Eynəli bəy Sultanovun 145 illiyi Naxçıvanda elmi konfransla qeyd olunub

 

XIX əsrin sonları XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Eynəli bəy Sultanovun anadan olmasının 145 illik yubileyi ilə əlaqədar AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib. Bu barədə AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi məlumat yayıb. Naxçıvan Dövlət Universiteti ilə birgə təşkil olunan “Milli mədəniyyət tariximizdə Eynəli bəy Sultanov imzası: görkəmli publisist, böyük yazıçı və fədakar ziyalı kimi” mövzusunda keçirilən elmi konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev maarifpərvər yazıçı Eynəli bəy Sultanovun fədakarlıqla dolu həyatından və onun çoxcəhətli fəaliyyətindən geniş danışıb. Akademik həmçinin Naxçıvan teatrının yaradılmasında mühüm xidmətlər göstərmiş Eynəli bəy Sultanovun həyatı boyu teatr tarixində göstərdiyi böyük xidmətlərdən söz açıb. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin “Görkəmli publisist, ictimai xadim Eynəli bəy Sultanov haqqında söz”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədovun “Eynəli bəy Sultanovun tərcümeyi-halına və yaradıcılıq yoluna yeni bir baxış” mövzusunda çıxışlar dinlənilib. Çıxışlarda Eynəli bəy Sultanovun həyat və fəaliyyətindən, yaradıcılıq irsindən, ictimai xadimin mədəni tədbirlərin həyata keçirilməsində əvəzsiz rolundan və naxçıvanlı müasirlərindən ətraflı danışılıb.

 AMEA Naxçıvan Bölməsinin böyük akt və dəyirmi zalında “Eynəli bəy Sultanovun tədqiqi məsələləri” və “Eynəli bəy Sultanovun teatr, mətbuat və yazıçılıq fəaliyyəti” adlı bölmə iclasları da keçirilib.

 Naxçıvanda mədəniyyətimiz və tariximizlə bağlı qeydə alınan digər bir maraqlı fakt isə XVIII əsrdə yaşamış filosof-təbib Hatif Seyid Əhməd Ordubadiyə aid yeni yazı nüsxəsinin aşkarlanmasıdır.

 AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Muxtar Respublikasına dair müxtəlif tarixi qaynaqları əhatə edən əlyazma və qədim kitabların toplanılması zamanı Ordubad şəhərindən üz qabığı düşmüş, əvvəli və son səhifələri çürümüş şəkildə bir nüsxə tapılıb. İlkin araşdırma zamanı yuxarıda göstərilən səbəblərdən nüsxənin müəllifi və katibi müəyyən etmək mümkün olmamışdı. Lakin nüsxənin sonunda yerləşən oval şəkilli möhür içərisində ərəb qrafikası ilə “Hatif-Əl-Katib” yazısına rast gəlinib. Tədqiqata cəlb olunan nüsxə bu günlərdə dəqiq araşdırmalardan sonra tibbə aid olduğu müəyyən edilib. Əlyazmalar Fondunun direktoru Fəxrəddin Eyvazovun verdiyi məlumata görə nüsxənin sonunda olan oval şəkilli möhürdəki yazıdan, onun Ordubad şəhəri ərazisində əldə olunmasından və yerli sakinlərin qeydlərindən bu qənaətə gəlmək mümkündür ki, qeyd olunan nüsxə XVIII əsrdə yaşamış filosof-təbib Hatif Seyid Əhməd İsfahaniyə –Ordubadiyə aiddir. Yeni aşkar olunan nüsxənin tərtibatına gəldikdə fondun direktoru qeyd edib ki, nüsxənin tərtibatı digər tibbinamələrdən fərqlidir. İlk öncə ümumi şəkildə hansı isə bir üzvün xəstəliyinə aid başlıqlı məlumat verilir. Sonrakı mərhələdə həmin üzvə aid xəstəliklərin ardıcıl şəkildə adı, təbiəti (quru və rütubət), yaş dövrləri (uşaq, cavan, qoca), ilin fəsilləri (qış və yay), cəhətləri (şimal və cənub), təhlükəlilik (qorxulu, qorxusuz), səbəbi, əlaməti, müalicə üsulu (padşahanə, padşah sayağı), dərvişanə (dərviş sayağı) şərh edilib. Nüsxə fars dilində nəstəliq xətti ilə yazılıb. Əldə olunan nüsxənin həcmi 95 səhifə, ölçüsü 22x17,5 sm-dir.

 Hatif İsfahaninin-Ordubadinin həyat və yaradıcılığı haqqında qaynaqlardan əldə edilən məlumatlarda onun təkcə tibb sahəsində deyil, elmin müxtəlif sahələrində, o cümlədən ədəbiyyatda da layiqli yer tutduğu bildirilir.

 

 

525-ci qəzet.- 2011.- 14 iyul.- S.4.