Müslüm Maqomayevin Bakıda yaşadığı binanın önündə barelyefinin açılışı olub

 

Dünən Azərbaycanın dünya şöhrətli müğənnisi Müslüm Maqomayevin Bakıda yaşadığı binanın (Fikrət Əmirov, 1) üzərinə vurulmuş barelyefinin təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, üzərində görkəmli sənətkarın əksi olan barelyefin müəllifi xalq rəssamı Ömər Eldarovdur. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, rejissor Eldar Quliyev və digər tanınmış şəxslər iştirak ediblər. Mərasim Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısının sədaları altında başlanıb. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev barelyefin bu gün açılmasını tarixi hadisə kimi qeyd edib və bunun səbəbini açıqlayıb: “Bu gün çox sevimli insanımız, Müslüm müəllimin ömür-gün yoldaşı Tamara xanımın ad günüdür. Bu barelyef Tamara xanıma bir hədiyyədir.

Müslüm Maqomayev Azərbaycanın daima yaşayacaq sənətkarıdır. Onun səsi heç zaman qulaqlarımızdan getməyəcək və bu səs bizə hər zaman zövq verəcək”. Müslüm Maqomayevin böyük sənətkar olduğunu qeyd edən Fərhad Bədəlbəyli 2012-ci ildə sənətkarın anadan olmasının 70-ci ildönümünün tamamlanacağını diqqətə çatdırıb. F.Bədəlbəyli bildirib ki, o bu yubileyin yüksək səviyyədə və M.Maqomayevin adına layiq keçiriləcəyinə əmindir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə deyib ki, Müslüm Maqomayev Azərbaycan və Rusiya dostluğunun simvollarından biridir. Səfir sənətkarın Rusiyada çox sevildiyini vurğulayıb: “Mən uşaq yaşlarımdan Müslümün səsi ilə böyümüşəm. Hər zaman onun səsinə vurğun olmuşam və biz heç birimiz Müslümü özümüzə yad hesab etmirik, Müslüm bizim üçün çox doğmadır”. Sənətkarla uzun illər dostluq etmiş xalq artisti Eldar Quliyev isə çıxışına “Müslüm, evinə xoş gəlmisən” sözləri ilə başlayıb. O, M. Maqomayevin hər zaman ürəklərdə yaşayacağını vurğulayıb. Xalq artisti Xuraman Qasımova da sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Barelyefin müəllifi Ömər Eldarov bu işin onun adı ilə bağlı olmasından şərəf duyğunu vurğulayıb. Mərasimin sonunda çıxış edən Tamara Sinyavskaya Müslüm Maqomayevin heç zaman unudulmadığından və onun adının daima yüksək tutulduğundan məmnun olduğunu dilə gətirib: “Bu ünvan mənim həyatımdır. Həyatımda heç bir şeyi unuda bilmərəm. Çox sevinirəm ki, Müslüm hər zaman böyük hörmətlə anılır. Buna görə şəxsən ölkə başçısı İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıq edirəm”.

 

 

525-ci qəzet.- 2011.- 7 iyul.- S.4.