Oralarda kimlər var:YAZAR AİLƏLƏR

 

YAZAR FƏXRİ UĞURLU - PUBLİSİST SƏADƏT AKİFQIZI-1

 

Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ kimi gedə.Ən azından mənəvi təsəlli tapmasınız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm.Amma bir-birini başa düşmək baxımından bunun həm də zor tərəfləri də var.Xatırlayıram : dünyaca məşhur yazarlardan birindən soruşublar ki,sizin üçün ən acı,ən ağır olan nədir? Deyib : ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə məşğul olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib : çünki mən ingilis dilində yazdım anam isə ingilis dilində heç bilmədi. 

Şükürlər Allaha ki, mənim bu proyektimin sahibləri nə işlə məşğuldular özləri də bilirlər.Və düşünürəm ki, bu YAZAR AİLƏLƏR həm də mehriban ailələrdir.Amma bunların da ən qorxulu tərəfi, birinin yazısını o birisi bəyənməməsi və inkarlığıdır.

Ailədə bir oğlan uşağı var.

–Yuxarıdakı mənim təxminim olan “belə mehriban ailələrdən biri” ifadəsinə münasibətiniz? 

S.A. – Məncə, “mehriban ailə” yox, bir-biriylə yola gedən cütlük anlayışı daha uyğun olar. Çünki ailədə münasibətləri təkcə sevgi həll eləmir. Necə ki, dövlət strukturunda vəzifələr bölünür, ailədə də vəzifələr, öhdəliklər var, tərəflərin hər biri gərək bu öhdəliklərə məsuliyyətlə yanaşsın. Məsuliyyət hissi azalanda münasibətlərə təsir göstərir. 

F.U. – Marksist filosoflar ailəni dövlətin mənşəyi sayırdılar, ancaq mən bilən, tərsinədi, yəni dövlət ailənin yox, ailə dövlətin yaranması nəticəsində meydana gəlib.Artıq tərəqqipərvər bəşəriyyət klassik dövlət anlayışını tarixin arxivinə göndərməkdədi, çünki daha bu orqanizm özünün ayrı-ayrı üzvlərini dinc,yanaşı yaşatmağa nəinki qadir deyil, əksinə, adamların, qrupların, təbəqələrin arasını vurur, hamını bir-birinə düşmən eləyib bu düşmənçiliyin hesabına ömrünü uzatmaq istəyir (ərəb ölkələrində baş verənlər buna əyani misaldı). Klassik dövlətlə yanaşı, onun törəmələrindən olan klassik ailə modeli də getdikcə köhnəlir, bu model min illərdən qalma patriarxal-əsgəri nizamnaməsiylə çağdaş düşüncənin əyninə – biz istəsək də, istəməsək də gəlmir. Ona görə də, klassik ailə institutu bir çox hallarda cütlüklərin evlənənə qədərki xoşbəxt, təmənnasız münasibətlərini korlayır, ailəni duyğusuz, zorakı birliyə döndərir, bəzi hallarda isə bir dam altında yaşayan insanları bir-birinin düşməninə, hətta qatilinə çevirir.

Mənim gümanımca, sivil insanlar sosial birgə yaşayışın yeni-yeni formalarını düşünüb tapdıqca ailə institutu da ciddi islahata uğrayacaq. Hər halda, iki yüz ildən, bəlkə də lap yüz ildən sonra dünyada nə indiki dövlət quruluşları, nə də indiki ailə institutu hökm sürəcək. Bax, insanlar arasında əsl mehribanlığın, səmimiliyin bünövrəsi də – istər cəmiyyətdə olsun, istər ailədə – onda qoyulacaq.

– İlk dəfə harada və nə vaxt tanış olmusuz?

S.A. – 1993-cü ildə “Yol” qəzetinin redaksiyasında. Birinci kursda oxuyurdum, bizə tapşırmışdılar ki, hərəmiz bir qəzet redaksiyası seçib oradan yazı hazırlayaq. Mən də “Yol” qəzetini çox sevirdim, ona görə bu redaksiyanı seçdim. Orada Qurban Yaquboğlu təklif elədi ki, suallarıma Fəxri Uğurlu cavab versin. Beləcə tanış olduq. Amma bu tanışlıq elə tanışlıq olaraq qaldı. Arada mətbəədə rastlaşırdıq, vəssalam. Bir də 1997-ci ilin sonlarında “Rezonans” qəzetində yolumuz kəsişdi. Bu qəzetlə əməkdaşlıq etmək istəyirdim. Fəxri Uğurlu isə baş redaktorun müavini idi. İlk yazılarımı bəyəndilər, az sonra işə götürüldüm. İkinci qarşılaşmanın sonu da belə oldu...

 F.U. – Bu qiymətli tarixi bilgilərə əlavə olunası bir xatirə tapmasam da, mövzuya yaxından-uzaqdan aid bir mətləbə toxunmaq istərdim. Məsələn, Səadət xanımla mən xaraktercə, temperamentcə çox-çox fərqli adamlarıq. İnsanların bənzərsizliyi, təkrarsızlığı mənim icadım deyil. Hərdən düşünürəm: bir-birindən bu qədər seçilən adamları (söhbət yalnız bizdən getmir), ulduzlar qədər uzaq, yad adamları bir könülün başına, bir günəşin altına, bir torpağın üstünə hansı qüvvə yığa bilərdi? Yerdə-göydə yalnız bir belə güc var, onun adına sevgi deyirlər. Sevgidən başqavarsa, insanları ayırmaq üçündü. Dünyalarca uzaq, fərqli, bənzərsiz adamlar yalnız sevəndə bir-birinə bənzəyirlər; bənzəyirlər demək azdı, eyni cür olurlar.Yeri gəlmişkən, “Anna Karenina”nın çox məşhur, çox da sirli birinci cümləsinin (“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxt olur”) açmasını da mən belə qanıram. Dünyada yalnız bir gerçək birlik varkönül birliyi, ruh birliyi, əqidə birliyi. Qalan birliklər hamısı yalandı.

Ailə quranda sizə mane olan vardımı?

S.A. – Yox. Əslində artıq 29 yaşım vardı, bu yaşda qızın ailə qurmaması valideynləri narahat eləyir. Amma valideynlərim mənim, bacılarımın seçiminə qarşı çıxıblar. Bizi çox müstəqil böyüdüblər, daha doğrusu, atam bizə qarşı heç vaxt bir çox ailələrdə dildən düşməyənqızsan, sən anlayırsan!” şüarını işlətməyib. Hətta evdə bir dəyişiklik eləmək istəyəndə, kiçik olsaq da, bizimlə məsləhətləşərdi. 12-13 yaşımda artıq hansı peşəni seçəcəyimi bilirdim, atam da məni lap həvəsləndirirdi. Valideynlərin öz övladlarına inanması, onlara şəxsiyyət kimi yanaşması, onları müstəqil böyütməyə çalışması çox nadir halda uğursuzluğa düçar olur, sanıram.Fəxriyə gəlincə, onu əvvəldən yoldaşım, dostum kimi (biz sonralarAvropaqəzetində birlikdə çalışdıq) tanıyırdılar, çox da sevirdilər. Seçimimi biləndə xüsusilə atam çox sevindi. Bu günə qədər atam üçün Fəxri kürəkən yox, oğul kimidi. Mən deyərdim, artıq dost olublar, hətta birləşib mənə qarşı çıxmaqları da olur. 

F.U. – Mən uşaqlıqdan çox sərbəst, bir az da ərköyün böyümüşəm. Mənə mane olmaq, fikrimdən döndərmək, yolumdan sapdırmaq elə asan deyil. Mənə həmişə hamıdan çox özüm mane olmuşam. Düzünü desəm, Səadət xanımı qeyri-müəyyən vəziyyətdən çıxarmaq zərurəti yaranmasaydı, bəlkə mən indiyəcən subay qalardım. Yeni ailə modeli yaranana qədər biz işimizi köhnə model əsasında qurmağa məcbur olduq. Ancaq buna peşiman deyiləm. Evlənənə qədər mənim iki gözüm vardı, ikisi göyə baxırdı, ayağımın altını görmürdüm. İndisə mənim dörd gözüm varikisi göyə baxır, ikisi ayağımın altına. 

Hər halda siz indiki həyat yoldaşınızla evlənəndə bilirdiniz ki, o da yazar dünyasının insanıdı açığını deyək ki, jurnalist qadınlara baxış bir az ayrı cürdü. Ortama baxıb bu sualı verirəm. Məntiqsiz çıxırsa, üzr istəyirəm. Mənə elə gəlir, məni başa düşərsiz... 

S.A. – Hesab eləmirəm ki, cəmiyyətdə jurnalist xanımlara münasibət fərqli olub. Açığı, bu cür ayrı-seçkiliyi çevrəmdə hiss eləməmişəm. Mənim uzun illərdi tanıdığım jurnalist qızların, demək olar, hamısı uğurlu ailə qurub. Əksəriyyətinin həyat yoldaşı başqa ixtisas sahibi, mediadan uzaq adamdı. Ailə qurmayan jurnalist xanımlar varsa, əsas baiskar heç onların peşəsi deyil. Müəllim, həkim xanımlar, hətta evdən bayıra çıxmayan qızlar arasında da qədər desəniz ailə qurmayanlar var. Peşənin nə günahı?

F.U. – Doğrusu, jurnalist xanımlarla bağlı cəmiyyətdə kütləvi mənfi rəy olduğunu indi eşidirəm. Şəxsən mənim işlədiyim kollektivlərdə ağıllı, namuslu, vəfalı qızlar-qadınlar mütləq çoxluq təşkil eləyib. Bu skeptik rəy yəqin azad jurnalistikadan uzaq, azad jurnalistləri tanımayan adamlar arasında, jurnalistikaya dal qapıdan dürtülən, həm şəxsi, həm də peşə namusunu qəpik-quruşa satmağa hazır olan qaraçı-dilənçi ordusunu müşahidə əsasında yaranıb. Mən bir qarnı ac, bir qarnı tox yaşasa da, balasının yanında xəcil olsa da, cibinə dürtülən rüşvətdən qəhrəmancasına imtina eləyən onlarla jurnalist tanıyıram. Onların arasında xanımlar çoxluq təşkil eləyir. Bir dəfə xanım həmkarlarımızdan biri nüfuzlu bir ruhanidən müsahibə götürməyə getmişdi. Orada onaQuran” bağışlamışdılar. Redaksiyaya qayıdandan sonra kitabı varaqlayanda arasından pul çıxmışdı, hərçənd gördüyü işdə rüşvətlik bir şey yox idi. Onun necə sarsıldığı heç yadımdan çıxmaz. Bilmirdi pulu necə qaytarsın, məndən məsləhət istəyirdi. 

Bir başqa xanım həmkarımıza qətlini araşdırdığı mərhumun qardaşı rüşvət verməyə cəhd göstərmişdi. Onun da bu hadisəni mənə danışanda necə heyrətləndiyi gözümün qabağından getmir. Daha bir xanım həmkarımız yazı hazırlamaq üçün yüksək vəzifəli şəxsin qəbulunda olmuşdu. Söhbətdən sonra həmin şəxs onuadlasa müavininin yanına göndərmişdi, müavinona jurnalist üçün yüksək məbləğ sayılası pul təklif eləmişdi. Xanım jurnalist çox nəzakətlə puldan imtina eləyəndən sonra başqa bir problem yaranmışdı: birdən müavin pulu qatlayıb qoyar cibinə, ləkəsi bizim üstümüzdə qalar. Xeyli baş sındırdıq, mən bir diplomatik mətn hazırladım, jurnalist hansısa bəhanəylə rəhbər şəxsə zəng vurdu, çox incə, dolayı yollarla pulu götürmədiyini onun nəzərinə çatdırdı. Bax, belə mənasız işlərə beyin sərf elədiyimiz vaxtlar da olub. Mən jurnalistlərin məsumluğuna dair onlarla belə fakt bilirəm. İnanmıram pulu üstünə qayıdan rüşvətxor bundan məmnun qalsın. Yəqin belələri də jurnalistləri gözdən salmağa çalışanlar sırasındadı. Mən xanımlarımız başda olmaqla qələmini haram sözə, dilini haram tikəyə bulamayan, peşəsinin də, doğmalarının da təəssübünü çəkən bütün jurnalistlərin əllərindən öpürəm. Kaş onlarda olan qeyrətin mində biri namuslu arvadını oğurluq pulla geyindirən rüşvətxorda, qırmızı alma kimi piştaxta üstündən müştəriyə gəl-gəl deyən yaltaqda olaydı.Yeri gəlmişkən, mən gənclərin qan qohumlarıyla yox, peşə “qohumlarıyla” evlənməsinə tərəfdaram. Sualınız bu əminliyimi bir daha təsdiqlədi. Kənardan baxana jurnalist xanım bəlkə də olduğu kimi görünməz, həmkarı, peşə yoldaşı isə onu hamıdan yaxşı tanıyır...

 

 

( Davam edəcək)

 

 

Tofiq ABDiN

 

525-ci qəzet.- 2011.- 2 iyul.- S.23.