Azərbaycanda press-klub fenomeni: bir ideyanın həyat tarixçəsi

 

13 İL ƏVVƏL ƏSASI QOYULAN DƏYƏRLİ ƏNƏNƏ YENİDƏN DİRÇƏLDİLƏ BİLƏR

 

Dünyada press-klubların – mətbuat klublarının yaranmasının 120 illik tarixi var. Əksər hallarda dünyada beynəlxalq press-klublar qapalı elitar mərkəz rolunu oynayıb, daha çox görüşlər işgüzar naharlar, eyni zamanda koorperativ tədbirlərin keçirildiyi məkana çevrilib. Son illər isə müşahidə olunur ki, press-klubların fəaliyyəti bəzi ölkələrdə, məsələn, İngiltərədə məhdudlaşıb, bəzilərində isə, məsələn, Brüssel, yaxud ABŞ-da genişləndirilib. ABŞ-da hətta press-klublar prezidentin səfərlərində onu müşayiət edəcək media orqanlarının səfərinin təşkili ilə məşğul olurlar. Sadəcə təşkilati işləri həyata keçirən press-klubun gəliri bəs edir ki, özünü təmin etsin. Hazırda ABŞ-da iki press-klub var. Bunlardan biri milli digəri, isə beynəlxalq press-klubdur. Ümumiyyətlə, indi dünyada press-klubların qarışıq modelləri yaranmağa başlayır.

Dünyada 120 illik tarixi olan press-klub ənənəsi Azərbaycanda cəmi 13 illik tarixə malikdir. Təbii ki, press-klub deyəndə öncə Bakı Mətbuat Klubu yada düşür. Jurnalistlər arasında daha çox eləcə “Press-klub” adlandırılan bu məkan o dövrdə doğrudan da, demək olar, bütün jurnalistlərin doğma evinə, hətta iş yerinə çevrilmişdi.

 İlk press-klubun əsas yaradıcısı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu ideyanın necə gündəmə gəldiyini belə xatırlayır: “Xaricə səfərlərim zamanı mənim İngiltərədə, həmçinin Amerika Birləşmiş Ştatlarında ən çox xoşuma gələn elementlərdən biri press-klubların fəaliyyəti idi. Elə bu ideya da o vaxtdan yaranmışdı. Bu istiqamətdə ilk cəhdlərimiz hətta 90-cı illərin əvvəllərindən başlamışdı. Onda həmkarım Rauf Talışınski (“Exo” qəzetinin baş redaktoru) ilə danışdıq, müzakirələr apardıq və qərara gəldik ki, o, işçilərindən birini bu təcrübəni öyrənmək üçün Böyük Britaniyaya ezamiyyətə göndərsin. Amma təxminən 96-cı ilə qədər biz tam şəkildə bu işə girişə bilmirdik, çünki bunun üçün kifayət qədər böyük vəsait tələb olunurdu. Digər tərəfdən, vəsaitdən də vacib olanı bu idi ki, press-klub yaranmazdan əvvəl pressin, medianın özü kifayət qədər güclü korperativ ruha malik, bir-birini tutan adamlar, media orqanları olmalı idi”.

A.Əliyev deyir ki, 90-cı illərin əvvəllərində media o qədər də güclü deyildi və medianın güclənməsi 96-98-ci illərdən başladı.

“Biz də o dövrdə bu işi fəallaşdırdıq və hazırlıqlara başladıq. Bu işə necə nail olduq?

 

ƏVVƏLCƏ İDEYANI POPULYARLAŞDIRMAQ LAZIM İDİ.

 

Elə bu məqsədlə də bir bülleten buraxmağa başladıq və bülleten Mətbuat Klubunun bülleteni kimi çıxmağa başladı. Yəni press-klub artıq var idi, amma onun binası, yeri yox idi. Biz yavaş-yavaş ideyanı tanıtdıq. Sonra redaktorlar bir yerə toplandı, onlar həm press-klubun arxasında durmağa, həm də təsisçi kimi buna vəsait qoymağa hazır idilər. Nəhayət hazırlıqlardan sonra biz KİV-in, jurnalist təşkilatlarımızın dəstəyi ilə 98-ci ilin iyununda Bakı Mətbuat Klubunu açdıq”.

A.Əliyev press-klubun yaranmasının medianın inkişafında müəyyən rol oynadığını deyir. Onun sözlərinə görə, Bakı Mətbuat Klubu jurnalistlərin yığışdığı, toplaşdığı və özünə ev hesab etdiyi bir məkana çevrilməyi bacardı: “Bura elə bir yer idi ki, orda jurnalistin qonağını qəbul etməkdən tutmuş informasiya toplamağa qədər imkanları var idi. Yəni ən azı jurnalist gününün 10-15 faizini orda keçirirdi. press-klub Azərbaycanda mediaya göstərdi ki, sən güc ola bilərsən. Dördüncü hakimiyyət nə deməkdir? Dördüncü hakimiyyət medianın iradəsini diktə etməkdir. Azərbaycanın müasir siyasi tarixində cəmi bir dəfə olub ki, prezident fərmanını dəyişib. Bu da press-klubun birgə fəaliyyəti, redaktorların bir yerdə olması nəticəsində baş vermişdi. Onda prezidentin fərmanında əksini tapan mətbuatla bağlı bir neçə maddənin dəyişdirilməsinə nail olduq. Bunlardan biri ondan ibarət idi ki, redaktorlar qəzetlərdə gedən dövlət sirlərinin qorunmasına görə məsuliyyət daşıyırlar. Digər bənd isə Prezident Aparatı yanında Mətbuat, İnternet Şurasının yaradılması ilə bağlı idi ki, bu iki bənd ləğv edildi”.

A.Əliyev press-klubda ayrı-ayrı müdafiə tədbirlərinin keçirilməsini xatırlayır. Press-klubun Azərbaycan jurnalistikasında gözəl ənənələr yaratdığını deyir.

“Məsələn, press-klub xatirə gecələri keçirirdi, aparıcı jurnalistlərin ad günlərini təşkil edirdi. Bir dəfə biz mərhum jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuş Hacı Hacıyevin ad gününü keçirirdik. Özbəkistandan və Qazaxıstandan da jurnalist təşkilatlarının rəhbərləri tədbirə gəlmişdilər. Onlar görəndə ki, “Xalq qəzeti”nin redaktoru ilə “Azadlıq” qəzetinin redaktoru yanaşı oturub söhbət edir, çörək yeyir, zarafatlaşırlar, özbək ağladı və dedi ki, görəsən bizdə də belə şeylər olacaq? Biz press-klubda belə mühitin yaradılmasına nail olduq. Mənə elə gəlir, Azərbaycanda indiyə qədər yeganə strukturdu ki, onu, tərkibində həm müxalifət, həm hökumət yönlü, həm də müstəqil KİV olan quruma çevirə bildik. Bu ideya media arasındakı bölünməni, parçalanmanı yavaş-yavaş aradan götürməyə hesablanmışdı. Bunun başqa jurnalist təşkilatlarından fərqi də bu idi. Press-klub özü öz tədbirlərini keçirirdi. Digər qurumlardan fərqi olaraq yer icarə götürmürdü, səfirlərlə görüşlər, konsertlər təşkil edirdik. Xatırlayırsınız yəqin, təqdimatları, film nümayişlərini, müzakirələri və başqa tədbirləri orada keçirirdik”.

A.Əliyev press-klubun fəaliyyəti müddətində ən yadda qalan və həmişə xatırladığı məqamlara da toxunub. Press-klubun açılması və bağlanması onun üçün ən yaddaqalan anlara çevrilib.

“Belə məqamlar çoxdur. Press-klubun açılışını həmişə xatırlayıram. Ümumiyyətlə, press-klubun yaranmasında, dizaynında mərhum rejissorumuz Vaqif İbrahimoğlu və onun komandası çox böyük işlər gördü. Press-klubun açılışı günü tədbirin bədii hissəsini də onlar hazırlamışdılar. Heç vaxt yadımdan çıxmaz: hamı dağılandan sonra Vaqif press-klubun ortasında dayandı və dedi ki,

 

YƏNİ DOĞRUDANMI BİZ BUNU EDƏ BİLDİK?

 

Çünki prinsipcə başqa KİV də buna dəstək versə də, çox böyük inamsızlıq var idi. Birinci dəfə idi ki, qeyri-dövlət təşkilatı iradə ortaya qoyur və özünə, belə deyək, ev tikirdi. Bunun restoranı, zalı informasiya otağı var idi. Biz bunu edə bildik. Bağlanış mərasimi də yadımda qalıb. Bu, 2005-ci ilin yanvarında oldu”.

A.Əliyev press-klubun bağlanmasını həm maliyyə, həm də başqa səbəblərlə bağlayır. Onun dediyinə görə, səbəb 90 faiz maliyyə ilə bağlı idi: “Artıq biz o ofisi tərk edəndə üç aylıq icarə borcumuz var idi. İlk dövrlərdə press-klub təsisçilərin hesabına xeyli möhkəmləndi. 98-ci ildə KİV-lərin imkanı var idi, o cümlədən “Yeni Nəsil” Jurnalistlər Birliyinin üzvlük haqları hesabına xərclərin öhdəsindən gələ bilirdik. Amma getdikcə KİV-in iqtisadi vəziyyəti pisləşdi. Reklam gəlirləri surətlə aşağı düşməyə başladı və press-klub özü-öz xərclərinin 30 faizini güclə ödəyirdi. Hamını doğma hesab edirdik, kimsə gəlib deyəndə ki, pulu yoxdur, amma tədbir keçirmək istəyir, biz ona yox demirdik. Bu da vəziyyətə təsir elədi”.

A.Əliyev deyir ki, vəziyyət getdikcə ağırlaşırdı, ona görə də donorlara müraciət etdilər: “Böyük Britaniya səfirliyi, ABŞ səfirliyi, həmçinin Açıq Cəmiyyət İnstitutu maliyyə dəstəyi göstərdi. Amma 2004-cü ildə ATƏT özü bizə müraciət etdi, problemlərimizlə, nə qədər vəsait lazım olması ilə maraqlandı. Biz də cavab verdik. Onlar bildirdilər ki, iki dəfə ondan artıq maliyyə verə bilərlər ki, treninqlər keçirə, zalları təmir edə bilək. Artıq müqavilə   imzalanmışdı. Biz buna görə də digər donorlara göndərdiyimiz müraciətlərin hamısını geri götürdük ki, artıq vəsait var və əlavə dəstəyə ehtiyac yoxdur. Baxmayaraq ki, ATƏT-in ofis rəhbəri müqaviləni imzalamışdı, amma qurumun məzuniyyətdə olan Lüts adlı əməkdaşı qayıtdı və dedi ki, bu onun vəsaitidir və bunu bizə verməyəcək. Bu, böyük bir mübahisə yaratdı. O dövrdə ATƏT rəhbəri faktiki olaraq dedi ki, bu mübahisəni həll edə bilməz. Beləliklə boşluq yarandı və biz təsisçilərlə yığışıb müzakirələr apardıq, bir neçə ay press-klub təsisçilərin hesabına fəaliyyət göstərdi. Eyni zamanda icarə haqqı təxminən 50 faiz artdı. Təsisçilərlə danışdıq və imkan olmadığı üçün “525-ci qəzet”də press-klubun bağlanmasına dair məlumat dərc etdik”.

Press-klub 2005-ci ilin yanvar ayından fəaliyyətini dayandırıb. A.Əliyev deyir ki, press-klubun bağlanmasının ikinci səbəbi müəyyən qədər yorğunluq və bezginliklə əlaqədar olub: “O qədər onun bunun qarşısına qaçıb, donor tapmağa çalışırdıq ki... Hamı da elə düşünürdü, işlərimiz rahat gedir, tədbir keçiririk, bunun əvəzinə pul qazanırıq guya. Amma əslində belə deyildi. Ondan-bundan xahiş etmək, donorları inandırmaq adamı bezdirirdi. Qəribə bir məqam da var idi: bəzi biznesmenlər, iş adamları yaxınlaşırdılar ki, press-kluba yardım etmək istəyirlər. Bizdə isə bir qayda var idi, yardımları qəbul edirdik, amma bir şərtlə ki, bu, rəsmiləşsin. Biz rəsmiləşdirmək istəyən zaman biznesmen bundan imtina edirdi, biz də yardımı götürmürdük”.

 

KÖHNƏ PRESS-KLUB YENİDƏN QAYIDIR

 

A.Əliyev deyir ki, press-klub ideyası zaman-zaman qayıdan, zərurətə çevrilən bir ideyadır: “Press-klub yaradanda sən bilməlisən ki, hələlik KİV-in köməyinə ümid edə bilməyəcəksən, ona görə üzvlük haqlarını çox aşağı qoymalısan, yenə də onun-bunun qapısına qaçmaq lazım olacaq, yenə də deyəcəklər guya restoran açırıq, 1 milyon dollar almışıq və sairə. Bütün bu ittihamlar olacaq. Amma düşünürəm ki, bir dəfə də cəhd etməyə dəyər. Başqa tərəfdən, buna ehtiyac var. Elə bir mərkəz olmalıdır ki, jurnalistlər ora yığışsın, gözəl təşəbbüslər olsun. Məsələn, press-klub təsisçiləri o vaxt mərhum prezident Heydər Əliyevə müraciət ünvanladılar və prezident bizi qəbul etdi, müsahibə verdi. Yaxud mərhum prezident Əbülfəz Elçibəy Türkiyədə müalicə alarkən press-klubun təsisçiləri razılaşmışdılar, biletləri də sifariş vermişdik ki, gedib ondan müsahibə alaq. Belə yanaşma tərzi jurnalistikada artıq yoxdur”.

Bir ideyanın ikinci dəfə nə dərəcədə uğurlu alınacağına gəlincə, A.Əliyevin bu barədə şübhəsi yoxdur: “Çünki burda əlavə fəaliyyət formaları da olacaq və budəfəki cəhddə fəaliyyət dairəsi daha genişdir. Bu müsbət tərəfdir və bu işi reallaşdırmazdan əvvəl beynəlxalq donorlar vasitəsilə bir neçə illik maliyyə məsələsini həll etməliyik. Yəni müəyyən müddət ərzində press-klubun işini sürətləndirməyə inam, özünə imic yaratmaq, tərəfdar yığmaq üçün müddət olacaq. Mənfi tərəf isə budur ki, mediada birlik ruhu zəifdir, bu ruhu qaldırmaq lazımdır. Bunsuz çətin olacaq”.

A. Əliyev artıq işə başladıqlarını, danışıqları yekunlaşdırmaq üzrə olduqlarını deyir. Onun sözlərinə görə, problemləri kağız üzərində artıq həll ediblər. Amma prosesin başlanması üçün bir-iki xırda məsələnin həllini də gözləmək lazımdır: “Bayaq dediyim kimi, təminat məsələsi əsasdır. Biz bilmirik, bunun adı press-klub, yoxsa Media Klubu olacaq, amma dərhal açılışla başlamayacağıq. Əvvəl jurnalistlərlə müəyyən məsləhətləşmələr, hazırlıq gedəcək, proqramlar hazırlanacaq. Çünki istəmirəm, bu, 3-5 nəfərin yaratdığı bir kommersiya qurumu olsun. Press-klub bütün jurnalistlərə xidmət göstərməlidir. Ona görə 3 aylıq hazırlıq dövrü müəyyən etmişik. Məsləhətləşmələr aparılacaq, sonra press-klub bərpa olunacaq. Risk o qədər də böyük deyil ki, biz gözlədiyimiz o kiçik məsələləri həll etməkdən çəkinək. Amma təəssüf ki, bəzən 1 faiz qalxıb 99 faizi üstələyir, ona görə çox şeyi açıq danışmaq və hər məqamı indidən demək düzgün deyil. Çünki sonra deyilə bilər ki, o boyda danışığın qarşısında normal iş olmadı. Hər şey ola bilər”.

İlk press-klubdan sonra Azərbaycanda “İdeal” Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzi, Media Mərkəzi yaradıldı. Hazırda “İdeal” da fəaliyyət göstərmir. Beynəlxalq Mətbuat Mərkəzi isə bir müddət əvvəl yeni ünvanda, daha geniş imkanlarla fəaliyyət başlayıb. Mərkəzin əvvəlki ünvanda iki zalı var idi, onlardan biri 60, digəri 100 nəfərlik idi. Hazırkı ünvanda isə 300 nəfərlik böyük zal, 150 nəfərlik orta zal, 70-80 nəfərlik kiçik zal fəaliyyət göstərir. İşçilərin sayı artıb, texniki xidmət təkmilləşdirilib. Məsələn, indi videoçəkiliş xidməti göstərilir. BMM-in saytı isə həm də informasiya agentliyi funksiyasını yerinə yetirərək ilkin olaraq mərkəzdə keçirilən tədbirlər barədə məlumat yayır. Tədbirlərin təşkili jurnalist təşkilatları üçün pulsuz (bəzi hallarda güzəştli qiymətlərlə), müharibə veteranları və digər bu kimi kateqoriyaya aid şəxslərə isə güzəştli qiymətlərlə təklif olunur.

Azərbaycan Media Mərkəzi iki il əvvəl yaradılıb. Mərkəzə 2009-cu ilin dekabrından Gülnarə Axundova rəhbərlik edir. G.Axundova ixtisasca hüquqşünasdır, əsas fəaliyyəti media və ictimaiyyətlə əlaqələr sahəsindədir. 10 ildən çox bir neçə beynəlxalq təşkilatda menecer kimi çalışıb, strateji planlaşdırma, proqram və biznesin inkişafı sahələrində təcrübəyə malikdir. Media və ictimaiyyətlə əlaqələr üzrə çoxsaylı treninqlər, təqdimatlar keçirib, bu barədə məqalələr müəllifidir. G.Axundova deyir ki, Mərkəzin əsas məqsədi medianın inkişafına kömək göstərməkdir.

“Biz artıq bu məqsədlə bir neçə uğurlu layihəyə imza atmışıq. Bununla belə hesab edirəm ki, məqsədə çatmaq haqqında danışmaq hələ tezdir. Çünki Media Mərkəzi 2008-ci ilin sonlarında fəaliyyət başlayıb. Bu, elə də böyük bir müddət deyil. Odur ki,

 

MƏQSƏDƏ ÇATMAQ ÜÇÜN ÇOX İŞLƏMƏLİ VƏ BÖYÜK İŞLƏR GÖRMƏLİYİK.

 

Biz çalışırıq, elə sahələr üzrə fəaliyyətimizi quraq ki, o sahədə müəyyən mənada çatışmazlıqlar, boşluqlar var. Bunun üçün də beynəlxalq təcrübəyə, mütəxəssislərə daha çox müraciət edirik. Xarici mütəxəssislərin iştirakı ilə təşkil olunan peşəkar təlimlər, Avropaya səfərlər, mərkəzdə keçirilən mətbuat konfransları, debatlar, jurnalistlər üçün Media Mərkəzində internet və iş məkanın yaradılması, internet vasitəsi ilə yayımlanan canlı müzakirələr – bütün bu işlər rəğbətlə qarşılanır. Media Mərkəzi sosial əhəmiyyətli mövzulara dair mütəmadi debatlar təşkil edir. Biz inanırıq ki, canlı, intellektual müzakirələr ictimai rəyə müsbət təsir göstərir. Bizim məqsədimiz açıq müzakirələr, debatlar üçün əlverişli imkanlar yaratmaqdır. Təbii ki, bütün bu müzakirələrin fonunda biz öz neytrallığımızı da qoruyub saxlamalıyıq, bunun üçün maksimum səy göstəririk”.

G.Axundova deyir ki, fotojurnalistika, yeni media, araşdırma jurnalistikası ilə bağlı layihələri reallaşıb, digər maraqlı layihələr üzərində də iş gedir. “Böyük qürurla demək istərdim ki, jurnalistlər üçün bizim Media Mərkəzi artıq doğma bir yerdir. Media Mərkəzinin qapısı hər zaman jurnalistlərimizin üzünə açıqdır. Burada hər bir şərait var – kompüter, pulsuz internet, qəzet-jurnallar, kitablar... Günün istənilən saatı mərkəzimiz jurnalistlərin ixtiyarında olur. Mərkəzimizdə mətbuat konfransı keçirən jurnalist təşkilatları üçün güzəştlər təklif edirik. Mətbuat konfransı keçirmək istəyən, amma buna imkanı olmayan sadə vətəndaşları isə ödənişdən azad edirik”.

 

 

 P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 13 iyul.- S.6.