“Dünyanın gözəlliyi” Əhməd
Cəmil qələmində
Görkəmli
şair Əhməd Cəmilin “Dünyanın gözəlliyi”
kitabı işıq üzü görüb. Şairin
seçilmiş şeirlərindən ibarət kitabın
redaktoru Paşa Əlioğludur. Kitaba Səməd Vurğunun
“Şairin eşqi” başlıqlı yazısı
önsöz əvəzi verilib. Görkəmli şair
önsözdə şeiri insan qəlbinin görünməyən
telləri adlandırır: “Şeir ilhamdır! Şeir
rübabı əllə qayrılmış çalğı
alətlərinə bənzəməz. Bu rübabın simləri
insan qəlbinin gözlə görünməyə telləridir.
Bu zərif və incə rübab mahir ustalar əli ilə
çalındığı zaman biz ona valeh oluruq, o
bütün varlığımızı bir ahənrüba
kimi özünə çəkir, onun mənalı və titrək
səsi bizi düşündürür..., ağladır,
sevindirir, bəzi böyük əməllərə, geniş
fəzalara çağırır. Biz belə şeirləri
oxuduğumuz zaman onların dadlı və mənalı səsində
insan sözünün böyük qüdrətini
görürük. Biz özümüzlə fəxr edirik,
yarandığımıza sevinirik! Biz şeir pərisi ilə
xoş rəftar etdiyimiz zaman, onun incə və saf ruhunun bir
bahar nəfəsi kimi oxşadığımız zaman o, bizim
qəlbimizdə yuva salır, bizi əbədi bir eşqlə
sevir, bizdən- insandan ayrılmağı özünə
böyük bir fəlakət sayır”.
Müəllifin fikrincə, şeir
öz rübabı ilə aləmi valeh edən bir dünya
gözəlidir: “Lakin hər dünya gözəlinin bir faciəsi
olduğu kimi onun da öz faciəsi var! Bəzən bu
gözəl rübab naşı ustalar əlinə də
keçir. Qaba əllər bu gözəl rübabı
kökdən salır, onun hər simindən əcaib və eybəcər
səslər yaranır. Bu eybəcər səslər öz
naşı ustalarına xoş gəlsə də, şeir pərisi
onlardan küsür, o bir də naşı sənətkarlar qəlbində
yuva salmamağa and içir! O, bir dövlət quşu kimi həqiqi
ilham və qəlb sahiblərinin başına qonur, öz
könlünü və eşqini əbədi olaraq onlara
tapşırır... Mən, şair Əhməd Cəmilin
çaldığı şeir rübabını dinləyirəm.
Bu rübabın tellərindən qopan zərif və mənalı
nəğmələrinə qədər dadlı və təbiidir!
Bunlar saf dağ çeşmələri kimi
şırıl-şırıl axır, ilk baharın gülləri
kimi ətir saçır... Bu həqiqi ilham deməkdir. Əsl
ilham könüllər yolçusu, könüllər
aşiqi olan bir şairin hünəridir. Əhməd Cəmilin
şeirlərinin sənətkarlığına gəlincə,
onlar saf və təmiz bir bahar havası kimi asan udulur, günəşin
ilıq təravəti kimi bizim sinirlərimizi oxşayır.
Çünki onun şair qəlbində günəşin
kiçik zərrəsi var”.
Kitabda “Dünyanın gözəlliyi”,
“Gənclik nəğmələri”, “Qələbə
yolları”, “Al şəfəqli dünyamız”, “Mənim azad
torpağım”, “Qoruyun planeti”, “Uşaqlar üçün”,
“Şairin arxivindən” kimi bölümlərdə unudulmaz
şairin seçmə şeirləri oxuculara təqdim olunur.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 2 iyul.- S.12.