Almaniyada Azərbaycanla
bağlı tədbir
keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Almaniyanın Koblenz şəhərində yerləşən Namedy qəsrində “Azərbaycan özünü təqdim edir – Azərbaycana ədəbi və musiqi ilə səyahət” adlı ədəbi-bədii və musiqili tədbir keçirilib. Namedy əsrinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Alman-Azərbaycan Forumunun birgə əməkdaşlığı ilə təşkil edilmiş gecənı AAF-in sədr müavini, professor Reza Talebi-Dəryani və AAF-in idarə heyətinin üzvü, AAKM-nin icraçı direktoru, Samira Patzer-İsmailova açaraq qonaqları salamlayıb və Azərbaycan haqqında ətraflı məlumat veriblər. Gecənin musiqili hissəsində tanınmış Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və Tofiq Quliyevin əsərləri səslənib. Mirvarid Dilbazi, Nizami, Rəsul Rza və Puşkinin sözlərinə bəstələnmiş mahnı və ariyaları opera müğənnisi, mezzosopran Silke Hartstang Azərbaycan və rus dillərində məharətlə ifa etmişdir. Fortepianoda müğənnini həmyerlimiz, Köln Ali Musiqi Məktəbinin dosenti, xanım Elnarə İsmayılova müşayiət edib. Elnarə İsmayılova həmçinin adı çəkilən bəstəkarların solo əsərlərini ifa edib.
Gecənin ədəbi hissəsində qonaqlar bədii qiraətçi, cənab Peter Tonqerin ifasında Mirzə Şəfi Vazehin şerlərini, “Pıspısa xanım və Siçan bəy”in nağılını, Qurban Səidin “Əli və Nino” kitabından parçaları dinləyiblər. Gecəni idarə edən Samira Patzer-İsmailova tədbirin həyata keçirilməsində maraq və kömək göstərdiyinə görə qəsrin sahibəsi, şahzadə Hayde von Hohenzollern xanıma təşəkkürünü bildirib. Tədbir böyük maraqla qarşılanıb, sənətkarlara, ifa edilən əsərlərə, bununla da Azərbaycana mədəniyyət məskəni olaraq rəğbət yaradıb. Uğurla keçən tədbirdə çoxlu sayda alman və azərbaycanlı qonaqlar iştirak ediblər.
P.SULTANOVA
525-ci qəzet.-
2011.- 25 fevral.- S.2.