Söz yolu
“Kuba
dəftəri” silsiləsindən
Allah
gildən adam düzəldib nəfəs verəndən sonra hər
şeydən qabaq bəndəsinə yol
bağışlayıb, axırını göstərməsə
də, yolun başlanğıcını nişan verib, taleyini
də elə bu yola yazıb. Yol Allahın “Ol!” əmrindən sonra
ikinci böyük hadisədi. Adamlar bir-birinin qəlbinə yol
salmazdan öncə bir-birinin mağarasına yol tapıb. Sonra
birlikdə bəşəriyyətin ilk ovuna
çıxıblar. Ov yolu insanın
çıxdığı ilk düz yoldu. Ovdan dönəndə,
yeyib doyanda, doyub rahatlayanda gözlərdən gözlərə
yollar baş alıb gedib. Gözdən başlayan yol qəlbə
keçəndə dünyanın ilk sevgisi yaranıb. Görən
mağara dünyasının ilk sevəni kim idi, onun ilk kəlməsi
nə olub?.. Dünyanın ilk sevgi yolu çəkilən
gün ona paralel bir yol da başlayıb – nifrət yolu.
Mağara əhli dünyanın ilk aşiqini həzm eləməyəndə
burunlamağa başlayıb. Beləcə qaydalara ilk etiraz
yaranıb. Dünyanın ilk azad sözü azad sevgi
üçün deyilib. Və dünyanın ilk aşiqi elə
dünyanın ilk azad söz cəfakeşi olub. Mağara
baş bilənləri dərhal duyublar ki, azad söz virusdu,
onu deyən də bu virusu daşıyan xəstə. Odur ki,
onu mağaradan qovublar. Dünyanın ilk dissidenti bax beləcə
yaranıb. İnanmayanlar inansınlar, hal-qəziyyə belə
olub: insan özünü dərk edən kimi özünü
ifadəyə başlayıb, bununla da öz sözünün
qurbanına çevrilib. O vaxtdan başlayan proses hələ də
davam etməkdədi... Mağaradan qovulan aşiq əvvəl əmin
idi ki, tənha azadlıq birgə asılılıqdan
yaxşıdı! Sonra qurd-quşdan, məsələn,
dinozavrdan, aclıqdan, soyuqdan, tənhalıqdan qorxur, xiffətdən
havalanır. Fikri dəyişir, qayıdır mağaraya –
şərtlərin ən ağırını qəbul edir.
O andan dünyanın ilk köləsi
yaranır. İnsan xislətinə yeni çalar
qatılır – köləlik. Köləliyin canı
yarınmaqdadı. Min illərdi insan bu vərdişindən ən
çəkə bilmir, çünki kölə təkcə
yarınmağa çalışan yox, həm də bu
yarınmanı qəbul edəndi. O vaxtdan başlayan proses hələ
də davam etməkdədi... lll “Bismillah” eləyib şəhərdən
çıxmamışdıq ki, yol polisi maşını
qadağan olunan yerdə saxladığım üçün
bizi cərimələdi. “Vallah beş dəqiqəliyinə
saxlamışdım” bəhanəsi burda keçmirdi. Polis ədəb-ərkanla
qəbz yazıb 20 CUC alanda “Yolqabağı pis əlamətdi”
deyə fikirləşdim. Amma polisin davranışı, getmək
istədiyimiz yolu xırda detallarınacan, yorulmadan, dönə-dönə,
həvəslə izah eləməsindən xoşum gəldi.
Bu pula özündən deyən ölkənin məlumat
büroları belə xidmət göstərməzdi. Havanadan
800 kilometr aralı Santyaqo-de-Kubaya maşınla gedib təyyarəylə
qayıtmağa hələ bura gəlməmişdən qərar
vermişdik. Yolboyu şəhərlərə dönüb
görüşəcəyimiz adamların siyahısını
Havanada tutmuşduq. Əyalətin sayılıb seçilən
ictimai, siyasi fəallarıyla görüşməyi bizə
Havanadakı dostlar məsləhət görmüşdülər.
Siyahıdakı adamların adını, ünvanını
yadda saxlayıb kağızları yandırmalıydıq,
heç vəchlə ələ keçməməliydi.
Dostlar məlumatları Leçanın qol saatındakı fləşdə
saxlayıb siyahını yandırdılar. Bu fləş
çox qəribə şeymiş, bir kitabxana məlumatı
dırnaq boyda yerdə gizlədə bilərsən. İndi hər
şeydən fləş qayırırlar; qələm,
medalyon, brelok, üzük və sairə. Ağla də gəlməz
ki, boynundakı medalyonda nə qədər məxfi informasiya gəzdirirsən.
Mənsə, çantamdakı siyahını
yandırmadım, tez-tez baxmaq, qeydlər eləmək
üçün rahatdı deyə kağızı
saxladım. Bunun hesabını sonra verəcəkdim.
Maşını bir gün əvvəl “Nacional” hotelidəki
CUBATUR-dan kirayələmişdik, müqavilədə yazılmışdı
ki, maşını büronun Santiyaqo-de-Kubada “Melia Santiago”
hotelindəki ofisinə təhvil verəcəyik. CUBATUR-da
maşının bir günlük kirayəsi 80-120 avro
arasındadı. Alman maşınları bahaydı deyə
Çin istehsalı olan yığcam “Chery” seçmişdim.
Benzin bakını da axşamdan doldurmuşdum. Burda benzinin
litri 1 avrodu. Yerli əhali üçün qiymət
aşağıdı. Ölkəni neftlə ucuz qiymətə
Venesuela təmin edir. Uqo Çaves Fidel Kastronu ağsaqqalı
hesab etdiyindən ona tez-tez baş çəkir. Sovetin
yardımları kəsiləndə turizmə icazə verilməsəydi,
bir də Venesuela olmasaydı, bəlkə də Kuba
ABŞ-ın embarqolarına tab gətirməzdi. Latın
Amerikasında Kubanın xüsusi yeri var. Vaxtilə o,
dünyanın bu hissəsinə öz romantik ideologiyası ilə
nüfuz edə bilib. Nüfuz etmək deyəndə diktatura
ixrac etməyini nəzərdə tuturam.
Odur
ki, diktatorlar da ona borclu qalmaq istəməyiblər. ...Səhər
adanın bu başından o başına uzanan Kubanın
baş magistral yoluna çıxanadək
narahatlığım vardı. Bu mənim xaricdə ilk
maşın sürməyim idi. Bir polyakın maşınla
adam vurub iki ildir türmədə yatması xəbəri də
məni əməlli-başlı qorxuya salmışdı. Elə
bu səbəbdən də maşını yalnız
günün işıqlı vaxtlarında sürmək fikrindəydim.
Əsas məsələ xəritədə göstərilən
“Autopista A1” magistralına çıxmaq idi. Ölkənin bu
baş yoluna Nacional adı verilib. Bir saatdan çox idi ki, yolu
tapa bilmirdim. Hövsələm bir tikə olmuşdu. Əsəblərim
tarıma çəkilirdi. Axırda saxlayıb yol
qırağında duran bir cavan oğlana dedim ki, sənə
10 CUC verəcəm, otur, bizi magistral yola çıxar.
Şübhəylə baxsa da, həvəslə oturdu. Pulu da bəri
başdan aldı. Ya özü küt idi, ya bizi küt bildi –
ayırd edə bilmirdim. Qarşıdakı körpüyə
burulub üst yola çıxanda maşını
saxlatdırıb düşdü. Düz yolu göstərdi. Sən
demə, bayaqdan elə baş yolun bir
addımlığında gicəllənirmişik.
Kütbaş özümüzmüşük. Qamaquey şəhərinə
çatanda artıq əlim maşına öyrəşmişdi,
daha heç bir narahatçılığım
qalmamışdı, əksinə, yoldan zövq almağa
başlamışdım. Yüngül yağış da
kefimi açmışdı. Elə ilk qabağımıza
çıxan velotaksi sürücüsündən gecələməyə
ev soruşduq. “Arxamca” dedi. Mən də arxasına
düşüb sürdüm. Diqqətimi onun sümük kimi
bərk çılpaq ayaqları cəlb elədi, gün ərzində
on kilometrlərlə yol sürmək, adam daşımaq ayaq əzələlərini
daşlaşdırmışdı. Arxasına “Robinio”
yazılan köynəyi təkərdən sıçrayan
palçığa bulanmışdı. Buradakı yol mədəniyyət
adamı valeh edirdi. Velosiped, at arabası sürənlər də
qaydalara dəqiq əməl edirdilər. İşıqforun
qırmızı işığında dayanan araba atı
bizim çox sürücümüzdən qanacaqlı
görünürdü. Dörd-beş küçə burulub
bizi bir evə gətirdi. Bu xidmət üçün 3 CUC
verdik. Qalacağımız yer qalmalı olduğundan
qaldıq, üç adama bir otaq – ta başqa yer axtarmağa
lüzum yox idi. Bir saat dincəlib şəhərə
çıxdıq, yerli fəalları tapmalıydıq.
Qamaquey adanın mərkəzində yerləşir. Ölkənin
üçüncü böyük şəhəridi.
Eyniadlı əyalətin paytaxtıdı. Şəhərin
dar küçələri, saysız dalanları, əyri
döngələri labirinti xatırladır.
Deyilənə
görə, keçmişdə piratlardan gizlənmək,
küçə döyüşlərində
üstünlük əldə eləmək üçün
şəhəri qəsdən belə salıblar. Axşama qədər
kilsədə, kitabxanada, evlərdə xeyli adamla
görüşdük. Ən təsirli
görüşümüz isə Nataliya ilə oldu. Onu evində
ziyarət etdik. Ərini siyasi baxışlarına görə
tutublar. Bizimlə səlis rusca danışırdı. Öyrəndik
ki, Ukraynadandı, keçmiş Voroşılovqraddan. Şəhərin
adının çoxdan Luqanska dəyişildiyini bilmirmiş.
Deyir ki, Kubaya 1975-ci ildə gəlib. O vaxt kubalı tələbə
yoldaşına vurulubmuş, sonra evlənib gəliblər. Əvvəllər
ailəsindən məktub alırmış, indi əlaqə
tamam kəsilib. Bizə elə baxırdı ki, sanki
doğmalarını görürdü. Bura gəlməyinə
peşman olub-olmadığını soruşanda cavab yerinə
gözündən yaş axıtdı. Mənzili rus kənd
evlərini xatırladırdı. Evdə hər şey
köhnəydi, əşyalardan səfalət
süzülürdü. Hiss olunurdu ki, günlərlə
doyunca yemək yemir. Əri tutulandan onsuz da ağ olmayan
günü qaraya bələnib. Əvvəl tütün
fabrikində işləyirmiş. İndi heç yerdə
iş vermirlər, pul yox, yemək yox, uşaq yox, ümid yox.
Bu adada bir doğması belə yoxdu. Tək olanı gəncliyinin
vətəndə keçən xoş xatirələridi. Onun
nələr çəkdiyini vətən həsrətlilər
duyar. Yarımzirzəmi mənzildə yeganə həmdəmi
tənhalıqdı. O, “məğrur tənha”lığı
ilə qürrələnən qadınlardan deyildi, yiyəsiz,
köməksiz, gərəksiz idi. Bütün tənhalıqların
ən dözülməzi səfalətə gömülən
qadın tənhalığıdı. Qonşulara 30 CUC-dək
borcu yığılıbmış. Ona 50 CUC, yəni 50 avroya
qədər pul verdim. Bu mənim Kubada ilk
yerlibazlığım idi, axı biz ikimiz də sovet
adamıydıq! Nataliya bu halıyla sovetin son nəsil
mühacir yazıçılarından olan Sergey Dovlatovun “Məndə
pul tez qurtarır, tənhalıq isə heç vaxt” sözlərini
xatırladırdı. Evdən ürəyimdə yekə bir
daşla çıxdım. Lənət olsun istibdada! Burada
xoş sabahlar adına insanları istismar edir, rəzil günə
salırlar. Kubada Nataliyanın vaxtilə işlədiyi fabrikdə
işçi gündə 200-300 siqar istehsal edir. Hökumət siqarın birini 3 dollara satır. Bir adam ay ərzində
18-25 min dollarlıq siqar
istehsal edir. Əvəzini 10-15 dollarlıq əmək
haqqı ilə ödəyirlər. ...Axşam
qaldığımız evə
qayıdanda ev
yiyəsinin iki nəfərlə nəsə
ciddi danışdığını
gördük. Gəlişimizi gözləmirdilər. Yad
adamlar cəld çıxıb gedəndə
ev sahibəsinin
nədənsə hürkdüyünü
dərhal duyduq. Bunu gizlətməyə uğursuz
cəhdlər edirdi.
Tez otağa keçib çamadanlarımızı yoxladıq.
Ələk-vələk olunsa da, heç nə götürməmişdilər. Demək bizi burda da güdürlər!
Şam yeməyini heç nə olmayıbmış
kimi yedik. Planımızı dəyişib
səhər obaşdan
gedəcəyimizi ev yiyəsinə demədik. Tezdən qalxıb yola çıxanda ev
sahibəsi çaşqınlıq
içindəydi, belə
tez gedəcəyimizi gözləmirdi. Amma bəlkə də
bu qəribə qonaqların tez çıxıb getməsi
ürəyincəydi.
Çıxanda Havana yolunu soruşdum. İzi azdırmaq
istəyirdim. Şəhəri tərk etməyimizi xəbər verəcəyinə
şübhə yox idi. Onlar bizi Havana yolunda gözləyəndə biz artıq
Holquin istiqamətindəydik...
Günəş maşının mən oturan tərəfindən doğurdu.
Sanki demək istəyirdi ki, qorxmayın, burdayam. İki tərəfli enli yolda saatda bir
maşın gələrdi,
ya gəlməzdi.
Maşın basırığına vərdiş eləmiş
biri üçün boş yolda sürmək xüsusiylə
ləzzət eləyirdi.
Amma fikrim-zikrim arxa güzgüdəydi. Arxadansa maşın
gəlmirdi. Deməli, aradan
çıxa bilmişik.
Yolboyu dayanacaqlarda sarı uniformalı adamlar diqqətimi çəkirdi.
Onlar hərbçi deyildilər,
amma nəsə xüsusi peşələri
vardı. Səhər yeməyi
üçün balaca
kafedə saxlayanda belələrini yenə gördüm. Qonşu stolda
oturanlardan öyrəndik
ki, bunlar yol nəzarətçiləridilər,
əsl işləri ictimai nəqliyyatın işini tənzimləmək
olsa da kimin
hansı avtobusa nə vaxt minib
hara getdiyini dəftərə qeyd edirlər. Bu, əhalini
total nəzarətdə saxlamağın
ən asan yoluydu. Kubada yaşayış qeydiyyatı ciddi məsələdi, onu pozmağa görə həbs cəzası var.
Holquində çox adamla görüşdük,
ən yadda qalan görüş isə gənc
yazıçı Luislə oldu. Döşəməsi torpaq
olan evində kitablar, yazı makinası, müxtəlif
ölçüdə qantelləri gözüm tez aldı,
divardakı çərçivədən baxan müqəddəs
Məryəm də onun halına yanırdı. Əsərlərinin
çap olunmaq şansı olmadığından xarici ədəbiyyatdan
tərcümələr edir. Dolanışığı da
bundan çıxır. İstədiyi ədəbiyyatı
seçmək ixtiyarı yoxdu, seçim hüququ dövlətin
əlindədi. Ona bir çox sovet yazıçı və
şairlərin əsərləri nəşr olunmayanda tərcüməyə
keçdikləini deyirəm. Maraqla dinləyir. Doğrudan da
diktaturalarda əsərləri nəşr olunmayan
yazıçıların sığınacaq yeri tərcümədi.
“Bu mənim həm sevgilimdi, həm də anamdı” deyərək
köhnə, pası çıxmış yazı
makinasını göstərir. Mənzərə təsirliydi.
Tərcüməçimizin kompüterini ona vermək qərarı
uzun müzakirə olmadı. Özüm yola kompüter
götürməyi xoşlamıram, yoxsa
özümünkünü verərdim. Onu inandırıb,
söz verdik ki, qayıdan baş istədiyi ən son
kompüteri İnsan Hüquqları Komitəsindən
alacayıq. Azad sözə görə həbs olunan, indi də
Holquinə sürgün edilən Luisə kompüter
bağışlamaqdan savab nə ola bilərdi ki...
Gətirdiyimiz kitablar da ürəyincə
oldu. Bir də nə
bilmək olar, bəlkə elə 21-ci əsrin ən böyük əsəri elə o kompüterdə yazılacaq. Bəlkə elə
gələcəyin Markesiylə
görüşürmüşük.
Kaş onun sevincini görəydiniz, ya da mənim elə
qabiliyyətim olaydı
ki, bu sevinci
təsvir edə biləydim. Allahın hələ ana
bətnindəykən insana
ötürdüyü ən
saf duyğular sifətində gül açmışdı. Ona baxanda
elə bilirdim ki, milyon illər
öncə öz sözü üstündə
icmadan qovulan, mağaradan sürgün edilən dünyanın
ilk qədim azad söz fədaisini görürdüm.
... Bəlkə də dünyanın ilk azad söz deyəni
mağaradan qovulmasaydı,
bəşəriyyət hələ
də mağaradaydı,
nə biləsən?!.
Vahid QAZİ
525-ci qəzet.- 2011.- 16 iyul.- S.19.