Qərib
axşamların günəş payı
Jurnalistikaya aid mövzuları bir qayda olaraq üç hissəyə bölürlər. Birinci: dövrün əsas mövzuları. Aydın məsələdir ki, hər dövrün özünün baş mövzuları var. Bunlar o mövzulardır ki, həmin dövrdə yaşayan insanları daha çox maraqlandırır, narahat edir, düşündürür, və ya dövrə xas olan əsas prosesləri əks etdirir. Məsələn, qloballaşma, istiləşmə, Qarabağ problemi – dövlətin ərazi bütövlüyü və s. yaşadığımız dövr üçün səciyyəvi olan əsas problemlərdəndir. İkinci: Gündəlik mövzular. Bu kateqoriyaya gün və yaxud həftə ərzində baş verən, ictimaiyyətin diqqətini özünə cəlb edən hadisələri aid etmək olar. Məsələn, rəsmi səfərlər, zirvə toplantıları, festivallar, konfranslar, müəyyən əhəmiyyət kəsb edən cari tədbirlər, diqqət çəkən kriminal xarakterli hadisələr və s. bu cür mövzulardandır. Üçüncü: Əbədi mövzular. Həyat, ölüm, məişət məsələləri, sevgi-nifrət, vətən-qürbət və s. həmin tipli mövzulardandır. Mənə elə gəlir ki, əbədi mövzularda işləmək xeyli çətin və qəlizdir. Çünki əbədi olaraq həmin mövzular işlənib və işlənir... Deyilən deyilib...
Amma mahir jurnalistlər bu sahədə yeni fikri, deyilməmiş sözü həmişə tapa bilirlər.
Yusif Günaydın bir sözadamı kimi əsasən əbədi mövzular sahəsində işləyən, araşdıran, araşdıra-araşdıra həmin mövzu orbitində yüksək səviyyədə ixtisaslaşan jurnalistlərdəndir.
Hazırda ömrünün qızıl dövrünü yaşayan, təcrübəli Yusif Günaydın İctimai Televiziyada həmin əbədi mövzuya sadiq qalaraq “Qərib Axşamlar” verilişini aparır. Birinci kanalın ekranından xaricdə yaşayan soydaşlarımızla ünsiyyət yaradır, həmsöhbət olur, onların fikirlərini dinləyir, fikir söyləyir, dərdlərini yüngülləşdirir, qısası, qürbətdə yaşayan azərbaycanlıların qərib axşamlarına gündüzdən verilişə hazırlaşarkən qəlbinə hopdurduğu Azərbaycan günəşinin işığını saçır. Əminəm ki, “Qərib Axşamlar” efirdə olduğu vaxt ərzində xarici ölkələrdə televizor qarşısında oturan hər bir soydaşımızın evinə, mənzilinə, gözlərinə, ürəyinə Birinci kanalın ekranından həmin nur, Azərbaycan günəşinin işığı bolluca-bolluca yayılır, qərib axşamları, doğrudan da, nura, vətən nuruna bələyir.
Haqqa haqq deyən həmkarlarımızın fikrincə, verilişi Yusif Günaydın aparırsa, orada hər şey gün kimi aydındır. Çünki veriliş boyu aləmə İctimai Televiziyanın gözü ilə baxan Yusif müəllim xaricdə yaşayan soydaşlarımıza əcnəbi vətəndaş kimi baxmır, onlara doğmaları kimi, əziz soydaşları kimi, bütöv Azərbaycan xalqının ayrılmaz bir hissəsi kimi baxır. O, bir öncül Azərbaycan ziyalısı kimi yaxşı bilir ki, hər insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Tamaşaçı da onun bu mövqeyini, belə düşündüyünü hiss edir, jurnalistin baxışlarından oxuyur, ürəkdən qopan sözlərindən duyur. Və beləliklə, növbəti dəfə Azərbaycan torpağının ətrini, günəşinin işığını həyat elikseri kimi qəbul edir.
Böyük alman filosofu Artur Şopen Hauerin belə bir fikir söyləyir: Əgər bir hökmdarı üç gün ərzində təqibə məruz qoysalar, üç gündən sonra onu tutsalar, o hökmdar olduğunu unutmuş olar. Yox, əgər təqibə məruz qalan hökmdarın yanında ona tez-tez “əfəndim” deyə, müraciət edən adam varsa, həmin hökmdarı üç ildən sonra da yaxalasan, o, hökmdar olduğunu biləcək. Biləcək, çünki bunu ona xatırladan var.
Birinci kanalın səciyyəvi verilişlərindən olan “Qərib axşamlar” xaricdə yaşayan soydaşlarımıza müntəzəm olaraq azərbaycanlı olduqlarını xatırladır, onları daşıdıqları bu ada layiq olmağa çağırır. Başlarına sığal çəkir və vətən qayğısı göstərir, onların qərib axşamlarını doğmalıq nuru ilə işıqlandırır. Bax, buna görə də hələ ki, belə ruhda hazırlanan, bu cür zəka ilə ərsəyə gələn, belə peşəkarcasına çatdırılan veriliş var, söz var, səs var, qürbətdə yaşayan azərbaycanlılar yüz il də keçsə, əcnəbiləşməyəcəklər, öz simalarını, əqidələrini dəyişməyəcəklər, daim azərbaycanlı – bu ulu soya layiq azərbaycanlı olduqlarını biləcəklər.
Rus filosofu Nikolay Berdyayev deyir, milli mənsubiyyət Tanrının insan qəlbinə əkdiyi sirdir. Tanrının əkdiyini bəsləmək, qayğısını çəkərək cücərtmək, böyük savab işdir.
Bu yazıda işıqdan, günəşdən çox bəhs etdim. Bu da təbiidir. Qürbətdəki soydaşlarımızın qərib axşamlarını (doğrudan da, vətən həsrəti, yurd nisgili axşamlar lap güclü olur) yalnız vətən günəşi işıqlandıra bilər. Yeri gəlmişkən, sözümü, hələ özüm də qürbətdə yaşadığım zamanlar yazdığım iki bəndlik şeirlə bitirmək istəyirəm:
Danılmaz əmlakım – köhnə köynəyim,
Onu dəlib-deşən qəm adlı oxdur.
Ölərdim vətənçün, amma neyləyim,
Uğrunda ölməyə vətənim yoxdur.
Qürbətdən-qürbətə xeyli dolaşdım,
Daim danılmaqdan şəkləndim, qorxdum.
Ayağımda gələn torpaqdan, qumdan
Yurd yapdım göyündə günəşi yoxdur.
Əslində göy üzündə günəş birdir. Amma o günəşdə hər millətin, hər məmləkətin öz payı var. Yusif Günaydın İctimai Televiziyanın “Qərib axşamlar” verilişinin vasitəsilə xaricdə yaşayan soydaşlarımızın günəş payını çox məharətlə, çox səxavətlə çatdırır.
Allah Azərbaycan günəşini heç bir azərbaycanlının başının üstündə söndürməsin.
Mən də, “Qərib axşamlar”dan sonra səhər günəş asimana qalxanda Yusif müəllimi görüb deyim:
Günaydın, Günaydın!
İmir Məmmədli
525-ci qəzet.-
2011.- 9 iyul.- S.24.