Azərbaycanın hərb və qəhrəmanlıq tarixində III Kalbalı xan Naxçıvanski imzası

 

Azərbaycanın məşhur sərkərdəsi və qədim Kəngərli tayfasının beşinci general-mayoru III Kalbalı xan Cəfərqulu xan oğlu Naxçıvanskinin çox maraqlı həyat yolu var. O, 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kalbalı xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib.

 Qeyd edək ki, o, Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronunda da tam kurs (iki illik) keçmiş və onun təhsili 1-ci dərəcəyə layiq görülüb. Sonralar o, ulan polkunun tərkibində Varşavaya göndərilib. Varşavaya gələn kimi beşinci eskadronun kiçik zabiti rütbəsində polkda hərbi xidmətdə olub. Birinci Dünya müharibəsi başlayanda III Kalbalı xanı da müharibəyə göndərirlər. Bu zaman o, 23 yaşında idi. Ondan 3 yaş kiçik olan qardaşı III Ehsan xan da müharibədə vuruşurdu. Yeri gəlmişkən, I Dünya müharibəsində III Kalbalı xanın yaşı 20-ni ötməyən digər qohumları da iştirak edirdi. Müharibəyə aid sənədlərdə onların da hünər və şücaətlərindən ürəkdolusu söhbət açılır. Kalbalı xan 30 iyul 1915-ci ildə poruçik, 5 avqust 1916-cı ildə isə ştabs-rotmistr hərbi rütbələrini alıb. Müharibədə çox hünərlər göstərən Kalbalı xan bir neçə ordenlə təltif edilib. Üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni qılıncla və bantla birlikdə (1914-cü ildə), həmin ordenin 2-ci dərəcəlisini qılıncla birgə (1915-ci ildə), üzərində “İgidliyə görə” yazılmış 4-cü dərəcəli Müqəddəs Anna ordeni (1914-cü ildə), 1915-ci ildə həmin ordenin 3-cü dərəcəlisini (qılıncla və bantla) alıb. Avstriya qoşunlarına qarşı cəsurluqda döyüşən Kalbalı xan 2 may 1915-ci ildə Qızıl Georgi Silahının sahibi, hərbi dillə desək, kavaleri olub. Sənədlərdə onun bu müharibədə yaralandığı haqda da məlumat var.

 1917-ci ildə Rusiya imperiyasında baş verən hadisələr Qafqazdan olan döyüşçüləri öz doğma ocaqlarına qayıtmağa məcbur edir. Çünki qafqazlı döyüşçülər Müvəqqəti Hökumətə inanmır və onun uğrunda döyüşmək istəmirdilər. Kalbalı xan və qardaşı Ehsan xan, eyni nəsildən, həm də bibisi oğlu Murad xan, dayısı Kərim xan İrəvanski, əmisi oğlu İskəndər xan və Naxçıvanskilərin oğulluğa götürdükləri Məhəmməd xan Təkinski Naxçıvana qayıdırlar. 1918-ci ilin əvvəlindən Şərqi Anadoluda və cənubi, həm də qərbi Qafqazda erməni daşnakları qanlı cinayətlərə başlayırlar. Tarixə nəzər salaq. Erməni daşnaklarının Naxçıvana və Şərur-Dərələyəz qəzasına qanlı hücumları başlamışdı. Rusların və ingilislərin gizlicə möhkəm silahlandırdıqları erməni quldur dəstələri 400-dən çox müsəlman kəndini qılıncdan keçirib yandırmışdılar.

 Belə bir vəziyyəti görən Naxçıvanın başbilənləri çar ordusunda bir vaxtlar Kabardin polkunun məşhur döyüşçüsü olan rotmistr Kərim xan Abbasqulu xan oğlu İrəvanskini seçilmiş bir heyətlə türk paşası Mehmet Vahibin yanına göndərdilər. Naxçıvandan göndərilən xüsusi nümayəndə xahiş etdi ki, Naxçıvana qoşun yeritsinlər. 1918-ci ildə iyun ayının əvvəlində 9-cu və 11-ci türk diviziyaları İrəvan yaxınlığındakı Uluxanlıdan Naxçıvana tərəf hərəkət etdilər. Arxiv sənədlərinə əsasən 1918-ci il iyunun 4-də türk qoşunları Naxçıvana kömək üçün daxil oldu. Türk qoşunları və Naxçıvanın könüllü qoşunları birlikdə azğın düşmənə qarşı qəhrəmanlıqla döyüşdülər və quldur daşnak dəstələrini qəzadan qovdular. 1918-ci il noyabrın sonunda naxçıvanlılar Qafqazda altıncı müstəqil respublika olan Müvəqqəti Müstəqil Araz Respublikasını yaratdılar. Çünki bu respublikanın əsas məqsədi erməniləri məğlub etmək və Naxçıvanı Azərbaycanla birləşdirmək idi. Burada heç də məqsədimiz Araz Türk Respublikasının yaranması və fəaliyyəti haqqında danışmaq deyildir. Bu, çox dərindən, özü də həssaslıqla incələnməyə ehtiyacı olan bir tədqiqat mövzusudur.

 Amma III Kalbalı xanın 1918-1920-ci illərdə Naxçıvandakı fəaliyyəti elə Araz-Türk Demokratik Respublikasının fəaliyyəti ilə sıx bağlı olduğundan bəzi mətləblərə toxunmağı vacib bilirik. Ona görə ki, yazılan bəzi monoqrafiyalarda III Kalbalı xanın fəaliyyətinə “mənfi don” geyindirilir. Qeyri-hərbçilər qəhrəman səviyyəsinə qaldırılır, Rusiya ordusunda döyüş manevrləri ilə hamını heyran edən Naxçıvanskilər isə İranın tərəfdarları kimi təqdim edilir. Bəs, həqiqətdə bu belədirmi? Gəlin o illərin arxiv sənədlərindən bəzilərinə nəzər yetirək. Onda hər şey aydınlaşar. Bəzi elmi nəşrlərdə türklərin əleyhdarı kimi göstərilən Cəfərqulu xanın arxiv sənədlərindəki məlumatı onu istəməyənlərin böhtanını təkzib edir. O yazır: “Türklər getdilər, yenə bizdə müsəlman kənd və qəsəbələrinin məhv edilməsi, heç bir günahı olmayan müsəlman qadın və uşaqlarının döyülməsi və öldürülməsinin qanlı səhnələri təkrar olunmağa başladı. Yenə də İrəvan quberniyasında ermənilər tərəfindən qəddar ölümə məhkum edilmiş on minlərlə müsəlmanın ürək parçalayan qışqırıq və nalələri göyə yüksəldi”. Bir tərəfdən həmin dövrü tədqiq edən bəzi tədqiqatçılar Naxçıvanskilərin qəhrəmanlığından arxiv sənədlərinin dili ilə fəxrlə söhbət açır, digər tərəfdən isə təkzib edirlər. Əmir bəy hökumətinin süqutunda onları günahkar bilirlər. Əslində belə deyil. Sadəcə, Naxçıvanskilər mükəmməl hərbi təhsil görmüşdülər. Dünya müharibəsində, hərbi yürüşlərdə vuruşmuşdular. Hərbi taktikanı və strategiyanı əla bilirdilər. Naxçıvanın daşnaklardan müdafiə olunmasında o hərbiçilərə çox böyük ehtiyac vardı. Ona görə də istər-istəməz respublika silahlı dəstələrinin komandiri III Kalbalı xan təyin edildi. 7 yaşından ciddi hərbi məktəblərdə təhsil alan, I Dünya müharibəsində gənc ikən çox yüksək hərbi mükafatların sahibi olan III Kalbalı xan hər yerdə, o cümlədən döyüşlərdə olduqca qətiyyətli idi. Onun ötkəm, dəmir iradəli olması isə bəzilərinə “kobudluqkimi görünürdü.

 Amma nəinki Naxçıvanskilər, onların çox ulu əcdadları olan Kəngərli xanları Naxçıvanın müstəqilliyi üçün özlərini belə qurban verməyi ar bilməmişdilər. Bu haqda artıq xeyli sənədlər əlimizdədir. Daşnak erməni quldurları ilə qəhrəmancasına vuruşan könüllü naxçıvanlı döyüşçülərin önündə podpolkovnik Kalbalı xan gedirdi. Onun qorxmazlığı və cəsurluğu, düzlüyü, vətən təəssübü hamını Naxçıvanı müdafiəyə səsləyirdi. Arxiv sənədlərində Kalbalı xanın təşkil etdiyi hərbi dəstələrin sayı da göstərilib. 1919-cu ildə ADR-in hərbi naziri qəhrəman hərbiçini döyüş hünərinə görə polkovnik hərbi rütbəsi ilə təltif edir. Aşıqlar onun hünərini vəsf edən qoşmaları son illərə qədər oxuyurdular. Erməni daşnakları ilə döyüşlərdə üç yara alan Kalbalı xanın Əlixan məhəlləsindən yuxarıda onlara necə divan tutduğundan bizim tarix müəllimimiz Fərzəliyev ürəkdolusu danışardı. Yaralarından qan axsa da, Naxçıvan torpağı uğrunda döyüşən Kalbalı xanı xalq ürəkdən sevirdi, ona xilaskarı kimi baxırdı. Kalbalı xan isə təpədən-dırnağa əsl döyüşçü idi. Onu maraqlandırmırdı ki, salnaməçilər gizlində gələcək üçün nə yazıb qoyurlar. Onun üçün təslimolunmaz, məğlubedilməz Naxçıvan diyarı var idi. Elə bu amalla da axıradək qəhrəmancasına döyüşdü. Ermənilərin bütün məkrlərinə döyüşlə cavab verən Kalbalı xanın haqqında arxiv sənədlərində “Xalqın sevimlisi Kalbalı xan” yazılıb. Türk hərbi dəstələri Naxçıvana gəldikdən sonra Kalbalı xanın qəhrəmanlığı və vətənpərvərliyi onları da valeh etdi. Türkiyə III Kalbalı xanı özünün ən yüksək ordeni “Məcidiyyə” ilə təltif etdi. ADR hərbi nazirliyi isə daşnaklarla döyüşlərdə göstərdiyi igidliyə görə ona general-mayor rütbəsi verdi. Kalbalı xanın Şərur, Ordubad döyüşləri hər zaman adamda qürur doğurur. III Kalbalı xan üçün Naxçıvan hər şeydən, hətta əziz qohumlardan belə müqəddəs idi. Qaldı bəzi müəlliflərin onun Kalba Muxtarla, Cəmillinski və Xəlil bəy (Xəlil bəy naxçıvanlı Məhəmmədəli xan Naxçıvanskinin (Nəzərəli xanın varislərindəndir) qızı ilə evlənmişdi. İndi Türkiyədə varisləri yaşayır) ilə sözlərinin düz gəlməməsini ayrı mənada qiymətləndirmələri ağlabatan deyil. Çünki Makı xanlığında yaşayan qohumları qədim türk tayfası Bayatlar idi. Və hələ ulu əcdadları I Kalbalı xanın vaxtında Makı xanlığı onların ən yaxın hərbi müttəfiqi və çoxşaxəli qohumluqları olan bir xanlıq idi. Elə Azərbaycan tarixində adları fəxrlə çəkilən diplomat Makınskilər də onların yaxın qohumlarıdır. I Kalbalı xanın qızı Gülşənbəyim Makı sərdarının nənəsidir. Belə misallardan çox gətirmək olar. Bu səbəbdən Cəfərqulu xanın tez-tez Makıya getməsi heç də onun Naxçıvanı o tərəfə birləşdirməsi demək fikri qətiyyən qəbul ediləsi deyil. Çünki o da babaları kimi Naxçıvanı çiçəklənən, gözəl bir diyar kimi görmək arzusu ilə yaşayırdı. Edilən bütün manevrlər Naxçıvanı daşnaklara verməmək məqsədini güdürdü. Azərbaycandan təcrid edilən, üç tərəfdən daşnaklarla mühasirə olunan Naxçıvanı müdafiə etmək üçün döyüş silahı Makıdan alınırdı. Əvəzində isə sement neft verilirdi. III Kalbalı xanın nə varlanmaq həvəsi, nə də satılacaq sementə ehtiyacı vardı. Çünki o, döyüşçü idi. Sadəcə onun hünərinin həsədini çəkənlər ADR rəhbərliyinə belə raportlar ünvanlayırdılar. Əgər onlar haqqında yazılan məlumatlar “doğrudursa”, onda həmin illərin cəsur insanlarından biri olan Əli Səbri Qasımov niyə Naxçıvanskilər haqqında bunları demirdi, yazmırdı? Əksinə, onlara kömək edirdi ki, bolşeviklər nahaqdan Naxçıvanskilərin sağ qalanlarını məhv etməsinlər. O, öz yazdığı gündəlikdə Kəngərli hərbiçilərini–Naxçıvanskiləri yüksək qiymətləndirib. Elə Ə.Qarayev Əli Səbriyə görə axıradək Naxçıvanskilərə kömək edirdi.

General-mayor Kalbalı xan Naxçıvanskinin qardaşı, Kəngərlilərin IV generalı cəmşid Naxçıvanskinin həyatı və hərbi fəaliyyəti tariximiz üçün çox qiymətlidir. Onun haqqında ən irihəcmli monoqrafiyanı rus qafqazşünası Rudolf İvanov yazmışdır. 1920-ci ilin iyulunda III Kalbalı xan Naxçıvana gələn bolşeviklərə xidmət etmək istəmədi və çıxıb İrana mühacirətə getdi. O vaxtlar İranda onun ulu nənəsinin qohumları–Qacarlar hakimiyyətdə olduqlarından onlara maneə yaradılmırdı. Lakin 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər bu qəhrəman sərkərdəyə və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kalbalı xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbiçi şərqşünası Smirnov yazır ki, III Kalbalı xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı (o da Rusiyanın hərbi mükafatlarının sahibi olub) zəhərlədib öldürtdü . Cəfərqulu xanın oğlanları – general-mayor III Kalbalı xan (yeri gəlmişkən o, bu hərbi rütbəni Azərbaycanda alıb, İranda yox) podpolkovnik III Ehsan xan, general-mayor Cəmşid xan və zabit Davud xan Azərbaycanın ayrılmaz hissəsi Naxçıvan torpağı uğrunda özlərini qurban verdilər. Onların arzuladığı bugünkü Naxçıvan öz qəhrəman döyüşçü oğulları ilə hər zaman fəxr edir.

 

 

Musa RƏHİMOĞLU,

 (QULİYEV),

 AMEA Naxçıvan Bölməsi

 

525-ci qəzet.- 16 iyul.- S.28.