə bir müqəddəs yazıdır ki, onu fəhm edir və əllə yoxlayaraq yazırıq, amma... o da bizi yazır.” Daha sonra, Leon Blua yazırdı ki, “yer üzündə bir bəni-insan yoxdu ki, kim olduğunu dəqiq bilsin, bu dünyaya niyə gəldiyini, bax, bu hərəkətləri, bu addımları niyə atdığını heç kəs bilmir. Əsl adı nədir, aləmlərin kitabında pozulmaz adı hardadır... Tarix nəhəng liturgiya mətnidir, burada yota (yunan əlifbasında “y” hərfini əvəz edən işarə) və nöqtələr böyük-böyük fəsillərdən daha əhəmiyyətlidir”. Malarmeyə görə, dünyanı saxlayan kitablardır, Blua isə belə deyirdi: biz sətirlərik, yaxud sözük, və ya sehrli bir kitabın hərfləriyik – bu isə aramsız yazılan bir kitabdır...

Araz Dadaşzadənin taleyi, bu mənada qırılmayıb, davam edir, bir halda ki, KİTAB aramsız şəkildə yazılır... 

 

 

Cavanşir YUSİFLİ

 

525-ci qəzet.- 2011.- 25 fevral.- S.7.