Qoca tarın 55 yaşlı Qorxmaz dostu

 

Son beş-altı ilin muğam dirçəlişi nəzərə alınmazsa, nəinki respublikadan kənarda, hətta Azərbaycanın özündə milli musiqinin gənclər arasında populyarlığını, dəbdə olduğunu demək bir az müşkül məsələydi. Sizi dağa-daşa salmadan öz başıma gələn əhvalatla fikrimi türklər demiş kanıtlamaq, yəni sübut eləmək istəyirəm. Əminənin beş-altı yaşı vardı (Əminə bəndənizin kiçik qızıdır). Bir gün onunla bərabər maşında gedərkən adətim üzrə maqnitofonu işə saldım və gözəl Azərbaycan musiqisi salonu doldurdu. Səhərdən axşama ayaqları oynadan estrada musiqisi eşidən qızım üsyan elədi: ay ata, bu nədir, başqa musiqi yoxdurmu? Mən artıq uşaqla “ciddi danışmaq” məqamı gəldiyini düşünüb, bax, Əminə, – dedim, – o biri musiqilərlə yanaşı bu musiqini də dinləməlisən, bu, bizim ata-babalarımızın musiqisidir. Qəribə də olsa həmişə dediyində israr edən uşaq sakitcə qulaq asmağa başladı. Onu da deyim ki, evdə nə qədər ana dilində danışsaq da baxça dili üstünlük təşkil edirdi və onun “ata-babalarımız” sözünü tam dərk elədiyinə bir az şübhəm vardı. Amma yenə öz “pedaqoji tərbiyə üsuluma” qürurla baxdım, “əhsən, – dedim, – əl boyda uşağı bir kəlmə ilə öyrətdim”. Söhbətdən təxminən bir həftə keçmiş yenə maşınla şəhərə çıxmışdıq. Bu səfər Əminənin böyük tələbə bacısı da maşındaydı. Keçən dəfəki əhvalat eyni şəkildə təkrar oldu və milli musiqinin sədaları yüksələn kimi Aygün etiraz elədi: ay ata, bu nədir, başqa musiqin yoxdur? Mən növbəti pedaqoji hücuma keçməyə macal tapmadım. Əminə səsini qaldıraraq: Aygün, – dedi, – sus, bu atanın valideynlərinin musiqisidir.

“Ata-babalarımız” sözü belə qavranmışdı. İndi sizə “valideynlərimizin musiqisini” bu şimal diyarında yaşadan eloğlundan danışmaq istəyirəm. Sənəti yaradanlar və yaşadanlar var. Bəzən onların hansının daha dəyərli olması sualı qarşıya çıxanda (əslində çox mənasız müqayisədir) düşünürsən: sənəti yaşadan olmasa, yaradanı da tanıyan olmaz. Hər peşənin üzərinə möhür vuran fərdlər var ki, əksəriyyət həmin peşədə məhz bu fərdlərin ifasını canlandırmaqla, ona bənzəməklə peşəyə vəsiqə almış olur. Onların fədakarlığının səhnə arxasında qaldığı az olmur. Qorxmaz Axundov tarzənlik sənətinin bu sənətə yad olduğu mühitdə yaşadılması kimi ağır yükün altına girmiş nadir həmyerlilərimizdəndir. Otuz beş il əvvəl Asəf Zeynallı adına Bakı musiqi məktəbinin tar sinfini fərqlənmə diplomu ilə bitirən 20 yaşlı Qorxmaza nə vaxtsa məşhur Leninqradın—Sankt-Peterburqun 300 illik yubileyi münasibətilə dünyanın 42 dövlətinin prezidenti qarşısında Azərbaycan xalq musiqisini ifa edəcəyini desəydilər, çox güman ki, inanmazdı. O vaxt bir əlçatmaz arzusu vardı: konservatoriyanın tələbəsi, böyük Üzeyir bəyin adını daşıyan musiqi məbədinin ziyarətçisi olmaq. Tale yar oldu. Professor Oqtay Quliyevin sinfində, Azərbaycan xalq musiqisi fakültəsində beş il təhsil aldı. Azərbaycanın dilbər guşələrində müxtəlif musiqi məktəblərində pedaqoq, musiqi kollektivlərində ifaçı, solist kimi, ansambl rəhbəri kimi çalışdı, günü-gündən püxtələşdi. Naxçıvan musiqi məktəbində onlarca gəncin “tar oxutması”na yardım etdi. Hər gün, hər il tarın yeni sehrlərini, möcüzələrini öyrəndi. Tarı ilk dəfə əlinə aldığından qırx ildən də çox keçməsinə baxmayaraq, onun bütün sirlərinə vaqifəm demir. Adətən ifaçılarda həmkarlarına qarşı açıq və ya gizli, müsbət və ya mənfi bir qibtə, həsəd olur. Bunu qınamaq nə qədər doğrudur, onu demək çətindir. Çünki bu qısqanclıq rəqabətin, dolayısı ilə təkmilləşmənin, kamilləşmənin açarıdır. Çox vaxt Qorxmaz Axundovu bugünkü mahir gənc tarzənləri dinləyərkən seyr eləmişəm. Onların valehedici musiqisinə, barmaqlarının gəzişinə, yeni xallarına o qədər səmimiyyətlə, vurğunluqla baxır ki, sanki hər birinin uğurunda özünün də payı var. Müxtəlif xalqları bir bayraq altında birləşdirən, bu gün bəzilərinin dəhşətli yuxu kimi, əksəriyyətin böyük nisgillə xatırladığı sovet dövləti tarixin xatirəsinə yazılandan sonra çoxlarının taleyi də dəyişdi.

 Bəlkə də xalqımız üçün tarixin ən böyük kinayəsi, paradoksu bundan ibarətdir ki, bu gün bütün bədbəxtliklərimizdə rus imperiyasını, rus-sovet ordusunu təqsirləndirə-təqsirləndirə azərbaycanlıların ən böyük qismi Rusiyada yaşayır, işləyir, təhsil alır, ana vətənə iqtisadi yardım edir. 1996-cı ildən bəri Qorxmaz Axundov da bu təmsilçilərdən biri olub. Bu “könüllü mühacirətin” ən diqqətəlayiq tərəfi xalq sənətimizin yayılması, tanıdılmasıdır. Moskvada olduğu 15 il ərzində iştirak etdiyi tədbirləri sadalamaq istəsəm bir qəzet səhifəsi azlıq edər. Cəmi bir neçəsinin adını çəkmək kifayətdir məncə. Böyük rus şairi A. S. Puşkinin anadan olmasının 200 illik yubileyi münasibətilə 1999-cu ildə keçirilən tədbirdəki uğurlu çıxışı şairin adını daşıyan Beynəlxalq fondun diplomuna layiq görülüb. 2000-ci ildə iqtisadi və mədəni əməkdaşlığa dair ikinci Rusiya festivalında, həmin il keçirilən “Uşaqlar planeti” beynəlxalq festivalında diplom və təltifnamə, 2001-ci ildə Soçidə keçirilən “Qızıl top” festivalında laureat diplomu, həmin il Moskvada MDB yaradılmasının 10 illiyi münasibətilə keçirilən dövlətlərarası sərgidə “Azərbaycan bülbülləri” uşaq instrumental ansamblının rəhbəri kimi diplom alıb. Milli mədəniyyətlərin təbliğində respublikamızın səlahiyyətli elçisi kimi çıxış edən Q. Axundov “Dostluq kəhkəşanı” festivalında Moskva Hökumətinin diplomuna, milli xalq çalğı alətlərinin ifaçıları müsabiqəsində Müslüm Maqomayev adına mükafatın laureatı adına layiq görülüb. Əslində bu sadalamalar quru və yorucu görünə bilər. Həqiqətən də bunlar həmyerlimizin müvəffəqiyyət qazandığı miqyaslı tədbirlərin çox az hissəsini təşkil edir. Son on-on beş ildə Moskva ictimaiyyəti qarşısında, burada yaşayan həmyerlilərimiz qarşısında, əzəmətli şəhərin milli rəngarəngliyini görmək istəyən əcnəbilər qarşısında xalq musiqimizi, birinci növbədə tarın ecazkar qüdrətini Qorxmaz nümayiş etdirir. Novruz şənliklərimiz, digər bayramlarımız, həm ifaçı kimi özünün, həm də pedaqoq kimi onun hazırladığı gənc ifaçıların iştirakı olmadan keçmir. Neçə illərdir respublikamızın müstəqillik gününün Moskvada təntənəli şəkildə bayram edilməsini də Qorxmazsız təsəvvür etmək çətindir. Moskvada məşhur həmyerlimiz Kərim Kərimovun adını daşıyan 157 nömrəli milli etnik təmayüllü orta məktəbdə Azərbaycan xalq sənətini, milli çalğı alətlərini, muğamı və xalq mahnılarını Rusiya paytaxtının gənc nəslinə tanıdan da Qorxmaz Axundovdur. Buradakı ilk Azərbaycan teatrı “Dərviş”in yaxın dostu, musiqi quruluşlarının yaxın iştirakçısıdır.

Tarzənlik sənətinə Sadıqcan kimi, Bəhram Mansurov və Ramiz Quliyev kimi möhür vuran ustadların yaratdığı zirvələr son illər respublikada geniş vüsət alan ifaçılıq məktəbi sayəsində yeni simalar üzə çıxarır. Bir də bu sənəti yorulmadan təbliğ edən, bu yolda Fərhad kimi külüng çalan, eldən-obadan uzaqda füsunkar Soçidən tutmuş Finlandiyanın soyuq Turkusuna, Kalininqraddan tutmuş Tümenə qədər böyük bir coğrafiyada tarı şərəflə təmsil və təbliğ edən həmyerlimiz var. Ömrünün yetkin yaşında – iyulun 22-də Qorxmaz Axundovun 55 yaşı tamam olur, – səmimi dostuma, gözəl ailə başçısına möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləmək, sədəfli tarının sədalarının ən müxtəlif səhnələrdən gəlməsini, “valideynlərimizin musiqisini” dünya durduqca yaşatmasını arzulamaq və bu fədakarlığın Ana vətən tərəfindən həqiqətən bir əməkdarlıq etirafı ilə təltifinə ümid bağlamaq da bizim payımıza düşən bəxtəvərlikdir.

 

 

Cəfər SADIQ

 

525-ci qəzet.- 2011.- 16 iyul.- S.30.