Aygün Attar: “Obyektiv danışanda adamı diqqətlə dinləyirlər”

 

Müsahibimiz Türkiyənin Giresun Universitetinin tarix  fakültəsinin dekanı, prof. Dr. Aygün Attardır

 

–Aygün xanım, bu günlərdə öz işini başa çatdıran Dünya Azərbaycanlılarının III qurultayı barədə bir qurultay iştirakçısı kimi nə deyə bilərsiniz? 

– Bildiyiniz kimi, Dünya Azərbaycanlılarının III qurultayı baş tutdu. İndiyə qədər keçirilən üç qurultaydan ancaq sonuncusunda iştirak etdim. Əvvəlki qurultayları isə izləmişəm, orada olan çıxışları oxumuşam, araşdırma və incələmə aparmışam. Sonuncu qurultayla bağlı onu deyə bilərəm ki, ölkə prezidentinin çıxışını çox bəyəndim. Bunu həm elmi əsaslarla dəyərləndirdiyim üçün, həm də uzun illər – 20 ildən də artıq vətəndən uzaqda yaşayan Azərbaycan türkü kimi qətiyyətlə deyirəm. Çünki olduqca səmimi bir çıxış idi. Çıxışda, heç şübhəsiz ki, qarşıda duran vəzifələrlə bağlı təlimatlandırıcı tapşırıqlar var idi.

Şəxsən arzu edərdim ki, qurultaydakı çıxışlarda Güney Azərbaycana bir qədər çox yer veriləydi. Son vaxtlar elmi araşdırmalarını Güney Azərbaycan üzərində quran, İran coğrafiyası üzərində tədqiqatlar aparan elmi xadim və professor kimi, qurultayda Güney Azərbaycanla bağlı ifadələrin daha çox yer almasını istərdim. Güney Azərbaycandan gələn, Güney Azərbaycan kökənli həmvətənlərimizə, canımız-qanımız olan qardaşlarımıza daha çox yer verilməsini istərdim. Amma onu da bilirəm ki, diaspor fəaliyyəti uzun müddət tələb edən işdir. Belə fəaliyyətdə nəticə dərhal – bir il, beş il sonra görünmür. Bu əməyin nəticəsi 50-100 il sonra üzə çıxır. Azərbaycandakı diaspor fəaliyyətinin cəmi on illik tarixi var. Bu komitənin 2001-ci ildə fəaliyyətə başladığı deyilir, indi isə 2011-ci ildir. On illik diaspor fəaliyyəti müddətində Azərbaycan özünəməxsus yer tuta bilib. Mən Azərbaycan televiziya kanallarındakı çıxışlarımda da bu məqamı söylədim: buraya gələn 1200 nəfərdən bəlkə heç min nəfəri fərqində deyil ki, qurultay vasitəsilə yürüdülən və gerçəkləşdirilən Dünya Azərbaycanlılarının qurultayı azərbaycanlılıq etmir, azərbaycançılıq edir. Yəni, azərbaycanlı olmaq şərti əsas deyil. Burada bu diaspor fəaliyyəti üçün azərbaycanlılıq şərti əsas tutulsaydı, vaxtilə Azərbaycanda yaşayan, sonra İsrailə köçən yəhudi azərbaycanlıların qurultayında medal ilə təltif edilməzdi, yaxud həmin tribunada çıxış edə bilməzdi. Bu, çox ağıllı bir strategiyadır. Beynəlxalq hüquq və beynəlxalq münasibətlər nöqteyi-nəzərindən ağıllı bir strategiyadır. Çünki bildiyiniz kimi, torpaqlarımızın 20 faizi işğal olunub, Ermənistanla problemimiz var, sadəcə Azərbaycanın deyil, türk dünyasının erməni məsələsi ilə bağlı böyük bir problemi var. Amma bu məsələlərə bir az dünya standartları çərçivəsində baxmaq, onlara artıq şərti mənada yanaşmaq lazımdır...

–Nə mənada? 

–Məsələn, şəxsən mən etnik-milliyyətçilik üzərində qurulmuş olan hər hansı bir fəaliyyətin uğurlu olacağına inanmıram. Səbəbini deyim. Əgər biz inanclı insanlarıqsa, iman sahibli insanlarıqsa, bir şeylərə inanırıqsa, o zaman etnik kimliyi fərqli olan insanlara düşmən münasibəti bəsləməməliyik. Bu, doğru deyil. Amma bir etnik kimliyin altına sığınaraq Azərbaycana düşmən münasibət göstərən, türk dünyasına qarşı savaş elan edənlərə qarşı, təbii ki, hər cür mübarizəni yüksək səviyyədə aparmaq lazımdır. Qurultayda açıqlanan istiqamətlərdən biri elə bu idi. Bu məşvərət məclisində dünyanın harasında yaşayırsa-yaşasın, etnik kimliyi kim olursa-olsun, Azərbaycanı sevən, Azərbaycanın möhtəşəm, şanlı tarixinin öyrənilməsini istəyən, Azərbaycanın inkişaf etməsi üçün fəaliyyət göstərən insanlara sanki qucaq açılmışdı. Onsuz da fərqli dini kimliklərə, fərqli etnik kimliklərə sahib olan insanların ora dəvət edilməsi və ən yüksək səviyyədə onlara orada söz verilməsi, onların mükafatlarla təltif edilməsi bunun göstəricisidir. Möhtərəm prezidentin çıxışı səmimi idi və bu səmimiyyətin içərisində hər bir vətəndaşımızın üzərinə düşən vəzifələrlə bağlı bir təlimat da var idi. Bu məqam xüsusilə vurğulanırdı ki, harada olmağımızdan asılı olmayaraq, öz fəaliyyətimizlə ölkəmizin, vətənimizin başını uca etməyə çalışaq. İkincisi, Azərbaycan həqiqətlərini dayanmadan, yorulmadan, bezmədən dünyaya tanıdaq. Həm də bilirsiniz ki, bunu ölkə prezidenti ifadə etsə də, etməsə də, dünyanın harasında yaşayırsınızsa-yaşayın, maddi vəziyyətiniz nə qədər yaxşı olursa-olsun, mənəvi olaraq Azərbaycanla bağlı olan, canını, qanını bu torpaqlarla birgə görən bir insanın mənəvi olaraq rahat olması mümkün deyil. Axı, mənim ölkəm təcavüzə və işğala uğramış bir ölkədir, mənim ölkəmin torpaqlarının beşdə biri – 20 faizi işğal altındadır və ən əhəmiyyətlisi mənim ölkəmdə Qarabağ ağırlıqda bir yük var . Bu qədər ağır bir yükü çiyinlərində saxlayan bir millətin çox rahat bir şəkildə davranması və ya xoşbəxt olması – səhərdən axşama qədər deyib-gülməsi, əylənməsi mümkün deyil. O dərdi və ağrını sadəcə hiss etmək bəs etmir. O ağrını, o dərdi hiss edərək onun aradan qaldırılması üçün lazım olan fəaliyyətləri göstərmək lazımdır. Bunun üçün əlimizdən gələni etməliyik. 

– Aygün xanım, xeyli müddətdir ki, Azərbaycandan kənarda – Türkiyədə yaşayırsınız. Azərbaycan həqiqətləri Türkiyədə tam tanıdılırmı? Bəzən onların televiziyalarını, elm adamlarının çıxışlarını izləyəndə, sanki Azərbaycan haqqında məlumatsız olduqlarını hiss edirik, yaxud da “azərilər” ifadəsinin üzərindən keçməyə çalışırlar. 

– Qənaətbəxş saymıram. Mən Türkiyədə elmi fəaliyyət göstərən biriyəm, universitet müəllimiyəm. Sadəcə Azərbaycanla bağlı deyil, Türkiyədə universitetdə təhsil alan tələbələrin özləri də heç türk dünyasının həqiqətlərini, hətta Türkiyənin özünün həqiqətlərini belə bilmirlər. Türkiyənin tarixinə dair qeyri-obyektiv faktlarla qarşılaşırlar və buna inanırlar, yalan mənbələrə etibar edirlər. Əgər Türkiyədə həqiqətlər doğru şəkildə bilinsəydi, erməni məsələsi ilə bağlı 1915-ci ildə həyata keçirilməsi iddia edilən soyqırımla bağlı Türkiyənin içində ziddiyyətli düşüncə olmazdı ki? Ona görə heç şübhəsiz ki, onlar Azərbaycan həqiqətləri, erməni məsələsi, Zəngəzur, İrəvan xanlığı ilə bağlı yetərli məlumata malik deyillər. Amma burada nə etmək lazımdır? Bayaq dedim, yenə təkrar edirəm, diaspor fəaliyyəti fərqli xarakter daşıyan bir işdir. Bunu ildə bir dəfə toplanmaqla, dəyərli günləri qeyd etməklə həyata keçirmək, amma bu uğurlu ola bilməz. Diaspora missiya hərəkatdır, bir missiyanı həyata keçirmək böyük əmək tələb edir. Odur ki, gecə-gündüz, yorulmadan-dincəlmədən ilin 12 ayını problemlərin aydınlığa qovuşması, həqiqətlərin öyrədilməsi üçün çox çalışmaq lazımdır. Məsələn, bu baxımdan, hər kəs öz sahəsində çalışmalıdır. Məsələn, rəssamlar bu həqiqətləri əks etdirən əsərlər çəkməlidirlər, yazıçılar bu reallıqlardan bəhs edən romanlar yazmalıdırlar. Mənim kimi sosiallaşmış və xalqla rahat şəkildə təmas qura bilən insanları mühəndis də, doktor da, ev xanımı da dinləyir. Axı sosial elmlər, tarix, beynəlxalq münasibətlər, sosiologiya elə sahələrdir ki, o sahə üzrə mütəxəssislərin fikirlərinə rəğbət bəslənir. Bu baxımdan, öz sahəmizdə əlimizdən gələni etməliyik. Məsələn, mən bir uğura nail olmuşam, – bunu gələndən bəri 2-3 dəfə söyləmişəm, Azərbaycanda da böyük bir fəxrlə söyləyirəm, bunu özümü tərifləmək üçün demirəm, – biz Xocalı soyqırımı deyirik, çünki hüquqi əsaslarla, elmi əsaslarla baxdığımız zaman soyqırımının tanınmasına yüz faiz uyğun gələn, hətta artıqlaması ilə uyğun gələn genosid baş verib. Amma siz ziyalısınız, mətbuat işçisisiniz, yaxşı bilirsiniz ki, Xocalıda törədilənlərə sadəcə biz özümüz soyqırım deyirik. Bizdən başqa heç bir ölkə, bizə ən yaxın olan ölkələr belə, Xocalı dəhşətlərini rəsmi olaraq, soyqırım adlandırmır. Çünki hər ölkə nədənsə çəkinir. Düşünürlər ki, bu faciəyə soyqırım desələr, digər dövlətlər də buna bənzər başqa hadisələri soyqırım adlandıra bilərlər. Mən nəyə nail oldum? Keçən il bu vaxt bir elmi iş- dissertasiya müdafiə edildi. Mövzunu Xocalı soyqırımı adlandırdıq, dissertantım bunu müdafiə etdi, mən də onun elmi rəhbəri oldum, mövzu müdafiə olundu, elmi ictimaiyyət tərəfindən qəbul edildi və bundan sonra artıq mənbə kimi Türkiyədə yaşayan, Türkiyədən başqa ölkələrdə yaşayan biri Xocalı ilə bağlı bir yazı yazdığı zaman, həmin qəbul edilmiş və müdafiə olunmuş elmi dissertasiyaya istinad edəcək. Yəni bu yazı Azərbaycanda, eləcə də başqa yerlərdə Xocalı soyqırımı həqiqətlərini fakt kimi sübut edən elmi dövriyyəyə daxil olacaq. Məsələn, düşünürəm ki, diaspor fəaliyyəti elə bu deməkdir. Fəaliyyətlər bu cür olmalıdır. Sizinlə müsahibədən əvvəl söhbət edərkən də demişdim, ilboyu tez-tez Avropada, Avropanın müxtəlif ölkələrində oluram. Avropadakı çıxışlarımın 99 faizi Qarabağ, Xocalı məsələsi ilə bağlıdır. Bir də digər məsələlər var ki, yəni, bu torpaqlarda doğulub böyüyən bir insan olaraq ümumi türk tarixi dərslərini tədris edirəm. Hələ dərinə getsək, deməliyəm ki, mən qarabağlı bir ailənin qızıyam. Əcdadlarımın məzarları erməni işğalı altında olan torpaqlardadır. Belə olan halda başqaları bir az rahat nəfəs ala bilər, rahat otura bilər, amma mən dərslərimi də, təbii ki, bu həqiqətlə başlayıram və dərslərimi də bu həqiqətlə bitirirəm. Olduğum hər yerdə, daşıdığım ağrılar, acılar da şübhəsiz ki, mənimlə bərabər olur. Başqa bir mövzu ilə bağlı radio-televiziyaya çağırıldığım, yaxud elmi konfransa dəvət edildiyim zaman mütləq Azərbaycana, erməni məsələsinə, Dağlıq Qarabağ probleminə və işğal olunmuş torpaqlara ayrılmış çıxışımı mütləq edirəm.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 13 iyul.- S.5.