Gedək, gedək o yerlərə!...

 

Dəyərli söz adamlarımızdan biri illərdən bəri düşmən tapdağı altında olan AğdamıRuhlar şəhəriadlandırdı. Bu gün külli-Qarabağda illərdir ki, babalarımızın ruhu da göylərin dərinliyinə çəkilib, nərmənazik bayatımızın, zənguləsi ürək dağlayan “Segah”ımızın sirri, sehri, yanğısı qəribləşib.

Bütün yaradılmışların yaddaşı var və qiyamət o zaman qopur ki, torpaq öz doğmalarını yaddaşından silsin, onları bir daha gözləməsin. Öz torpaqlarımızda düşmənlə üzbəüz qalmışıq. Getməyə, döyüşməyə, ölməyə öldürməyə bircə sözə bəndik. “Səbr Allahın adıdırdeyib dözsək , bundan o yana səbr etməyin, dözümlülük simvoluna çevrilməyin faydasının acı nəticələrini gördük. Vətən torpaqlarını itirdik.

Bəzən bizi işğala öyrənən, ona boyun əyən bir millət kimi qələmə vermək istəyirlər. Həttabu boyda faciələri olan bir millətin yaşamağa haqqı yoxdurfikrini dilə gətirənlər var. Ancaq istiqlal tariximiz göstərdi ki, düşmən bıçağı sümüyə dirəyəndə onun üstünə hamılıqla getməyi bacarırıq. Bir əsrdə ikinci dəfə müstəqillik əldə etmək özü bir qəhrəmanlıq deyilmi? Etiraf edək ki, zaman heç vaxt bizim xeyrimizə işləməyib.

Çünki o bizim əlimizdə olmayıb. Zamana yaşamaq adlı çərçivə kimi baxmışıq. Boyumuzdan böyük, dərdimizdən kiçik bir çərçivə. XIX-XX əsrlərdə Azərbaycanın 80 faizini itirdik. Heç bir günahı olmaya-olmaya Arazı ömürlük lənətlədik. Zəngəzurda ermənilər yurd salıb, ev-eşik yiyəsi oldular. Yurddaşlarımızı Qazaxıstana, Sibirin soyuq çöllərinə sürgün edib, yanan ocaqlarını söndürdülər. Bax, elə ocağı söndürülən, günü göy əskiyə bükülən, qız gəlini əsir-yesir olan, torpağı qiyamətə qədər qan bitirəcək yurdlarımızdan biridir Xocalı. Xocalını eşitmədilər, onu ögey kimi gözümçıxdıya saldılar. Sinəsindən itələyib çörəyini, suyunu, işığını, qazını kəsdilər. Onu kimsəsiz qoydular. Düşmənə elə bu lazım deyildimi? Özlərinin dediyi kimi, guya Sumqayıt hadislərinin qisasını almağa and içmişdilər. Düşmən hazırlaşırdı.

 Qan içmək üçün 366-cı alayın əsgərləri tanklarının tırtılllarını belə itiləmişdilər. Xocalı yanırdı. Yanan təkcə daş, torpaq, ağac deyildi. Ümidlər, arzular, sabaha açılan qapılar yanırdı Xocalıda. Son nəfəsində döyüşürdü. Bilirdi ki, bu erməni, rus deyilən vəhşi ölüm mələyi deyil ki, topsuz, tüfəngsiz, gülləsiz gəlib canını alsın. Bilirdi ki, onu tutandan sonra belinə samovar bağlayıb, diri-diri gözünü çıxardıb, dərisini soyacaqlar. Bilirdi ki, başını cəllad olub kəsəcəklər. Xocalı bu millətin ögeylərini, namərdlərini yaxşı tanıyırdı. Getməyə yeri, söz deməyə, kömək istəməyə kimi qalmışdı ki? Ondakı hakimiyyətin davası başqa, oynadığı hava isə sümükoynadan idi. Birdəki xumarlı gözlər, tumarlı başlarmillət istəyirsualınabilmirəmdən başqa cavab verəcəkdilər ki? Vətən, millət sevgisi ilə hakimiyyət davası, vəzifə hərisliyi, kreslo sevdası bir araya sığarmı? yaxud da bazarlaşmış, satılmayan mal kimi vitrinləri bezdirən beyinlərlə, cansız cəsədlərlə Xocalı dərdini anlamaq olardımı? Xocalıda həyat donmuşdu. Həmin gün mələklər qorxub qaçmışdı yağıların törətdiyi bu vəhşiliyi görüb.

Bəlkə Allahın belə, ürəyi gəlməmişdi körpə fidanların donmuş bədənlərinə baxmağa. Qarnından körpəsi çıxarılaraq öldürülmüş ana da üzü Allaha baxıb, güllələnmiş baxışları ilə “gördünmü, yaratdıqların sən görə-görə nələr elədilər, bəs niyə qiyamət qoparmırsan”- deyirdi. O gün millətin qeyrəti tapdanmış, millətin heysiyyatına toxunulmuşdu. 1813-dən üzübəri ermənilər bizi beləcə öz qanımızda boğmuşdular özgələrin əli ilə. Biz isə “haralısan”la fəxr edib, tayfabazlıq, eşqbazlıq sevdasına düşmüşdük. Düşmən silah alırdı, biz “parnik” düzəldirdik.

Xocalı yanırdı. Əcnəbi televiziyalar dünyanı silkələyirdi. Bizim televiziyamız isə “iki nəfər” ölüb deyə başımızın altına yastıq qoymuşdu. Vəhşi heyvanların belə hüquqlarını qoruyan dünya birliyi isə hələ də susurdu. Xocalı ki Avropa deyildi, ingilisə, fransıza, amerikana, yəhudiyə ki divan tutulmamışdı. “Kədər insanı kamillik zirvəsindən endirər deyib”, – dünyagörmüş kişilərdən biri. Amma bu millət elə həmişə kamilliyin də, kədərin də zirvəsində olub. Fevralın 26-sıdır, Xocalıda ölənlərə, yarımcan qalanlara, öldüsü-qaldısı bilinməyənlərə yas tutulur yenə, matəm hasaındayıq. Yenə ağlayırıq, yenə sızlayırıq.

 Ancaq gəlin, bir az dünyaya başqa gözlə baxaq, gəlin, içimizdəki ilanları, qarnımızdakı qurdları boğaq əlimizi ürəyimizin üstünə qoyub Xocalı adlı şəhidimizi son mənzilinəqeyrətimizə qala bildiyimiz Qarabağa aparaq. Gedək, gedək, o yerlərə!

 

 

Hafiz TƏMİROV (HACXALIL)

 

525-ci qəzet.- 2011.- 26 fevral.- S.24.