“Səhra gülləri”nin nəğmələri
Poeziya sadəcə söylənmiş bir fikir deyil.
Bu qanayan
yaranın və ya gülümsəyən dodaqların nəğməsidir.
Gübran Xəlil Gübran
Səhra güllərinin
nəğməsi...
Bu nəğmələrdən
kiçik bir parçanı ilk kəs bir toplantıda
eşitdim. Fərqli bir nəfəs, fərqli bir üslub hiss
etdim nəğmələrdə. Sanki ruhuma və qəlbimə
nur topası doldu.
Sonra nəğmələrin müəllifi Məmməd Dəmirçioğlu ilə tanış oldum. Kitabını- “Səhra gülləri”ni ( Bakı, 2010) mənə verdi. Birnəfəsə oxudum “Səhra gülləri”nin nəğmələrini. Şeirləri nəğmə kimi dinlədim, ruhumla içdim onları, məni alıb apardı bu dünyadan. Tamam başqa aləmə,- M.Dəmirçioğlunun fikir və poeziya dünyasına.
Bu nəğmələr
M.Dəmirçioğlunun getdiyi poeziya Yolunu göstərdi mənə.
Bu Yol həm də onun ömür Yoluydu, tale Yoluydu, sevgi
Yoluydu , mübarizə Yoluydu,Tanrıya getdiyi Yoluydu...
Yolçusansa, yol yarın,
Haqqa sarı yol varın .
Yol quldu, qul yolların,
Qullarına
eşq olsun.
M. Dəmirçioğlunun poetik obrazları içərisində Yolçu obrazı mərkəzdədir, onun bütün yaradıcılığını bir ideya və fikir kəndiri ilə bağlayır. Bu poeziyada deyilən hər bir fikir Yolu göstərir, Yolu bələdləyir.
O, türk poetik düşüncəsinin keçdiyi Yolun davamçısıdır. Gön varaqlarda, daş kitabələrdə həkk olunmuş fikir və düşüncələrin keçdiyi Yolların yolçusudu. Ulu türklərin poetik ənənəsinin irfani təfəkkürlə qovuşduğu Yolu günümüzə gətirən Yolçudur.
Bu Yol Haqqa gedən Yoldu. Həqiqət
Aşiqini Haqqa aparan Yol.
Şair getdiyi bütün
yolları sevgiylə, eşqlə qət edir- Yolları səhralardan
keçəndə də, keçilməz qayalardan aşanda
da, sellərlə, küləklərlə qucaqlaşanda da, sərin
bulaqlardan su içəndə də, çiçəklərlə
dərdləşəndə də- hər zaman.
Şairin yollarının səhradan
keçən məqamının ifadəsi poetik və rəmzidi.
Səhra və Karvan, səhradakı güllər. ... Şərq
təbiətinin ayrılmaz peyzajları, səhrada Yolçu
olan dəvə karvanı və onun əbədi
yolçuları-Allahın qul bəndələridi. Əbədi
yolun – Tanrıya gedən yolun yolçuları, bitib-tükənməyən
səhra yollarının yolçuları.... Əzab və
ağrıyla, kədər və sevinclə yüklənmiş
və Yaradana sonsuz sevgisini aparan qulların Karvanı.
Min ildi sovrulur yelə səhralar,
Yenə tükənməyir,lələ,
səhralar.
Səhraların sonu elə səhralar,-
Oraya yol gedir dəvə
karvanı.
Əbədiyyata gedən
karvanın bir yolçusudu şair. Dünyayla danışan,
dünyayla savaşan, dünyayla barışan şair:
Daha bu dünyaya sözüm
qalmadı,
Dünya özüməmmiş,
keçdim özümdən.
O məni vermədi, məni
almadı,
Özümə gəlmişdim,
köçdüm özümdən
– deyir.
Dəmirçioğlunun Yolu
Tanrıya gedən sevda Yoludu. Leylaların, məcnunların
züleyxa və yusiflərin yoludu , dərvişlərin
yoludu. Şair əbədi sevda yoluyla gedərkən,
özü Yola dönür, Yollaşır...
Şairin əbədi
yolçu obrazını ifadə edən “Yol babamdı, yol
atamdı, yol balam”,“Çal-çarpaz yollara düymələnmişəm”
deyimləri poetik ifadə tərzinə görə yeni və
orijinaldı.
Əbədi yolun- Şərq
türk poeziyasının yolunu davam etdirən şairin
ömür yolu da ulu Türk ozanlarının Yoludu ,Yunus Əmrə
Yoludu, Aşıq Veysəlin Yoludu. Şair bu Yolda
sevdasını , sevgisini arayır, sevgisində
alışır, sevgiyə dönür, sevdalaşır:
Sevə-sevə eşq odunda
hallandım,
Şarkı-şarkı
dodaqlarda ballandım,
Şırıl-şırıl
haqqa sarı yollandım,
Seldən-selə, eldən-elə
yol gəldim.
Yollarda qaranlıqlar
görür, qaranlıq dünyada işıq axtarır .
Özü də nura dönür, nurlaşır. Axı
“Sübhə (aydınlığa) yalnız gecənin
cığırı ilə gedərək çatmaq olar
(Gübran).
Qaranlıqda yanırdım
İşıqda
söndüm, Allah.
İşıqda sönə-sönə
İşığa
döndüm, Allah.
Qaranlıqda yanan aşiq
Allahın Nuruna dönür, Allahın nuruna qovuşur və
nurlanır.
Türk sufi poetik
düşüncəsinin ayrılmaz bir hissəsi olan Dəmirçioğlu
poeziyası klassik inanc fəlsəfi fikirlərinin müasir
deyim tərzi, zərifliyi, orijinallığı ilə
seçilir. Onun metaforik ifadələri, dərin fikirləri çağdaş şerimizdə
sadəliyi və orijinal “qiyafəsi” ilə bizi heyrətləndirir.
İblislər dəliqanlıdır,
Göydə Allahımız fağır,
Gülüşlər əliqanlıdır,
Dərdimiz ,ahımız
fağır.
Bu dünya düzələn
deyil,
Yüz dəfə Allahı
çağır.
Öpüb qan tökən əlləri
Oxlar atan yaya gülün,
Sizə bir nağıl
danışım
Ağlaya-ağlaya
gülün.
Şerdə
çağdaş ədalətsiz dünyamızın ifadəsi
maraqlı poetik obrazlarla verilir:“İblislər dəliqanlı,
“Göydə Allahımız fağır”, “gülüşlər
əli qanlı”, “dərdimiz, ahımız fağır”,
“öpüb qan tökən əlləri”, oxlar atan yaya
gülün” kimi poetik deyimlər təkrarsızdır.
İfadələr və deyimlər təkrarsız olmaqla bərabər
dərin fəlsəfi fikirlə”yüklənib”. İrfani
yolların hamısı Allaha doğrudur. Dəmirçioğlu
da belində dünyanın yükü Allahına doğru
gedir.
Bu son nəfəsi də dərib
Gedirəm sənə,
Allahım.
Can üzgün, yollar
yoxuşa
Belimdəki taya gülün.
Məmməd Dəmirçioğlunun
poeziyası ənənəvi təbiət fəlsəfəsinə
dərindən bələd olan, bütün ruhu ilə hikmətdən
yoğrulmuş bir poeziyadır. Təbiətin və mənəviyyatın
gözəlliyi onun poeziyasında ayrılmazdır,
bütövdür .
Şairin özünə
getdiyi Yol təbiətin dərkindən keçir, təbiətlə
qovuşur. Çünki insan özünü təbiətdə,
onun bir zərrəsi kimi görəndə bütövləşir.
“Əgər sən doğrudan da gözünü
açsaydın və ətrafa baxsaydın, öz surətini
başqa surətlərdə görərdin (G.X.Gübran).
Bu nəğmələrdə
təbiət və şairin obrazı bütövdür,
şair təbiətlə canlı kimi danışır,
qucaqlaşır, söhbətləşir:
Ay xırdaca çiçəklər,
Gəlin qol-boyun olaq...
Bütün nəğmələrində
şair təbiətin bir parçasıdı. O, torpaqla
danışır, torpağa dönür”
Səhralarda dolaşır,
qumlarla qucaqlaşır, zərrələşir, ələnir,
bütövləşir səhrada, səhra gülləriylə
nəğmə deyir :
Sovrulub yellərə karvan
yolları,
Sığallı
şırımlar- Leyla qolları.
Sevdalı Məcnundu
ulğun kolları,
Bir nəğmə oxuyun , səhra
gülləri.
Ümidlər bağlayır
bizi göylərə,
Dualar aparır sözü
göylərə,
Allahı
çağırıb, üzü göylərə
Bir nəğmə oxuyun, səhra
gülləri....
Göy üzü
Tanrıdı, yer üzü bəndə,
Göy üzü səndədir,
yer üzü məndə.
Yer üzü ,göy
üzü düşübdü bəndə,
Bir nəğmə oxuyaq, səhra
gülləri...
Bu nəğmələr
şairin ağrı və kədərinin, sevgi və
sevincinin, dünyanı dərkinin ifadəsidir. Çünki
həqiqi poeziya “sevinc, ağrı, təəccüb və bir
azca da lüğətdən sözlərin axıınıdır
(G.X. Gübran). Onun şeirlərini çağlayan bulaq suyu,
dağ çayının saf və təmiz suyu kimi içirsən.
Burda hər şey doğmadır. Sözlər də, səslərin
ritmindən yaranan melodiyası da.
Qönçə
açıb şalını.
Lalə düzüb
xalını.
Aparıbsan balını,
Arı, güllərə dəymə.
Əski türk
poeziyasının intonasiyasıdır bu. Layla kimi, bayatı
kimi, nəğmə kimi axır ruhumuza. Dilimizin ritmini və
intonasiyasının təbii ifadəsi, ritminin gözəlliyi
heyrətləndirməyə bilmir bizi.
Məmməd
poeziyasının ayrılmaz hissəsi Allahı,
dünyanı, ölümü, gözəlliyi dərki və
bu dərkin gətirdiyi ağrı və kədərin ifadəsidir.
Gözəlliyin, həqiqətin dərki ,onun gətirdiyi
sevinc və kədər, heyrət və tərəddüdün
poetik obrazı canlı və diridi.
Poeziyada gözəllik
Gübranın deyimində “ ...gözəlliyin ilahiliyinə
iman gətirin; heyrətinizin başlanğıcı həyat
olacaq. Səadətiniz sonsuz eşq mənbəyinə
çevriləcək. Gözəllikdə tərəddüdü
rədd edən, şübhəni aradan qaldıran həqiqət
və sizi yalan zülmətindən çıxaracaq nur
vardır. Yazın gəlişinə və səhərin
açılışına tamaşa edin, axı , gözəllik-
görənlərin nəsibidir” (G.X.Gübran) – kəlamları
M.Dəmirçioğlunun poetikasının cövhəridir.
Sonu yoxmuş bu dərkin,
Ruh bədəndə didərgin.
Bu dünyanı bilər kim
Gülüb-ağlar
içində.
Şairin poeziyası həm
də rəmzlərlə doludur. Onun poeziyasındakı fikirlər
və ideyalar ifadə olunan fərdi düşüncələrdən
çıxır, ümumiləşir.
Yox sonu var olanın ,
Varıb eşqə
dolanın.
Dünyası dar olanın,
Məkanı var
könlümdə.
Dünyada sürgün
yaşayan sair Yolun bir məqamında özünə
qovuşur, bu Yolda özünü tanıyır, haqq
üzünü göstərir.
Dünyada sürgün
yaşadım,
Min ili bir gün
yaşadım.
Son səbri bu gün
yaşadım-
Açıldı
üzüm göründü.
Ömür ölümdən
çalınmış fürsətdir- bunu öyrənən
şair, dünyaya gəlişi sürgün sayan şair
dünyayla görüşür, dünyayla
danışır, dünyayla dərdləşir ,amma
dünyalaşa bilmir:
Bəlkə göy idim, yer
idim.
Bir an içində əridim.
Yolun üstündə
yeridim,
Altında izim
göründü.
Şairin getdiyi Yolların ən
çətini özünə, içinə getdiyi Yoldur. Dəmirçioğlunun
içinə, ruhuna Yolu çətin və
ağrılıdı.
Yolum sənə,izim sənə,
Hara dönsəm üzüm
sənə.
Yana –yana, sönə-sönə,
Yarı od , yarı küldəyəm.
Fəqət kədər və
ağrı bizi özümüzü tanımağa və dərkə
aparır. “Yalnız sonsuz kədər və ya sonsuz sevinc sənin
həqiqi mahiyyətini açmağa qadirdir (Gübran). M. Dəmirçioğlu
qəlbini və ruh dünyasını tanımağa
çalışır. Özünüdərk hər kəsin
qəlbini kəşfindən keçir. Qəlb dünyanı
öyrənərək özünü tapırsan.
Çünki elə “ sənin bilmədiyin dünya sənin qəlbindir.
Qəlbin sənin dünya zən etdiyin hər şeydir (G.X.
Gübran).
Bezdi məndən daha can,
Yaşadım son ahacan.
Dünəndən sabahacan,
Min illik yolmuş, Allah.
İnsanın Ruh
dünyası ilə gerçək dünyasının
mücadiləsidi bu. Burda şair Allaha qovuşmağın
poetik ifadəsini tapır:
Haqqa gedən yol görünər,
Gözümüzü tapa
bilsək.
Və ya
Tanrımız eşidər
bizi.
Sözümüzü tapa
bilsək.
İşığa
çatmaq üçün qaranlıqdan keçməli,
sevgini duymaq üçün nifrətdən keçməli,
olumun nə olduğunu bilmək üçün
ölümü dərk etməli olduğumuz bəlli olur. Dəmirçioğlunun
poeziyası özünüdərkə aparan poeziyadır, “Sənin
cahil və aciz kimi gördüyün bu insan Allah-Təala tərəfindən
yaradılıb ki, kədər içində ikən sevinci
dadsın, zülmətin nə olduğunu anlasın (G.X.
Gübran) .
M.Dəmirçioğlu əslində
rəssamdı. Şeirlərinin hər sətrində rəssamlığı
duyulur. Təbiətə vurğunluğu, Tanrının
yaratdığı gözəllikləri duyması və bu
duyğuların poetik ifadəsi yaratdığı sənət
əsərləri qədər orijinal və təkrarsızdı.
Onun şeirləri təbiətin özü qədər saf və
gözəldi, təravətli və təzətərdi.
Gözəlliyi Allah yaradır, insan isə bu gözəlliyi
tapa bilər, duya bilər . ”Biz ancaq onun üçün
yaşayırıq ki, gözəlliyi kəşf edək (
G.X.Gubran). Dəmirçioğlu Allahın yaratdığı
gözəlliyi rəssamlıqda da, poeziyada da kəşf edib,
ifadə edə bilib.
M.Dəmirçioğlu
poeziyası gözəllik
haqqında nəğmələrdir “ Əgər sən
gözəllik haqqında nəğmə oxusan, quru səhralıqda
tam tənhalıqda olsan belə, səni eşidəcəklər”
( G.X, Gübran). Ona görə də M. Dəmirçioğlunun
“Səhra gülləri”ndə söylədiyi nəğmələr
hər yerdə və hər zaman eşidiləcəkdir.
Dəmirçioğlu, Yolun Haqdı, Yolun Haqqadır,
Haqq Yolun Mübarək!!!
Nuridə Səməd (Novruzova)
Filologiya elmləri namizədi,
dosent.
525-ci qəzet.- 2011.- 2 iyul.- S.24.