Görkəmli hüquqşünas-alim və istedadlı elm təşkilatçısı

  

İyulun 11-də AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor Bəhram Saffan oğlu Zahidovun 60 illiyi tamam oldu. Uzun illər prokurorluq orqanlarında məsul vəzifələrdə qüsursuz fəaliyyət göstərmiş Bəhram müəllim, prokurorluq orqanlarından 2004-cü ildə öz ərizəsinə əsasən təqaüdə çıxdıqdan sonra, ömrünün qalan hissəsini müqəddəs elm məbədi kimi qəbul etdiyi, sıralarında böyük və görkəmli alimlərin fəaliyyət göstərdiyi Milli Elmlər Akademiyası ilə bağlamışdır. Bu dövrdə o, Fəlsəfə, SosiologiyaHüquq İnstitutunda direktorun elmi işlər üzrə müavini kimi gərgin elmi yaradıcılıqla və elmi-təşkilati fəaliyyətlə məşğul olmuş, prokurorluq orqanlarında işlədiyi otuz ildə topladığı zəngin empirik materialları nəzəri müddəalarla intensiv surətdə əlaqələndirməklə, hüquq elminin müxtəlif sahələrinə dair biri-birindən maraqlı və sanballı olan 15 monoqrafiya, dərslik, kommentariya, 130-dan çox məqalə çap etdirərək, elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim etmişdir. Bu gün ömrünün 60-cı ilini qarşılamağa mənəvi haqqı çatan görkəmli hüquqşünas-alim, bacarıqlı elm təşkilatçısı, prinsipial və qətiyyətli prokurorluq işçisi, baş ədliyyə müşaviri, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Hüquq Elmləri üzrə Respublika Problem Şurasının sədr müavini, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına mükafat laureatı, professor Bəhram Saffan oğlu Zahidov 1951-ci ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olmuşdur. Orta məktəbi, Bakı Dövlət Universitetinin hüquq fakültəsini, SSRİ Baş Prokurorluğunun Sankt-Peterburq şəhərindəki İstintaq İşçilərini Təkmilləşdirmə İnstitutunu uğurla başa vurmuşdur. Qəsdən adam öldürmə ilə, narkobizneslə, terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizənin cinayət hüquqikriminoloji problemlərinə həsr edilmiş çoxsaylı əsərlərin müəllifi, beynəlxalq ekspertdir.

Taleyində Ulu Öndərimiz Heydər Əliyevin müstəsna rolu olduğunu tez-tez vurğulayan Bəhram müəllim, deyir: “70-ci illərdə Heydər Əliyevin hüquq fakültəsinə qəbulla bağlı gördüyü tədbirlərin və hüquq-mühafizə orqanlarında apardığı təmizləmə siyasətinin nəticəsi idi ki, mən hüquq fakültəsində oxumaq imkanı qazandım. Ali təhsilli hüquqşünas və Sov.İKP üzvü kimi Moskva Hərbi dairəsində xidmətdə olarkən ona ünvanladığım müraciətim cavabsız qalmadı. Tezliklə cavab aldım ki, hərbi xidmətdən tərxis olunduqdan sonra respublikanın prokurorluq orqanlarına gəlməliyəm. Belə də oldu. Tez bir vaxt ərzində məni prokurorluq orqanlarına işə qəbul etdilər. Qısa müddət işlədikdən sonra prokuror müavini vəzifəsinə keçirildim. İşlədiyimdən heç beş il keçməmişdi ki, gənc yaşlarımda müstəqil olaraq rayon prokuroru kimi olduqca məsuliyyətli bir vəzifəyə təyin edildim. Uğurla işlədim. Müsbət iş təcrübəm yayıldı. Başqalarına nümunə göstərildim. Buna baxmayaraq xalq cəbhəsi hakimiyyətə gəldikdən sonra, respublikanın xalq deputatı olsam da, Sabirabad rayon prokuroru vəzifəsindən qanunsuz olaraq azad edildim. Xalqın təkidli tələbi ilə Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bir çoxları kimi mənim də pozulmuş hüquqlarım bərpa edildi. Mən Bakı şəhərinin Xəzər (Əzizbəyov) rayon prokuroru vəzifəsinə təyin edildim. Onun sədr olduğu Milli Məclisin Dövlət QuruculuğuHüquq Siyasəti Daimi Komissiyasının üzvü seçildim. Bütün bunlar, onlarla sadə və zəhmətkeş insanlara Heydər Əliyevin göstərdiyi atalıq qayğısının tipik nümunəsi kimi səciyyələndirilə bilər. Mən Ulu Öndərimiz Heydər Əliyevi həmişə minnətdarlıqla yad edirəm. Mənim az-çox uğurlarımda onun böyük rolu olmuşdur. Onun ruhuna bir Hacı kimi daim dualar oxuyuram”. Bəhram Zahidov hələ orta məktəbdə oxuyarkən, sonra tələbəlik illərində elmi və bədii yaradıcılığa böyük həvəs göstərirdi. Onun elmi məqalələri, bədii əsərləri mətbuatda dərc edilirdi. Məhz bu keyfiyyəti, yaradıcılıq həvəsi, zəhmətsevərliyi prokurorluq orqanlarında işləyərkən və elmi-tədqiqat fəaliyyətilə məşğul olarkən onun qazandığı uğurların əsasında dayanırdı. O, Hüquqşünaslar Birliyinin üzvü, hüquq elmləri doktoru, professor olmaqla yanaşı, eyni zamanda həm də Respublika Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvüdür. “Qızıl qələm” mükafatı laureatıdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Bəhram müəllimin tədqiq etdiyi mövzular nəinki hüquqşünasların, habelə digər elm sahələrinin mütəxəssisləri tərəfindən yüksək dəyərləndirilir. Onun tədqiqat obyektləri olduqca rəngarəng və çoxistiqamətlidir. Cəmiyyəti və dövləti narahat edən problemlər, onların kriminoloji xüsusiyyətlərinin peşəkarlıqla üzə çıxarılması, proqnozlaşdırılması və profilaktikası sahəsində çoxsaylı elmi məqalələri və monoqrafiyaları oxucuların daim böyük marağına səbəb olub. Dünyada gedən qlobal proseslər mütəşəkkil cinayətkarlığın ən təhlükəli növlərinin, o cümlədən terrorçuluğun maliyyə mənbələrindən biri olan narkobiznesin sürətlə artması və genişlənməsi ilə səciyyəvidir. Lakin narkobiznes bir çoxcəhətli kriminal təzahür kimi hüquq elmində ən az tədqiq edilən mürəkkəb problemlərdən biri olmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bir çox problemlər kimi narkobizneslə mübarizənin də əsasını qoymuşdur.

Onun təşəbbüsü ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” 26 avqust 1996-cı il 485 saylı Fərman verilmiş, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış və bir sıra digər tədbirlər həyata keçirilmişdir. Bu problemin bəşəriyyət üçün yaratdığı böyük təhlükələri dərindən bilən görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin bilavasitə göstərişi ilə ölkədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanmış və bu gün də onun növbəti mərhələsi davam etməkdədir. Bəhram Zahidovun doktorluq dissertasiya işi Respublika Baş Nazirinin müavini, Dövlət Komissiyasının sədri Əli Həsənov, akademik Ziyad Səmədzadə, akademik Vahid Hacıyev, müxbir üzv Məsumə Məlikova, MDB ölkələrində tanınmış hüquqşünas-alimlər Firudin Səməndərov, Xanlar Ələkbərov, Tamerlan Qarayev, İlham Rəhimov, Eldar Həsənov, Habil Qurbanov, Kamil Səlimov, Çingiz Mustafayev və başqaları tərəfindən çox yüksək qiymətləndirilmiş və BDU-da fəaliyyət göstərən Dissertasiya Şurası 22 oktyabr 2005-ci il tarixdə B.Zahidova hüquq elmləri doktoru alimlik dərəcəsi verilməsi haqqında yekdil səslə qərar qəbul etmişdir. Narkobizneslə mübarizə probleminin əhəmiyyəti nəzərə alınaraq, Bəhram müəllim, eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun Elmi Kommentariyasını hazırlayıb 2009-cu ildə “Qanun” nəşriyyatı tərəfindən çap etdirmişdir. Geniş oxucu kütləsinin xahişləri nəzərə alınaraq hazırda həmin kitab yenidən çapa hazırlanır. Bəhram müəllim, eyni zamanda Milli Elmlər Akademiyasında fəaliyyət göstərən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Komissiya sədrinin müavini kimi də geniş iş aparır, maarifləndirmə tədbirlərində fəal iştirak edir. Ulu Öndər Heydər Əliyevin başladığı və bu gün ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatlarının həyata keçirilməsində, normativ-hüquqi aktların layihələrinin hazırlanmasında, onların müzakirəsində Bəhram müəllim fəal iştirak edir, onlarla qanun layihələrinin – Cinayət Məcəlləsinin, “Prokurorluq haqqında” Qanunun, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun, narkotik vasitələr, psixotrop maddələr və prekursorlar haqqında, məişət zorakılığı haqqında, ailə, qadın və uşaq məsələləri üzrə müxtəlif qanun layihələrinin, terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, çirkli pulların yuyulmasına və digər məsələlərə dair layihələrdə o, fəal iştirak etmişdir. Son vaxtlar isə “Təhsil haqqında” Qanunun müzakirələrində, “Elmi fəaliyyət haqqında” Qanun layihəsinin hazırlanmasında öz səyini əsirgəməmişdir. Ümumiyyətlə, B.Zahidov işlədiyi Milli Elmlər Akademiyasının, habelə onun Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun həyatında son illərdə baş verən böyük və inqilabi dəyişikliklərdə, yadda qalan geniş tədbirlərdə fəal iştirak edir və bütün bunlardan qürur hissi keçirir. Təsadüfi deyil ki, ölkə prezidenti, cənab İlham Əliyevin elmin inkişafı ilə bağlı Sərəncamından sonra Bəhram müəllim Azərbaycanda hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi sahəsində respublika İşçi Qrupunun sədr müavini kimi göstərdiyi səmərəli xidmətlərə görə AMEA-nın Rəyasət Heyətinin 16 iyun 2010-cu il tarixli 14/4 ¹-li qərarı ilə Fəxri Fərmanla təltif edilmişdir. Fərmanda göstərilir: “...Azərbaycan hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi sahəsində göstərdiyiniz səmərəli xidmətlərə görə “Fəxri Fərman”la təltif edilirsiniz”. Bəhram müəllim vətənpərvər və qeyrətli bir ziyalıdır. O, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlayaraq vətən keşikçisi kimi fəal iş aparmış, ictimai asayişin qorunmasında, qanunçuluğun möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə SSRİ Ali Sovetinin Rəyasət Heyəti adından, SSRİ Baş prokurorunun və Azərbaycan Respublikasının Baş prokurorunun əmri ilə dəfələrlə mükafatlandırılmışdır. Onun Tərtər rayonunda ermənilərə qarşı aparılan döyüşlərdə fəaliyyəti, ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş cinayətkar qəsdlərin ifşası sahəsində xidmətləri Əli bəyin “Tərtər şəhidləri” (Bakı, 1996), Azərbaycan təhlükəsizlik orqanlarının 80 illiyinə həsr olunmuş Araz Qurbanovun “Səssiz müharibə” (Bakı, 1999) və digər əsərlərdə, çoxsaylı məqalələrdə, televiziya proqramlarında öz əksini tapmışdır. O, Tərtər rayonunda prokuror vəzifəsində işləyərkən bir zabit kimi, özünümüdafiə qərargahının sədr müavini kimi rayonun və onun insanlarının erməni silahlı birləşmələrindən qorunmasının təşkilatçısı olmuş, dəfələrlə erməni silahlıları ilə üzbəüz gəlmiş və onlara layiqli cavab verilməsində xidmətlər göstərmişdir. Bəhram müəllim İnstitut direktorunun elmi işlər üzrə müavini, Elmi Şuranın üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, professoru kimi bakalavrların, magistrlərin, doktorantların, ixtisasartırma kurslarının müdavimlərinin hazırlanmasında, diplom işlərinin və dissertasiyaların müdafiəsi sahəsində səmərəli iş aparır. O, bu il Təhsil Nazirinin əmri ilə İdarəçilik Akademiyasında hüquq ixtisasları üzrə dövlət imtahan komissiyasının sədri olmuşdur. Bəhram müəllim, ölkənin ali məktəbləri üçün nəzərdə tutulan “Heydər Əliyevin hüquq islahatları”, “Milli təhlükəsizlik konstitusiya əsasları”, “Azərbaycan dövlətçiliyinin hüquqi təminatı”, “Azərbaycanın dövlət və hüquq tarixi” və digər fənlər üzrə çoxsaylı tədris proqramlarının müəllifidir. Bəhram müəllim, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Ekspert Şurasının üzvü, Birdəfəlik Dissertasiya Şurasının sədri, Elmi Seminarın rəhbəri kimi elmi kadrların yetişdirilməsində, ixtisaslarının artırılmasında, elmi adların verilməsində öz səylərini əsirgəmir. Hazırda da İnstitutda fəaliyyət göstərən N.02.103 saylı Dissertasiya Şurasının üzvüdür. Bəhram müəllim prokurorluq orqanlarında özünəməxsus, orijinal və şərəfli bir ömür yolu keçmişdir. O, Quba, Tərtər, Şamaxı, Sabirabad, Bakı şəhərinin Xəzər rayon prokurorluqlarında, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mərkəzi Aparatında prokuror və böyük prokuror vəzifələrində qüsursuz fəaliyyət göstərməklə, öz prinsipiallığı, cəsarəti, zəhmətsevərliyi, bununla belə həm də insanpərvərliyi və qayğıkeşliyi, dərin savadı və təşkilatçılığı, işgüzarlığı və fədakarlığı ilə özünə böyük hörmət qazanmışdır. Ümumiyyətlə, o, prokurorluq orqanlarında işlədiyi dövrdə heç bir cəza almamış, əksinə nümunəvi xidmətlərinə görə vaxtaşırı olaraq mükafatlandırılmışdır. Bəhram müəllim, bütün rütbə dərəcələrini növbədənkənar və mükafat qaydasında alaraq, cəmi 11 ildən sonra baş ədliyyə müşaviri rütbəsinə qədər yüksəlmişdir. O, eyni zamanda ehtiyatda olan zabitdir. Həmkarları onun təşkilatçılığını, ümumi nəzarət, məhkəmə qərarlarının qanuniliyinə nəzarət sahəsində və peşəkar istintaqçı kimi yüksək dəyərləndirirlər. Onun rəhbərlik etdiyi rayon prokurorluqlarında bütün ağır cinayət işlərinin açılması bir qayda olaraq təmin edilmiş, ən yaxşı göstəricilərinə görə həmişə nümunə göstərilmiş, yerli və respublika mətbuatında görülən işlər barədə müstəqil rubrikalarda vaxtaşırı materiallar dərc edilmişdir. Məhz buna görə də onun nümunəvi iş təcrübəsi SSRİ və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dəfələrlə yayılmışdır. Onu tanıyanların bir çoxu Bəhram müəllimi çox vaxt haqqın-ədalətin keşiyində dayanan prokuror Mehman obrazına bənzədirlər.

 O, Allaha çox inanan bir insan kimi müqəddəs Məkkəni ziyarət etmişdir. Hacıdır. Bəhram müəllim elmi tədqiqat fəaliyyətinə keçməsi ilə əlaqədar olaraq prokurorluq orqanlarından öz ərizəsinə əsasən təqaüdə çıxdıqdan sonra da, doğma prokurorluq orqanları ilə də sıx əlaqəsi bu gün də qalmaqdadır. Hər il prokurorluq işçiləri günündə hörmətli Baş Prokuror, cənab Zakir Qaralovun təbrik məktubunu aldıqda, minnətdarlıq və qürur hissi keçirir, prokurorluğun bu günkü böyük uğurlarını öz uğurları hesab edir, onlarla sözün əsil mənasında fəxr edir. Bəhram müəllim hələ Kommunist Partiyasının hökmran olduğu dövrdə də bir prokuror işçisi kimi insan hüquq və azadlıqlarının qorunmasına, ekologiya və təbiətin mühafizəsinə xüsusi diqqət yetirirdi. O, korrupsiyaya, rüşvətxorluğa, sui-istifadə hallarına qarşı mübarizədə olduqca prinsipial fəaliyyət göstərmişdir. Onun təşəbbüsü ilə Tərtərdə, Şamaxıda, Qubada, Sabirabadda, Mərdəkanda tarixi memarlıq və mədəniyyət abidələri, bulaqlar, qədim çinarlar Mədəniyyət Nazirliyi vasitəsilə uçota alınır, yeni meşə massivləri, qoruqlar salınır və inkişaf etdirilirdi. O xalqa həmişə çox yaxın olmuş, insanlara qanunun gücü ilə ədalətli kömək göstərilməsindən qürur hissi keçirmiş, “prokuror” adını və nüfuzunu uca tutmuşdur. Bəhram müəllim Azərbaycan parlamentində yadda qalan fəaliyyət göstərmiş, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın, “Azərbaycan Respublikasının Konstitusiyası”nın layihəsinin, habelə müstəqillik illərində çoxsaylı normativ-hüquqi aktların layihələrinin hazırlanması, müzakirəsi və qəbulunda bir hüquqşünas kimi fəal iştirak etmişdir. O, təqaüdə çıxdıqdan dərhal sonra Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş, ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə həmişə obyektiv, ədalətli hüquqşünas qiyməti verməkdən çəkinməmişdir. Müstəqilliyin ilk Konstitusiyasının, çoxsaylı normativ-hüquqi aktların, parlament seçkilərinin, referendumların keçirilməsi, ölkə həyatında baş verən proseslərə dair Bəhram müəllimin kütləvi informasiya vasitələrində – radioda, televiziyada etdiyi çıxışlar həmişə böyük maraq kəsb etmişdir. Bəhram müəllim, ömrünün müdriklik çağına qədəm qoymuşdur. Öz elmi və yaradıcılıq fəaliyyətinin zirvəsindədir. Əminik ki, görkəmli hüquqşünas-alimelm təşkilatçısı bundan sonra da öz yaxşı əməlləri və böyük elmi yaradıcılığı ilə bizi daim sevindirəcəkdir. Bu yolda ona uzun ömür və möhkəm can sağlığı arzu edirik.

 

 

Vaqif FƏrzƏliyev

Azərbaycan Milli Elmlər

Akademiyasının akademik-katibi,

Akademik

 

525-ci qəzet.- 2011.- 13 iyul.- S.4.