Yaddaşlardakı
əziz adam
Yurdu-yuvanı,
eli-obanı tanıdan həmişə onun övladları
olub. Coğrafi ərazi kimi Lerik rayonundakı Diabar
çökəkliyinin, qədim Zuvand torpağının
şöhrətli oğullarından biri də 2009-cu ildə səksən
dörd yaşında öz haqq dünyasına qovuşmuş,
bir vaxt yaşadığı Lerik şəhərində indi
adını daşıdığı küçə ilə
xatirəsi əbədiləşdirilən Həmzə Mirələm
oğlu Şıxəliyev olub.
Respublikanın əməkdar
jurnalisti, “Qızıl qələm” mükafatı laureatı,
tanınmış publisist Həmzə Vəliməmmədovun
bu yaxınlarda çapdan çıxmış “Elin unudulmaz
oğlu” kitabı da bu el ağsaqqalının şərəfli
və mənalı, gələcək nəsillərə
örnək olan ömür yoluna işıq tutur.
Kitabın
annotasiyasında qeyd edildiyi kimi müəllif Həmzə
Şıxəliyev barədə arxiv sənədləri, cəbhə
qəzetlərində bir vaxt ümumittifaq və respublika mətbuatında
dərc olunmuş yazılar, görkəmli hərb mütəxəssislərinin
xatirələri və məktubları,
sağlığında lentə köçürdüyü
söhbətlər əsasında bu kitabı qələmə
almışdır. Elə bəri başdan da bir oxucu kimi deyək
ki, H.Vəliməmmədov öz qəhrəmanının uzun
ömür yolunun ən yaddaqalan epizodlarını qələmə
almaqla bu el ağsaqqalının, keçmiş
döyüşçünün, 70 ilə yaxın sovet və
təsərrüfat orqanlarında rəhbər vəzifələrdə
çalışmış bir insanın şəxsiyyət
kimi obrazını maraqlı ştrixlərlə, sadə və
oxunaqlı bir dil ilə yarada bilib.
“Kapitanın zəfər yolu” sənədli
povestində H.Şıxəliyev Böyük Vətən
müharibəsinin hələ lap əvvəllərində
sıravi əsgər kimi könüllü davaya yola
düşərək 1946-cı ilin payızında kapitan
rütbəsində sinəsi orden-medallı Vətənə
geri dönən bir cəsur döyüşçünün
Mozdokdan başlayıb Berlində qələbə ilə
tamamlanan qanlı-qadalı cəbhə yollarından söz
açır.
“Qələbəni
Berlində qarşılayan Həmzə Şıxəliyevi
bir gün hərbi hissənin komandiri yanına
çağırır. Polkovnik əllərini dən
düşmüş saçlarında gəzdirə-gəzdirə:
– Kapitan, Berlinin alınmasında qəhrəmanlıq
göstərən zabitlərin 3 nəfəri yüksək
dövlət mükafatlarına təqdim olunur. Onların
arasında siz də varsınız. Şəxsi işinizi nəzərdən
keçirəndə “ÇP” ilə rastlaşdıq: rotada
xidmət edən bir əsgəri vaxtilə döymüsünüz.
Bu, yüksək dövlət mükafatı
almağınızı şübhə altında saxlayır.
Söhbət Sovet İttifaqı Qəhrəmanı adından
gedir. – Hadisə iki il əvvəl olub. Milli mənliyimizə
toxunduğuna görə əsgərə əl
qaldırmışam. Keçən müddətdə
“Qırmızı Ulduz”, I və II dərəcəli Vətən
müharibəsi ordenləri və bir neçə medalla təltif
edilmişəm, Ali Baş Komandanın təşəkkürlərini
almışam.
– Qafqazlılar bir az
çılğın olurlar. Gərək hadisənin səbəbləri
barədə vaxtında raport yazaydınız. Qalıb bəxtinizə...”
Aradan həftələr keçdi. Dövlət mükafatları barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları mətbuatda elan edildi. Müharibədəki rəşadətinə görə Həmzə Şıxəliyev Lenin ordeninə (Qızıl Ulduzsuz) layiq görülmüşdü. Kitaba ön söz yazmış Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı S.Qurbanovun da qeyd etdiyi kimi, müəllif qəhrəmanın həyat və döyüş yolunu epik təsvirlərlə, özünəməxsus poetik vasitələrlə qələmə alıb. Müharibədən sonra əmək cəbhəsində də zəfərlər çalan qalib döyüşçünün yaxasını yüksək dövlət təltiflərindən olan Oktyabr inqilabı ordeni bəzəyir. Sovet sədri, kolxoz və sovxozlara, rayon aqrar birliyinə rəhbərlik edən Həmzə Şıxəliyev həmişə ona göstərilən etimadı doğruldur, tapşırılan vəzifələri ləyaqətlə yerinə yetirir. Yeri gəlmişkən, kitabda bir vaxt Həmzə Şıxəliyevlə ünsiyyətdə olan, onu yaxından tanıyan adamların da xatirələri yer alıb və onlardan birinin – yazıçı-publisist Novruz Nəcəfoğlunun çox kövrək, lakonik, ancaq tutumlu “Yaddaşımdakı əziz adam...” esse-xatirəsində deyildiyi kimi, təsərrüfat başçısı olanda, rəhbər vəzifələrdə işləyəndə onun üçün plan və tapşırıqların yerinə yetirilməsi tərif eşitmək, təltif, mükafat almaq üçün deyildi, ondan ötrü idi ki, adamların günü-güzəranları yaxşılaşsın, qazancları çoxalsın. Kitabda Həmzə Şıxəliyevin dostlarının, qohumlarının, boya-başa çatdığı doğma Kələxanın və çalışdığı kəndlərin də ziyalılarının xatirələri, arxivlərdən götürülmüş sənədlərin, bir vaxt “Oqonyok” jurnalında çap olunmuş məqaləsinin, orden və medallarının foto surətləri, ailə albomundan şəkillər də verilmişdir. Həmzə Şıxəliyev dostluğa sədaqətli və etibarlı bir insan idi. Kitabda el ağsaqqalı Həmzə kişinin xalqımızın görkəmli övladları, məşhur alimləri olan Həsən Əliyev, İmam Mustafayev, Mirəli Axundov və Qara Mustafayev ilə də mehriban dostluqlarından səmimi bir dil ilə söz açılır. Bu oxucu qeydlərimi yuxarıda adını çəkdiyim yazıçı-publisist Novruz Nəcəfoğlunun “Yaddaşımdakı əziz adam...” esse-xatirəsindəki cümlələrlə tamamlayıram: “2009-cu ilin yayında Həmzə əmi əbədiyyətə qovuşdu. Kələxana getdim. Hüznlə məzarını ziyarət etdim. Həmzə əmi ilə bağlı neçə-neçə xatirə yadıma düşdü. Və bir də Nazim Hikmətin bir kəlamını xatırlayıram: “Yer kürəsi ancaq yaxşı insanların sayəsində fırlanır”. Elə bil böyük şair bu sözləri həm də Həmzə əminin ünvanına söyləmişdi. Min rəhmət!”
Aydın
TAĞIYEV,
AYB-nin üzvü
525-ci qəzet.-
2011.- 9 iyul.- S.27.