“Qız və Qurd” – əbədiyyət
nəğməsi
“Altun kitab” nəşriyyatı
bir müddət əvvəl oxuculara adına layiq bədii əsər
təqdim edib. “Qız və Qurd” adlanır. Qarabağ hadisələrinin
məsum qurbanlarının xatirəsinə həsr olunan
kitabın hansı janrda qələmə
alındığı göstərilməyib. Seçim sanki
sonda oxucunun öhdəsinə buraxılıb. Nə
adlandırmağımızdan asılı olmayaraq dəqiq məlumdur
ki, sırf publisistika, bədii ədəbiyyat nümunəsidir.
Müəllifinin adı, atasının adı, soyadı
istisna edilməklə kimliyi yalnız onu tanıyanlara bəllidir.
Onsuz da kitabın yaradacağı
duyğular, emosional hisslər əsərin mütaliəçisini
yekunda rahat buraxmayacaq. Suallar yağacaq: “Axı bu Zaur
kimdir belə canavarların yaşantılarına incəliklərinə
qədər bələddir”, “o, yazıçıdır, yoxsa
ekoloq, psixoloq, filosof, ekspert...” Maraqların güc gələcəyi
şəraitdə müəllifin – Zaur Akifoğlunun
konspirasiya qaydalarına söykənməsi də köməyinə
çatmayacaq. Əyani tanış olmaq istəyən
oxucuları ilə üzbəüz söhbətləşmək
məcburiyyətində qalacaq.
Mənə gəldikdə
isə deyəcəklərim 25 ilin tanışlığı
üçün qısa və konkret olduğundan inanmıram
yetərli sayılsın. 1960-cı ildə anadan olub, Azərbaycan
Dillər Universitetinin (keçmiş M.F.Axundov adına Xarici
Dillər Universiteti) məzunudur, bir sıra ali məktəblərdə
dərs deyib. Hazırda Azəri Press Agentliyinin (APA) rus dilinə
tərcümə redaksiyasının baş redaktorudur. Əlavə
edə bilərəm ki, medianın aktual problemlərinə
dair mötəbər tədbirlərdə
iştirakımız zamanı onun jurnalist və şəxsiyyət
kimi xarakterik xüsusiyyətlərinə bələd
olmuşam. Obyektiv fikirləri və mülahizələri ilə
mükalimələrdən çəkinməyib, təklifləri
reallığa söykənib. Hazırcavablığı, baməzəliliyi
ətrafında daim xoş aura, atmosfer yaradıb. Qəribədir,
yubiley ilinə – 50 yaşınadək ilk kitabın
çıxa, şəklin bir yana, üç-dörd cümlə
ilə özün barədə məlumatı oxucudan əsirgəyəsən.
Belə səpki, stilistika nə qədər gözlənilməz
olsa da, Zauru lazımınca tanımadığımız
qınağını diktə etsə də, xoş
sürprizdir. Bunun naminə tənəyə məruz qalmaq da qəbuldur.
“Altun kitab” bizə sözün əsl mənasında
qızıl kitab bəxş edib. Qiyməti çap
materialının parlaqlığında,
ölçü-biçimdə axtarmaq sadəlövhlük
olardı. Mövzu orijinallığı, dil, üslub
xüsusiyyətləri, məna dərinliyi, dövrlə səsləşməsi
və digər özəlliklərə istinadən deyə bilərəm
ki, “Qız və Qurd” nadir ərsəyə gələn əsərlərdən
biri kimi belə dəyərləndirilməyə layiqdir. Kitab
müasir ədəbiyyatımızda (bura tərəddüdsüz
əvvəlki dövrü də əlavə edərdim) yeni
hadisədir. Faciələrimizə,
yaşantılarımıza yanaşmada bədii təfəkkürün
novatorcasına yetişmiş baxışıdır.
Zaur başqa yazarların
üçüncü, beşinci, yaxud onuncu əsərində
iddia etdiyi uğura ilk kitabında imza atıb. Özü də
dediyim kimi 50 yaşında. Gəlin təəccüblənməyək.
İnsan ömrünün kamil çağında cilovlaya bilmədiyi
fikirləri ictimailəşdirmək üçün
özündə bədii yaradıcılığın məziyyətlərinə
qatlaşmaq cəsarəti tapırsa, bu yalnız
alqışlanmağa layiqdir. Ona görə kitabın ərsəyə
gəlmə səbəbləri sırasında Z.Akifoğlunun
“mən də yaza bilərəm” iddiasına düşməsinin
gümana gətirilməsi qətiyyətlə kənara
atılmalıdır. Bunun mahiyyətinə, fəlsəfəsinə
varmaq istəyənlərin köməyinə əsərin
4-5-ci səhifələrindəki epiqraf xarakterli fikirlər gələcək.
“Bu hadisə Qarabağda baş verdi. Bizə elə gəlirdi
ki, hadisələr bu ilin yazında olmuşdu. Amma qocaların
dediyinə görə, eyni adlı canavar həmin yerlərdə
yüz il bundan əvvəl də yaşayıbmış”. Mabədində
isə oxuyacaqsınız: “Keçmiş, əgər onu
unutmusansa, olub keçənlər yox, yenidən təkrarlananlardır”.
Yüz illərin zehniyyətinin mürgüdən,
unutqanlıqdan xilası üçün Vətənimizin erməni
işğalına məruz qalan Qarabağ bölgəsinin
adı çəkilir. Mövzunun bədii həlli müsibəti
bir ölkə hüdudlarından kənara çıxarıb
bəşəriləşdirir. Zaurun intellektual səviyyəsinə
bələd olduğumdan canavarlara aid kifayət qədər
yazı, müxtəlif səpkili əsərlərlə
tanışlığına şübhəm yoxdur. Nağd əminəm
ki, bu sırada fenomen ingilis yazıçısı Cek Londonun
“Həyat eşqi” də var. “Qız və Qurd”da da
ölüm-qalım arasında qalan canavar həyat uğrunda
mübarizədə insanla üz-üzədir. Lakin Zaurun
yaratdığı dördayaqlı obrazı daha kamildir, indiyədək
təqdim olunanlardan kifayət qədər fərqlidir. O, adi
obraz deyil, qədim Türk xalqlarına məxsus bəşəri
keyfiyyətləri özündə əks etdirən rəmzdir
– Boz Qurddur. Sürüsü heç vaxt insan ovuna
çıxmasa da, vahimədə saxladıqlarının
qoçaqlığını, zirəkliyini, fəndgirliyini, fəhmini
dəyərləndirərək Qurd adı ilə
çağırmalarından qürur duyan varlıqdır.
Sürü başçısı kimi özündə sələflərinə
xas cəhətləri cəmləşdirib. Mühafizəkardır,
yüz illərin qaydalarını qoruyur, nəslinin
qayğısına qalır. Təmkinlidir, bütün
canavarlar kimi o da danışmağı bacarmır, fəqət
dərin yaddaşa malikdir. Müharibə Qurdun da
sürüsünü ovla təmin etmək imkanlarını məhdudlaşdırdığından
kritik vəziyyəti müşahidə etməklə
qalmır. Yeni ov ərazisinə yiyələnmək
üçün təhlükəli səfərə
çıxır. Hadisələr də bu gedişat çərçivəsində
əsasən gecələr cərəyan edir. Niyəsinə
düz hədəfə dəyən ifadələr
aydınlıq gətirir: “Gecə canavarın müttəfiqidir”.
Qurdun coğrafi mənada keçdiyi
məsafə elə də uzun deyil, amma hər addımı təhlükəlidir.
Müəllifin seçdiyi təsvirlər, fikirlər oxucunu
daim həyəcanda saxlayır. Bütün bunlar mahir rəssam
fırçasından çıxan ecazkar əsər təsiri
bağışlayır. Kitabın üz qabığında rəssam
Elçin Cabbarovun yer alan təsviri də mövzunun mahiyyətindən
qaynaqlanır. Bədii əsər sürü
başçısının Qurd zirvəsində dayanma
haqqının təsdiqidir. Bu missiya yalnız müəllifin
üzərinə düşmür. O, oxucunu Qurdun mənşəyi,
əcdadları, spesifik xüsusiyyətləri... barədə
bilgiləndirir. Ucalığa meyl Qurdun Ərgənəkondan bəri
genində məskunlaşıb. Həyatla ölüm
arasında çarpışdığı taleyüklü məqamda
vəhşi təbiətinə qalib gəlməsinin,
ömrünün son anlarını yaşayan, erməni əsirliyində
başına min bir müsibət gətirilən əsir
qızcığazın qayğı, mərhəmət və
nəvazişini cavablandırmasının mahiyyəti bunda
axtarılmalıdır. Ucalıq haqqı daha güclü rəqib,
barışmaz düşmənlə çarpışmalarda əyani
təsdiqini tapır. Sürüsünü yeni əraziyə
aparmaq istəyən Qurd isə bir növ tənha qalıb. Dördayaqlı
rəqiblərini ikiayaqlı vəhşilər ovlamayıb,
“qrad”larla məhv ediblər. Özü isə total hədəfdədir.
Yeganə sağ qalan nümunə kimi aradan götürülməsi
üçün Sibirdən canavarların qənimi kimi
tanınan şəxsin – muzdlu ovçunun
nişangahındadır. Mahir mütəxəssis kimi
tanınan ovçu Frol dərk edəcək ki, heç də
fikirləşdiyi qədər asan işə razılıq
verməyib. İzinə düşmək istədiyi
dördayaqlı indiyədək ovladığı yüzdən
çox canavarın tayı-bərabəri deyil. Əsərdə
Nigar epizodik surət olsa da olduqca güclü təsir
bağışlayır. Müəllifin təqdim etdiyi insan
obrazları qalereyasında yalnız o bu adı
daşımağa mənəvi cəhətdən layiqdir.
Nigar ikiayaqlı vəhşilərin əhatəsindədir.
Onların kimliyi payada əsir gətirilən canavarın
düşüncəsi ilə təsvir olunur: “Deməli, bunlar
həmin adamlar deyil. Onlar başqa sürülərdəndir.
Dilləri başqadır, həm də pis qoxuyurlar”. Nigar erməni
işğalçılarının başına min bir
müsibət gətirilən azərbaycanlı
balalarının ümumiləşdirilmiş surətlərindəndir.
Müəllif heç də təsadüfi olmayaraq onu Qurdla
köhnə tikilidə görüşdürür. Bu, rəmzlərin
görüşüdür, yaddaşların qovuşması,
sınağıdır. Nigar ömrünün son
anlarını yaşamasına baxmayaraq nicat əlini canavara
uzadır, onu buxovlardan azad edir. “Qurd” çağırmaqla tərəf
müqabilinə həyat eşqini, mübarizliyi qaytarır.
Bir vaxtlar Türk övladına işıqlı dünyaya yol
göstərən Boz Qurda indi xeyirxahlığının əvəzi
qayıdır. Müəllifin bu epizoddakı təsvirləri
xüsusilə heyrətamizdir. Olduqca unudulmaz, təsirli səhnənin
iştirakçılarının ağıllarına da gəlmir
ki, hər ikisi ermənilərin soyqırımı hədəfindədir.
Biri Türk soyundan olduğuna, digəri
Türkçülük rəmzi kimi qəbul edildiyinə
görə. Hökmü kəsən isə Tanrıya, müqəddəs
kitablardakı ehkamlara asi çıxan, “böyük pəhriz”
dövründəki günahların bu rəmzin məhvi ilə
yuyula biləcəyini təlqin edən kilsə keşişi
Şmavon, icraçısı dağ batalyonu komissarı, dinc
sakinlərin qatili Xaçik və onun buyruğunu yerinə
yetirənlərdir. Fikir, məqsəd konkretdir: “Rəmzlər
olmayanda problem olmur”.
Müəllifin təqdim etdiyi həmin şəxslər üçün müqəddəs heç nə yoxdur. Pul və xəstə təfəkkür naminə istənilən cinayəti törətməyə hazırdırlar. Hətta ovçu Frol kimi ziddiyyətli şəxs də onların vəhşiliklərini üzlərinə çırpmaqdan çəkinmir, söyüşlər, təhqirlər yağdırır. Frolun özü də psixologiyasının əsiridir. Bu qədər qatı fikirlərdən sonra oxucu gümanına gətirir ki, təklifdən imtina edəcək. Gözləntinin əksinə olaraq tamah və hobbi müttəfiq kimi birləşir. Tamam orijinal metodla növbəti qurbanının izinə düşməyə çalışır. O, mütləq canavarla rastlaşmalıdır. Bunu Qurdun yuxuları da deyir. Ovçu məqsədinə çatma ərəfəsində pula yerikləyən erməni qatilinin qəsdindən güc-bəla ilə qurtulur. Həmin dəqiqələrdə sanki ovçu da canavarlaşır, dünya onun da gözündə boz rəngə boyanır. Qurd isə sürətlə minalanmış sahələrlə sürüsünə tərəf istiqamət götürür. Frol ovçu taleyində ilk dəfə məğlubiyyətə uğrayır, Qurd əbədi olaraq onun üçün əlçatmazdır... Deməli, tarixi rəmzlərimiz daimidir, əbədiyaşardır. Bu, hamımızın daxilinə hakim kəsilən bir həqiqətdir.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri
525-ci qəzet.- 2011.- 1 iyul.- S.2.