“Bayrağa görə təhqir olunmağı şərəf hesab edirəm”

 

“70 yaşda özümü çox yaxşı hiss edirəm. “İllər necə gəldi, keçdi, bilmədim” deməyəcəm. Çünki bilirəm 70 ilim necə keçib. Döyülə-döyülə, söyülə-söyülə bu yolları gəlmişik. Amma o günlər çox gözəl, həm də şərəfli günlər idi...”.

Martın 3-də 70 yaşını tamamlayacaq Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlunu bu gün təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. 70 ilinin düz yarısını mübarizəyə, insan haqlarının müdafiəsinə həsr edən Novella xanım ömrünün sonuna kimi bu yolla addımlayacağını deyir. Nəinki yubiley, heç ad gününü də təmtəraqlı qeyd etməyi xoşlamayan Novella xanım keçdiyi gərgin, amma özünün də dediyi kimi şərəfli ömür yolu barədə danışır, arzularını da bizimlə bölüşür.

 

OĞURLUQ ÜSTÜNDƏ DÖYÜLMƏMİŞİK

 

–Müstəqilliyimizə nail olmaq bizim üçün bir şərəf idi. Hamımız müstəqilliyimizin qazanılmasında iştirak etmişik. Xatırlayıram ki, parlamentdə bayrağı qəbul edən gün biz o bayraqla Əzizbəyov heykəlinin yanı ilə parlamentə doğru hərəkət edirdik, onda bayrağı qırıb bizi döydülər. Bayraq üstündə təhqir olunmağı şərəf hesab edirəm. Oğurluq, pis işlər üstündə döyülməmişik ki. Ona görə hesab edirəm ki, mən və milli mücadilə aparan insanların hamısı şərəfli yol keçib. Baxmayaraq bu dövlət bizimdir və biz dövlətimizi çox sevirik. Bu dövləti özümüz qurmuşuq və onu sevirik. Düzdür, əskikləri də var, hökumətə çoxlu iradlarımız da var. Amma dövlət bizimdir. Əgər məmurlar milləti sevə-sevə idarə etsələr, onda problemlər də azalar.

 

70 İLDƏ ÇOXLU ARZULARIM OLUB, ONLARIN BƏZİSİNƏ ÇATMIŞAM, BƏZİSİNƏ YOX

 

–Amma bu məni məyus etmir. Hərtərəfli həyat yolu keçmişəm. Cavanlıqdan biz dissidentlərin kitablarını oxuyurduq. 1969-cu ildə bəlkə heç kim bilməyəndə Elçibəy mənə Məmməd Əmin Rəsulzadə, Atatürk barədə danışıb, bayrağımızı göstərib. O da mənim üçün böyük şərəfdir. Elçibəy mənə millətimi sevməyi, hörmət etməyi, türkçü olmağı aşılayıb. Mən rus dilli qız idim. Rus dilində təhsil almışdım. Atam Rəsulzadə barəsində bilirdi, anam Bektaşilərdəndir, anadolu türküdür. Amma o zaman bu cür insanlara pantürkst damğası vururdular və belə şeylər danışmaq da yasaq idi. Lakin hərdən atamın dostları bizə yığışırdı. Onda 15-16 yaşım olardı. Evimizdə belə söhbətlər gedirdi. Atamı 17 yaşımda itirmişəm. Atam dünyasını dəyişəndə 42 yaşı var idi. O vaxt dayımla Səidə Qocamanlının atası danışanda, bilirdik ki, nəsə Türkiyə ilə bağlılığımız var. Amma açıq şəkildə Rəsulzadə, Azərbaycan Demokratik Respublikası barədə ilk dəfə Elçibəydən eşitmişəm. Ona görə hesab edirəm ki, gəncliyimiz də fəal keçib. Yaşa dolanda da dövlət quruculuğunda iştirak etmişik. Vətəndaş cəmiyyətinin qurulmasında, qadınların irəli getməsində, onların liderlik bacarıqlarına yiyələnmələrində bizim zəhmətimiz olub. Baxın, bütün partiyalar parça-parça oldu, bizim cəmiyyət isə qurulduğundan indiyə qədər əsas sütun üzərində dayanıb. Həm regionlarda, həm Bakıda ona görə cəmiyyətimiz monolitliyini saxlayıb ki, bizdə ideoloji dayaq var. Bizi tənqid edirlər, çox zaman da haqsız tənqid edirlər. Ən çox müxalifətə işləmişik. Yəni müxalifət acınacaqlı vəziyyətdə olub, onları daha çox dəstəkləmişik, kömək etmişik.

 

ƏN ÇOX DA MÜXALİFƏT TƏRƏFİNDƏN VURULMUŞUQ

 

– İqtidar bizə qarşı olmalı idi. Çünki biz onu açıq- açığına tənqid edirdik. Amma müxalifətin söyməyi bizə doğrudan da ağır gəlirdi. Düzdür, inciməmişəm, çünki hamısı balalarımdır, cavandırlar öyrənəcəklər.

Bu cür yanaşma bizi incitsə də, sındırmır. Mən elə sınaqlardan keçmişəm, sınmamışam, bir jurnalistin yazısına görə dünyasında sınmaram. Bəlkə onlar hesab edirlər ki, düz deyirlər. Pis yazan da, yaxşı yazan da sağ olsun. Sadəcə olaraq, jurnalist etikası var da. Yəni onlar gərək bizim keçmişimizi yada salsınlar. Novella heç vaxt heç kimə satılmayıb. Bundan sonra da heç kimə satılmayacaq. Məni dövlət tərəfindən orden verilməsin gözləməkdə suçladılar. Birincisi, hələ mənə mükafat verən yoxdur. Digər tərəfdən, Azərbaycanda 10-15 nəfər var ki, onlar mükafata layiq insanlardır. Onların içində özümü də görürəm. Bu millətin, dövlətin üstündə döyülə-döyülə mübarizə aparan insanlar olub. Dövlətin mənə mükafat verməsiilə kimə nə pislik olacaq

 

MƏN İNDİYƏ QƏDƏR NƏ MÜKAFATA İŞLƏMİŞƏM  NƏ AYRI BİR İMTİYAZ GÖZLƏMİŞƏM

 

–İstəsəydim bunların hamısını ala bilərdim. Fəaliyyətim, mübarizəm buna görə olmayıb. İnsanlarda bolşevik təfəkkürünü başa düşə bilmirəm. Millət mənimdir, yaxşısı da, pisi də. İqtidar da mənim millətimdir, müxalifət də. Sadəcə onların arasında fərq var. Hamımız çalışmalıyıq ki, o fərq olmasın. Bir masaya oturub danışmağı bacarmalıyıq. İqtidarın ayrı, müxalifətin ayrı vətəni var məgər?! Hamısı Azərbaycan vətəndaşlarıdır da.

Mənim indi elə vaxtımdır ki, nə müharibəyə çağırış edənəm, nə inqilaba. Mənim yaşımda insan bunların hamısından keçib. Ona görə istəyirəm ki, bir masa arxasında oturub, bir birlərinə sözlərini desinlər. Tənqid olsun, qüsurlar deyilsin, bunlar təbiidir. Amma bir-birimizi qırmayaq.

 

HƏMİŞƏ DÖYÜLƏNİN TƏRƏFİNDƏ OLMUŞAM

 

– Uşaq vaxtından kimisə döyəndə, incidəndə onun tərəfini tuturdum. Savaşmada döyüləni müdafiə edirdim. Bu genetika ilə bağlıdır, mənə atam və anamdan keçib. Onlar aciz insanlara, kasıblara həmişə dayaq dururdular. Bu bir növ bizim ailəmizin ənənəsi idi. Qohumlu, əqrabalı ailə olmuşuq. Atam 42 yaşında dünyasını dəyişsə də evimiz hər zaman qonaqlı-qaralı olub. Rayondan gəlib Bakıda oxuyan qohumlar, tanışlar həftə sonu hamısı bizdə idilər. Anam iri tortlar, piroqlar bişirirdi, onlar bizim evdə çörək yeyirdilər. İndi həmin tələbələrin çoxu professor, akademikdir. İnsana qayğı atamdan, anamdan keçib bizə.

Mən həmişə fəal olmuşam, elə milli mücadiləyə qoşulmağım da bundan irəli gəlir. Qadın Hüquqları Müdafiə Cəmiyyətinin yaranması birbaşa Elçibəyin təşəbbüsü idi. Dilarə xanım rəhmətliyi çağırıb deyib ki, Atatürkün qadın hüquqları müdafiə cəmiyyəti olub və istəyirəm ki, Azərbaycanda da bu olsun. Onda məni Dilarə xanımla tanış etdi. Mən isə dedim ki, qadınlarla işləməyi sevmirəm. Çünki yoldaşımla birgə geoloji ekspedisiyalarda işləyirdim, yan-yörəmdə həmişə kişilər olurdu. Qadınların söz- söhbətindən həmişə qorxurdum. Həmişə kişilərlə baş-başa gəlirdim. Elçibəyə də dedim ki, qadınlarla iş birliyi qura bilmərəm. Amma Dilarə xanımla görüşəndən sonra ondan çox xoşum gəldi. Çox alicənab, ziyalı bir insan idi. Başa düşdüm ki, qadınlar daha mərddirlər, daha sadiqdirlər. Hərdən görürsən qadın mənim haqqımda bir söz deyəndə cavab verirəm, amma sonra peşimançılığını çəkirəm. Heç vaxt hansısa qadına qarşı pis münasibət bəsləməmişəm. Kişilər bu gün bir-birlərini söyür, sabah birgə olurlar. Düzdür, qadınlarla müəyyən mənada sözümüz çəp gəlir, amma hüquq məsələsində həmişə qadınları üstün tutmuşam.

Kişilərin də hüquqlarını müdafiə edirik, lakin mənim üçün prioritet qadınların hüquqlarıdır. Çünki qadın ailədə sütundur. Sözsüz, kişisiz ev olmasın. 36 yaşında anam atamı itirib. Anam 86 yaşına, yəni dünyasını dəyişənə qədər bizə həm ata, həm ana olub, savad verib. 20 qohum əqrabasına da ali savad verib, onları idarə edib. Çox zəhmli qadın idi. Bütün qohum-əqraba ona böyük hörmət bəsləyirdi. Heç kim sözündən çıxmırdı. Anamın sözü önəmli idi. Amma atam sağ qalsaydı, anam ölsəydi, bir-iki arvad alacaqdı, Allah bilir, biz indi haralarda idik. Qadın hər şeydə üstündür. Kişinin namusunu, qeyrətini saxlayan da qadındır. Deyəndə ki, filankəs namuslu kişidir, deməli, onun arvadı namusludur.

 

ƏN BÖYÜK ARZUM TURAN DÖVLƏTİNİN YARANMASIDIR

 

–Avropaya inteqrasiya yaxşıdır, amma mən istəyərdim Turan dövlətlərinə inteqrasiya edək. Avropa Şurası kimi bir Turan dövlətlər birliyi yaransın, bütün türk dövlətləri, Qafqaz da ora daxil olsun. Erməni, gürcü də görsün ki, necə güclü dövlətlər olur. Mən qlobal fikirləşirəm, amma inanıram ki, bu olacaq. Çünki Elçibəy 60-cı illərdə yoldaşımla söhbət zamanı deyəndə ki, bu sistem dağılacq, onda ağlayıb, qapını bağlayırdım ki, bunlar dəli olub. Necə ola bilər ki, belə böyük, nəhəng dövlət dağılsın. Amma vaxt gəldi, bu baş verdi. Bəlkə Turan dövlətlərinin birliyini mən görməyəcəm, amma əminəm ki, Turan dövlətləri qurulacaq, özü də demokratik, ən gözəl dövlətlər olacaq. Ərəb dövlətlərindən fərqli olaraq türkdilli dövlətlər bütün dünyaya nümunə olacaq.

 

 BƏLKƏ BU İŞİM OLMASAYDI, ÖZÜMÜ TƏNHA HİSS EDƏRDİM

 

–Burda xanımlar o qədər bir-birinə doğmadır ki... Ailəsi olan axşam evinə gedib, səhər bura qaçır. Mən isə ailəmin yanına, İzrailə ildə iki dəfə gedirəm. Onlara əvvəldən dedim ki, siz öz vətəninizi seçdiniz, mən də öz vətənimi seçirəm. Onlar da hörmətlə yanaşırlar seçimimə. Sözsüz ki, mən darıxıram, onlar darıxır. Amma iş, cəmiyyət, qadınlarla doğma münasibət, bunlar başımı qatır. Mənim başım ağrıyanda onlar gəlir, onların başı ağrıyanda mən gedirəm. Bütün dərdlərimizi, sirlərimizi bir yedə çözürük, ona görə burda çətin olmayıb mənim üçün, amma uşaqlarımı görmək istəyirəm.

 

YUBİLEY SÖZÜ SOVET DÖNƏMİNDƏN QALIB

 

–Nə fərqi var, 69, 70, yaxud 71 yaşın. Filankəs yubileyini qeyd edir deyəndə, mənə bir cür gəlir. Yaş yaşdır da. Daha nə yubiley. Ad günümü də heç vaxt geniş qeyd etmirəm. Özümüz yığışacağıq, banket filan olmayacaq.

70 yaşımda heç kimdən, heç nə gözləmirəm, elə dövlətdən də. Nəsə versələr də sağ olsunlar, verməsələr də. Çoxlu beynəlxalq mükafatlarım var:

ABŞ-ın sabiq dövlət katibi Kondaliza Raysın təsis etdiyi “Beynəlxalq Qadın Şücaəti”,- bu mükafat dünyada cəmi 10 şəxsə verilib, layiq görüldüyüm digər Marşal mükafatı isə cəmi 50 nəfərə verilib. Mükafatlarımı bir-bir saysam çox vaxt aparar. Amma mənim üçün Azərbaycan dövlətinin verəcəyi qiymət çox önəmlidir.

Əgər dövlətim mənim xidmətlərimi dəyərləndirəcəksə, deməli, Azərbaycanda da məni qiymətləndiriblər. Heç kim də qısqanmasın, bəlkə bu, bir addım olar. Mən yaşda hamıdan böyüyəm, məndən sonra o birilərinə də bəlkə mükafat veriləcək. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən gördüyüm işi çox adam etməyib. Yaxşı onda niyə dövlət mükafatı almayım?

 

ÖMRÜMÜN 35 İLİ MƏNƏ DAHA ƏZİZDİR

 

Novella xanım deyir ki, 70-ci illərdən bu tərəfə yaşadığı, daha doğrusu mübarizə apardığı illər ona daha əzizdir. Demokratik dövlətin bayrağını, gerbini gətirən insanlarla bir yerdə olmaq tarxdir.

“35 il yemişik, içmişik, gəzmişik, dissident kitablar oxumuşuq. İkinci 35 ildə isə özümüzü tanımışıq, müstəqillik mücadiləsi aparmışıq. İllər sonra tarixi vərəqləyəndə, bir qəzet məqaləsində mənim də adım keçəcəksə, bu artıq şərəfdir...”.

 

 

Pərvanə SULTANOVA

 

525-ci qəzet.- 2011.- 26 fevral.- S.18.