Ən qədim adətlərimizdən
biri – “Dərviş toyu”
ADI EYNİ,
“DADI BAŞQA”, AVROPALAŞDIRILAN ƏNƏNƏMİZ
Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin
təbliği Bu yaxınlarda “dərviş toyu” adlanan bir toy mərasiminə
dəvətli idim. Çoxdandan bəri “dərviş
toyları” haqqında eşitdiklərimi gözlərimlə
görməyim bu mərasim barədə təəssüratlarımı
bir daha təzələdi. Sözügedən toyda diqqətimi
çəkən məqamlar mövzu ilə bağlı
yazı qələmə almağıma səbəb oldu. Nəzərləri
cəlb edən və bir-birinə ziddiyyət təşkil edən
iki əsas məqam bunlar idi: belə bir İslami mərasim təşkil
etdiyi üçün toy sahibinin öyünməsi, bunun
qarşısında isə dinimizin heç cür qəbul etmədiyi
israfçılıq. Bəs biz buna necə İslami mərasim
deyək? Əgər belə bir toy təşkil ediriksə,
onun keçmişdən bəri mövcud olan
sütunlarına zərbə vurmamalı və ənənələrimizə,
İslami dəyərlərə uyğun mərasim keçirməliyik.
Milli adət-ənənələrimizdən biri olan “dərviş
toyları”nın İslam tarixindən az olmayan yaşı var.
Və insanların buna qayıdışı hardasa müsbət
qiymətləndirilməlidir. Lakin bir çox ənənələrimiz
kimi, dərviş toylarına da kifayət qədər əlavələr
edilib. Başqa sözlə, digər adət-ənənələrimiz
kimi, bu vərdişimizin də Avropalaşdırılması
hiss olunmağa başlayıb. Sözügedən toyları dərindən
analiz edən zaman insanı düşündürən məqamların
heç də az olmadığı ortaya çıxır. Bu
haqda bir qədər sonra.
Hazırda ara-sıra keçirilən “dərviş
toyları” İslami əxlaqi-etik dəyərlərə
qayıdış nöqteyi-nəzərindən bir
çoxları tərəfindən müsbət dəyərləndirilir.
Bu toyların digər toylardan bəzi üstün cəhətləri
də kifayət qədərdir. İnsanı narahat edən səs-küyə,
şit musiqiyə, bayağı sözləri olan mahnılara,
eləcə də yabançı rəqslərə “dərviş
toyları”nda bir o qədər də rast gəlinmir. “Dərviş
toyları”nın digər toylardan yeganə böyük fərqi
burada qadınların iştirak etməməsi və ritmik oyun
havalarının çalınmamasıdır.
Açıq-saçıq geyinmiş qadınların toyda naməhrəmlərin
içərisində iştirak etməməsi, onların yenə
də naməhrəm kişilərin qarşısında
oynamaması, erotik, oriental rəqs səhnələrinin olmaması
öz-özlüyündə alqışlanmalı, təqdirəlayiq,
əxlaqi cəhətdən düzgün bir hal olması da bu
toyun üstünlüklərindəndir. Yəni sözügedən
mərasimlərin sadalanan bu məqamları İslam
etikasına, şəriətin qanunlarına uyğundur. Amma bu
toyların bəzi cəhətləri insanı düşündürməyə
vadar edir. Bəzən insana elə gəlir ki, bu toylar digər
toylardan o qədər də fərqlənmir.
Çalğı alətləri, ifa edilən musiqi eynidir.
Başqa toylarda çalınan həmin musiqi sədaları
altında, həmin avazla Peyğəmbəri (s.ə.v.), məsum
imamları, digər müqəddəsləri mədh edən
şeirlər oxunur. Maraqlı məqam isə bu mətnlərin
bir çoxunun başqa toylarda da xanəndələr tərəfindən
oxunmasıdır. Musiqi qrupunun üzvləri uzun-uzadı mədhiyyə
oxuyur və hər bir mahnının sonunda yeməklə məşğul
olan insanlardan “salavat” deməyi, həm də bunu uca səslə
söyləməyi tələb edirlər. Lakin bu toyların
adının islami toy qoyulmasına baxmayaraq, burada şəriət
qanunlarına İslama zidd bir çox hallar mövcuddur. Əgər
“Dərviş toyları” Allah rzası üçün edilirsə,
o zaman hansı səbəbdən toyun gedişində
böyük yaradanın digər əməllərinə riayət
edilmir?
Məsələn,
“Allah rzası” (bir çoxları bunu gözdən pərdə
asmaq məqsədilə təşkil edir) üçün
olan toyun gedişi zamanı şam namazı ilə
yanaşı xüftən namazının da vaxtı
keçir, amma musiqiçilər çalmağa, iştirakçılar
isə yeməyə davam edir. Və bu zaman namazlar bilərəkdən
qəzaya verilir. Bu zaman bir çoxlarının
gücünün, qüdrətinin, əzəmətinin, rəhmətinin,
eyni zamanda qəzəbinin böyüklüyünü dərk
etmədiyi Uca Yaradanın əmrinə əhəmiyyət
verilmir. Başqa sözlə, bu əmr bir növ yüngül
tutulur. Axı namazın vaxtı çatan kimi hər bir
mükəlləf olan adam imkan və şərait varsa, əlində
təxirə salınması mümkün olmayan bir iş
yoxdursa, dərhal namaza durmalıdır. Əgər “Dərviş
toyları” deyilən bu mərasimlər dinimizin qaydalarına əməl
olunan toylardırsa, o zaman bu toyların keçirildiyi məkanlarda
namaz üçün şərait olmalı və namazın
vaxtı yetişən zaman musiqiyə fasilə verilməli,
insanlar isə ibadətlə məşğul
olmalıdırlar. Əgər dini, islami toy hesab etdiyimiz bu
toylarda Böyük Allahın yerinə yetirilməsi vacib olan
açıq, çox açıq əmrini, müqəddəs
Peyğəmbərimizin (s.ə.v.) göstərişlərini
qulaq ardına vurub toyun gedişində yerinə yetirdiyimiz digər
əməllərlə öyünürüksə bu,
riyakarlıqdır. Deməli günah edirik. Bir-birilə
sıx bağlı olan bu əməllər eyni zamanda bir-birini
tamamlayan bir kompleksdir. Bu məsələlər hamısı
bir yerdə bir orqanizmdir. Və bu məsələlər
hamısı bir arada olsa daha məqsədəuyğun olar.
Musiqiyə gəlincə isə öz-özlüyündə
hər cür musiqi deyil, ləhvü-ləəb yardan,
insanı ekstaz vəziyyətinə gətirən musiqi
haramdır. Məhz dərviş məclislərində
çalınan və oxunan musiqilərdə bəzi ekstaz
halına gətirən məqamlar var. Allahı vəsf edən,
peyğəmbərləri (s.ə.v.) müqəddəs
imamları mədh edən mətnləri hər cür musiqi
altında oxumaq özü də bidətdən başqa bir
şey deyil. Əgər ilahi sözlər səsləndirilirsə,
bunun üçün hər kəs öz zövqünə
uyğun musiqi seçə bilməz. Burada hər bir incəliklər
nəzərə alınmalıdır. Bir halda ki, “dərviş
toyu”nu özünü İslam təəssübkeşi hesab
edən şəxslər edirlərsə, bu zaman onların digər
dini tövsiyələrə əməl etmələri də
vacibdir. Maraqlı məqam ondadır ki, toy sahibi bir yanda “dərviş
toyu” etməklə öyünür, yəni özünü
Allah-Təalanın xoşuna gələn əməlləri
yerinə yetirən şəxs kimi göstərir, digər tərəfdən
isə Ulu Yaradanın sevmədiyi başqa əməllərə,
habelə israfçılıq edir. Ən azından bu şəxslər
“dərviş toyları”nda dinimiz tərəfindən qəbul
edilməyən israfçılığa da yer verməməlidirlər.
Bir yanda Allahın qanunlarına əməl olunursa, digər tərəfdə
niyə israfçılığa yol verilir? Qafqaz Müsəlmanları
İdarəsinin Fətvalar şöbəsinin müdiri fəlsəfə
elmləri doktoru qazi, hacı Mirəziz Seyidzadə “dərviş
toyları”nın hələ İslamın yarandığı
gündən bəri mövcud olduğunu bildirib. Onun sözlərinə
görə, o zamankı dərviş toylarında insanların
qəzəllər, qəsidələr, müəyyən
İslami mahnılar oxumaqla mərasimi həyata keçiriblər.
M.Seyidzadə sonradan bu toyların adının “dərviş
toyu” qoyulduğunu qeyd edib: “Dərviş sözü
lüğəti mənada qapı-qapı gəzib, müəyyən
məsələləri çatdırmaq deməkdir. Bir mənada
dərvişlər irfani şeirlər oxuyurlar. Məhz dərvişlər
xalq arasında belə tanınıblar. Yəni dərviş
indi bəzilərinin başa düşdüyü kimi
qapı-qapı gəzib dilənən mənasında deyil.
İslamın yarandığı ilk illərdə dərvişlər
dinimizin bu yolla, yəni irfanı mahnılar, ilahi qəsidələr,
qəzəllər oxumaqla təbliğatını
aparıblar. Bəzi din adamları ki, musiqi toyunu
xoşlamırlar onlar öz toylarının məhz bu yolla təşkil
edirlər. Bu da İslam baxımından məqbul
sayılır. Yəni dərviş toyunun bir ziyanı yoxdur. Bəlkə
də bu müasir toylarla müqayisə də daha da xeyirlidir.
Fikrimcə, ortada atılıb-düşməkdən, kənar
adətləri yerinə yetirməkdənsə, belə
toyların təşkili daha məqsədəuyğundur”.
M.Seyidzadənin dediyinə görə, dərviş
toylarında ifa edilən musiqi haram deyil. O, dərviş
toylarında deyil, digər toylarda ifa edilən musiqilərin
haram olduğunu söyləyib: “İslamda haram olan musiqi
insanı coşduran musiqidir. Hətta elə musiqilər o qədər
coşdurucu təsir bağışlayır ki, o birbaşa
insanın ağlına təsir edir. Məhz belə musiqilər
haramdır. Yəni bu musiqi altında imamların, digər
müqəddəs şəxslərin mədhi pis hal deyil. Dərviş
toylarında ifa edilən musiqinin bir ziyanı yoxdur”. Şərqşünas,
dini ekspert Seyid Camal Əzimbəyli hələ əsrlər
boyu dərviş toylarının mövcud olduğunu qeyd edib.
Onun sözlərinə görə, tarix boyu imanlı şəxslər
özlərinin və yaxınlarının toylarını məhz
bu üsulla təşkil ediblər. “Dərviş
toyları”nın hələ dinimizdən öncə mövcud
olduğunu diqqətə çatdıran C.Əzimbəyli
sonradan bu adətin İslamın özününküləşdirmə
modelinə çevrildiyini qeyd edib: “Bunun da başlıca səbəbi
dərviş toylarında Allah-Təalanın haram buyurduğu
naz-nemətlərin verilməməsidir. Lakin Azərbaycanda indi
keçirilən dərviş toyları ilə əsrin əvvələrindəki
“dərviş toyları” arasında çox böyük fərqlər
var. Hətta bu toyların arasında qırılmış
tellər mövcuddur. Düzdür, “dərviş
toyları”nda müəyyən mənada İslam heysiyyatı
üstünlük təşkil edir və bu mərasimlər
dini kimliyin, dini prinsiplərin qorunmasına xidmət göstərir.
Bu toylarda İslami qaydalara zidd təhlükəli bir məqam
yoxdur. Amma əsrin əvvəllərinə qədər
qorunub-saxlanan ənənələr artıq unudulub və dərviş
toylarını yeni əlavələr olunub. Tarix boyu “dərviş
toyları” irfana bağlanan məclislər olub. O zamankı “dərviş
toyları” insanların daxilən saflaşmasına, dini
baxımdan zənginləşməsinə səbəb olurdu.
Hazırda isə dərviş toylarında müqəddəs
ad sahiblərinin, imamların və digər müqəddəsləşdirilmiş
şəxslərin mədhiyyəsi ilə toyun da problemi ilə
qarşılaşırıq. Bəzən bu dəyərlər
şəxslərin öyülməsinə və pul
yığılmasına xidmət göstərən hala
çevrilir. Bu hallar insanı üzən amillərdir. “Dərviş
toyları”nı edən insanların yüz faizi özlərini
İslam təəssübkeşi kimi tanıdan şəxslərdir.
Əgər bunun bir mübarək tərəfi varsa və Cənab
Haqqın hökumlərinə uyğundursa, digər tərəfdən
isə bu mərasimlərdə həddini aşan halların
mövcudluğu bəyənilən deyil. “Dərviş
toyları”nda bir çox hallarda xoşagəlməz hallar
baş verir. Bu toylarda ayrı-ayır fərdlərin şəninə
həddindən artıq təriflərin söylənməsi
heç də qənaətbəxş amil deyil. Bəzən
adama elə gəlir ki, dərviş toyları ilə digər
toyları bir-birindən ayıran yeganə fərq bu toylarda
spirtli içkinin olmamasıdır. Bu məclislərin tarixə
nəzər salınaraq, o səpgidə, mənəviyyatımıza
uyğun olaraq keçirilməsi daha yaxşı olar”. Ekspertin
fikrincə, dərviş toylarında mənəvi dəyərlərin
qorunmasına xüsusi diqqət yetirilməlidir.
C.Əzimbəyli
bu məclislərdə İslami dəyərlərin ən
xırda incəliklərinin belə qorunmasına önəm
verilməsinin zəruri olduğunu qeyd edib: “Əsrin əvvəllərindəki
“dərviş toyları” ilə indiki “dərviş
toyları”nı eyniləşdirmək düzgün
olmazdı. Amma mənəvi irsimizin qorunması
baxımından bu toyların ziyanlı tərəfini deyil,
xeyirli məqamlarını önə çəkmək təqdirəlayiqdir.
İslamın təməl prinsipləri bundan ibarətdir ki,
yaradılmışları əbədi səadətə
qovuşdursun. Dinimizin digər prinsiplərindən biri də
insanlı pis əməllərdən çəkindirmək,
onlara düzgün yol göstərməkdir. Bir
çoxları gözdən pərdə asmaq məqsədilə
“dərviş toyları” təşkil edir. Amma bu hal heç
cür qəbuledilən deyil. Çünki insan daxilən
Allaha, dininə bağlı olmalıdır. Yəni gözdən
pərdə asmaq məqsədilə üzdə xoş
görünən addımların, gizlində isə bidət əməllərin
həyata keçirilməsi heç cür qəbuledilən
hal deyil. Bu, küfr olmaqla bərabər, Allah-Təala tərəfindən
də qəbul edilmir. Həqiqətən də, dini
toyların keçirilməsi ənənələrimizdən
biri olmaqla yanaşı, bu həm də bir könül
işidir. Müsəlman olan hər bir şəxs ən
azından İslami dəyərlərə böyük önəm
verməlidir. Biz xurafatdan, mövhumatdan qaçaraq
İslamı elmi təfəkkürlə anlasaq daha gözəl
olar”.
Aqil LƏTİFOV
525-ci qəzet.-
2011.- 15 iyul.- S.2.