“Azərbaycan diasporunun siyasi fəaliyyətlə geniş məşğul olması günümüzün tələbidir”

 

HEYDƏR İMANOV: “KONKRET RUSİYADA BU MƏQSƏDLƏ BÜTÜN SİYASİ, İQTİSADİ RESURSLARDAN İSTİFADƏ ETMƏLİYİK”

 

Dünya Azərbaycanlılarının üçüncü qurultayı başa çatdı. Qurultayın sonunda bir sıra vacib qərarlar qəbul olundu. Qurultay iştirakçısı olan Sankt-Peterburq Smolnı Universitetinin rektoru, professor Heydər İmanov “525”ə müsahibəsində tədbirlə bağlı fikirlərini bölüşüb. H.İmanov Rusiyada Azərbaycanın tanınmış və nüfuzu olan elm adamlarından biridir. O, 2004-cü ildən bu təhsil müəssisəsində fəaliyyətə başlayıb və universitet Rusiya Təhsil Akademiyasının nəzdindədir. Bu akademiya Rusiyada ən böyük elm mərkəzidir. Soydaşımızın rəhbərlik etdiyi qurum hazırda həm Rusiya, həm də MDB dövlətləri arasında tanınmış universitetdir.

–Heydər müəllim, Dünya Azərbaycanlılarının üçüncü Qurultayının əhəmiyyətini necə qiymətləndirirsiniz?

–Hesab edirəm ki, ümumiyyətlə belə qurultayların diasporanın inkişafı, daha fəal çalışması üçün böyük əhəmiyyəti var. Çünki həm dövlət başçısının çıxışı, həm də sonda qəbul edilən qərarlarla diaspor qurumlarının yeni vəzifə və öhdəlikləri müəyyən olunur. Bilirsiniz ki, Azərbaycan diasporunun formalaşması elə də böyük tarixi əhatə etmir. 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində baş verən hadisələr bir çox soydaşlarımızı ölkəni tərk etmək məcburiyyətində qoydu. 86-93-cü illərdə mən Azərbaycanda işləmişəm. Bir müddət Yüngül Sənaye Nazirliyində, sonra isə Gəncə Çini qablar zavodunda baş direktor vəzifəsində çalışmışam. O vaxtlar artıq Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanlarımızı qəbul edib onları yataqxanalarda yerləşdirirdik. Onda Rusiyaya üz tutan azərbaycanlıların sayı daha artıq idi. Bu da təbiidir, çünki 200 illik tariximiz Rusiya ilə bağlı olduğundan soydaşlarımızın bu ölkəyə adaptasiyası daha asan idi. O zaman həm də diasporanın yaranması məsələsi gündəmə gəlmişdi. Ötən iyirmi ildə çox dəyişikliklər baş verib. Bu isə özünü başqa sahələrlə yanaşı diaspora fəaliyyətində də göstərib. Amma mən diasporamızı daha güclü, təşkilatlanmış şəkildə görmək istərdim.

–Qeyd etdiyiniz kimi Rusiyada azərbaycanlılar həm uzun müddətdir yaşayırlar, həm də sayları daha çoxdur. Buna baxmayaraq orda azərbaycanlılara bazarlarda çalışan təbəqə kimi kimi baxırlar. Siz isə bu ölkədə Azərbaycanın elmi potensialını, ziyalı təbəqəsini təmsil edirsiniz. Ümumiyyətlə, Azərbaycanın elmi potensialı Rusiyada necə təmsil olunub?

–Azərbaycanlılar işgüzar insanlardır. Harada yaşamalarından asılı olmayaraq zəhmət çəkib istəklərinə nail olurlar. Düzdür, azərbaycanlıların bazarlarda işləmələri barədə biz də çox eşidirik. Amma bu gün Rusiyada çox savadlı müəllimlərimiz, alimlərimiz var. Sankt-Peterburqda 50 nəfər azərbaycanlı elmlər doktoru, yüzlərlə elmlər namizədi var. Onların içərisində elələri var ki, təkcə Rusiyada yox, dünyada tanınır. Bunların təbliğatı üçün əlimdən gələni etmişəm. Soydaşlarımız barəsində alverçi imicinin formalaşmasının səbəblərindən biri də alimlərimizi tanıtmamaq, onları təbliğ etməməkdir. Azərbaycanlılar elmlə məşğuldurlar. Alverçiləri isə həyat buna məcbur edir. Onlara istiqamət, dəstək verilsə, gedib alverlə məşğul olmazlar. Azərbaycanlıları bazar adamı kimi tanıtmaq düzgün deyil. Çünki Sankt-Peterburqda azərbaycanlılar arasında iri müəssisə direktorları, biznesmenlər var. Azərbaycan yeməkləri bütün dünyada sevilir. Təsəvvür edin, Sankt-Peterburqdakı bütün millətlərin restoranlarının çox faizi azərbaycanlıların payına düşür. Hətta ölkəmizdən gələn yəhudi, ruslar belə Azərbaycan yeməklərindən ibarət restoranlar açırlar. Çünki yeməklərimiz bütün dünyada çox sevilir. Bu yaxınlarda Sankt- Peterburqda Azərbaycan Sahibkarlar və İnvestorlar Birliyi yaradılıb. Hesab edirəm ki, bu qurum vasitəsilə azərbaycanlı iş adamları daha təşkilatlanmış sahibkarlıq fəaliyyəti göstərə biləcəklər. Azərbaycan diasporu bütün siyasi və iqtisadi resurslardan istifadə etməlidir.

Mən elmlə məşğul olan adam kimi deyə bilərəm ki, orada bu sahədə olan nailiyyətləri Azərbaycana daşıya bilərik. Çünki Sankt-Peterburqda elm sahəsində yüksək inkişaf var. Biz də elmi tədqiqat işlərində irəli getməliyik. Mən 2004-cü ildə təhsil barədə təkliflərimi verdim. Təkliflərim əsasən Azərbaycanda, özü də Bakıda deyil, başqa bir iri şəhərdə elmi tədqiqat mərkəzinin yaradılmasından ibarət idi. Ona görə başqa şəhər deyirəm ki, paytaxta regionlardan axın çoxdur. Belə mərkəzin yaradılması ilə həm də o axının qarşısını almaq mümkün olardı. Çünki axının olması sosial, ekoloji, hətta siyasi problemlər yaradır. Digər tərəfdən hər torpağın öz şirinliyi var və hər kəs öz torpağında qalıb çalışmalıdır. Rusiyada böyük elmi tədqiqat mərkəzləri var. Amma yeniləri də yaradılır. Çünki təbii sərvətlər tükənir, elmi potensialı isə inkişaf ettirmək lazımdır.

– Bəs azərbaycanlıların Sankt-Peterburqda ümumi vəziyyətləri necədir?

– İndi azərbaycanlılar bizneslə daha çox məşğuldurlar. Əvvəl bazardan başlayıb, sonra uğurlu biznesmenə çevrilən soydaşlarımız var. Onların bu şəhərdə iri ticarət mərkəzləri var. Əminəm ki, getdikcə soydaşlarımız barədə daha gözəl fikirlər yayılacaq. Düşünürəm ki, informasiyanı təşkil etmək lazımdır. Bizim təşkilatlanmamız təəssüf ki, hələ ermənilərə və yəhudilərə nisbətən zəifdir. Biz heç kəsə pislik etmirik, amma millətimiz barədə pis fikir yaratmağa çalışırlar, dezinformasiyalar verirlər. Buna görə, qurultayda da vurğulandığı kimi güclü olmaq üçün informasiya müharibəsini gücləndirməli, bu məqsədlə daha çox vəsait ayrılmalıdır. Onda uğurlarımız da çox olar.

– Yeri gəlmişkən, prezident çıxışında soydaşlarımızı yaşadıqları ölkələrin siyasi həyatında fəal iştiraka çağırdı. Azərbaycanlıların Rusiyanın siyasi həyatında rolunu necə qiymətləndirirsiniz?

– O qədər yüksək qiymətləndirmirəm, demək olar ki, bu fəaliyyət sıfır səviyyəsindədir. Məsələn, Rusiya Dumasında erməni deputatlar var, regionlarında da həmçinin. Sankt-Peterburqda 400 min azərbaycanlı yaşayır, bu hər 12 nəfərdən birinin azərbaycanlı olması deməkdir. Amma heç olmasa 50 deputatdan biri azərbaycanlıdırmı, yox. Ona görə, siyasi fəaliyyətlə geniş məşğul olmaq lazımdır. Çünki bu, günümüzün tələbidir.

– Bəs Azərbaycan diasporası qarşısında duran hansı yeni hədəfləri vurğulamaq olar?

– Diasporamız daha fəal və güclü olmalıdır. Bu gün torpaqlarımızın 20 faizi işğal olunub. Bütün dünya bilməlidir ki, ermənilər təcavüzkardır. Ermənilər hər yerdə belə rəy yaratmağa çalışırlar ki, biz, azərbaycanlılar köçəri millətik və onların torpağını tutmuşuq. Bu fikri tam dəyişdikdən, alt-üst etdikdən sonra biz müharibə yolu ilə torpaqlarımızı azad edə bilərik və bütün dünya da bizim tərəfimizdə olar. Bəzə elə düşünürük ki, Qarabağ problemini, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıra bilmişik və bu bizi arxayınlaşdırır. Amma nə qədər çox çalışsaq da hesab etməliyik ki, hələ görəcəyimiz işlər çoxdur, xaricdə informasiya mübarizəsini gücləndirməliyik. Bunun üçün təbii ki, pul lazımdır həm diaspora, həm dövlət vəsaiti hesabına bu işləri görməliyik. Diaspora daha çox siyasi fəaliyyətlə məşğul olmalıdır. Konkret Rusiyada bu məqsədlə bütün siyasi, iqtisadi resurslardan istifadə etməliyik.

– Rəhbərlik etdiyiniz universitetin fəaliyyəti barədə nə deyə bilərsiniz? Azərbaycanda bu təhsil ocağının filialının açılması gündəmdədirmi?

– Bu gün təəssüf ki, dünyada fundamental təhsil unudulmaqdadır. Fundamental təhsilə qayıtmaq lazımdır və bu xüsusilə humanitar elmləri, kulturologiya, fəlsəfə, psixologiya, pedaqogikanı əhatə edir. Bunlar Azərbaycanda lazımsız fənlər kimi dərsliklərdən çıxarılır, bu düzgün deyil. Çünki insanın gələcəyinin zəmanəti bunlardır. Dəqiq elmlər, riyaziyyat, fizika dəyişir və onları həmişə öyrənmək lazımdır. Amma bayaq sadaladıqlarım elmlərin surətlə dəyişən dünyada öyrənilməsi çox vacibdir. Universitetimizin bir təşəbbüsü də var ki, ona böyük maraq göstərilir. Bu xanımların təhsil alması, hazırlanması ilə bağlıdır. Qadınların təhsilli olması daha vacibdir. Çünki onlar dünyaya uşaq gətirir, onu tərbiyə edir. Ona görə ananın savadlı olması vacib rol oynayır. Bizim universitetdə bütün vacib ixtisaslar tədris olunur. Yaxşı təhsil, savad, psixoloji hazırlıq insanın gələcəyi üçün vacibdir.

Universitetimiz Bakı Slavyan Universitetində Rusiya Mərkəzi yaradıb. Bunu öz hesabımıza etmişik. Çox istərdim ki, Azərbaycan Neft Akademiyası Sankt-Peterburqda filialını yaratsın. Mən bizim institutun bazasında bunu yaratmağı təklif etdim. Çünki indi neft sahəsi üzrə oxumaq prestijlidir. Amma prosedurlar çətindir. Eyni zamanda sentyabrda Smolnı Universitetində Yunesko kafedrası açılacaq. İstərdik ki, orda Azərbaycan kafedrası da açaq. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqda olarkən onunla görüşdə qızlar gimnaziyası açmağı təklif etdim. Bu gün bizim qızları valideynləri 8-9 –cu sinifdən sonra Azərbaycanda oxumağa aparırlar. Ona görə də bu təklifi irəli sürdüm. Leyla xanım təklifimi maraqla qarşıladı. Əminəm ki, bu, baş tutacaq.

Smolnı universitetinin Bakıda filialın açılmasına gəlincə, biz bunu istədik, amma alınmır. Börokratik prosedurlar qoymur. Bizim məqsədimiz tək tədris yox, həm də elmlə məşğul olmaqdır. İndi dünya surətlə dəyişir, ona görə, müasir tələblərlə ayaqlaşmaq, biliyi yeniləmək lazımdır. Hansı xalq bu sürətlə ayaqlaşmasa, özünü xalq kimi saxlaya bilməyəcək.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 7 iyul.- S.3.