Oralarda kimlər var: POVESTDƏKİ İSA İSMAYILZADƏ

 

1969-cu ildə yazdığım,çox-çox sonralar bəzi hissələri çap olunan və daha sonralar kitab kimi işıq üzü görən “ADLERDƏ BİR KÖRPÜ VAR” povestim o illərin gənc şairlərinin də bəzi xüsusiyyətlərini özündə ihtiva etməkdədir.Təbii ki, indiki nəsil onlardan çoxunu tanımaz, amma o illərin gənc şairlərinin tam olaraq xarakterini deyil, mənə məlum sənədli anlar kimi yaşanan bir sıra vaqelər və olanaqlar həqiqətən o insanların həyatının detalı olaraq maraqlı olmaya bilməz. O unudulmaz günlərdən biri mənim povestimdə tam səmimiliyi və təbiliyi ilə qorunaraq qələmə alınmışdır.Həmin günlərin mənə yaxın, mənə doğma,mənə isti insanlarından və yaradıcılırından ən başlıcası İsa İsmayılzadə olmuşdur ki, mən bunu dəfələrlə yazmışam və söhbətlərdə o anlara toxunmuşam. “ADLERDƏ BİR KÖRPÜ VAR” povestimdən oxuyacağınız bu hissədə sevimli İsanın da o günlərdəki xarakterinin çizgiləri gizlənməkdədi. Belə bir İsa da vardı....Hələ o vaxtdan ədəbiyyatın təəssübünü çəkən və söz üçün canını verən bir İsa İsmayılzadə... 

...Bugün iş qurtaranda şəhərə çıxdım. Belə hallar tez-tez olur. Xüsusilə son vaxtlar. Ona görə ki, tamam təkəm, bağrım çatlayır təklikdən. Evə də getmək istəmirəm. Çox zaman qardaşım da evdə olmur. Yoldaşlarının yanında qalır. Tək-tənha evdə neyləyim. “Vurğunu” olduğum qarının üzünə baxmayacaqdım ki. Ona görə də şəhərə yollandım. İstəyirdim ki, kim olursa-olsun bir tanışa, dosta (əgər belə demək olarsa) rast gəlim. Bilirdim ki, bir yer var, ora getsəm, çoxlu tanış üz görə bilərəm. Ona görə də yollandım həmin yerə. Elə fikirləşirdiyim də oldu. Bir vaxt məni Don Kixot çağıranların hamısı burada idi. Elə bildim ki, görən kimi deyəcəklər: cənab iyirminci əsrin Don Kixotu gəl görək. İndi hansı... çevirmək istəyirsən. Ancaq heç kəs belə demədi. Daha vacib bir məsələdən danışırdılar.

Bunların hamısı şair idi, özü də yaxşılarından. Onlar Nazim Hikməti sevirdilər, Pablo Herudanı, Erenburqu sevirdilər.Həmişə söhbətləri ya ədəbiyyatdan olardı, ya idmandan. Çox zaman axırıncıdan danışardılar. Şeirdən danışanda heç kəs özü olmurdu. Onların içində başqası danışırdı. Çünki onlardan heç biri başqasını bəyənmirdi. Bunu mən apaydın bilirdim. Hətta iki ən yaxın dost- o günlərin səs-küyündə bayraq kimi yellənən yaxın dostlar da belə bir-birini bəyənmirdi. Onlardan birinin başqasının ardınca danışdığını heç zaman unudan deyiləm. Həmin söhbət yanımda olmuşdu. Onda mən hələ bir qədər təmiz idim, sadə idim, şəhər məni öz küllüklərinə, zibilliklərinə atıb götürməmişdi. Ona görə də inana bilmirdim ki, həmin adam öz dostunun ardınca belə danışa bilər.

Beş il birgə oxumuşdular.

Şeirləri birgə çıxardı.

Adlarını birgə yazardılar.

O zaman onlardan biri institutu bitirib rayona getdi. O birisi isə şəhərdə qaldı. Bir qədər çətinlikdən sonra nəhayət, jurnallardan birinə işə girdi. Yaxşı oğlan idi, sizdən yaxşı olmasın. Bəzilərinin dediyinə gərə o intelligentvari bir adam idi. İnsafən mən onu heç kəsin qarasına danışan görməmişdim. Bəlkə də buna gərə hövsələdən çıxdım və dedim ki, sən düz demirsən. Bu heç də belə deyil. Axı, bunları onun üzünə niyə demirdin. İki-üç ay bundan qabaq səninlə birgə idi. Bu yazıları dönə-dönə sənə oxumuşdu. Əgər zəif idisə niyə onun özünə demirdin, indi arxasınca danışırsan.

Sonralar bizimlə bir oğlan tanış oldu. Don Kixotun Sanço Pansosu kimi boydan balaca bir oğlan. Lakin Sanço kimi etibarlı deyildi. Bununla tanışlıqdan sonra hamı dəydi bir-birinə, dünya qarışdı. Hamı başını itirdi, bir-biri ilə az qala düşmən oldu. Qəribə idi ki, çoxunun ondan zəhləsi gedirdi. Heç kəsin onu görən gözü yox idi. Ancaq heç kəs ondan ayrılmaq istəmirdi. Heç kim də onun üzünə tüpürmək istəmirdi, təkcə bircə nəfərdən başqa. Həmin adam onun ən yaxın dostu idi. Bir vaxt cibləri də bir olmuşdu, ürəkləri də. Bircə həmin oğlan onu yaxşı tanıdığından, nəhayət üzünə tüpürüb və deyib ki, bir daha göz-gözə gəlməsin, salamlaşmasın. Elə həmin gündən bu balaca Sanço “külək dili” ilə o oğlanın arxasınca danışır, qarasına söylənir, kəlgəsini qılınclayır. İnsafən o adam da bütün bunları eşidir, susur, heç nə demir. “Sanço” elə hey danışır. İstər-istəməz bir el misalı yada düşür: it hürər, karvan keçər. O zalım oğlu da bu itliyə dözür. O özünü çox ağıllı hesab edir, hətta Nobel mükafatı almaq fikrindədi. Ancaq ölmüş şeydi, çünki o kiçik millətin nümayəndəsidi. Onun millətini heç ölkəsinin çox yerində tanımırlar, nəinki xaricdə. O alman, rus, ingilis, amerikan olsaydı, buna inanmaq olardı.

Nə isə bu adamlar çoxu deyəsən həmin bu oğlanın fəlsəfəsinin ölüsüydülər.Ona görə də bu kübar oğlan öz yoldaşının arxasınca danışanda əsəbiləşsəm də təəccüblənmədim. Lakin sonralar bir vaxt pislədiyi şeirlər onun işlədiyi jurnalda çap olundu,özü də ikisininki birgə. Yan-yana. Mən başımı tutub qaçmaq istəyirdim bu adamlardan, ancaq bacarmırdım, gücüm çatmırdı. Gözüm görə-görə hamı əclaflaşırdı, nakişi olurdu. Hamı çap olunmaq üçün dəridən-qabıqdan çıxırdı. Saqqal altından keçirdi. Mən də onlar kimi. Hətta bir dəfə bu “kübar” oğlanın işlədiyi jurnala şeir apardım. Biz həmişə jurnallarda, qəzetlərdə işləyənlər haqqında söhbət edər və onları qınayardıq. Deyərdik : çox savadsızdırlar. Bəlkə də biz haqlı idik. Doğrudan da bu adamlar iki eşşəyin arpasını bölə bilməyə-bilməyə böyük bir məmləkətin mətbuatına başçılıq edirdilər (yəqin ki, indi başqaları da bizim haqqımızda belə düşünür). Biz həmişə ədəbi jurnallarda işləyənləri daha çox qınayırdıq. Onların “profilimizə uyğun deyil” bəhanəsi bizi boğaza yığmışdı. Az qalırdı ki, profil sözünü pambıq kimi onların boğazına tıxayaq. Boğulsunlar, ölsünlər. Həmin bu “kübar” oğlanın da profil səzündən zəhləsi gedirdi. Jurnallarda işləyənləri görən gözü yox idi. Ancaq onlarla çiyin-çiyinə işləyirdi. Özü də əməlli-başlı işləyirdi. Necə oldusa mən də onun işlədiyi jurnala şeir apardım. Əlbəttə, görünür onu arxa bilib belə etmişdim. Ancaq çox təəssüf. Şeiri oxudu. O zamanlar mən pis yazmırdım. Guya mənim yazılarım hamısı abstrakt idi, mücərrəd yox, abstrakt idi. Bütün jurnal işçiləri belə deyirdilər. Ancaq “kübar” oğlan belə demədi. Oxudu, fikri ya hansı qızın, qadının yanındaydı bilmirəm. Oxudu və nə desə yaxşıdır: dedi ki, jurnalımızın profilinə uyğun deyil. Vay dədəm, vay, adamlar nə yaman dəyişir. Qulaqlarıma inanmadım. O bir də təkrar etdi: jurnalımızın profilinə uyğun deyil. Daha nə deyəcəkdim. Yazını götürdüm və dedim ki, rayondakı dostu ona salam göndərib. Dünən məktub almışdım. Mən bunu yalandan dedim. Demək istəyirdim ki, dünəni nə tez unutmusan. Axı, dünən sən belə deyildin.

Bizə elə gəlirdi ki, aramızda ən təmiz, ən yaxşı həmin bu rayondakı oğlandı. Hamı belə düşünürdü. Mən də. Ancaq bir dəfə onunla kiçik bir mübahisəm oldu. Bir Allah bilir ki, bu mübahisədə mən nə qədər haqlı idim. Tanınmış yaxşı şairlərdən birinin şeiri çap olunmuşdu. Mən kitab oxuyanda xoşum gələn fikirlərin, hisslərin altından xətt çəkirəm. Bu şeirdə də hansı hissə xoşuma gəlmişdi, onun yanından qara bir xətt çəkmişdim. Sən demə bu rayondakı oğlanın hansı şeirindəsə bu hiss varmış. Ancaq onun şeirindən xəbərsizdim. Bir evdə qalırdıq (mənim belə az-çox istedadlı və ağıllı olmağımda bu rayondakı oğlanın çox böyük zəhməti vardı. Əgər bir gün dövlət başçısı olsam, o dilənçi kökündə otağıma girsə, stolumu ona təklif edərəm. Cəhənnəm olsun hər cür qayda-qanun.) Səhər harasa gedirdik. Yolda belə bir söhbətimiz oldu.

O, mən elə bilirdim ki, sən çox təmiz oğlansan.

Ciddiləşdi, bir qədər əsəbiləşdi.

– Ancaq görünür səhv etmişəm.

O səhv etdiyinə o qədər əmin idi ki,mənim cavabımdan asılı olmayaraq dediyinə peşiman deyildi. Mən nə vaxtsa oxumuşdum: ağıllı adamların səhvi də öyrədici olur.

–Hə, səhv etmişəm.

Düzü, söhbətin hardan, nədən getdiyini bilmirdim, çünki mən bu adam haqqında heç zaman pis fikirdə olmamışdım və olmayacaqdım. Baxmayaraq ki, onun da zəifliyi vardı. Heç kimlə pis olmaq istəmirdi, heç kəsi incitmək istəmirdi. Mən susdum, çünki cavab verməyə, soruşmağa, düzünü deyim ki, utanırdım. O mənim susduğumu hiss edib yenə də başladı:

– Adam gərək kişi olsun, hə, hə, kişi. Əgər sənin ürəyində ləkə yoxdursa niyə mənim özümə demirsən ki, filan şeirdə olan hiss, fikir flankəsdə var. Ancaq altından qara xətt çəkirsən.

Mən yenə də söhbətin nədən getdiyini bilmirdim. O qədər kitab oxumuşdum ki, o qədər şeirlər xoşuma gəlmişdi ki, o qədər xətlər çəkmişdim ki, nə biləydim.

– Əgər bilirdinsə, niyə mənə demirdin ki, bu hiss filan şairdə var.

O şairin adını da dedi, şeirini də. Hətta misranı da əzbərləmişdi. O çox nadir hallarda şeir əzbərləyirdi, özü də ən çox xoşladığı şeiri.

Mən bəraət qazanmağa çalışmadım. Çünki artıq şeydi. Bu vəziyyətdə özünü müdafiə edib iyrənc bir yerə çıxarardı. Əsəbləşmişdim. Ancaq onun üzünə heç zaman ağ olmaq istəmirdim. İstər haqlı, istər haqsız. Başqası olsaydı canını alardım. Təkcə ona görə ki, “gərək kişi olasan”- deyib təhqir etmişdi. Susurdum. Bir azdan dilləndim, çünki hiss edirdim ki, cavab gözləyir.

– Necə istəyirsən elə fikirləş. Onsuz da mən səni inandıra bilməyəcəyəm ki, belə deyil. Bu mənim ağlıma da gəlməyib.

O oğlanın inanıb inanmadığını indi də bilmirəm. Ancaq elə istəyirdim ki, inansın, çünki mən yalan demirdim. Bir Allah bilir ki, yalan demirdim. İndi də bilmirəm inandı, ya inanmadı. Hərdən istəyirəm soruşam. Lap elə bugün də soruşmaq istədim, çünki məqam idi. O vaxt soruşa bilməsəm də, indi soruşa bilərdim, çünki bir qədər keflənmişdim. Keflənəndə mən daha ayıq oluram, hər şeydən təmizlənmiş oluram. Uşaq kimi yox, qar kimi yox, ağ vərəq kimi yox, lap özüm kimi. Hamımız bir yerdə idik, yeyib içirdik, hardansa ağlıma gəldiki ki, altı il bundan qabaq olmuş bir şeyi soruşam. Lakin qorxdum deyərlər ki, lap kefliyəm. İçə-içə başladıq söhbətə. Ara qızışdı, məzhəb itdi. Hiss edirdim ki, artıq çoxu sayaqlamağa başlayır, özlərindən çıxırlar, hətta o “kübar” oğlan da. Ancaq hər kəs özünü elə göstərirdi ki, guya ayıqdır. Bütün restoranı başımıza götürmüşdük. Heç kəs heç nə demirdi. Görünür elə bilirdilər ki, kefliyik: ona görə də baş-qulaq olmurdular. Bir də ki, axı nə işlərinə qalmışdı, aramızda radio işçisi də var idi, qəzet işçisi də, şair də, yazıçı da. Deyəsən bir az qorxurdular. Hətta o “kübar” oğlan hesabın kağızını istəyəndə xörəkpaylayan yazıq-yazıq dedi ki, qoy axşamımızı rahat başa vuraq. Lap aydın hiss olunurdu ki, o “kübar” oğlan da keflidi, çünki başqa vaxt o belə eləməzdi, heç zaman.

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2011.- 26 fevral.- S.23.