Mətbuat Şurasında “Elm və həyat” jurnalının 50 illik yubileyilə bağlı tədbir keçirilib

 

TOPLANTIDA NƏŞRİN KEÇDİYİ TARİXİ YOL, QAZANDIĞI UĞURLAR BARƏDƏ ƏTRAFLI SÖHBƏT AÇILIB 

 

Dünən Azərbaycan Mətbuat Şurasında “Elm və həyat” jurnalının 50 illik yubileyi ilə bağlı mərasim keçirilib. 1961-ci ildə Respublika “Bilik” Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxan jurnalın əlamətdar gününü qeyd etmək üçün Şuraya ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, alimlər və ziyalılar toplaşmışdılar.

 Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. O bildirib ki, Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin maarifçilik ənənələrini davam etdirən “Elm və həyat” jurnalı nəşrə başladığı ilk vaxtdan elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayıb. Dərgi ötən illər ərzində alimlərin söz tribunasına çevrilərək elmdə qazanılan uğurların, bir növ, salnaməsini yazıb, mətbuatımızda elmi kəşfləri və yenilikləri təbliğ edən yeganə elmi-kütləvi dərgi kimi tanınıb. “Elm və həyat”ın tarixindən bəhs edən Şura sədri vurğulayıb ki, mətbu orqanın tirajının 140 minə çatmasında nəşrdə maraqlı məqalələri ilə çıxış edən alim və ziyalılarla yanaşı, jurnalın kollektivinin də əməyi böyükdür: “Bu adamların bəziləri bu gün bizimlədir. Onlar ən çətin dövrlərdə belə yüksək fəadakarlıqları, jurnalistikaya hədsiz sədaqətləri ilə mətbu nəşri belə demək mümkünsə, ölməyə qoymayıblar. Hər biri çağdaş mediamız üçün örnək sayılacaq simalardır”, – deyən Ə.Amaşov Mətbuat Şurasının jurnala ünvanlanan təbrik plaketini AMEA-nın birinci vitse-prezidenti Arif Haşımova təqdim edib. Tədbirdə uzun illərdən bəri “Elm və həyat” jurnalında çalışan – Ülkər Hüseynovaya, Maral Poladovaya və Mehparə Axundovaya, həmçinin nəşrin redaktoru Şirindil Alışanlıya Azərbaycan Jurnalistlər Birliyinin fəxri fərmanları təqdim olunub.

AMEA-nın birinci vitse-prezidenti Arif Haşımov çıxışında bildirib ki, “Elm və həyat” jurnalı əvvəllər bir təbliğat vasitəsi idisə, müstəqillik illərindən başlayaraq elə elm həyatının özüdür. Ən çətin elmi məqalələrin jurnalda uğurla təqdim olunduğuna diqqət çəkən A.Haşımov bu fəaliyyətin ağır zəhmətlər bahasına başa gəldiyini vurğulayıb: “Belə bir jurnalın ərsəyə gəlməsi və bu günədək yaşaması olduqca çətin və zəhmət tələb edən prosesdir. Çünki mürəkkəb elmi fikirləri hamının başa düşəcəyi tərzdə vermək sıradan bir məsələ deyil. Bu işdə jurnalın neçə illərdən bəri yorulmaq bilmədən çalışan kollektivinin əməyi xüsusi vurğulanmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası bu məqsədlə xüsusi tədbirlər həyata keçirib. Lakin çalışacağıq ki, onların əməyi dövlət rəhbərliyi səviyyəsində də qiymətləndirilsin”. “Elm və həyat” jurnalının keçdiyi tarixi yola, uğur və nailiyyətlərinə nəzər salan nəşrin redaktoru Şirindil Alışanlı bildirib ki, mətbu orqan neçə-neçə qələm sahibinin, ziyalının yetişməsində müstəsna rol oynayıb. “Jurnalın yetişdirdiyi insanlar indinin özündə də aktiv jurnalist fəaliyyəti ilə məşğul olmaqdadırlar. Bəziləri ölkənin tanınan, ictimai fikrə təsir göstərən qəzet və jurnallarına rəhbərlik edir. Bunun özünü də 50 yaşını qeyd edən jurnalın böyük uğuru kimi qiymətləndirmək lazımdır”, – deyə o bildirib.

Toplantıda həmçinin akademik Budaq Budaqov mətbuat, elm və publisistika sahəsində, o cümlədən “Elm və həyat” jurnalındakı aktiv və səmərəli peşə fəaliyyətinə görə Mətbuat Şurasının fəxri diplomu ilə təltif edilib. Buna görə MŞ rəhbərliyinə təşəkkürünü bildirən görkəmli alim hər bir elm adamı kimi onun da taleyinə “Elm və həyat” jurnalı ilə əməkdaşlıq etməyin nəsib olduğunu fəxarət hissi ilə vurğulayıb. O bildirib ki, mətbu nəşrə uzun illər diqqət göstərilməyib. Lakin hazırkı dövrdə AMEA-nın Rəyasət Heyəti bu mənfi meylin aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. B.Budaqov çıxışında həmçinin “Elm və həyat” jurnalının əsasını qoyduğu ənənənin davamının vacib olduğunu əsaslı faktlarla vurğulayıb.

 “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova çıxışında elmi jurnalların yaranma tarixi barədə geniş məlumat verərək bildirib ki, təmsil olunduğu nəşr dünyada layiqli yer tutur: “Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. 1998-ci ildə “Elm və həyat” keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə beynəlxalq mükafata layiq görülüb. Təklif edirəm ki, jurnalın 50 illiyinə töhfə kimi orada məqaləsi çıxan alimlərin kataloqu hazırlansın”. Tədbirdə çıxış edən elm adamlarından – geologiya-minerologiya elmləri doktoru Hikmət Mahmud, tarix elmləri doktoru Solmaz Rüstəmova, veteran jurnalistlərdən Yusif Kərimov, Ələsgər Cabbarov və başqaları “Elm və həyat” jurnalının ölkənin ictimai fikir tarixində də mühüm rol oynadığını bildirərək bu nəşrin inkişafına yönələn təkliflər səsləndiriblər. KİV rəhbərlərindən – MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında mətbu fəaliyyətinə məhz “Elm və həyat”da korrektor kimi başladığını bildirib. Jurnalda beş il çalışdığını qeyd edən baş redaktor nəşri ciddiyyət, məsuliyyət məktəbi adlandırıb.

 MŞ İdarə Heyətinin üzvlərindən – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışlarında yubileyi qeyd edilən mətbu orqanın fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayaraq bunun üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin zəruriliyindən danışıblar.

 

 

525-ci qəzet.- 2011.- 25 fevral.- S.2.