Müasir Azərbaycanın
inkişafında gənclərin rolu
O, hamı kimi, Bakıdakı orta məktəblərin birində təhsil aldı. Yeniyetmə vaxtlarında yoldaşları ilə birlikdə məşqlərə getməyə başladı. Üzgüçülük və gimnastika ilə məşğul olandan sonra atletikanı seçdi. Məqsədi valideynlərinin yolunu davam etdirmək olsa da o, valideynlərindən də çox uğurlara imza atdı. Yeniyetmələr, gənclər arasında mötəbər yarışlarda bir sıra uğurlara imza atdı. Atletikaya yenicə başladığı illərdə respublikada öz yaşıdlarını geridə qoymaqla birinci oldu. Böyüklər arasında dünya çempionatının finalçıları sırasına düşdü. Haqqında daşındığımız şəxs gənclər arasında Avropa çempionu, tələbələrin dünya oyunlarının qalibi və rekordçu 20 yaşlı atlet Ramil Quliyevdir. O, atletika üzrə böyüklər arasında dünya çempionatının final mərhələsində iştirakdan sonra bir çox ölkələrin, xarici medianın böyük maraq dairəsinə düşdü. 10 dövlətdən təklif aldı. Bunlar sırasında Almaniya, İtaliya, Türkiyə, Rusiya, Serbiya, Bosniya və Herseqovina və başqaları vardı. Milli komandanın baş məşqçisi Məhərrəm Sultanzadə Ramilin gələcəkdə dünyaca məşhur atlet olacağını istisna etmir. Çünki o, ölkəmizlə yanaşı, beynəlxalq arenada parlayan simalardan birinə çevrilib. Ramil qazandığı uğurları Azərbaycanın adını yüksəklərə qaldırmaqda görür. Elə ən böyük arzusu da vətənə layiqli övlad olmaq və onun inkişafına öz töhfəsini verməkdir. Ümumiyyətlə, Azərbaycan gənc istedadlar diyarıdır desək, yanılmarıq. Qazandığı uğurları ilə ölkəmizin adını beynəlxalq arenalarda yüksəklərə qaldıran gənclərimiz çoxdur. Onlar yalnız idman sahəsində deyil, musiqi, ədəbiyyat, siyasət, elm, təhsil, tibb sahələrində də təmsil olunurlar. Azərbaycanın gənc muğam ifaçıları əcnəbi dinləyiciləri heyran qoyur, ölkəmizin gənc yazarlarının əsərləri cəmiyyət tərəfindən maraqla oxunur, gənc müəlliflərin kitabları mağazalarda yüksək tirajla satılır, xaricdə təhsil almış gənclərin ideyaları cəmiyyətə yeniliklər gətirir.
Gənclər siyasəti
Müasir gənclik Sovet psixologiyasından tamamilə uzaqdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra cəmiyyətin gənclərə güvəni də formalaşdı. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümummilli lider tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürüldü. I-ci Forum – 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən cənab Heydər Əliyev 2 fevral –Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Dövlətin gənclər siyasəti uğurla həyata keçirilir. Bu, gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi – gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Bu sahədə təkmil qanunvericilik bazası mövcuddur.
Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının sayı 150-dən çoxdur.
Bu il Gənclər Günü daha əlamətdar qeyd olunub. Çünki, bu tarixin meydana gəlməsi bilavasitə 15 il öncə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi ilə bağlıdır. Hazırda ölkəmizdə gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Gənclər inamı doğruldur
Artıq həm cəmiyyət, həm də dövlət gənclərə etibar edir. Onlar isə bu güvəni doğrultmaq üçün əlindən gələni edir. İnsanlar gənclərin uğurlarını görüb öz səhhətini 28-30 yaşlı həkimlərə etibar edib nəticədən məmnun qalır. Hazırda Parlamentdə təmsil olunan gənclərin sayı artır. Biznes sahəsində əksəriyyəti gənc iş adamları təşkil edir. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər də Azərbaycan gənclərinin işə götürməyə üstünlük verir. Azərbaycan gəncləri dünya ölkələrinin gəncləri ilə eyni masada oturub bərabərhüquqlu tərəflər kimi müzakirələr aparırlar. Güclü dövlətin vətəndaşı olmaq, bu ölkənin başçısının hər zaman onların yanında olmasını bilmək gənclərin öz-özündə güvən yaradan məsələlərdən biridir. Gənclər bugün siyasi sferada uğurla təmsil olunur. Rəqəmlər də bunu təsdiqləyir. 2009-cu ilə qədər ölkədə olan 21 min bələdiyyə üzvünün cəmi 500-ü gənclər idi. Bu isə 2 faiz etmirdi. Həmçinin bələdiyyə sədrləri arasında, heç bir faiz gənc yox idi. Amma vəziyyət getdikcə dəyişdi. Keçirilən islahatlardan sonra 21 mindən 15 600-ə enən bələdiyyə üzvlərinin 4300-ü gəncdir. Bu da təxminən 27 faizdən çox bir göstəricidir. Gənclərin son illərdə nə qədər siyasi aktivlik göstərdiyini müşahidə etmək üçün 2 faizdən 27 faizə qədər yüksələn dinamikanı xatırlatmaq kifayətdir. Sırf bələdiyyə sədrlərini götürdükdə isə bu gün 300 nəfərdən çox sədr gəncdir. Yəni, bu rəqəmlərin özü gənclərin siyasi aktivliyinin hansı dərəcədə olduğunu sübut edir.
“İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı bildirir ki, gənclər cəmiyyətdəki proseslərin fəal iştirakçısı olmaq istəyirlər: “Ən yaxşı təsir proseslərin içində olub, çiynini cəmiyyətdə və dövlətdə olan işin altına verib inkişaf üçün səy göstərməkdir. Bu baxımdan baxsaq bu gün gənclərimiz dövlət, parlament, biznes,media, bələdiyyə – bir sözlə hər yerdə təmsil olunub. Təbii ki, hər bir görülən iş öz növbəsində yeni imkanlar və perspektivlər açır. Odur ki, məqsəd olduğu müddətcə, iş görmək arzusu olduğu müddətcə gənclərin tələbi də heç bitmir. Əsas odur ki, insan doğulandan dünyasını dəyişənədək özünü ardıcıl olaraq inkişaf etdirməsi üçün və realizə etməsi üçün şərait və sağlam mühit olsun. Bu gün də Azərbaycanın timsalında gənclərimizin müstəqil dövləti var. Bu dövlətin gənclərimiz üçün istər ölkə daxilində, istərsə də xaricində yaratdığı çox saylı imkanlar var. Yetər ki, gənclərimiz peşəkarlığı və fəal vətəndaşlığı qarşıya məqsəd qoysun”. Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov gənclərin Azərbaycanın inkişafında rolundan bəhs edərkən Azərbaycanda kifayət qədər savadlı, zəngin dünyagörüşünə malik gənclərin olduğunu vurğulayır. Onun sözlərinə görə, Gənclər Təşkilatları Milli Şurasında Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsində, problemlərin həll olunmasında özlərini təsdiq etmiş gənclər yetərli qədərdir: “Hər bir gəncin cəmiyyətinə, ölkəsinə xidmət edəcək qədər potensialı və istəyi var. Hərə öz bacardığı səviyyədə bunu həyata keçirir. Məsələn, bizim təkcə son 2 ildə respublikanın bütün rayonlarında, o cümlədən ali təhsil ocaqlarında görüşlərimiz, tədbirlərimiz olub. Məqsədimiz yeni kadrları üzə çıxarmaq və onları ictimaiyyətə təqdim etməkdir. Mən hazırda regionda yaşayan gənclərin aktivliyindən çox razıyam. İstənilən rayonda dövlətçiliyimizin keşiyində duran gənclərimiz çoxdur. Təxminən 10 il bundan əvvəllə müqayisə edəndə görərik ki, regionların sosial-iqtisadi vəziyyəti də əvvəlki kimi deyil. Yəni ölkənin inkişafı gənclərin passivliyinin aradan qalxmasına təkan verib”.
Vətən sağ olsun!..,
Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Torpaqlarımızın bir hissəsinin düşmən işğalına məruz qalması gənclərimizin də yaralı yeridir. Hər bir Azərbaycan gənci vətən torpağı uğrunda canından belə keçməyə hazırdır. Gənc yaşlarında vətən üçün canını fəda etmiş gənclərimizin sayı kifayət qədər çoxdur. Vətənin dar günündə vətən harayına yollanan, övladlarımız, cavan ömrlərini qurban verən oğullarımızın hər biri yeni nəsillər üçün qiymətli örnəkdir. Mübariz İbrahimov, Fərid Əhmədov, Cavanşir Rəhimov və s. gənc şəhidlərimiz bugünkü gənclərin vətən sevgisinin aşılanması üçün bir məktəbdir. Cənab prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Azərbaycan gəncləri bu fikirləri rəhbər tutaraq, bu əhval-ruhiyyəyə köklənib. Bu gün gənclərimiz üçün vətənpərvərlik əsas silah kimi qarşıya qoyulub. Hazırda gənclərin fəal iştirak etdiyi tədbirlərdə, habelə sosial şəbəkələrdə, forumlarda onların vətənpərvər şüarlarını görürük. Vətənpərvərlik, qəhrəmanlıq o zaman ictimaiyyətdə öz töhfəsini verir ki, vətənin müdafiəsi uğrunda mübarizə aparan gənclərimiz bunu dərk edə bilir. Hazırda gənclərimizin hər birinin vətən uğrunda bir an belə düşünmədən canını verməyə hazır olduğuna əmin olmaq bunu deməyə əsas verir. Göründüyü kimi gənclərimiz ölkənin ictimai-siyasi həyatına verdiyi töhfələrlə yanaşı onlar vətənin rifahı üçün lazım gəldikdə canlarını da fəda edib. Deməli, Azərbaycan gənci Vətənini sonsuz məhəbbətlə sevir və Vətənin azadlığı və bütövlüyü, millətin birliyi və səadəti uğrunda hər şeyə hazırdır.
Ülkər NƏBİYEVA
525-ci qəzet.- 2011.- 26 fevral.-
S.12.