Gəncədə Nizami
Gəncəvinin 870 illiyilə bağlı sərgi
açılıb
Dünən Gəncə Şəhər
İcra Hakimiyyətinin qarşısındakı meydanda dahi Azərbaycan
şairi Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş
sərgi açılıb. APA-nın Qərb bürosunun məlumatına
görə, sərgi Nizami Gəncəvinin 870 illiyinə həsr
olunmuş tədbirlər silsiləsindən Şəhər
İcra Hakimiyyəti tərəfindən təşkil edilib. Tədbirdə
şəhərin orta təhsil müəssisələri və
ali məktəblərinin yaratdığı guşələrdə
şairin müxtəlif illərdə nəfis tərtibatda nəşr
olunmuş kitabları, Nizami Gəncəvi qəhrəmanlarının
yağlı boya ilə çəkilmiş rəsmləri,
şairin rəsmi olan müxtəlif ölçülü
xalçalar, şagirdlərin çəkdiyi rəsmlər, Gəncənin
qədim mədəniyyətini əks etdirən
dulusçuluq, misgərlik, xəttatlıq nümunələri
nümayiş olunur. Bütün rəsmlərin altında
“Dahi Azərbaycan şairi Nizami Gəncəvi” sözləri
yazılıb.
Nizami dövrünün qəhrəmanlarının
obrazlarını yaradan şagirdlər müxtəlif məktəblərin
pavilyonlarında “Xəmsə”dən səhnəciklər
göstərib, şairin qəzəllərini deklamasiya ilə
söyləyiblər. Sərginin diqqətçəkən
eksponatlarından biri 25 saylı orta məktəbin
yaratdığı guşədə yerli xəttatlar tərəfindən
üzü köçürülmüş “Qurani-Kərim”
olub. Şəxsi fondda saxlanılan “Qurani-Kərim” Gəncənin
qədim nəsillərindən birinə məxsusdur və uzun
əsrlərdir nəsildən-nəsilə keçərək
günümüzə gəlib çatıb.
Sərgi axşam saatlarına
kimi davam edib.
525-ci qəzet.- 2011.- 4 iyul.- S.4.