Mübariz Qurbanlı: “Korrupsiyaya qarşı mübarizə ilə bağlı atılan addımlar hansısa hadisənin nəticəsi deyil”

 

MÜSAHİBİMİZ YENİ AZƏRBAYCAN PARTİYASI (YAP) İCRA KATİBİNİN MÜAVİNİ MÜBARİZ QURBANLIDIR

 

– Ərəb dünyasında baş verən hadisələrin Azərbaycana heç bir dəxli yoxdur. Bu hadisələr Ərəb dünyasındakı proseslərin məntiqi nəticəsidir. Azərbaycan tamamilə bu proseslərə uyğun, yaxın olmayan bir ölkədir və bu cür hadisələrdən “ruhlanan” bəzi müxalifət qüvvələri 18 ildir bu “əhval-ruhiyyə”dədir. Serbiyada, Balkanlarda gedən proseslərdən başlamış, Ukraynada, Gürcüstanda, Qırğızıstanda, indisə Ərəb dünyasında baş verən hadisələrə qədər onlar bu “əhval-ruhiyyə” içərisindədirlər. Amma həyat göstərdi və göstərir ki, onlar yanılırlar. Bu, onların gerçəkləşməyəcək xülyasıdır, xəyalplovu az yesinlər...

– Sizcə, bu hadisələr təbii proseslərin məntiqi nəticəsi olaraq baş verir, yoxsa digər kənar qüvvələrin, ABŞ başda olmaqla, Qərb güclərinin təsiri, gizli və ya açıq dəstəyi ilə?

– Bilirsiniz, ərəb ölkələrinin biri digərindən fərqlidir və Ərəb dünyasında baş verən hadisələrin hər biri ayrıca təhlil tələb edir. Ümumiyyətlə, bu məkənda – hər bir ölkədə baş verən hadisə özünəməxsus prosesin məntiqi nəticəsidir. Tutaq ki, Misirdə baş verən hadisə ilə Bəhreyndə baş verən olayın eyni səbəbi yoxdur. Bunların fərqləri var. O ki qaldı xarici amillərə, əlbəttə, bu və ya digər ölkələrdə baş verən hadisələrdə geopolitik maraqları olan dairələrin iştirakı mümkündür, istisna deyil. Amma bu barədə yalnız konkret faktları olan ərəb mütəxəssisləri danışa bilər.

– Liviyada baş verən hadisələrlə əlaqədar bu ölkənin rəhbəri Müəmmər Qəzzafi Türkiyəni casusluqda, etirazçılara qarşı divan tutulmasına rəhbərlik edən oğlu isə “biz Liviyanı türklərə və italyanlara verməyəcəyik”, – deyə ittihamladı. Necə hesab edirsiniz, qardaş Türkiyəyə yönəlmiş bu ittihamların hər hansı bir əsası varmı?

– Türkiyə böyük ölkədir və onun ərəb ölkələrində, o cümlədən Liviyada müəyyən investisiyaları var. Burada xeyli sayda – minlərlə türk iş adamı çalışır. Təbii ki, türk iş adamlarının investisiyalarının təhlükəsizliyinin təmin olunması və qorunması istiqamətində Türkiyə dövləti və hökumətinin apardığı işlər təqdirəlayiqdir, bunlar olmalıdır. Türkiyə öz iş adamlarının orada investiyalarını qorumaq istiqamətində müəyyən addımlar atıb və atmaqdadır. Amma xüsusi olaraq, Türkiyə Liviyada gedən prosesə hansısa bir formada müdaxilə edib və ya burada bu proseslərə təkan verib, tezisini qəbul etmirəm. Ona görə ki, Türkiyə başqa dövlətlərin daxili işlərinə qarışmır. Liviyadakı hadisələr oradakı mövcud hakimiyyətin yürütdüyü siyasətin, onun yol verdiyi nöqsanlarının nəticəsidir.

– Türkiyəli mütəxəssislər, ekspertlər, politoloqlar belə bir mövqe də sərgiləyirlər ki, Ərəb dünyasında baş verən hadisələr Afrikadan, ərəb ölkələrindən tutmuş Fars körfəzi ölkələrinə qədər uzanan ərazidə ABŞ-ın yeni dövlətlər yaratmaq planının bir tərkib hissəsidir...

– ABŞ-ın “Ortaq Doğu” layihəsi deyilən bir proyektinin olduğu haqda fikirlər tez-tez səsləndirilir. Amma bununla belə, bütün dünyada baş verən hadisələri ABŞ-a bağlamaq da bir az məntiqli olmazdı. Təbii ki, ABŞ super ölkə, Avropa İttifaqı super güc, elə Rusiyanın özü müəyyən mənada təsir dairəsi olan bir ölkə kimi bu və ya digər hadisələrə təsir edə bilər. Müəyyən mənada bu hadisələrin iştirakçısı da ola bilər. Amma bütün bu proseslərin ABŞ tərəfindən idarə olunmasını söyləmək, ABŞ-ın yenidən fövqəldövlət, təkqütblü dünyanın lideri olduğunu təkrar söyləmək kimi bir iş olardı.

– Sizcə, bu hadisələrin Türkiyə başda olmaqla, bütövlükdə Türk dünyası ölkələrinə də hər hansı bir təsiri ola bilərmi?

– Azərbaycan da, Türkiyə də demokratik ölkələrdir və bizim ölkələrə bu cür hadisələrin təsiri yoxdur. Ona görə ki, bizim iqtisadi inkişaf modelimizdən başlamış mentalitetimizə qədər fərqli cəhətlərimiz var və bu gün bəzi dairələrin bu hadisələrdən “ruhlanaraq” yanlış tezislər ortaya qoyması da tamamilə faktlara və məntiqə söykənmir.

– Orta Asiya türk cümhuriyyətləri ilə bağlı nə deyərdiniz?

– Orta Asiya ölkələrinin də öz inkişaf yolu var və bu baxımdan inanmıram ki, bu hadisələrin bu məkanda da hansısa əks-sədası olsun.

– Yeri gəlmişkən, belə fikirlər də səslənməkdədir ki, son günlər Azərbaycanda başlanan antikorrupsiya tədbirləri məhz Ərəb dünyasında baş verən və yaşanan hadisələrlə bağlıdır...

– Bu fikirləri, bu iddialları da ortaya atanlar tamamilə yanılırlar. Azərbaycanda antikorrupsiya tədbirləri daimi xarakter daşıyır. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar parlamentdə qəbul olunmuş qanunlardan tutmuş korrupsiyaya qarşı mübarizə tədbirlərinə qədər bütün proseslər mütəmadi və ardıcıl xarakter kəsb edir. Nazirlər Kabinetinin sonuncu müşavirəsində prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərini bəyan edəndə heç Ərəb dünyasında məlum hadisələr baş verməmişdi. İkincisi də bizim ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı atılan addımlar kiməsə xoş gəlmək naminə və ya hansısa hadisənin nəiticəsi deyil. Bu, bizim apardığımız siyasətdir, prezidentin siyasətidir və bu siyasət bütün sahələrdə gedir. Korrupsiyaya qarşı mübarizə iqtisadi yolla aparılır və bu daha çox effekt verir. İnzibati yolla mübarizə iqtisadi yolla aparılan mübarizənin, sadəcə, davamı ola bilər.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 25 fevral.- S.5.