Xocalı şəhidlərini anarkən...

 

NƏ VAXTA QƏDƏR AĞLAYACAĞIQ...

 

 Üsyanlardayam yenə... Ürəyim qan ağlayır... Kefim yox, gözlərim isə hüzn dolu. Gözlərim önündə Xocalı şəhidləri... Vaqonlarda, çadırlarda yaşayan çarəsiz insanlar... Təqvimə uyğun olaraq yenə də öncə yanvar ayı, ardınca isə fevral ayı gəlib çatdı... Bu iki ay Azərbaycanın tarixinə, yaddaşlara əsla unudulmayacaq günlərlə ağrılı izlər salıb... Ürəyində türklük duyğusu yaşayanların matəm günü... 20 Yanvar isə Sovet hərbi birləşmələrinin azadlıq, “Azadlıq” deyə bağıran, 70 ildir əsir kimi yaşayan Azərbaycanın təcavüzə uğrudağı gündür... Azadlıq məşəlinin yandığı, müstəqilliyə gedən ilk addım... Sovetlər Birliyinin vəhşi simasını nümayiş etdirərək azadlıq istəyən insanların günahsız yerə şəhid edildiyi gün, eyni zamanda Azərbaycanda milli oyanış, əsarətdən qurtuluş günüdür... Və nəhayət, 25-26 fevral illərdir türklərə qarşı zülm etməkdən doymayan ermənilərin, qatı düşmənlərimizin vəhşicəsinə işğal etdikləri Xocalının soyqırım günüdür... Gözləri qan və nifrətlə dolu olan ermənilərin rus ordusu ilə birləşərək ana, bacı, körpə demədən məsum insanları vəhşicəsinə şəhid etdikləri gündür... Azad dünyanın susduğu, vicdanların kor olduğu bir dünyanın gözü qarşısında gerçəkləşən vəhşicə bir cinayətin gerçəkləşdiyi gün... Doğma yurd-yuvalarından, torpaqlarından didərgin düşən 1 milyondan çox azəri türkü! Düz 19 ildir ki, torpaq həsrətiylə yanıb-yaxılan, öz doğma yurdlarına dönmək xəyalı ilə yaşayan günahsız insanlar... Yaşadığı şəhərin, evin, torpağın həsrətinə tab gətirməyib bu dünyadan gözüaçıq gedənlər... Çadır şəhərciklərində yaşayanlar, “Mən şəhid oğluyam. İşğala məruz qalan torpaqların geri qaytarılması üçün əlimdən gələni etməyə hazıram” – deyən, solğun bənizli, gözləri kin-küdurət dolu şəhid övladı olmanın qürurunu daşıyan azəri türkünün üsyanı hələ də qulaqlarımda səslənir və gözlərim önündən bir an belə getmir... Vaqonlarda dünyaya gələn uşaqlar... Vətən yolunda oğlunu qurban verən atalar, analar, babalar, nənələr... Yaxşı bəs, nə vaxta qədər... Həmişə göşü yaşlımı qalacağıq? Bizim qismətimizə ağlamaqmı yazılıb?!!! 19 ildir ki, doğma el-obasına həsrət qalan insanlar səbirsizliklə torpaqlarına dönəcəkləri günü gözləyirlər... Günahsız şəhidlərin ruhu isə hədər yerə axıdılan qanların intiqamının alınmasını gözləyir!... Biz nə edirik, 19 ildir ağlayırıq, 19 ildir ki, gözü yaşlıyıq! Bəs bizi ağladanları biz nə vaxt ağladacağıq... Şəhidlərin intiqamını nə vaxt alacağıq, bu, bəlli deyil... Tam olaraq 1400 ildir ki, Kərbəlada Yezid tərəfindən şəhid edilən İmam Hüseyn üçün ağlayırıq. Yoxsa, ermənilərin amansızcasına qətlə yetirdikləri şəhidlərimiz üçün də hələ çox ağlayacağıq? Ağlamaq çıxış yolu deyil və olmayacaq da! Artıq bir nəfər kimi ayağa qalxmaq, bizi ağladanları ağlatmaq zamanı yetişib və hətta, ötüb keçmək üzrədir... Yeter çektiklerimiz! Yeter bu zülüm! Ey Türk Oğlu! Titre ve kendine dön, bak! İsyanıma kulak ver! Artık “AYAĞA KALK!” Garip kaldı sevdan, kalk usul-usul, Aç gözünü, ülkün solmasın oğul, Türkistan, Karabağ, Kerkük ve Musul, Türk eline, hain dolmasın oğul. P.S. Son olaraq onu bildirmək istəyirəm ki, İnşallah, Xocalı şəhidlərinin 20 ilinin qeyd olunduğu bu günlərdə Azərbaycan torpaqları işğaldan azad olunar və bununla da bütün şəhidlərimizin sümükləri bir daha sızlamaz! İqdır

 

 

Sərdar ÜNSAL

 

525-ci qəzet.- 2011.- 26 fevral.- S.20.