Norveçdə Xocalı soyqırımına həsr olunmuş seminar-sərgi keçirilib

 

Dünən Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşəbbüsü ilə Xocalı soyqırımının 19-cu ildönümü münasibətiylə Norveçin Holokost soyqrım mərkəzində “Xocalı: Faciədən öyrəndiklərimiz” (Khojali: Lesson from Tragedy) mövzusunda seminar keçirilib. Eyni zamanda Heydər Əliyev Fondunun sözügedən faciə ilə bağlı hazırladığı foto sərgi nümayiş etdirilib. Seminar-sərgi layihəsində NAYO-nun üzvləri, Norveç hökumətin nümayəndələri, norveçli və əcnəbi siyasətçilər, tədqiqatçılar, professorlar, Norveçdə təhsil alan yerli və xarici tələbələr, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak ediblər.

Seminarda Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov fəxri qonaq kimi iştirak edərək Xocalı soyqrımı və onun törətdiyi fəsadlar haqqında danışıb.

Seminarla bağlı NAYO-nun sədri Ramil Əliyev ilk dəfə olaraq Norveçin məşhur Holokost mərkəzində Xocalı soyqırımı ilə bağlı tədbir keçirdiklərini diqqətə çatdırıb. O, qeyd edib ki, seminara “Xocalı: Faciədən öyrəndiklərimiz” adını verməkdə əsas məqsədin həm norveçlilərə, həm burda yaşayan digər millətlərin nümayəndələrinə sözügedən faciə ilə bağlı tarixi faktları çatdırmaqdır: “Bu faktları insanlara çatdırmaqla bildirmək istəyirik ki, ermənilər hər cür vəhşilik törədərək, bütün beynəlxalq hüquq qaydalarını pozmağa qadir olan bir millətdir. Azərbaycan xalqına qarşı zaman-zaman törədilmiş tarixi faciələr, əsasən də Xocalı soyqırımı xalqımıza çox məsələləri aydınlaşdırmağa və daha ətraflı dərk etməyə imkan yaratdı. Bu faciə zamanı onu da öyrəndik ki, erməni milli ideologiyası ona qonşu olan dövlətlər üçün çox təhlükəlidir. Mənfur qonşularımız olan ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım siyasətini dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, xüsusən də gənclərimiz dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırmaq üçün bütün imkanlarından istifadə etməlidilər”.

2008-ci ildən başlayaraq İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində “Xocalıya Ədalət” kompaniyası çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışan R.Əliyev bildirib ki, bu layihəni həyata keçirməklə NAYO da bu il rəsmən “Xocalıya Ədalət” kampaniyasına qoşulur: “Bununla bərabər, NAYO Heydər Əliyev Fondu ilə səmərəli iş birliyi yaradaraq, onların Xocalı soyqırımına həsr olunmuş foto sərgisini Holokost soyqrım mərkəzində nümayiş etdirəcək. Yəni, biz diaspor təşkilatı olaraq bu faciənin beynəlxalq qiymət almasına qədər daima virtual məkan, yazılı materiallar, faktlar, fotolar və s. effektiv üsullarla təbliğini aparacaq”.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 25 fevral.- S.3.