Azərbaycan – dinlərin qovuşduğu tolerant məkan

 

Şərqlə Qərbin kəsişməsində, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan ta qədimdən çoxsaylı xalqların birgə və mehriban yaşadığı məkan olub. Azərbaycanda milli zəmində hər hansı ciddi problem yaşanmayıb, hansısa xalqın nümayəndəsinə qarşı ayrı-seçkiliyə yol verilməyib, bütün millətlərin, etnik qrupların dini inancları, siyasi və mədəni hüquqları yüksək səviyyədə qorunub.

Ölkədə hər bir əhali qrupunun inkişafı üçün normal şərait yaradılıb, tolerantlıq mühiti tam təmin olunub.

Bu gün bütün beynəlxalq qurumlar, dövlətlər Azərbaycanı tolerantlığa nümunə adlandırırlar.

Qeyd edək ki, 2009-cu il siyahıyaalmasına görə, ölkə əhalisinin 8,4 faizini milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri təşkil edir.

Ölkəmizdə 90-a yaxın milli və etnik azlığın nümayəndəsi yaşayır. 380-dan çox müxtəlif dini icma var ki, onların 31-i qeyri-islami dini icmalardır. Müxtəlif dinlərin ibadət yerləri var və onlar sərbəst fəaliyyət göstərirlər. Ayrı-ayrı dinlərə və xalqlara məxsus tarixi abidələr, mədəniyyətlər qorunub saxlanılır.

Hətta bu gün Azərbaycanda torpaqlarımızın 20 faizini işğal altında saxlayan, bir milyondan artıq insanımızın öz doğma yurd-yuvasından didərgin düşməsinə bais olan, düşmənçilik aparan bir xalqın – ermənilərin 30 minə yaxın nümayəndəsi yaşayır. Bakıdakı erməni kilsəsi və onun kitabxanası olduğu kimi saxlanılır. Bunun əksinə olaraq, ermənilər Ermənistanda və nəzarət etdikləri digər ərazilərdə Azərbaycana, xalqımıza məxsus bütün tarixi və mədəni sərvətləri talan edib, ibadət yerlərini, məscidləri dağıdıblar.

Milli azlıqların, etnik qrupların hüquqlarının qorunması üçün ölkəmizdə hüquqi baza yaradılıb, respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulub. Milli azlıqların məsələləri ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri, ictimai birliklər fəaliyyət göstərir. Etnik icmaların dilində 15-dən çox qəzet və jurnal nəşr olunur, milli azlıqların sıx yaşadığı 5 bölgədə yerli teleradio kanalları fəaliyyət göstərir. Həmçinin rus dilində 30-dan çox qəzet və 15 jurnal çap olunur, gündəlik radio və televiziya verilişləri yayımlanır.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin Milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblının sözlərinə görə, Azərbaycanda tarixən bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni – normal münasibət bəslənib: “Ermənistanın hərbi təcavüzü çoxsaylı problemlər doğursa da, Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib.

2006-cı ildə qəbul edilmiş İnsan Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planında milli azlıqların mədəni irsinin qorunması və inkişafı hökumətin fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulub. Bu gün hökumətdə, parlamentdə, mərkəzi və yerli icra strukturlarında, hüquq mühafizə sistemində, o cümlədən milli azlıqların sıx yaşadıqları bölgələrin rəsmi dövlət strukturlarında və yerli özünüidarəetmədə milli azlıqların nümayəndələri geniş təmsil olunurlar. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətə başlayandan milli azlıqların mədəni təşkilatlarının layihələrinə, onların dillərində nəşr edilən mətbuat orqanlarına maliyyə dəstəyi göstərilir”.

M.Talıblının sözlərinə görə, Azərbaycanın orta ümumtəhsil məktəblərində tədris üç dildə – Azərbaycan, Rus və Gürcü dillərində aparılır. Milli azlıqların sıx yaşadıqları rayonların orta məktəblərində (ibtidai siniflərdə) ana dili dərslərinin tədrisi (avar, kürd, ləzgi, talış, saxur, tat, udin, xınalıq, ivrit) təşkil olunub, milli dillərdə dərslik və proqramlar hazırlanıb. Hazırda Azərbaycanda təlim yalnız rus dilinə olan 19 və təlim yalnız gürcü dilində aparılan 6 ümumtəhsil məktəbi, 345 beynəlmiləl orta məktəb fəaliyyət göstərir.

Bakıda Avropa və dağ yəhudiləri üçün iki yeni sinaqoq, o cümlədən Roma katolik kilsəsi tikilib istifadəyə verilib, Rus pravoslav kilsəsi əsaslı bərpa olunub, Bakı və Azərbaycan yeparxiyasına yeni iqamətgah və monastır üçün kompleksin inşası məqsədilə yer ayrılıb.

Milli azlıqların əsasən Azərbaycanın şimal, şimal-qərb və cənub bölgələrində kompakt halda yaşadığını deyən PA rəsmisi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində həmin rayonların tərəqqisi üçün də əlavə vəsait ayrıldığını deyir.

Ölkəmizdə yaşayan bütün xalqlara, etnik qruplara eyni münasibətin bəslənməsini İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Elmira Süleymanova da təsdiqləyir. Onun sözlərinə əsasən, doqquz illik fəaliyyəti dövründə Azərbaycanda yaşayan milli azlıqlardan milli zəmində ona şikayət daxil olmayıb. Ombudsman bunu ölkədə yaşayan bütün xalqlara, etnik qruplara bərabər imkanlar yaradılması, ədalətli yanaşılması və eyni hüquqların verilməsi ilə izah edir. Onun fikrincə, 9 milyondan artıq əhalisi olan Azərbaycanda 90-a qədər milli və etnik azlığın təmsil olunması milli-etnik müxtəlifliyə zəmin yaradır: “Milli azlıqlar neçə yüzilliklərdir, burada yaşayırlar və ölkədə gedən bütün proseslərdə bərabər şəkildə iştirak edirlər. Hər bir milli və etnik azlıq üçün, heç bir ayrı-seçkiliyə yol verilmədən, bərabər imkanlar yaradılıb. Bərabər imkanları əldə etmək və həyata keçirmək üçün müvafiq qanunvericilik bazası yaradılıb, beynəlxalq konvensiyalara uyğun hüquqi-normativ sənədlər qəbul edilib”.

E.Süleymanova dini azlıqlardan da ombudsmana şikayət daxil olmadığını, hər bir dinin təmsilçisinə etiqadlarını gerçəkləşdirmək üçün lazımi şərait yaradıldığını deyir.

“Milli azlıq nümayəndəsindən hər hansı şikayət gəlsə də, bu hamımıza bəlli, inkişaf prosesində iqtisadi, sosial proseslərdə ortaya çıxan problemlərlə bağlı olur. Dini azlıqlar haqqında da eyni fikirləri söyləmək olar. Ölkəmizdə hər bir dinin təmsilçisi öz etiqadını gerçəkləşdirmək üçün qanun çərçivəsində bütün imkanlara malikdir”.

Qeyd edək ki, bu gün ölkəmizdə çox az sayda katolik olmasına baxmayaraq, onlar üçün ayrıca katolik kilsəsi var.

Milli Məclisin deputatı Yevda Abramov isə ölkəmizin milli azlıqlara hörmət baxımından

DÜNYAYA NÜMUNƏ

olduğunu vurğulayır.

“Yəhudilərin yaşadığı Qubadakı Qırmızı qəsəbənin UNESCO-nun maddi-irs siyahısına salınması üçün sənədlər hazırlayırıq. Azərbaycanda nə qədər sinaqoqlar tikilir, tədbirlər keçirilir. Bütün bunlar milli azlıqlara göstərilən dərin hörmətin, yüksək münasibətin nümunəsidir”.

Milli Məclisin deputatı, Azərbaycanda rus icmasının rəhbəri Mixail Zabelin isə deyir ki, burada heç vaxt nəinki ruslara, heç bir xalqın nümayəndəsinə qarşı ayrı-seçkiliyə yol verilməyib. Onun sözlərinə görə, hətta Azərbaycanda ən böhranlı illərdə belə, nə bir rus məktəbi bağlanıb, nə rus dilinə, rus millətinə qarşı ayrı-seçkilik baş verib. Bunlar bir daha Azərbaycanın digər üstünlükləri ilə yanaşı, tolerantlıq sahəsində də nümunəvi ölkə olduğunu göstərir. Bu tolerantlığa daha bir nümunə olan

İSMAYILLI RAYONUNUN İVANOVKA KƏNDİNDƏ

iki əsrə yaxındır ki, Rusiyadan gələn etnik ruslar azərbaycanlılarla çiyin-çiyinə, əmin-amanlıq şəraitində yaşayırlar.

Kəndin unikallığı həm də ondan ibarətdir ki, burada Sovet dövrünə aid kolxoz quruluşu hələ də qorunub-saxlanılır. Kəndin tarixi və sakinlərin mənşəyinə gəlincə, bura 19-cu əsrin ortalarında pravoslav ənənələrinə riayət etməkdən imtina etdikləri üçün çar Rusiyasından qovulub çıxarılan, molokan adlandırılan xristianlar tərəfindən yaradılıb.

Doğrudur, 90-cı illərdə onların sayı əvvəlki illərə nisbətən azalmağa başladı ki, bu da səbəbsiz deyildi. Məsələn, kənd sakini Tatyana Dubrova deyir ki, 1991-ci ildə Sovet İttifaqının dağılması və müharibənin yaratdığı iqtisadi tənəzzül illərində onlarla molokan ailəsi daha yaxşı iş və şərait ardınca gedərək, İvanovkanı tərk edib: “Mən İvanovkada yaşamağımla fəxr edirəm və yaxın gələcəkdə heç yerə getməyə hazırlaşmıram. Çalışıram ki, qonşularımı da bu fikirdən daşındırım. Biz burada rahat işləyirik, donuz, inək, qaz saxlayırıq. Böyük fermamız var və qaymaq, pendir, qatıq hazırlayırıq. Azərbaycanlılarla çox mehriban dolanırıq. Mənim əcdadlarım buraya 200 əvvəl köçüb gəliblər və bütün dövrlərdə də burada rahatlıq, mehribanlıq olub”.

Qeyd edək ki, İvanovka sakinlərinin əksəriyyəti Nikolay Nikitin adına kolxozda çalışır. Kolxozun ilk rəhbəri olan Nikitin 41 il burada sədrlik edib. İvanovkanın iqtisadi göstəriciləri, ənənəvi olaraq, ölkənin digər yerlərindən yaxşı mənada daima fərqlənib. Köhnə sovet vaxtlarında olduğu kimi, indi də kolxozçular işlədikləri günün sayına uyğun olaraq, kolxozun gəlirindən əməkhaqqı və istehsal edilən məhsuldan pay alırlar. Kolxoz daha çox gəlir qazanarsa, maaş da çox olur. Bir sözlə, itkini də, qazancı da hər kəs hiss edir.

Digər kənd sakini Yekaterina Çernyavskaya isə öz adət-ənənələrindən söz açır: “Adət-ənənələrimizin, dilimizin bu günə qədər qorunub-saxlanmasında bizə Azərbaycan hökuməti tərəfindən gözəl şərait yaradılıb. Məsələn, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə kənddə yeni məktəb binası tikilib istifadəyə verilib. Toy adətlərimizi uzun illərdən bəri qoruyub-saxlayırıq. Sizin Novruz bayramında olduğu kimi, bizdə Pasxa bayramında yumurta boyanır. İnsanlarınız xoşniyyətli, qonaqpərvərdirlər. Xalqlarımızın adət-ənənələri arasında oxşarlıqlar çoxdur və ümumi cəhətlərimiz bəzən tam üst-üstə düşür. İstərdik ki, bu dostluq daim qorunsun. Hətta İvanovkadan Rusiyaya gedənlər də indi peşman olub, geri qayıtmaq istəyirlər. Artıq 200 ildir ki, Azərbaycanda yaşayırıq, əgər pis münasibət görsəydik, burda qala bilməzdik. Biz mehriban qonşuluq şəraitində, firavan yaşayırıq”.

Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan həm də

DÜNYA MƏDƏNİYYƏTLƏRİNİ QOVUŞDURAN MƏKAN,

mədəniyyətlərarası dialoqa öz töhfəsini verən diyara çevrilib. Azərbaycan dövləti ölkəmizdə yaşayan xalqların və etnik qrupların mədəni sərvətlərini də öz mili mədəniyyətinin tərkib hissəsi kimi qoruyur, inkişaf etdirir.

UNESCO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq, milli azlıq və etnik qrupların mədəniyyətinin inkişafı üçün müxtəlif layihələr, tədbirlər, o cümlədən azsaylı xalqların böyük mədəniyyət festivalları keçirilir.

Prezident İlham Əliyevin 26 noyabr 2009-cu ildə imzaladığı Qanunla ölkəmiz sözügedən Konvensiyaya qoşulub. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində də öz əksini tapıb.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviçə görə, incəsənətə mədəniyyətlərarası dialoq üçün qlobal dil kimi baxıla bilər: “Müxtəlif ölkələrdən olan rəssamlar öz əsərləri ilə bizə bir daha xatırladırlar ki, bəşəriyyətin vahid fundamental sərvəti onun müxtəlifliyidir. Qeyd etmək lazımdır ki, müxtəlif mədəniyyətlərin qovuşması, tolerantlığın səviyyəsi baxımından Azərbaycandan daha qənaətbəxş yer yoxdur”.

Xatırladaq ki, hər iki ildən bir Azərbaycanda azsaylı xalqların incəsənət festivalı keçirilir. Bu yaxınlarda sayca üçüncü dəfə keçirilən festivalda ölkəmizdə yaşayan bütün mili-etnik qruplar öz qədim mədəniyyət və incəsənət nümunələrini təqdim ediblər.

Maraqlı bir nümunə kimi diqqəti çəkən Lənkəranın məşhur “Nənələr” ansamblı 1982-ci ildə qurulub və 6 ifaçı qadından ibarətdir. Ansamblın üzvlərindən olan Gülbəzər Kərimova deyir ki, adət-ənənələrinin, folklor nümunələrinin itməməsi üçün “Nənənlər”i hər zaman yaşadırlar: “Üzlərimizdən biri rəhmətə gedən kimi qohumları onu əvəz edir. Anam vəsiyyət etmişdi ki, adət-ənənələrimizi, nəğmələrimizi yaddan çıxmağa qoymayın, yaşadın. Məsələn, qaynanam rəhmətə getdi, onu mən əvəz etdim, anamı isə bacım əvəzləyib. Ansamblın qorunub-yaşadılmasında dövlət bizə böyük dəstək verir”.

80-ci ildən fəaliyyət göstərən, Balakən rayonundakı avarlardan ibarət “Cahan” folklor rəqs qrupunun, 72-ci ildə yaradılmış, talışlardan ibarət “Lerik uzunömürlüləri” folklor rəqs ansamblının, rutul ləzgilərindən ibarət “Abay” (“Böyük qardaş”) rəqs ansamblının, Saatlıdakı Axıska türklərindən ibarət “Adıgün” folklor kollektivinin və digər ansamblların üzvləri Azərbaycanda mili-etnik mədəni dəyərlərin, folklorun, adət-ənənələrin yüksək səviyyədə qorunduğunu deyirlər.

İndi dünyaya tolerantlıq nümunəsi olan Azərbaycanın bütün bunlarla qürrələnməyə haqqı var.

 

 

Pərvanə SULTANOVA

 

525-ci qəzet.- 2011.-2 iyul.- S.10.