Oralarda kimlər var:
YAZAR AİLƏLƏR
YAZAR FƏXRİ UĞURLU -
PUBLİSİST SƏADƏT AKİFQIZI-2
Bu
işin müxtəlif tərəfləri var.Bir ailədə
eyni sənət və eyni iş adamlarının öz
aralarında dil tapması və sakit günlər
yaşaması məncə bir o qədər də asan iş
deyil.Çünki ayrı-ayrı sənət sahibləri
olanda yanlışlar o saat aradan götürülə bilir.Vay
o gündən ki, bizim bu günlərin yazar ailələri
kimi olasan və işlərin də yağ kimi gedə.Ən
azından mənəvi təsəlli tapmasanız da, maddi durum
heç zaman yetər dərəcədə ola bilməyib məncə.
Bunu mən apaydın bilirəm.Amma bir-birini başa
düşmək baxımından bunun həm də zor tərəfləri
də var.Xatırlayıram : dünyaca məşhur yazarlardan
birindən soruşublar ki,sizin üçün ən acı,ən
ağır olan nədir? Deyib : ən çox ona yanıram ki,
mənim bu uzun ömrüm boyu nə işlə məşğul
olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib :
çünki mən ingilis dilində yazdım anam isə
ingilis dilində heç bilmədi.
Şükürlər
Allaha ki, mənim bu proyektimin sahibləri nə işlə məşğuldular
özləri də bilirlər.Və düşünürəm
ki, bu YAZAR AİLƏLƏR həm də mehriban ailələrdir.Amma
bunların da ən qorxulu tərəfi, birinin
yazısını o birisi bəyənməməsi və
inkarlığıdır.
Ailədə bir oğlan
uşağı var.
Sual: – İlk uşağınız
olana qədərki dövrlə uşaq doğulandan sonrakı
vaxt nə ilə fərqlənir?
S.A.
– Toğrulun doğuluşuna qədər, sən demə, biz əslində
subaymışıq. Təbii, indi əsas müzakirəmiz,
diqqətimiz Toğrula bağlıdı,
qayğılarımız da birə-beş çoxalıb. Bir
dəfə boğazı ağrıyanda az qala Bakının
bütün həkimlərinə zəng vururuq. Toğrul bu mənada
sevincimizlə yanaşı narahatlığımızı da
artırıb.
F.U.
– Ona qədər hərəmizə iki can
düşürdü, indi hər birimizin üç canı
var. Adam hərdən öz canını güclə hərləyir,
indi gör üç canın şələsini çəkmək
nə deməkdi...
Sual:
– Çox vaxt siz ikiniz də evdə olmursuz. Belə vaxtlarda
uşağınıza kim baxır və ya baxardı,
vaxtı necə bölürsüz?
S.A. – Toğrul indi
bağçaya gedir. Əgər evdə
olma zərurəti yaranırsa, ikimizdən birimiz yanında qalırıq. Nadir hallarda başqa varianta əl atmağa da məcbur oluruq.
F.U. – Xırdaca bir əlavə: üç yaşınacan Toğrula nənəsi (qaynanam) baxıb, onun bizim çiynimizdə haqqı böyükdü.
Allah əməyini itirməsin!
Sual: – Ən çox incik gününüz nə vaxt olub?
Nə üstündə? Küsəndə necə barışırsız?
S.A. – Fəxri bəyin
çevrəsi həddindən
artıq genişdi. Məncə, çevrə çox geniş olanda ailəyə diqqət azalır. Bu da təbii ki,
bir qadın incikliyinə səbəb olur. Küsülü qalmaq isə
mümkün deyil.
Çünki adi məişət
məsələlərinə görə dialoqa girməyə məcbursan.
F.U. – Uşaq vaxtı tez-tez küsərdim, indi daha küsü
saxlamaq üçün
şərait yoxdu: mən umub-küsdüyüm
adamların bir qismi torpağın altındadı, bir qismi də xəstə,
qoca, köməksizdi,
indi onlar özləri məndən
(haqlı olaraq) umub-küsməlidilər (bunu
dilə gətirməsələr
də). Ancaq mən onları
onlar məni ovutduğu kimi ovuda bilmirəm, onların mənim yarama qoyduğu məlhəmi özlərinə
qaytara bilmirəm.
Namərd, xain, etibarsız həyatdı yaşadığımız həyat...
Sual: – Yaradıcılıq və
uşağınızın tərbiyə məsələsini
necə qurmusuz? Uşağınızla çoxmu vaxt
keçirirsiz?
S.A. – Toğrulun düzgün
qidalanmasının qayğısına
mən qalıram, şeirləri, nağılları
isə atasından eşidir. Toğrul evdə olanda
yazı yazmaqla məşğul olmaq çətindi, amma bəzən özü insafa gəlib deyir ki, ana,
sən yazını yaz, mən də
oynayım. Hərçənd bu, nadir hallarda olur, çünki evdə başqa uşaq yoxdu, oyuncaqla təkbaşına
oynamaq da ona maraqlı görünmür. Tələb eləyir
ki, ya onunla
top-top, ya da özünün icad etdiyi “qəza” oyunu oynayaq. “Qəza” oyununda
aralı məsafədə
qarşı-qarşıya otururuq,
oyuncaq maşınları
bir-birinə tərəf
itələyirik. Bu qaydanı o qoyub. Toğrula ən maraqlısı maşınların bir-birinə
dəyməsidi, qəzaya
uğramasıdı. Bəzən qaydaları
dəyişir, nə bilim, nəsə tapıb ortaya qoyur, sonra da
tələb eləyir
ki, maşın bunun altından keçsin. Amma “qəza” mütləq olmalıdı.Təbii ki,
iş, məişət
qayğıları onunla
daha çox vaxt keçirməyə imkan vermir, amma
fürsət olan kimi onu parka, karuselə aparıram.
F.U. – Tez evlənməyin bir faydası şəksizdi: cavan olursan, uşaqla oynamağa, ayaqlaşmağa
heyin-hərdəmin olur.
Mən bunu gec başa
düşdüm.
Sual: – Həyat yoldaşınızdan
bir valideyn və bir qələm
sahibi kimi razısızmı?
S.A. – Mən Fəxri
bəyi bir yazar kimi çox
yüksək qiymətləndirirəm. Azərbaycan ədəbi
mühitində, zənnimcə,
hələ də onun yazdıqlarına açar salan olmayıb. Onun yazılarının fəlsəfəsi göründüyündən
daha dərinlərə
gedib çıxır.
“Leylinin məcnunluğu”nu
oxuyandan sonra ilk sözüm bu oldu ki, əgər
Nizami, Füzuli sağ olsaydı, səndən razı qalardı. “Ehsan”ı
oxuyandan sonra Toğrul bəyin obrazına aşiq oldum. Dedim ki, dünya ədəbiyyatında (mən
də pis oxucu deyiləm) bundan işıqlı obraz yadıma gəlmir. Bunu çoxları bilmir,
oğlumuzun adını
da bu obrazın
şərəfinə vermişik.
Əlbəttə, təşəbbüskarı mən olmuşam.
F.U. – Belə bir hind məsəli var: müəllimini üzünə
qarşı təriflə,
dostunu arxasınca təriflə, arvadını
öləndən sonra
təriflə, oğlunu
heç vaxt tərifləmə. Qadınların əksərən kişilərdən
çox yaşadığını
da nəzərə alsaq, mənim həyat yoldaşımın
mən tərəfdən
təriflənmək şansı
sıfıra yaxındı.
Sual: – Ailə qayğılarınızı
necə bölüşürsüz?
S.A. – İmkanı olanda,
yəni əgər gecəni işləməyibsə,
səhər Toğrulu
geyindirir. Arada bazarlıq eləyir.
Amma ailə qayğıları
əsasən mənim
çiynimdədi. Sadəcə nəyisə çatdırmayanda
onun köməyindən
yararlanıram.
F.U. – Düzünə qalanda mən qayğı böləndən
çox qayğı artıranam.
Sual: – Qoşa imzayla yazınız çıxıbmı
və bu yazı nə yazıdı?
S.A. – Şərikli yazı
yazmamışıq. Sadəcə, iki dəfə böyük şairimiz Ramiz Rövşəndən
müsahibə götürmüşük,
onda da yalnız
ikimiz olmamışıq,
müsahibədə başqa
həmkarlarımız da
iştirak eləyib.
F.U. – Şərikli yazmaq
üçün gərək
şərikli düşünə
də biləsən. Şərikli düşünmək olarmı?
Sual: – Ailəvi bayramlarınız
hansılardı və
onu kimlərlə keçirirsiz?
S.A. – Ad günləri ilə yanaşı toy günümüz də ailə bayramı sayıla bilər. Amma evlənməyimizin
5-ci ildönümündə ən yaxın dostları bu günü birgə qeyd etməyimizə imkan vermədilər, yəqin Fəxrini çox sevdiklərindən
özəl gününün
də sevincini paylaşdılar. Əslində, mən ad günlərini çıxmaqla, ikimizə
aid günləri paylaşmağı
sevmirəm.
F.U. – Doğmalarımın, dostlarımın,
Azərbaycana gərəkli
insanların sağ-salamat
olduğu hər gün məndən ötrü bayramdı.
Sual: – Həyat yoldaşınızdan
nə soruşmaq istərdiz?
S.A. – ...
F.U. – Ailə üzvlərinin
mətbuat vasitəsilə
deyişməsinə tərəfdar
deyiləm.
NOT: Növbəti şənbə
sayındakı qonağımız
yazıçı dramaturq
Şirməmməd Nəzərli
və publisist Esmira Nəzərli olacaq
Abdin Tofiq
525-ci qəzet.-
2011.- 9 iyul.- S.23.