Şair Musa Yaqubun şəxsi saytı yaradılıb
Çağdaş Azərbaycan
poeziyasının böyük nümayəndəsi şair
Musa Yaqubun internet səhifəsi – www.musayaqub.az fəaliyyətə
başlayıb. Bundan sonra dünyanın bütün ölkələrində
yaşayan soydaşlarımız virtual aləm vasitəsilə
M.Yaqub yaradıcılığı ilə yaxından
tanış olacaq, şairin milli-mənəvi və bəşəri
dəyərlərə söykənən poetik-fəlsəfi
dünyasının əsl mahiyyətindən faydalanmaq
imkanı əldə edəcəklər.
Təbiət lövhələrinin təsvirindən
sonra məşhur “Leyləklərin çöp yuvası
boş qalıb” şeirindən epiqrafla başlayan şəxsi
internet səhifəsi şairin həyatı barədə
danışdıqlarının əsasında spesifik formada
qeydə alınan biblioqrafik yazı ilə davam edir. Bir hissəsi
ana səhifədə yerləşdirilən biblioqrafik
yazını ana səhifə boyu şairin özünün
yaradıcılığı haqda yazdıqlarından,
dövrünün ünlü söz adamlarının onun
yaradıcılığı barədə dediklərindən,
geniş ictimai-siyasi məzmunlu müsahibələrindən
parçalar və nəhayət “Bəlkə də borcundan
çıxmadım, Vətən!” məşhur şeiri
müşayiət edir. Saytda internet istifadəçilərinə
müxtəlif bölümlər təqdim olunur.
Ayrı-ayrı bölümlərdə şairin həyatı,
kitabları, şeirləri, poemaları,
yaradıcılığı haqqında tədqiqatlar,
fotoqalereya, müsahibələr, oxucularla görüşləri
sərgiləyən video materiallar, əsərlərinin
özünün və tanınmış bədii qiraət
ustalarının dilindən müxtəlif radio
dalğalarında səsləndirilmiş audio və video
nüsxələri yerləşdirilib.
Sayta həmçinin şairə
ürək sözlərini yazmaq,
yaradıcılığına münasibət bildirmək
üçün “əlaqə” və “qonaq dəftəri””
bölümləri də əlavə edilib. Xatırladaq ki,
www.musayaqub.az saytı Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasının dəstəyi
və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı
ilə ərsəyə gəlib.
BƏXTİYAR
525-ci qəzet.-
2011.- 1 iyul.- S.4.