Xocalı faciəsi poeziyamızda
Xocalı faciəsindən 19 il keçir və 19 ildir ki, bu faciənin ağrısıyla qovruluruq. XX əsrdə baş verən və xeyli insan ölümünə səbəb olan, kütləvi qırğınlarla tən tutulan Xocalı faciəsi millətimizin qurumayan göz yaşlarıdır. Təbii ki, bu ümumxalq faciəsi söz sənətində də öz ağrısını yaşayıb və yaşayacaqdır. Mən onlarla bədii əsərin-şeirin, poemanın, dram əsərinin, hekayənin, romanın, publisistik məqalənin adını çəkə bilərəm. Mənim fikrimcə, dərdin, kədərin, ağrının miqdarını hesablamazlar. Bircə onu deyə bilərəm ki, bu əsərlərin içərisində daha çox diqqəti cəlb edən nümunələr az deyil və istəyirəm bu faciəyə həsr olunan dörd poemadan söz açım.
Fransız yazarı Giyom
Apollinerin bir fikrini xatırlatmaq istəyirəm. O
yazırdı: “Yaddan çıxarmayaq ki, hər hansı bir
millətdən ötrü ruhən işğal olunmaq silah
gücünə işğal olunmaqdan daha təhlükəli
ola bilər”. Xocalı faciəsindən söz açan bu əsərlər
də çağırışdır, haraydır.
Poeziyanın harayı və
çağırışıdır.
Torpaqlarımızın iyirmi faizi işğal altındadır,
lakin biz ruhən işğal olunmamışıq. Poeziya da
ruhumuzu işğaldan qoruyan, bizi intiqama səsləyən, qələbə
günün uzaqda olmadığını xəbər verən
atəş səsidir..
Xalq şairi Zəlimxan
Yaqubun “O qızın göz yaşları” poemasının əsasında
belə bir əhvalat durur: “Xocalı faciəsinin 13-cü
ildönümü ilə əlaqədar yas mərasimi-şəhidləri
anma günü keçirilirdi. Hər çıxışda
bir üsyan, hər ürəkdə bir tufan, hər
baxışda bir leysan var idi. Dərdini dilə gətirənlərə
bir-bir söz verilirdi. 21 yaşlı Xocalı qızı Xəzangülə
də söz verdilər. Ermənilər onun 36 yaşlı
anası Rəna xanımı, 5 yaşlı bacısı Yeganəni
Əsgəran meşəsində güllə ilə dəlik-deşik
etmişdilər. 38 yaşlı atası Təvəkkülü
8 yaşlı Xəzangülün, körpə
qızcığazın gözləri baxa-baxa, diri-diri
ağaca sarıyıb yandırmışdılar. Təvəkkülün
günahı ondan ibarət olmuşdu ki, ermənilər
“Qarabağ erməni torpağıdır” sözünü ona
dedirdə bilməmişdilər”.
Zəlimxan poemaya elə bu dərdin
poetik izharı ilə başlayır, daha doğrusu, Xocalı
faciəsini poeziyanın ağrısına, kədərinə
çevirir:
O gün qan üstündə
açıldı səhər,
O gün Xocalıda yer
qırmızıydı.
Qırmızı-qırmızı
üzümə durdu,
İblis görkəmində
şər qırmızıydı.
Doğrandı dayağı,
kəsildi soyu,
Qan oldu bayramı, yas oldu
toyu.
Qarı ağ
görmüşdük ömrümüz boyu,
O gün Xocalıda qar
qırmızıydı.
Beləcə, Xocalıdan gələn
qızın qəmli, faciəli hekayəti başlanır və
poemanın sonuna qədər biz bu qəmli hekayətin təsirilə
yaşayırıq. Ancaq poema təkcə “o qızın
göz yaşları” ilə məhdudlaşmır, bir
qızın dərdi timsalında illərdir həlli
düyünə çevrilmiş Qarabağımızdan,
torpaq itkisindən, xalqın bu ağır dərdi necə
yaşamasından, sabaha inamından da söz açır.
Poemada ən təsirli səhnə
qızın atasının-Təvəkkülün ağaca
sarınıb vəhşicəsinə qətlə yetirilməsidir.
Şair bu səhnədə bədii təsvir vasitələrindən
kifayət qədər istifadə edib-bənzətmələr,
mübaliğələr, metaforalar bədii niyyətin
reallaşmasına imkan yaradır. Bu səhnəyə
“göydən ulduz baxırdı, qayadan çiçək
baxır, zirvədən buz baxırdı, yaraların
üstünə səpilən duz baxırdı, burada ağac
da Təvəkkülə ürək-dirək verirdi, odunu
söndürməyə dağlar külək verirdi”.
Poema nikbin misralarla başa
çatır. “Bir qızın göz yaşları” qəzəbə,
nifrətə, qisas harayına çevrilir:
Yağıların təpəsinə
mərmi kimi
yağmalıyıq.
Bu gün bizdə olan nifrət
ən güclü
silahdı, qızım.
Hər alçağın
qarşısında
dizlərini bükməz Vətən.
Yer dağılar, göy
alçalar,
heç vaxt yerə
çökməz Vətən.
Keçən il “Azərbaycan”
qəzetində istedadlı şairimiz Ələmdar Quluzadənin
Xocalıya həsr edilmiş bir şeirini oxudum. Ələmdar
o şeirə belə başlamışdı ki, 26 fevral 1992-ci
ildə Xocalıda 613 nəfər ermənilər tərəfindən
vəhşicəsinə qətlə yetirilib. Şeirin sonu belə
bitirdi:
Vətən oğlu göstərəcək
Yağılara öz
gücünü.
Hansı ana doğub görən
614-cünü?
Ə.Quluzadə müasir
poeziyamızda Qarabağ mövzusunda ən çox əsər
yazan müəlliflərdən biridir, deyərdim ki, hətta
birincisidir. Onun “Qadan mənə, Qarabağ” kitabı (2006) ilk
misrasından son misrasına qədər Qarabağ
ağrısına həsr edilib. Çoxlu sayda şeirləri
ilə yanaşı, Ələmdarın “Qarabağ oyunu”,
“Şəhid şəhər”, “Alay komandiri”, “İlmələrin
dastanı”, “Şəhid bacısı” poemaları və “Pənah
evi” mənzum faciəsi də bu ağrıya həsr edilib.
İstəyirəm onun Xocalıya həsr etdiyi “Şəhid
şəhər” poeması haqqında qısaca söz
açım. Təxminən 1500 misraya yaxın olan “Şəhid
şəhər” poemasında müəllif lirik-publisistik bir tərzdə
Qarabağda baş verən hadisələr bütün təfərrüatı
ilə poetik təhkiyənin əsasına çevrilir. O,
Xocalı faciəsinin yaranması səbəblərini
açıqlayır, kimlərin günahkar olduğunu
nişan verir.Ə.Quluzadə bütün bu hadisələrin
canlı şahidi olmuşdur, o, Xocalıda doğulmuş, uzun
müddət DQVM radio verilişləri komitəsinin Azərbaycan
verilişləri redaksiyasında müxbir işləmişdir.
Hərdən məlum Xocalı kadrları televiziyada göstərilir,
nurani bir qocanın düşmən gülləsindən
torpağı qucaqladığının şahidi oluruq.O qoca Ələmdarın
atası Allahverdi kişidir.
Ə.Quluzadə Xocalı
faciəsini XX əsrin ən böyük, ən qanlı faciələri
ilə-Xatın və Xirosima faciələri ilə bir
sırada görür. Bizim şairlərin əksər
şeir və poemalarında bu faciələrin paralelliyi öz
əksini tapır. Ancaq nədənsə Xocalı faciəsinin
dəhşəti dünyaya istənilən səviyyədə
çatmadı.
Kar üçün, kor
üçün çaxmaq daşıdır,
Sərhədi olana yol
yoldaşıdır,
Əsrin qan bazarı, qan
yaddaşıdır
Xatın-Xirosima-Xocalı
yolu.
Ələmdarın
poeması başdan-ayağa düşmənə (həm
xarici, həm də daxili) nifrət və qəzəb hissilə
qələmə alınıb. Təbii ki, bu kiçik
yazıda poema haqqında geniş söz açmaq
mümkün deyil. Ancaq əsərin ideyasını, müəllif
məramını ifadə edən bu misraları nəzərinizə
çatdırmaq istəyirəm:
Bəylər nökər
olur, xanımlar kəniz,
Əmdiyim haramdır, yediyim
haram.
Laçının
bağrından açılan dəhliz,
Bağlanan qapımdır,
açılan yaram.
Qəlbimin başında
gizilti gəzdi,
Çiçəyi
çırtladı dumanın, çənin,
Milli Qəhrəmanı and
yerimizdir,
Bəs milli xaini kimdir Vətənin?
Tanrı sınağıdır
Tanrı gecəsi,
Doğulan hər kəsin bir
yas günü var.
Torpağın başında
yurd faciəsi,
Vətənin, millətin
qisas günü var.
Ələkbər Salahzadənin
“Xocalı xəcilləri” poeması da bu mövzuya həsr
olunan ən təsirli əsərlərdən biridir. Məlumdur
ki, Ə.Salahzadə assosiativ planda düşünən, təsvir
etdiyi hadisələrə, nəsnələrə, insan
obrazlarına tamam fərqli tərzdə yanaşan bir
şairdir. Onun poetik mənalandırmaları, qeyri-adi təsvir
vasitələri, daha çox alliterasiyalar düzümünə
müraciəti bu poemada da nəzərə çarpır. Məsələn,
onun poemasında ilk qırx iki misran “X” hərfi və
sözü ilə başlayır. “Xocalı adında yerXəbis,
xudbin, Xain yağı əlilə Xarabalığa
döndü...Xor baxandaXocalı xarabalıqlarına-
Xatın-Xocalıya Xirosima-Xocalıya..” Poema Milli Qəhrəman
Çingiz Mustafayevin xatirəsinə həsr olunub və sanki
Xocalı dəhşətləri də Çingizin
kamerasından seyr edilir. “Nələr görmüşdü,
Çingiz, Nələr, nələr çəkmişdi,
bir-birindən qorxulu mənzərələr çəkmişdi.
Açıq-aşkar nə xəlvətlər, nə gizlinlər
çəkmişdi!.. Vətən imtahanından kəsilənlər
çəkmişdi. Aşkarlıqlar içində gizlənənlər
çəkmişdi. Hələ öndə olacaqlar, gözlənənlər
çəkmişdi”. Vaxt ötəcək..Çingizin
dayandığı yerdəcə bayrağa dönəcəkdi
zol-zol pencəyi. Poema belə bir yarımfəsillə bitir:
“XXI əsrin “X” ilinin xronikası”. Aydan gələn arxeoloqlar
yeri qazıb oyurlar.Onlar qəribə bir iy duyurlar. “Ay aman neft
qoxusu gəlirdi yerdən”. Bu misranın da öz rəmzi mənası
var. Azərbaycan torpağı qana bələnib və bu QAN həmişə
təbii sərvətlərimiz, dünya xəritəsində
bənövşə yarpağı boyda olub başdan-ayağa
təbii sərvətlərlə zəngin bir ölkəyə
boylanan həris nəzərlərdən xəbər verir.
Bu əsərlə paralel Ədalət
Əsgəroğlunun “Dərdimizin qan rəngi”
poemasını xatırlayıram. Poema Xocalı
soyqırımının on beş illiyinə həsr olunub.
Ancaq konkret bir mövzuya həsr olunsa da, hədəf daha
genişdir. Burada son iyirmi-iyirmi üç ilin Azərbaycan məmləkəti
DƏRDİMİZİN QAN RƏNGİ obrazında metaforikləşib.
QAN burada Xocalıdan bütün dünyaya yayılan fəryadın,
kədərin simvoludur. QAN burada tarixdir-bir məmləkətin
təklənməsi, səsinin, harayının
boğulması, öz içində qərq olmasıdır. Ədalət
Əsgəroğlu qan kəlməsinin doğurduğu
bütün mənalara, metaforik çalarlara üz tutub:
...nə əcəb,
dərd deyirlər buna..?
Yox, oğlum, dərd deyil bu!
Bu, müqəddəs bir can!
Ortalıqda dumduru qan,
axır...axır..axıracan...
Xocalıdan Bakıyacan,
qan boyalı villalardan
cana doymuş
çadıracan...
Bu təsvirlərdən sonra
Ədalət Əsgəroğlu poetik ahəngi zəiflətmədən
publisistik ahəngi qüvvətləndirir. Dərdimizin niyə
qan rənginə boyanmasının səbəblərini
açıqlayır. Aşıb-daşan sərt və
çılğın etirazlar gəlir, bu etirazlar əslində,
ittihamlardır. Poeziyanın, bir şair ürəyində
şahə qalxan etirazları..
Milli Sərvət-
millət qanı...
canlı tarix.
Milli Sərvət-
qanım mənim
gah tıncıxan,
gah üzülən canım
mənim.
Bu boyda qan...
bu yolda can
niyə olmur sənə
qurban,
Azərbaycan!
Sənə qurban, Azərbaycan!
Bu misralar poemanın
sonluğudur. Müəllif bir-iki xarakterik səhnə ilə əsərin
fəciliyini artıran çalarları gücləndirir.
Qızılgülə bənzəyən bapbalaca bir
qızcığac “qan-qan!” deyib qışqırır. “Bu
qızıl gül qönçədi hələ, sinəsindən
qan fışqırır”. O bapbalaca qız xəyallarda
böyüyür, qan içində, öz qanının
arxasınca baxır, gəlib on beş yaşına
çatır. İllər keçir, Xocalı şəhidləri
QAN qiyafəsində qapımızı döyürlər, bizi
qisasa çağırırlar.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2011.- 26 fevral.- S.14.