Əslində...
ARAZ ZEYNALOVUN YUBİLEYİNƏ
SÖZ DEMƏYİN ASANLIĞI VƏ ÇƏTİNLİYİ
Biz onunla
həmyaşıq... Bizimlə eyni yaşda olanlar ölkələri
idarə edir, dünyanın siyasi elitasında yer tuturlar. Görünür,
istedadlı nəsilmişik, ancaq hərəmizin
öz taleyi var... Kimi rəsmi məqamlarda
əyləşib dövrana hökm edir, kimi də dövranın hökmünə tabe olub özünün
sadə ömrünü yaşayır. Bizim kimi... Əslində, bunu elə-belə, sözgəlişi
yazdım. Məqsədim 61-lərin nəsə xüsusi bir təbəqə
olduğunu vurğulamaq
deyil. Sadəcə, bu
il biz əllini yola salırıq... Növbə ilə...
Bu
gün də Araz Zeynavloun 50 yaşı tamam olur.
Ötən
əsrin sonlarında adını ölkənin ən populyar qəzetləri
sırasına yazaraq, tarixə çevrilən “Panorama” qəzetinə
onun baş redaktor təyin edildiyi günləri
xatırlayıram. Mən o vaxtacan Araz Zeynalovu şəxsən
tanımırdım. Amma “Kommunist” qəzetində qısa
müddətdə onun atası, əsl ziyalı, əməkdar
jurnalist Hidayət müəllimlə birlikdə işləmək
nəsib olmuşdu mənə...
Bilirdim ki, Zeynalovlar ailəliklə jurnalistdirlər...
Hidayət
müəllimin həyat yoldaşı, “Kommunist”in
veteranlarından olan Məryəm xanım, onların iki
oğlu, gəlinləri...
Və mütləq qeyd
olunmalıdır ki, bu ailənin üzvlərinin Azərbaycan
jurnalistikasında tarixən özünəməxsus xidmətləri
olub və indi də vardır.
...”Panorama”
qəzeti cəmi altı aydı işıq üzü
görürdü. Bu qısa müddətdə iki baş
redaktor dəyişmişdi təsisçi...
Hər ikisi tanınmış jurnalist
idi. Amma qəzetin məram
və məqsədini
gözlənilən və
istənilən formada
gerçəkləşdirə bilməmişdilər. Hər
halda belə güman olunurdu...
Məni
ikinci baş redaktor – rəhmətlik Aqşin Kazımzadə
götürmüşdü işə...
Çox
istedadlı jurnalist Faiq Novruzla (hazırda AzTV-də işləyir)
eyni gündə gəlmişdik və iki ay olardı redaksiyada
başımızı girləyirdik...
Nədən ki, redaksiya
üçün prioritet rus variantı idi və bizdən də
elə ciddi bir yaradıcılıq tələbi olunmurdu. Hərçənd,
Azərbaycan variantı üzrə baş redaktorun müavini,
dünyasını vaxtsız dəyişmiş istedadlı
jurnalist Adil Qaçayoğlu hər vəchlə
çalışırdı ki, bizi də bu prosesə
qoşsun. Öz tərəfimdən deyirəm, alınmırdı...
Araz Zeynalovun baş redaktor təyinatı mənim redaksiyada
olmadığım günlərdə baş vermişdi.
1996-cı ilin may ayının əvvəlləri idi...
Yeni
iş həftəsi yeni baş redaktorla başlanırdı və
əslində, mən özümə iş axtarmalı
olacağımı düşünürdüm... Amma qəzet,
onun üçün ayrılmış, “ömür müddəti”ni
başa çatdırana qədər – dörd ilə yaxın
burada işlədim. Bu müddətdə redaksiya daxilində
“irəli çəkilən”, bəlkə də yeganə əməkdaş
oldum: şöbə müdiri, baş redaktorun müavini, hətta
baş redaktor əvəzi... Hə, elə bir məqam oldu ki,
mən müvəqqəti Arazı da əvəz etməli
oldum...
Üstündən on iki – on üç
il keçir.
“Panorama”da bu
gün də çox böyük məmnunluqla yada düşən xoş anlar yaşadığıma,
ürəyimcə jurnalist
fəaliyyəti göstərdiyimə,
o redaksiyada etibarlı
dostlar qazandığıma
görə heç vaxt ona təşəkkür
eləməmişəm. İndi edirəm...
Əslində, Arazın tək mənə
yox, bizimlə birlikdə işləyənlərin
hamısına ilk gündən eyni hörmət, eyni səmimiyyət,
eyni etibarla yanaşdığını görmüşəm.
Əməkdaşlarının sayı, az qala, yüz nəfərə
çatan, hər gün iki dildə nəşr olunan, cəmiyyətdə
böyük nüfuz qazanmış bir qəzetin baş
redaktorunun bu qədər əlçatan olmasını təsəvvür
etmək çətindi. Onun kabinetinə daxil olmaq
üçün köməkçisinə müraciət etmək
və ya qapısını döymək heç kimin
ağlına gəlmirdi...
O
qapı hamımız üçün, Arazın həssas qəlbi
kimi, daim açıq idi...
Mən onun əməkdaşlardan kiməsə
qəzəbləndiyini, hirslə irad tutduğunu, bəzi
redaktorlar kimi, yazısını başına
çırpdığını heç görmədim. Arazın
yüksək əxlaqlı davranışı,
ziyalılığı, təmkinliliyi və ədalətliliyi
qarşısında onu təkcə rəhbər deyil, həm
də əsl dost və qayğıkeş həmkar kimi saymaq,
hörmətini saxlamaq bizim hər birimizin borcu idi...
Əksərən də, o borcu
layiqincə yerinə yetirirdi...
Araz redaksiyada yaşlı və təcrübəli
işçilərlə gənclər və yeni yazmağa
başlayanlar arasında elə dəqiq tənasüb
yaratmağa nail olmuşdu ki, bu, “Panorama”nın yetkin bir qəzet
kimi, indi də vicdanlı həmkarlarımızın etiraf
etdiyi, uğurlarının, bəlkə də, ən
mühüm şərti idi... Bir əhvalat yadıma
düşdü... Araz “Panorama”ya yenicə baş redaktor təyin
edildiyi vaxtdı. Müxtəlif dostlar ona öz
tanışlarını işə götürmək
üçün xahişlər edirlər. Hər gün belələri
gəlir, Araz onlarla söhbət edir, kimisini işə
götürür, kimisini yola verir... Və yenə qapı
açılır, gənc bir oğlan onun
qarşısında dayanır. Araz başını redaktə
etdiyi yazıdan qaldırmadan, “səni kim göndərib” deyə
soruşur. Həmin gənc “Məni Allah göndərib” deyir və
institutda oxuduğunu, qəzetdə işləmək istədiyini
bildirir. Araz onu dərhal işə götürdü və
jurnalist olması üçün xeyli əziyyət də
çəkdi. Çox maraqlı gənc idi, amma Allahına
arxayın olub, öz üzərində işləmədi və
jurnalistikadan da vaxtında uzaqlaşdı...
Amma
o da jurnalistikada yaşadığı və qədrini bilmədiyi
günlərə görə Araza minnətdar
olmalıdır... “Panorama”nın “şinel”i çox
böyük idi, burdan bir-iki təsadüfi adamın
çıxması da təbiidir. İstedadlı və indinin
özündə də mətbuatda söz sahibi olan
tanınmış şəxslərin isə sayı
onlarcadır. Eləsi var, qəzetə özünün zəngin
təcrübəsi ilə gəlmişdi və burada qələmini
daha da “itiləşdirdi”, nüfuzunu daha da artırdı. Eləsi
var, “Panorama” onun ilk iş yeri, ya da ilk sanballı iş yeri idi
və burada o, jurnalist kimi özünü təsdiqləyib,
sonrakı yaradıcılıq karyerası üçün təcrübə,
peşəkarlıq qazandı. “Panorama”da Arazın baş
redaktorluğu dövründə işləyənlərdən
bəzilərinin adlarını çəkəcəyəm:
böyük jurnalist-publisist, ikiqat əməkdar mədəniyyət
işçisi Şakir Yaqubov, əməkdar jurnalistlər
Xanlar Məmmədov, İlqar Hüseynov, Ağasəf Babayev,
tanınmış qələm sahibləri Müsəllim Həsənov,
Rövşən Binnətli, Faiq Novruzov, Süleyman
Qaradağlı, Mətin Yaşaroğlu, Şərif
Ağayar, Seymur Elsevər, İlhamə Novruzova, Aida
Eyvazlı...
O vaxt bizimlə birgə işləyənlərdən
indi Rüfət Gülməmmədov, Ayaz Qocayev kimi dövlət
qulluğunda olanlar da var...
Əminəm
ki, onların da hər biri Araz Zeynalovla birgə işlədikləri
dövrü həm könül xoşluğu ilə, həm də
minnətdarlıq hissi ilə xatırlayırlar. Deyəsən,
“Panorama” ilə bağlı nostalji hisslərə
qapılıram və Araz Zeynalovun ondan əvvəl və sonra
da böyük jurnalistikada öz sözünü dediyini yaddan
çıxarıram. “Azərbaycan gəncləri” qəzetində
onun müxbirlikdən baş redaktorluğa qədər
yaradıcılıq yolu keçdiyini mütləq deməliyəm.
Araz bizim gəncliyimizin qəzeti olan o unudulmaz nəşrdə
özünün peşəkarlığını təsdiqləmişdi...
İndi uzun illərin işsizliyindən
sonra çalışdığı internet-qəzeti –
“vesti.az”ı da cəmi bir il ərzində necə
populyarlaşdırdığını görürük. Araz
bununla bir daha sübut elədi ki, istedadlı adam işsiz qalar
bilər, amma izsiz qala bilməz!
...Mən bu qeydləri darmacalda
yazdım. Yazılmalı, xatırlanmalı o qədər
unudulmaz məqamlar vardı ki, onlara toxuna bilmədim. ...Bəlkə
də Arazı yüksək dəyərləndirən
dostlarımın iradlarını eşidəcəyəm. ...Əslində,
onlar da bu yubileyə söz deməliydilər.
...Qalsın, gələn yubileyə!
Mən onların da adından deyirəm: 50 yaşın mübarək,
qardaş!
Elşən ƏLİYEV,
“Azərbaycan işıqları” qəzetinin
baş redaktoru
525-ci qəzet.- 2011.- 4 iyul.- S.4.