Bir ömrün salnaməsi

 

Filosofların təəbirincə, insan həyatı böyük bir ömür kitabıdır. Onu vərəqləmək hər bir insan üçün maraqlıdır. Belə “kitab”ların heç biri digərinə bənzəmir. Onların ədəbi-bədiisi də var, siyasi olanı da, kriminalı da. Bir sözlə, hər bir sahəni əhatə edən ömür kitablarına rast gəlmək olar. Bu “kitab”lardan bəzilərini oxumaq həm haqqında yazılan üçün, həm də oxucular üçün maraqlı olur. Bəzən də elə “kitab”lar olur ki, heç sahibi belə onun bir səhifəsini də olsa, geri çevirmək istəmir. Çünki orada ürək açan bir sətrə rast gəlmək mümkün deyil. Amma elə “kitab”lar da var ki, onun sahibi öz “əsəri” ilə hər zaman fəxr edir. Belə “əsər” müəlliflərindən biri də Sosialist Əməyi Qəhrəmanı, əməkdar müəllim, Prezident təqaüdçüsü, psixologiya elmləri doktoru İsa Məmmədov olub.

İ.Məmmədov 1926-cı il iyul ayının 11-də Şərur rayonunun Aralıq kəndində, bölgədə böyük nüfuza malik bir ailədə dünyaya göz açıb. Atası Məşədi Əli Əkbər oğlu partiya sıralarına daxil olaraq, kənddə kolxoz quruculuğunun təşəbbüskarlarından biri, sonralar Aralıq kəndində təşkil olunan kolxozun ilk sədri olub. Dinə olan böyük inamına, adət-ənənələrimizə bağlı insan olduğuna görə, kənd adamları ona xüsusi hörmət bəsləyib. Anası Xanım Maqsud qızı isə təbiətinə görə mülayim, xoşxasiyyət, çox mehriban bir insan olub. O da həyat yoldaşı kimi partiya sıralarına daxil olub. Bacarığına və qabiliyyətinə görə Məşədi Əli kolxoz sədrliyindən çıxandan sonra onun yerinə Xanım Maqsud qızı seçilib. Sonralar o, Ali Sovetin deputatı olmaqla yanaşı, dövlət tərəfindən bir sıra orden-medallarla da təltif olunub. 1942-ci ildə müharibənin çətin dövründə isə Stalinin çağırışından sonra Xanım ana müdafiə fonduna 350 min rubl pul köçürüb. Bir müddət keçəndən sonra onun adına Stalinin imzası ilə cavab məktubu gəlib. Məktubda bildirilib ki, göndərilən vəsait hesabına düşmənə qarşı döyüşmək üçün tank alınıb. Xanım ana sonralar Aralıq kəndində savadsızlığı ləğv etmək məqsədilə 10 il xüsusi kurslar təşkil edib. Məhz belə bir ailədə böyüməyi sözsüz ki, İ.Məmmədovun dünyagörüşünə, inkişafına çox təsir edib.

İ.Məmmədovun tərbiyəsinə atası daha çox vaxt ayırıb. Onun bir ziyalı kimi böyüməyinə bütün imkanlarını sərf edib, təhsili ilə daha çox maraqlanıb. Aralıq kəndində beş il oxuyandan sonra İ.Məmmədovun təhsilini davam etdirmək zərurəti meydana gəlib. O zaman çətin dövr olmasına baxmayaraq, atası bu yoldakı bütün çətinliklərə əhəmiyyət verməyib. Qışın şaxtasında, boranında da hər səhər sübh tezdən atası onu öz kəndlərindən 5-6 kilometr uzaqda yerləşən qonşu kənddəki məktəbə aparıb. Məktəbdə öyrəndikləri ilə bərabər, atası oğlunun dünyagörüşünü daha da artırmaq məqsədilə çoxlu qəzetlər alıb, onları İ.Məmmədova mütaliə etdirib.

İ.Məmmədovun 15 yaşı olar-olmaz müharibə başlayıb. Kəndin təpərli kişiləri müharibəyə səfərbər olunub. Nə qədər çətin günlər olsa da insanlar dözümlərinin hesabına yaşayıb. Kənd-kəsəkdəki adamlar bir-birinə daha çox həyan olub, çətinliyi əritmək üçün doğmalaşıblar. Hamı hiss edib ki, bu bir adamın, bir ailənin çətinliyi deyil. Elə o andan İ.Məmmədov da özünü işgüzar adamların, iş qabiliyyətli kişilərin arasında hiss edib.

İ.Məmmədov 1944-cü ildə onuncu sinifdə oxuyarkən komsomol fəalı kimi məktəbdə yaxşı tanınıb. Həmin il Şərur Rayon Komsomol Komitəsinin konfransında iştirak edib. Konfransda çıxış edərkən cəsarət nümayiş etdirərək, rayon komsomol komitəsinin işini tənqid edib. Bildirib ki, rayon komsomol komitəsinin birinci katibi təkcə işini yarıtmaz qurmayıb, həm də səhlənkardır. Onun etdiyi hərəkətlər, gördüyü işlər komsomolun şərəf və ləyaqəti ilə bir araya sığmır. Bu çıxışdan sonra seçki yolu ilə birinci katib vəzifədən azad edilib. Rayon Partiya Komitəsinin birinci katibi cəsarətinə və çevikliyinə görə, 112 kəndi olan Şərur Rayon Komsomol Komitəsinin birinci katibliyinə İ.Məmmədovun namizədliyini irəli sürüb. Seçki yolu ilə o, 18 yaşında bu vəzifəyə seçilib. Həmin vaxt atası İ.Məmmədovu təbrik edərkən zarafatla deyib ki, hə, bu gün Şərurda, sabah Naxçıvanda, belə getsə sonra da lap Bakıda-Mir Cəfər Bağırovun yanında işləyərsən. Sırf zarafatla deyilən bu söz sonralar həqiqətə çevrilib.

O illərdə komsomol təşkilatlarının üzərinə daha böyük vəzifələr düşdüyündən komsomollar adamların quruculuq işlərinə səfərbər olunması üçün geniş təbliğat işləri aparıblar. İ.Məmmədov da ömrünün ən enerjili çağlarını işi ilə təhsilinin paralel aparılmasına sərf edib. Buna görə də 1944-45-ci illərdə Qafqazın müdafiəsinə və faşizm üzərində qələbəyə görə döş nişanına layiq görülüb. Sonralar bacarığı və işgüzarlığı nəzərə alınaraq, Moskvaya Ali Komsomol Məktəbində təhsil almağa göndərilib. O, qısa zamanda rus dilini öyrənib, təhsilini uğurla başa vurub və doğma Vətəninə qayıdıb. Ali Komsomol Məktəbində aldığı bilik və təcrübə işlədiyi illərdə köməyinə çatıb. 1947-ci ildə Naxçıvan Vilayət Komsomol Komitəsində məsul vəzifəyə təyin olunub və az keçməmiş bu quruma rəhbərlik ona tapşırılıb. Bu illərdə ən əlamətdar hadisələrdən biri də İ.Məmmədovun ümummilli lider Heydər Əliyevlə tanışlığı olub. 1948-ci ildə baş verən tanışlıq zamanı Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı Heydər Əliyevlə İ.Məmmədov arasında səmimi söhbət baş tutub. Bu söhbətləşmə, səmimiyyət hər iki insan arasında dostluq körpüsünün təməlini qoyub və ömürlərinin sonuna kimi davam edib. Sonralar bu görüşü böyük məmnuniyyətlə xatırlayan İ.Məmmədov ulu öndər, görkəmli dövlət xadimi və böyük şəxsiyyət H.Əliyevi özünün həyat məktəbinin müəllimi kimi xarakterizə edib.

Naxçıvan Vilayət Komsomol Komitəsinin birinci katibi kimi bu qurumun işini canlandıran, bu sahəyə yeni nəfəs gətirən İ.Məmmədov 1949-cu ildə Ümumittifaq Komsomolunun Moskvada keçirilən qurultayında çıxış edərək nöqsan və çatışmazlıqları ortaya qoyub. Bu cəsarəti sayəsində bir daha ölkə rəhbərliyinin diqqətini cəlb eləyib. 1949-cu ildə 23 yaşlı İ.Məmmədov Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. Bunun ardınca Naxçıvan Ali Sovetinin deputatı seçilib. Bacarığı, işgüzarlığı nəzərə alınaraq 1953-cü ildə o, Naxçıvan rayon və şəhər maarif şöbəsinin müdiri təyin olunub. Təhsili kökündən dirçəltmək üçün müxtəlif yollar axtaran İ.Məmmədov bu sahədə də böyük nailiyyətlərə imza atıb. 1959-cu ildə Naxçıvanda internat məktəbi açılıb. Yeni yaradılmış bu təhsil ocağının fəaliyyətini qurmaq, onu inkişaf etdirmək məqsədilə İ.Məmmədov bu məktəbin direktoru vəzifəsinə təyinat alıb. Məktəbin problemlərini özü üçün doğma hesab edən İsa müəllim imkanı və səlahiyyətləri daxilində təhsilin inkişafına təkan verib. Gərgin əməyinin bəhrəsi olaraq, 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının 40 illik yubileyi keçirilən zaman ona “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.

İnsanlarla işləmək bacarığına və yüksək təşkilatçılığına görə, İ.Məmmədov 1965-ci ildə Naxçıvan MR-in mədəniyyət naziri təyin olunub. Bu təyinat onun üçün o qədər də gözlənilən olmasa da İsa müəllim mədəniyyət sahəsində də öz sözünü deyib, rəhbərlik etdiyi nazirliyə ayrılan vəsaitin və ştat vahidinin artırılmasına nail olub. Qısa zaman kəsiyində muxtar respublikada neçə onilliklərdə görülməyən işləri ardıcıllıqla həyata keçirib. O vaxtlar SSRİ-nin mədəniyyət naziri Furtsevanın təklifi ilə Naxçıvan MSSR mədəniyyət nazirliyinin iş təcrübəsinin yayılması üçün sərəncam verilib. İsa Məmmədova isə yaxşı işinə görə, SSRİ-nin mədəniyyət naziri qızıl saat bağışlayıb.

1970-ci ilin iyun ayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İ.Məmmədov Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyinat alıb. O, ulu öndərin hələ çoxdan bələd olduğu iş prinsiplərini əsas götürərək, Lənkəranda həyatın bütün sahələrini canlandırıb, rayonu sosial-iqtisadi göstəricilər üzrə birincilər sırasına çıxarıb. 1976-cı ildə Lənkəran və ətraf rayonların iqtisadiyyatının inkişafı üçün müstəsna əhəmiyyətə malik olan Xanbulançay dəryaçasının birinci hissəsinin açılış mərasimində isə ulu öndər Heydər Əliyev İsa Məmmədova SSRİ-nin yüksək mükafatı sayılan Sosialist Əməyi Qəhrəmanı fəxri adının verildiyini bildirib və döş nişanını onun sinəsinə taxıb. O dövrdən uzun illər keçməsinə baxmayaraq, bu gün də İsa müəllim lənkəranlıların sevimlisi olaraq qalıb.

İ.Məmmədov 1981-ci ildə Azərbaycan KP MK-nın katibi vəzifəsinə irəli çəkilib, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bunun ardınca Azərbaycan KP MK Bürosuna üzv və MK-nın katibi vəzifəsinə seçilib. Böyük zəhmətinə görə, 3 dəfə Lenin, 2 dəfə Qırmızı Əmək Bayrağı ordeninə və müxtəlif medallara layiq görülüb.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rektoru, Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti kimi vəzifələrdə çalışan İsa Məmmədov, elmi fəaliyyətlə də aktiv məşğul olub. O, məktəbdə psixoloji xidmət işinin təkmilləşdirilməsinə həsr edilən namizədlik, sonra isə doktorluq dissertasiyasını müdafiə edərək, psixologiya elmləri doktoru elmi adına layiq görülüb.

Daim öz üzərində çalışan, elmi axtarışları ilə pedaqoji sahəyə yeniliklər gətirən İ.Məmmədov ilk dəfə olaraq məktəbdə psixoloji xidmət işinin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Praktik psixoloqların hazırlanmasının genişləndirilməsinə, psixoloji xidmətin elmi-nəzəri və metodik səviyyəsinin yüksəldilməsinə təkan verən səmərəli addımlar atıb. Onun bu sahəyə həsr olunmuş elmi monoqrafiyaları, kitabları digər dillərə də tərcümə edilərək, dəyərli vəsait kimi tədris prosesində bu gün də istifadə edilməkdədir.

İyulun 11-də anadan olmasının 85 ili tamam olacaq İ.Məmmədovun ömür kitabını vərəqlədikcə öz xalqına, torpağına sədaqətlə xidmət edənlərin tarixə düşərək həmişəlik yaşadığının bir daha şahidi olursan. Belə ziyalıların həyat və yaradıcılığı, fəaliyyəti, keçdikləri ömür yolunun hər addımı araşdırılır, örnək kimi təbliğ olunur. Həyatın keşməkəşli yollarında öz xalqının yaxşı yaşaması, Vətəninin başının uca olması naminə mübarizə aparan insanlar nə qədər ki, dünya var, həyat, yaşamaq, yaratmaq var, əbədi yaşayacaqlar. Belə insanlar təkcə öz xalqına, ölkəsinə deyil, bəşəriyyətə, ayrı-ayrı xalqlara millətlərə də örnək olurlar. Çünki dünyanın müharibəsiz, millətləri azad görmək istəyən hər kəs kainatın harasında yaşamasından, hansı xalqın nümayəndəsi olmasından asılı olmayaraq sevilir, seçilir. Ömür kitabını vərəqlədiyimiz İsa Məmmədov da bir çox millətlərin, xalqların hörmətini, rəğbətini, sevgisini qazanmış şəxslərdəndir. O, təkcə tarixə düşən deyil, həm də tarix yazan şəxsiyyətdir.

 

 

Rufik İSMAYILOV 

 

5256-ci qəzet.- 2011.- 9 iyul.- S.24.