“ NƏ BİZ OLMUŞUQ, NƏ O”

 

1970- ci ilin avqustu idi. On beş yaşın içində idim onda. Axşamüstü rayon mərkəzindən qayıdan atam adəti üzrə mənə təzə bir kitab gətirmişdi. Meşin üzlü, yaşıl cildli bu kitabın adı- “Qaytar ana borcunu”- adama “ məni oxu” deyirdi. Kitabın müəllifinin adı isə mənə tanış deyildi. Həmin gün o kitabı axıra qədər oxudum. Məni ən çox tutan kitaba adı verilən “ Qaytar ana borcunu” şeiri oldu. O avqust gecəsi səhərə kimi yatmadım. Çünki o kitab yuxumu ərşə çəkmişdi. O gecə mən ilk dəfə Ayı, ulduzu, Günəşi, ağacı... dünyanı tanımağa başladım. Yaşamağın nə boyda səadət olduğunu anladım. O gecə, bəlkə də, əlli dəfə müəllifin- Əli Kərimin kitabdakı şəklinə baxdım. Onu o günə qədər tanımadığıma görə özümü qınadım. Onun vaxtsız ölümünə yanıb- yaxıldım. “ Qaytar ana borcunu” şeirini elə o gecə əzbərlədim...

Mən ədəbiyyata çox həvəsli idim. Bu həvəsimi kəndimizdəki klub bir az da artırmışdı. Belə ki, mən özfəaliyyət dərnəyinin üzvü idim və xırda- para rollarda oynamaqla bərabər, həm də şeirlər söyləyərdim. Onda kənd klubu, doğrudan da, mədəniyyət ocağıydı. Kənd cavanlarının ən çox sevdiyi bu ünvanda rahat şəkildə nərd, domino, şahmat oynamaq olurdu. Klubdakı qırmızı örtük salınmış stolun üstündə həmişə səliqə ilə düzülmüş təzə qəzet və jurnallar görərdin. Hələ demirəm ki, arada klubun taxta döşəməsini neftlə silərdilər. Bu yazını oxuyanlar məni qınamasın: neftlə silinmiş taxta döşəmənin, bir də təzə qəzeti açanda adamı vuran qurğuşun qoxusunun ləzzətini heç nə verməz. Hər halda bu, mənim üçün belədir. Kəndin özfəaliyyət dərnəyi ayrı bir dünya idi. Dərnəyin hazırladığı proqramlar, Mingəçevir, Göyçay və digər şəhərlərdən gələn mədəniyyət evi ansambllarının konsertlərindən geri qalmırdı.

O avqust günü Əli Kərimin bu kitabı mənim üçün lap göydəndüşmə oldu. Hardasa, Təzə il ərəfəsində özfəaliyyət dərnəyinin konserti olacaqdı. Konsert deyəndə ki, burda daha çox pyeslərdən parçalar göstərilərdi. Mahnı, rəqs az olardı.Bilirdim ki, o gecəki çıxışların içində ən yaxşısı mənim söyləyəcəyim “ Qaytar ana borcunu” şeiri olacaq. Bilirdim ki, bu kitabdan, bu şeirdən heç kimin xəbəri yoxdu. Çünki kəndimizin kitabxanalarını- istər kolxoz olsun, istər məktəb- “ həftə səkkiz, mən doqquz” ələk vələk edirdim. Yüz faiz əmin idim ki, onların heç birində bu kitab yoxdu. Və məhz bu gözəl şeirdən kəndimizin xəbərsiz olması mənə ləzzət verirdi, hətta buna sevinirdim. Kitabı da evdə gizlətmişdim ki, kimsə bizə gələndə görər, götürüb aparar. Atam ədəbiyyat müəllimi idi, bizdə kitab çox olardı. Bəzən mənim, qardaşlarımın, yaxud da bacılarımın sinif yoldaşları oxumağa bizdən kitab aparardılar. Nə isə, qəribə bir sevinc vardı o günlər içimdə. Səbirsizlilklə konsert gününü gözləyirdim. Elə gün olmazdı ki, o şeiri ürəyimdə beş- altı dəfə əzbər deməyim.

Yeni il isə gəlib çıxmırdı. Elə bil, bu kitabı, daha çox da bu şeiri evdəkilərdən, dostlarımdan gizlətdiyim üçün Yeni il məndən hayıf çıxırdı- gecikirdi. Mənə elə gəlirdi ki, bu “sirr”i, heç olmasa, sinif yoldaşlarıma açıb desəm, Yeni il daha bu qədər də ləngiməz, vaxtında gələr. Yox, mən fikrimdə qəti idim- o qış lap Yeni il gəlməsəydi belə yenə də kitab məsələsində heç kimə bir kəlmə deyəsi deyildim. Görünür, insan balaca yaşlarından da şöhrət azarına tutulurmuş.

Öz –özümü sınağa çəkdiyim o günlər, deyəsən, sona çatmışdı. Çünki klub aşıb- daşırdı. Yer olmadığı üçün balacalar lap qabaqda- yerdə oturmuşdular. Nə qədər vaxt keçdi, bilmirəm. Səhnə arxasındakı otaqda kimsə mənə dedi ki, indi növbə sənindir. Elə bu əsnada aparıcının səsi gəldi:

–Əli Kərim. “Qaytar ana borcunu.” Söyləyir Qorxmaz Şıxalıyev.

Məni həyəcan bürümüşdü.Düzü, bu həyəcan klubdakı qələbəlikdən daha çox, Ə. Kərimə olan sonsuz məhəbbətimlə bağlı idi. Qorxurdum ki, şeiri söyləyəndə çaşam. Onda da elə biləcəkdim ki, Ə. Kərimə olan məhəbbətim həqiqi deyilmiş. Və bu fikir qarayaxa adam kimi məndən əl çəkmirdi.

Şeiri birnəfəsə dedim. Zalda, sanki fırtına qopdu. Klubun taxta tavanı silkələndi. Hər- halda mənə belə gəldi. Bu səsdən elə bil, ürəyimə bir işıq zolağı düşdü. İstiləndim.Ömrümdə ilk dəfə idi ki, belə hal keçirirdim. Və bir anlıq özümü itirən kimi oldum. Alqış səsləri kəsilmək bilmirdi. Düzü , Əli Kərimin başqa bir şerini də əzbərləmişdim. Ancaq o şeir özüm üçün idi, klubluq deyildi. Çünki sevgi şeiri idi:

 

Gecə də, gündüz də fikrimdə sənsən,

Mən kimin fikrində yaşayım, söylə?

De, hansı bir ürək qəbul eləyər,

Məni sən ünvanlı dərdlə, gileylə...   

 

Ürəyimdən keçsə də, sovet tərbiyəsi görən bir şagird, bir kənd uşağı kimi bu üç bəndlik şeiri deməyə utandım. Yəqin ki, elə Ə. Kərim də- siz Allah bağışlayın- mənim yerimdə olsaydı, bu cür edərdi: on beş yaşında o qədər adamın qarşısında məhəbbət şeiri oxumazdı.

Onu da deyim ki, “ Qaytar ana borcunu” şeiri sonralar, bütün ömrüm boyu mənimlə oldu. Əlbəttə, bu sıraya o kitabdakı bir çox əvəzsiz şeirlər də qoşulmuşdu. Düzü, onda belə şeirləri ilk dəfə oxuyurdum (daha çox sevgi şeirlərini). O vaxta qədər oxuduğum şairlərin kitabları içində heç vaxt adamın ürəyini titrədən belə şeirlərə rast gəlməmişdim. O gecə ilk dəfə anladım ki, dünyada poeziya deyilən ilahi bir nemət var. Və bu neməti dünyanın heç bir mal- dövləti, qızılı, pulu əvəz edə bilməz. O gündən Ə.Kərim dilimin əzbərinə çevrildi. Sonralar – toyda, ad günündə, yaxud hər hansı dost məclisində mənə söz veriləndə bu şeirlər köməyimə çatdı, mənə “sağ ol” qazandırdı.

Onu da deyim ki, göz bəbəyi kimi qorusam da, o yaşıl cildli kitabı o illər dörd- beş dəfə məndən oğurladılar. Ancaq hər dəfə onu tapdım. Kənddə məndən başqa o kitabdan heç kimdə olmadığı üçün, onu tapa bilirdim, hardansa sorağı çıxırdı. “ Davadan çıxan” o yaşıl cildli kitab indi məndədir, amma üz qabığının ilkin rəngindən əsər- əlamət qalmayıb onda. Sonralar Ə.Kərimin iki cildliyini, ayrıca “Pillələr” romanını da almışam. Ancaq o kitabın yeri mənim üçün ayrıdır...

İndiyə kimi bəlkə də, əlli dəfə Ə. Kərimin məzarının üstünə getmişəm. İsmayıllının cənubunda yerləşdiyi üçün kəndimizə daha çox Göyçay tərəfdən gedirik. Və hər kəndə gedəndə, imkan tapıb Ə. Kərimin uyuduğu parka- onun məzarına baş çəkirəm. Sonralar parkda, sağ olsunlar, Ə.Kərimin heykəlini ucaldıblar. Sonuncu dəfə 2009- cu ilin sentyabrında Göyçayda oldum.( Ötən yay ürəyimdə cərrahiyyə əməliyyatı aparıldığı üçün bir xeyli rayona gedə bilmədim) Budur, yenə də Əli Kərimin adını daşıyan Mədəniyyət və İstirahət parkındayam- çox sevdiyim, gözəl Əli Kərimin uyuduğu məkanda. Qara mərmər başdaşındakı şəklinin üstündəki tozu silirəm. Şair Kələntər Kələntərlinin, Hikmət Mahmudun, Camal Yusifzadənin, Oktay Şamilin Əli Kərimlə bağlı danışdıqları xatirələr yadıma düşür. Fikirləşirəm: görən, yeniyetmə vaxtlarında bu yerləri gəzən Ə .Kərim heç ağlına gətirərdimi ki, nə vaxtsa bura onun əbədi ünvanı olacaq? Baş daşının üstündə 1954- cü ildə – iyirmi üç yaşında yazdığı şeirindən bir bənd həkk olunub:

 

Baxsan bu dünyanın ha tərəfinə,

Bir yerdə qəbrim var, on yerdə sağam.

Göy uçsa, yer qopsa, ölmərəm yenə,

Hələ neçə dəfə doğulacağam.     

   

Ancaq başdaşında yazılan bənddə “ha” “ hər” sözü ilə əvəzlənib. Bununla da misranın şirinliyi itib, “ hər” sözü fikrə bir quruluq, rəsmilik gətirib. Guya, Ə. Kərim şipşirin “ ha” nı “ hər” sözü yadına düşmədiyi üçün yazıbmış...

Parka bitişik evin qapısı ağzında nurani bir qoca oturub. Yaxınlaşıb salamlaşıram. “ Yəqin, Əli Kərimi görmüsünüz”. Qoca, sanki bu sözümə bənd idi:

– Əligil Göyçayın Hüngütlü kəndindəndir. Qonşu olmuşuq. Atası Paşa kişi sakit, kasıb bir adam idi. Birotaqlı evləri vardı. Nə vaxt baxsaydın Əlini pəncərə qabağında oturub kitab oxuyan görərdin. Paşa kişinin bir atı və arabası vardı. Ona- buna yük daşıyardı, kasıbkarlığını edərdi. İki uşağı vardı- Əli, bir də Əminə. Əminə indi şəhərin aşağısında, su idarəsinin yanındakı bağçada işləyir. İndi işə çıxmır, evdə xəstə yatır.

Sonra Paşa kişi də, biz də Göyçaya- şəhərə köçdük. Ucar yolunun üstündə hamam vardı, onun yanına. Orda da qonşu olduq.

Elə bu vaxt həyətin balaca qapısı açılır və bir ağbirçək söhbətimizə qoşulur. O, həmsöhbətim Balamirzə Bağırovun ömür- gün yoldaşı Ruziyyə nənədir:

– 1950-ci ildə toyumuz oldu. Balamirzə “svarşik” idi. Mingəçevirə köçdük. Orda qızğın iş gedirdi. Beş il orda yaşadıq. O beş ildə Əli iki- üç dəfə bizə gəlib, gecə də bizdə qalıb. Əlinin ölüm xəbəri gələndə anasının küçə ilə ağlaya-ağlaya gəldiyi gün indi də yadımdan çıxmır. Hayıf, elə gözəl oğlan cavan getdi.

Dodaqları səyriyən Ruziyyə nənəni qəhər boğur, göz yaşını saxlaya bilmir. Səsi titrəyə- titrəyə “ hayıf Əlidən” deyir. Belədə daş olasan ki, dözəsən.

Gözlərim yaşarır. Üzümü yana çevirirəm. Ə.Kərimin ömrünün son günlərində özünə yazdığı, ürək dağlayan şeiri yadıma düşür:

                              

O, dünyada yox imiş.

Gördüyüm kəs yuxuymuş.

Nə siqaret çəkərmiş,

Hey sümürə- sümürə.

Nə də baş qaldırarmış

Xırda bir səs- səmirə.

Oturmazmış burada,

Bu divarın yanında.

Görünməzmiş dərdimiz

Onun həyəcanında.

Özü olmadığından

Olmayıb bir arzusu.

Nə biz olmuşuq, nə o,

Ağ bir yalan imiş bu.

Ağlama könlüm, kiri...

Gözümdə yaş qalmayıb,

Bu adda, bu nişanda,

O gözəl gənc cahanda

Olmayıb, olmayıb, olmayıb.   

 

 

Qorxmaz ŞIXALIOĞLU

 

525-ci qəzet.- 2011.- 26 fevral.- S.25.