Diasporumuzun İvanovo qanadı

 

Həmişə xoş sədalarını eşitdiyimiz Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) İvanovo regional şöbəsinə həmyerlimiz Sərraf Məmmədov rəhbərlik edir. Bir müddət əvvəl bu təşkilatın gördüyü işlərlə yaxından tanış olmaqdan ötrü belə demək mümkünsə inqilab beşiyi olan İvanovo şəhərinə yollandım. Şəhər deputatı seçilmiş həmyerlimizin qəbulunda xeyli adam olduğundan görüşümüz razılaşdığımız vaxtdan bir qədər gec baş tutdu. Qəbul otağında gördüyüm bir rəsm əsəri xəyalən məni çox-çox uzaqlara apardı. Əsərdə həsrətdən gözü yol çəkən bir kəndin fonunda Sərraf müəllimin ata-anası təsvir olunmuşdu. Öz doğma yurdlarından ayrı düşmüş Əbülfət kişinin və onun həyat yoldaşının gözlərinin dərinliyindəki hüzn, kədər adamı sarsıtsa da, ümidli baxışları yağı ayağı altında inləyən torpaqlarımızın azad ediləcəyinə inam yaradırdı...

Sərraf Məmmədov 1965-ci il fevralın 10-da Füzuli rayonunun Mandı kəndində dünyaya göz açıb. Qonşu Pirəhmədli kəndində orta məktəbi bitirdikdən sonra bir müddət yerli asfalt zavodunda işləyib. 1983-cü ildə ordu sıralarına çağırılaraq Yaroslav vilayətinin Rıbiniski şəhərində hərbi xidmətdə olub. Hərbi hissənin zəmanəti ilə İvanovo İnşaat-Mühəndisləri İnstitutuna oxumağa göndərilib. Əvvəllər əyani fakültədə oxusa da, ailə vəziyyəti ilə əlaqədar mülki və sənaye tikintisi ixtisası üzrə axşam fakültəsində təhsilini davam etdirib. İnstitutu bitirənə qədər tikinti materialları və məmulatlarının texnologiyası kafedrasında əvvəlcə tədris ustası kimi, bir müddət sonra isə həmin kafedrada laboratoriya müdiri kimi fəaliyyət göstərir.

Daha sonra S.Məmmədov Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasında da təhsil aldı. İnstitutda oxuyarkən Sərraf idmanla da müntəzəm məşğul olur, hər gün məşqlərə gedirdi. Nəhayət, 1991-ci ildə qara kəmər sahibi, 1992-ci ildə isə əlbəyaxa döyüş üzrə Rusiya çempionu olur. Həmin illərdə idmanda qazandığı nailiyyətləri xatırlayan Sərraf Məmmədov deyir: “Şükürlər olsun ki, indi respublikamızın hər yerində olimpiya idman kompleksləri tikilib. Bayrağımızı zirvələrə qaldıran idmançılarımız da az deyil. Ancaq əvvəllər kənd yerlərində belə imkanlar yox idi. Biz özümüz traktor təkərlərindən ştanqlar düzəldər və məktəb zalında məşq edərdik. Bundan əlavə uşaqlıqda ayağım zədələndiyinə görə üç il yarım xəstəxanada yatmışam. Bunları düşünəndə heç ağlıma da gəlməzdi ki, idmanda nəyəsə nail ola biləcəm. Görünür ciddi məşqlər, möhkəm iradə nəticəsində istəyimə nail olmuşam”.

90-cı illərin əvvəllərində Sərraf Məmmədov sahibkarlıq fəaliyyətinə Sosnovo küçəsindəki kiçik bir mağazadan başlayıb. Bu dükan öz nümunəvi xidməti ilə digərlərindən seçilirdi. İnsanlar uzun müddət bilməyiblər ki, bu, dövlət mağazası yox, şəxsi dükandır. Dükanda çalışan satıcıların adamlarla rəftarı, ərzaq məhsullarının yüksək keyfiyyəti, təmizlik və sanitariya-gigiyena qaydalarına düzgün əməl edilməsi hesabına müştərilərin sayı günbəgün artırdı. S.Məmmədov bundan ruhlanıb bir sıra mağazalar şəbəkəsi yaratdı. Daha sonra o, demək olar kommersiyadan uzaqlaşıb, istehsal sahələri ilə məşğul olmağa başladı. Beləcə onun rəhbərliyi ilə çörək kombinatı, süd zavodu, limonad sexi, və s. müəssisələr fəaliyyətə başladı. Bu sahələrin bəziləri bir o qədər sərfəli olmasa da, İvanovo camaatının ehtiyacı baxımından çox vacib idi. 2002-ci ildə S.Məmmədov “İki saylı yük maşınları avtonəqliyyat müəssisəsi” açıq səhmdar cəmiyyətinin təsisçilərinin tərkibinə daxil oldu və müəssisənin direktorlar şurasının sədri seçildi. Onun hazırda rəhbərlik etdiyi bu müəssisə nəinki İvanovo şəhərində, eləcə də vilayətdə və Moskvada yük daşımalarında mühüm rol oynayır. Bundan başqa müəssisənin nəzdində bazar fəaliyyət göstərir. Orada çalışanlar hər cür şəraitlə təmin olunmuşlar. Bazarda alış-verişlə məşğul olan adamlar buradakı qonaq evində gecələyirlər. Qonaq evində ayrıca istirahət guşəsi, namaz qılmaq üçün yer və digər xidmət sahələri də təşkil olunmuşdur ki, bu da bazara gəlib-gedənlərin razılığına səbəb olur. Çox yerdə olduğu kimi İvanovo şəhərində də bir çox azərbaycanlılar ticarət sahəsində çalışırlar. Nəzərə alsaq ki, İvanovo şəhəri Rusiyanın mərkəzində yerləşir və əksər məhsullar buradan digər şəhərlərə paylanır, onda həmyerlimizin fəaliyyət göstərdiyi sahənin həm region üçün, həm də bütün Rusiya üçün mühüm əhəmiyyət kəsb etdiyini görərik.

Qeyd edək ki, İvanovo şəhərində hələ 1993-cü ildə “Azərbaycan” cəmiyyəti yaradıldı. Həmin dövrdə bu cəmiyyət tərəfindən respublikamıza xeyli miqdarda dərman preparatları göndərildi. Cəmiyyət üzvlərinin iştirakı ilə dərman preparatlarının yarısı cəbhə bölgəsində paylanıldı, yarısı da Müdafiə Nazirliyinə təhvil verildi. Bütün bu işlərdə cəmiyyətin sədr müavini S.Məmmədov yaxından iştirak edirdi. İllər ötdükcə Azərbaycan mədəniyyətini və dəyərlərini İvanovo şəhərində layiqincə təmsil etmək, eyni zamanda respublikamızda baş verən hadisələri buradakı həmvətənlərimizə çatdırmaq üçün daha güclü bir təşkilata ehtiyac yaranırdı. 2001-ci ildə Ümumrusiya Azərbaycan Konqresinin təsis edilməsi bu işə təkan verdi. Qısa müddətdə İvanovo şəhərində yaşayan 700-dən çox (qeyd edək ki, ümumilikdə İvanovo şəhərində 18-20 min azərbaycanlı yaşayır) həmvətənimiz ÜAK-ın ətrafında birləşdi və ÜAK İvanovo regional şöbəsi yaradıldı. Təsis yığıncağında ÜAK-ın 17 vilayətdə fəaliyyət göstərən rəhbərləri və səfirliyin əməkdaşları da iştirak edirdi. Quruma 45 nəfərdən ibarət ağsaqqallar şurası və idarə heyəti seçildi. Əsas işçi qrup 15 nəfərdən ibarət idi. Onların əksəriyyətini şəhərdə yaşayan ziyalılar təşkil edirdi.. Fazil Qəhrəmanov, Xosrov Abdullayev, Elmar Sadıqov, Ramiz Məmmədov, Rüstəm Qəmbərov, Vaqif Abdullayev, Nəsib Qurbanov, Əlibala Quliyev, Tanrıverdi Xəlilov və başqa ziyalılarımızı buna misal göstərmək olar. Elə həmin zaman İvanovo vilayətində yaşayan azərbaycanlılar həmişə onlara kömək olan Sərraf Məmmədovu regional şöbəyə rəhbər seçdilər.

İlk olaraq İvanovo şəhərində bazar günü məktəbi açıldı. Orada 67 nəfər şagird dərslərə cəlb olundu. Başqa millətlərdən olan 12 nəfər də azərbaycan dilini öyrənmək üçün bu məktəbdə təhsil alırdı. Dərs keçirilən bütün siniflərdə kompüter quraşdırılmışdı. Az bir müddətdə İvanovo şəhərində yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan ruslar və onların cəmiyyətləri haqqında sənədli filmlər çəkilib yerli televiziyada göstərildi. Halbuki bu vaxta qədər yerli camaat belə düşünürdü ki, Sovetlər Birliyi dağıldıqdan sonra Bakıda ruslar qalmayıb, hamısı Rusiyaya qayıdıb.Bir müddət ÜAK İvanovo regional şöbəsinin təsisçiliyi ilə “Azərbaycan – media” qəzeti fəaliyyət göstərdi. Sonralar Moskvada nəşr olunan “Azərbaycan konqresi” qəzeti ilə əlaqələr yaradıldı, bu qəzetdə vaxtaşırı İvanovo vilayəti və orada yaşayan azərbaycanlılar haqqında materiallar dərc edildi, həmin qəzetin vilayətdə də yayılmasına kömək göstərildi.

Dünya Azərbaycanlılarının I Qurultayı ərəfəsində İvanovo şəhərində keçirilən Rusiya mədəniyyət günləri çərçivəsində təşkil olunan görüşdə S.Məmmədov şəhərin qubernatoruna təklif etdi ki, biz ölkələr arasında təkcə mədəni əlaqələrin yox, həm də iqtisadi əlaqələrin möhkəmlənməsi üçün çalışmalıyıq. Məsələn, uzun illər toxuculuqla məşğul olan İvanovo şəhəri ilə Azərbaycan pambıqçılarının əlaqəsi də önəmli ola bilər. S.Məmmədovun bu təklifi vilayətin qubernatoru tərəfindən bəyənildi və bu işlərə kömək edəcəyinə söz verdi.

Tezliklə məktəblilərin qarşılıqlı səyahəti barədə məsələ gündəmə gəldi. Bütün bu işləri təşkil etmək üçün Azərbaycandakı rus icması ilə yaxından əlaqə quruldu. İcmanın köməyi ilə hər il bir neçə azərbaycanlı tələbə İvanovo şəhərində müxtəlif ixtisaslara yiyələndi. Bundan başqa hər il İvanovoda təhsil alan 50-dən çox yerli azərbaycanlı tələbələrə hər cür kömək göstərildi. ÜAK-ın İvanovo regional şöbəsi uşaqlara, qocalara, əlillərə də yardım əlini uzatdı. Soydaşlarımız hər Qələbə günü Böyük Vətən Müharibəsi veteranlarını təbrik edir, qospitallara baş çəkir və onlara müxtəlif hədiyyələr aparırdılar. Bütün bunların nəticəsidir ki, İvanovo şəhərindəki diasporumuz burada fəaliyyət göstərən ayrı-ayrı millətlərin 17 təşkilatının hamısından irəlidə gedir. Müxtəlif mədəni tədbirlərdə, idman yarışlarında öndə gedən həmvətənlərimiz həqiqətən də bu şəhərdə böyük hörmət və nüfuz sahibidirlər.

2005-ci ilin dekabr ayı İvanovadakı diasporumuz üçün daha düşərli oldu. Belə ki, diasporumuzun bu şəhərdəki lideri Sərraf Məmmədov İvanovo şəhər dumasına seçkilər zamanı güclü rəqiblərini geridə qoyaraq deputat seçildi. Onlardan biri şəhər prokuroru, biri keçmiş deputat, biri biznesmen,digər 5 nəfər isə müxtəlif partiyalardan olan nüfuzlu şəxslər idi. Əlbəttə ki, həmyerlimizin qürbət diyarda belə bir qələbə qazanması hamını sevindirdi, orada yaşayan soydaşlarımızın xeyrinə oldu. Seçkidən sonra S.Məmmədov şəhər dumasının “Yedinaya Rossiya” fraksiyasının və “Yedinaya Rossiya” partiyasının İvanovo şəhər siyasi şurasının üzvü seçildi.Həmyerlimiz həm də İvanovo şəhər dumasının deputatı kimi iqtisadi siyasət və şəhər təsərufatı komitələrinin tərkibinə qatıldı.

S.Məmmədovun deputat kimi ilk işi məktəblərdə yaranmış problemlərlə bağlı oldu. Az bir zamanda şəhərdəki bütün məktəblərdə idman zalları təmir olundu.Onlara müxtəlif texniki qurğular hədiyyə verildi,şagirdlər üçün maraqlı ekskursiyalar,səfərlər təşkil edildi.Bir deputat kimi o,ayda üç dəfə seçiciləri ilə görüşüb onları dinləyir və problemlərinin həll olunmasına köməklik göstərdi. Seçicilər ona ən çox dam örtüklərinin,istilik qovşaqlarının,blokların təmiri və s. kimi məsələlərlə bağlı müraciət edirdilər. S.Məmmədovun köməyi ilə əhalinin yazdıqları ərizələr ,şikayətlər daha ciddi araşdırılır və problemlər öz həllini tapırdı. Həmyerlimizin idarəçilik qabiliyyəti sayəsində şəhərdəki qurumlar arasında əlaqələr daha da möhkəmləndi.O,bu gün də yorulmaq bilmir,öz işindən həzz alır,kiminsə problemini həll edəndə rahatlıq tapır.65 saylı məktəbdə Mixail adlı azyaşlı bir şagird dil öyrənmək baxımından xüsusi istedada malik idi.S.Məmmədov onun Almaniyaya beynəlxalq konfransa getməsinə şərait yaratdı. Həmin şagird konfransda böyük nailiyyət qazandı və qarşısında geniş imkanlar açıldı.S.Məmmədov həmçinin şəhər və munisipial hakimiyyətin dəstəyi olmayan təşkilatlara da yardım edir. Məsələn, vərəm dispanseri olan uşaq klinikasında bu xəstəliyə tutulan 1 yaşından 15 yaşa qədər uşaqlar xəstəlikdən əziyyət çəkirdilər. S.Məmmədovun onlarla dostluğu hələ seçkiqabağı kampaniya dövründə başlamışdı. Həmyerlimiz Azərbaycan diasporu adından həmin klinikaya bir fiziokabineti əvəz edə biləcək ən müasir aparat alıb hədiyyə etdi.O, öz seçki dairəsindəki məktəblərdə oxuyan bütün şagirdləri tibbi sığorta etdirib. Məhz bunun nəticəsidir ki,yol qəzası zamanı şikəst olmuş bir qızın müalicəsi zamanı heç bir problem yaranmadı.Həmyerlimizin köməyi ilə müharibə və əmək veteranları üçünçox işlər görülüb.Azərbaycan diasporunun bu işə cəlb olunması nəticəsində veteranlar faktiki olaraq himayəyə götürülüblər.Hər il bayramlarda qocalar evinə hədiyyələr aparılır, konsertlər, görüşlər təşkil olunur. Veteranlar onubizim oğlumuz” – deyə çağırırlar. S.Məmmədovun fəaliyyəti ilə bağlı çoxlu belə faktlar var. Bu gün İvanovo şəhərində “Millətlər evi” fəaliyyət göstərir. Vilayətdə bu ideyanın təşəbbüskarı da Azərbaycan diasporu olub. “Millətlər evi”ndə tez-tez dəyirmi stollar, brifinqlər, görüşlər, konsertlər, sərgilər təşkil edilir. Burada ayrı-ayrı millətlərin milli bayramları və yaradıcılıq hadisələri qeyd olunur.

Heydər Əliyev Fondunun Rusiya şöbəsinin rəhbəri Leyla Əliyevanın İvanovo vilayətinə səfəri də yadda qalan hadisələrdəndir. Səfər zamanı vilayətin hakimiyyət orqanlarının rəhbərləri ilə danışıqlar aparıldı. Vilayətdə Azərbaycanlı gənclər klubunun yaradılması və gənclər siyasəti ətrafında məsələlər müzakirə olundu. Bildirildi ki Rusiyanın digər regionlarında da belə klublar yaradılıb. Qeyd olundu ki, bu, cəmiyyətdə tolerantlığın formalaşmasına, iki xalqın mədəniyyətinin yaxınlaşmasına xidmət edir.

Onu da qeyd edim ki, İvanovo vilayəti ilə Azərbaycan arasında əlaqələr sovet dövründə çox geniş idi. O zaman burada çoxlu fabriklər fəaliyyət göstərirdi. Mingəçevirdən, Sumqayıtdan, Bakıdan gənclər bura üz tutub kimyayüngül sənaye üzrə təhsillərini artırırdılar.Eyni zamanda Azərbaycandan bu şəhərə pambıq və sap göndərirdilər.Bu proses indidavam edir.

Həm bir deputat kimi, həm də ictimai xadim kimi S.Məmmədovun fəaliyyəti şəhər,vilayət və ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Özünün sülhməramlı və xeyriyyəçilik fəaliyyəti,gənc istedadlara və idmançılara göstərdiyi qayğıya görə, o, “Zvezda Mesenata” ordeninə və bir sıra fəxri fərmanlara layiq görülübdür. Həmyerlimizə həm də Rusiya Sülh Fondunun qızıl medalı verilib. 2006-ci ilin mart ayında Sərraf Məmmədov Rusiya və Azərbaycan xalqlarının mehriban qonşuluq siyasətinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Səfərimin ikinci günü İvanovo vilayətinin Koxma şəhərindən deputat seçilmiş digər həmyerlimiz Bəhmən Bəşirov diasporumuzun fəal nümayəndələrini və məni öz şəhərlərinə qonaq çağırdı. Axşam süfrə arxasından şeir məclisi düzənləndi. Həmyerlilərimiz doğulub boya-başa çatdıqları kənd haqqında, Vətən haqqında,onun barlı-bərəkətli torpaqları haqqında şeirləri dinlədikcə qürur hissi duyurdular. O qədər şən məclis idi ki,adam ayrılmaq istəmirdi.Mən isə qatarla Moskvaya, oradan isə Bakıya dönməli idi. Vağzalda sağollaşıb ayrıldığımız zaman tanınmış ictimai xadimdeputat Sərraf Məmmədovun uşaq kimi kövrəldiyini gördüm. Öz hisslərini sözlə ifadə etməsə də, ona dərindən bələd olan bir insan kimi gözlərindən təxminən bu sözləri oxuyurdum: “Bağ-bağçalarının səliqə-sahmanı,küçələrinin yaraşığı ilə göz oxşayan,ancaq illərdir üzünə həsrət qaldığımız kəndimiz düşdü yadıma. Bütün yollar, yamaclar, dağlar hamısı yadımdadır. Nə qədər ki, o torpaqlar geri alınmayıb mənəvi rahatlıq tapa bilmərəm.Yağı düşməni diz çökdürərək torpaqlarımızdan qovmaq bəlkə yaralarımıza məlhəm oldu...”

 

 

Süleyman ƏLİSA

 

525-ci qəzet.- 2011.- 5 iyul.- S.3.