“Zaman
göstərdi ki, “İki
sahil” qəzeti düzgün
mövqedə olub”
BAŞ REDAKTOR VÜQAR RƏHİMZADƏNİN
FİKRİNCƏ, 20 YAŞLI “İKİ SAHİL”İN MƏHZ
AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN BƏRPA
OLUNDUĞU İLDƏ NƏŞRƏ BAŞLAMASI TƏSADÜFİ
XARAKTER DAŞIMIR
1991-ci ilin 10 iyulu Azərbaycanın mətbuat tarixində mühüm bir hadisə – “İki sahil” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə yadda qaldı. İyirmi il bəlkə qısa zaman kimi görünə bilər, amma nəzərə alanda ki, müstəqilliyimizin də cəmi iyirmi yaşı var, onda bu tarix heç də az müddət deyil.
“İki sahil”in kollektivi gələn həftə yubileyini təntənəli surətdə qeyd etməyə hazırlaşır. Qəzetin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə bu ərəfədə “525”ə verdiyi müsahibəsində “İki sahil”in 20 ildə keçdiyi yola nəzər salıb, üzləşdikləri çətinliklər və qazandığı uğurlar barədə fikirlərini bölüşüb.
– Vüqar müəllim, “İki sahil” qəzetinin yarandığı dövrü necə xatırlayırsınız?
– “İki sahil” 20 il əvvəl çoxtirajlı “Zavod həyatı” qəzetinin bazasında yaradıldı. 1965-ci ildə mətbuat orqanları sırasına daxil olan “Zavod həyatı” neftçilərin fədakar əməyi, əldə olunan uğurlar barədə ictimaiyyəti ətraflı məlumatlandırırdı. “İki sahil” müstəqil nəşr olduğundan adı kimi tutduğu yol, ideya istiqaməti də genişləndi. “Vahid Azərbaycan uğrunda!” devizi altında fəaliyyətə başlayan “İki sahil”in səhifələrində xalqımızın Araz dərdindən, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın, bacı-qardaşlarımızın, o taylı-bu taylı azərbaycanlıların problemlərindən, onların yaşayışından ətraflı materiallar dərc olundu. İlk nömrədə “Yurdumuzun ulu daşları” silsiləsindən “Xudafərin körpüləri”, “”Təbriz” səndən gileyim var?” kimi yazılar oxucular tərəfindən böyük rəğbətlə qarşılandı.
“İki sahil”in respublikamızda və beynəlxalq aləmdə baş verən hadisələr barədə ətraflı və obyektiv məlumatları ictimaiyyətin diqqətini özünə çəkdi. Qəzetdə siyasətlə yanaşı, iqtisadiyyat, mədəniyyət xəbərlərinin də geniş yer alması oxucuların böyük rəğbətinə səbəb olmaqla yanaşı, onların müxtəlif səpkili məktublarının qəzetimizə yol açmasına stimul verirdi. Beləcə, günlər ayları, illəri əvəzlədikcə “İki sahil”in uğurları artdı, oxucu auditoriyası genişləndi, fəaliyyətinin əsasına çevirdiyi müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət prinsipinə sadiqlik özünü hər addımda təsdiqlədi.
Müstəqilliyimizin ağır günlərində “İki sahil” bu həqiqəti yazdı ki, tarixən hər bir xalq, millət dövlətə rəhbərlik edənlərin səhvlərinin acısını çəkməli olub. Azərbaycan da müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyətə hərislikləri ucbatından böyük faciələrlə üz-üzə qaldı.
Daim azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək arzusu ilə yaşayan xalqımız 1991-ci ildə yenidən bu istəyinə qovuşsa da, həmin dövrün iqtidarının yarıtmaz siyasəti, hakimiyyət uğrunda mübarizənin dərinləşməsi Azərbaycan adlı bir dövlətin varlığını sual altında qoyurdu. Belə bir çətin dövrdə “İki sahil” qəzeti öz səhifələrində reallıqları olduğu kimi ictimaiyyətə çatdırmaqdan, Azərbaycanın xilaskarının ulu öndər Heydər Əliyev olduğunu bəyan etməkdən çəkinmədi. Əksinə, bütün bunlardan qürur duydu.
“İki sahil” qəzeti də 1991-1993-cü illərdə müstəqil fəaliyyət göstərsə də, reallıqları təhrif etmədən, olduğu kimi ictimaiyyətə çatdırdığı üçün cəmiyyət tərəfindən yüksək səviyyədə qəbul olundu.
– Bildiyimizə görə, o zaman “İki sahil” qəzeti təzyiqlərlə də üzləşirdi. Bəs bu çətinliklərin öhdəsindən necə gəlirdiniz?
– O dövrdə “İki sahil” qəzeti ilə yanaşı bir çox mətbuat orqanlarına təzyiqlər göstərilirdi. Jurnalistlərin döyülməsi, qəzetlərin nəşrinin güc tətbiq edilərək dayandırılması, hədə-qorxular çox adi qəbul olunurdu. Lakin bu reallıq inkaredilməzdir ki, məqsəd qarşıya çıxan bütün maneələrin aradan qaldırılması üçün stimuldur. İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün ciddi səylər göstərməlidir. Uğurlu başlanğıc müsbət nəticənin əsasıdır. “İki sahil” qəzeti də ilk gündən gələcəyə böyük ümidlə yanaşıb, seçdiyi düzgün yolda inamlı addımlar atmaqla bugünkü uğurlarına stimul yaratdı. Sözügedən zamanda bizim kollektivimizdə 15 nəfərə yaxın əməkdaşı var idi. Bütün tətbiq olunan güclərə, təzyiqlərə baxmayaraq, qəzetimizin əməkdaşları ölkə ictimaiyyətinin dəstəyindən böyük güc alaraq, bu inamı doğrultmaq üçün ciddi səylər göstərirdilər. Ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrlərdə qəzetimizdə Naxçıvanla bağlı yazılara xüsusi yer verdiyimiz üçün bir çox bədxahlar bizə iradlar tuturdu. Amma zaman göstərdi ki, “İki sahil” qəzeti düzgün mövqedə olub. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə bağlı ictimaiyyətin arzu və istəklərini özündə əks etdirən yazılarla, müraciətlərlə qəzetimiz maksimum dərəcədə fəaliyyət göstərib. Müstəqil Azərbaycan dövlətinin varlığı birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı böhrandan xilas etdi, inkişaf, tərəqqi yoluna çıxardı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş dövrü kimi daxil olub. Bu illərdə müstəqil dövlətimiz malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi və maliyyə imkanlarını genişləndirdi. İqtisadi inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə müşayiət olundu. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasını şərtləndirən daha bir amil budur ki, o, özündən sonrakı Azərbaycanın taleyini yüksək intellektli şəxsiyyət, praqmatik düşüncəli siyasətçi cənab İlham Əliyevə etibar etdi. Bu gün Azərbaycanın qazandığı uğurlar, ölkəmizin dünyada böyük nüfuza malik olması, sabitlik və tərəqqinin xalqı işsizlikdən, yoxsulluqdan xilas etməsi məhz bu etimadın nəticəsidir. “İki sahil” qəzeti ölkəmizin uğurlarını böyük ruh yüksəkliyi ilə ictimaiyyətə çatdırır. Təbliğat işlərinin aparılmasında düzgün mövqedə olmağımızla fəxr edirik.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev bütün sahələr kimi azad mətbuatın inkişafına xüsusi diqqət göstərdi. Dahi şəxsiyyət söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi. Vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-in rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoyuldu. Ümummilli lider mətbuat azadlığından sui-istifadə hallarını pisləyir, qanun pozuntularının, şəxsiyyətə mənfi təsir göstərən halların yolverilməz olduğunu bildirirdi.
Ulu öndərin şəxsiyyət kimi böyüklüyü həm də onda idi ki, o, peşə etikasını kobud pozan, faktlara deyil, şəxsi mülahizələrə söykənən “yazarlar”ın cəzalandırılmasına yol vermir, dövlət məmurlarına dözümlü olmağı tövsiyə edirdi. Bu fakt ulu öndərin ölkədə azad sözün, müstəqil mətbuatın inkişafına diqqət və qayğısının göstəricilərindəndir. O, ölkədə söz və mətbuat azadlığının qarantı olduğunu daim bildirirdi.
Mətbuatımızın inkişaf tarixinə nəzər salsaq, görərik ki, bu tərəqqi daha çox 1998-ci ildən nəzərə çarpmağa başlayıb. 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələ başlandı. Fərman KİV-lərin sərbəst fəaliyyətinin genişlənməsində, demokratikləşmə prosesinin sürətlənməsində onların rolunun daha da artırılmasında mühüm əhəmiyyət kəsb etdi. Bu sənədlə KİV-lərdə Dövlət Sirlərini Mühafizə edən baş idarə ləğv edildi. Bu gün fəaliyyət göstərən bütün mətbuat orqanları yaradılan demokratik şəraitə görə məhz ulu öndər Heydər Əliyevə borcludur. 1999-cu ildə Milli Məclis tərəfindən Azərbaycanda kütləvi informasiya vasitələri haqqında mütərəqqi qanun qəbul olundu. 2001-ci ildə isə dünya ölkələrinin təcrübələrindən bəhrələnərək həmin qanuna əlavə və dəyişikliklər edildi. 2001-ci ildə ulu öndər Heydər Əliyevin qəzet redaktorları ilə görüşünün iştirakçılarından biri kimi deyə bilərəm ki, həmin gün ümummilli liderin mətbuat orqanlarının problemlərini dinləməsi və onların həlli üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etməsi rəğbətlə qarşılandı. Mətbuatın borcları ulu öndərin xüsusi fərmanı ilə silindi. Bu kimi faktları xeyli sayda sadalamaq olar. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, 1998-ci ilin 6 avqust tarixi Azərbaycan mətbuat tarixində əlamətdar hadisə kimi yadda qalır. Ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatının sağlam və müstəqil formalaşması üçün çox mühüm qərarlar verdi. Prezident İlham Əliyev isə ümummilli liderin bütün sahələrdə olduğu kimi bu sahədəki siyasi xəttini də çox uğurla davam etdirir. Bu gün mətbuat üzərində dövlət nəzarət mexanizmi yoxdur. 2005-ci ildə jurnalistlərin böyük arzusu olan “Əməkdar jurnalist” adı bərpa olundu. Eyni zamanda prezident İlham Əliyevin hakimiyyəti dövründə milli mətbuatın yaranmasının 130 illiyi ilə bağlı geniştərkibli tədbirlərin keçirilməsi ilə bağlı sərəncam imzalandı. Ölkənin aparıcı media nümayəndələrinin mükafatlar və “Tərəqqi” medalı ilə təltif olunması, bir çox jurnalistə prezidentin fərdi təqaüdünün verilməsi Azərbaycan mediasına göstərilən qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiqləndi. Konsepsiyaya uyğun olaraq dövlət başçısı İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. 22 may 2009-cu il tarixli sərəncama əsasən isə fondun icraçı direktoru və müşahidə şurasının üzvləri təyin olundu. Fondun fəaliyyətinin müstəqil mətbuatın formalaşmasında çox böyük əhəmiyyəti oldu. Jurnalistlərin peşəkarlığının artırılmasında, sosial vəziyyətlərinin yaxşılaşdırılmasında, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsində fondun əməyi böyükdür. Ötən il mətbuatın 135 illiyi yubileyi ərəfəsində dövlət başçısı İlham Əliyev Mətbuat Şurasının yeni ofisinin açılışında iştirak etdi, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdü.
– Bəs ötən iyirmi ildə “İki sahil”in fəaliyyətinə, kollektivin əməyinə verilən qiyməti necə dəyərləndirirsiniz?
– Bizim əməyimizə ən böyük qiyməti elə ümummilli liderimiz verib. Kollektivimiz heç vaxt bunu yaddan çıxarmayacaq. Ulu öndər Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən reallıqların təbliğində “İki sahil” qəzetinin də rolunu yüksək dəyərləndirərək bu sözləri deyib: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm”.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 10-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə də ümummilli lider Heydər Əliyev bildirmişdi ki, hər bir siyasi partiyanın əsas fəaliyyəti ideoloji iş, təbliğat işi olmalıdır. “Bir halda ki, Yeni Azərbaycan Partiyası bu gün iqtidarda olan partiyadır, demək, partiyanın, iqtidarın fəaliyyətini təbliğ etmək və iqtidara qarşı, partiyaya qarşı olan antitəbliğatın qarşısını almaq – bunlar hamısı bizim mətbuatın əsas vəzifələridir. Bu ideoloji iş partiyamızın əsas vəzifəsidir.”
Təbii ki, ölkədə mətbuatın inkişafı istiqamətində həyata keçirilən bütün tədbirlərdən də “İki sahil”ə pay düşüb. Mətbuat cəmiyyətin güzgüsüdür. Bu sahədə çalışan qələm sahibləri həqiqəti, düzgünlüyü və obyektivliyi başlıca meyar kimi qəbul etməlidirlər. Azərbaycan mətbuatı zamanın tələbinə uyğun təkmilləşib, cəmiyyətin formalaşmasında, demokratiyanın bərqərar olmasında və inkişafında mühüm rol oynayıb. Bu gün də mətbuat daşıdığı missiyanı uğurla yerinə yetirir. Bütün cəmiyyətlərdə baş verən hadisələri əks etdirən informasiyalara böyük ehtiyac olub və olacaq. İctimai fikrin formalaşmasını informasiyasız təsəvvür etmək qeyri-mümkündür. Ən əhəmiyyətli kapitala çevrilən informasiyaların yayılmasında, ehtiyacların ödənilməsində mühüm əhəmiyyətə malik mətbuatın rolu bu baxımdan böyükdür. Təbii ki, zaman keçdikcə informasiyanın cəmiyyətə çatdırılması formaları da dəyişir, təkmilləşir.
“İki sahil” qəzeti heç vaxt mətbuat azadlığından sui-istifadə hallarına yol verməmiş, bu yolu tutanlara qarşı daim sərt mövqeyini nümayiş etdirmişdir. Qəzet demokratiya yolu tutan Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirləri, imzalanan fərman və sərəncamları daim səhifələrində ictimaiyyətə çatdırır.
20 illik tarixi dövrdə “İki sahil” qəzeti qazandığı uğurlarla kifayətlənməyərək daha səylə çalışır, dövrün mətbuatın qarşısına qoyduğu tələblərə yüksək səviyyədə cavab verməyə səy göstərir. Biz bu prinsipi də fəaliyyətimizdə əsas götürmüşük ki, qəzetin bugünkü sayı dünənki sayından müəyyən yeniliyi ilə fərqlənsin, yazıların keyfiyyəti, informasiya yükü artsın.
Təbii ki, dövlətə, dövlətçiliyə xidməti fəaliyyətində öndə saxlayan mətbuat orqanı olaraq əldə edilən uğurlarımız dövlətimizin 20 illik müstəqillik tarixi ilə bağlıdır. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 ili qeyd olunacaq.
– Bu gün “İki sahil” müstəqil ictimai-siyasi qəzet olaraq ARDNŞ-nin təsisçiliyi ilə fəaliyyət göstərir. Azərbaycanın neft strategiyasının təbliğində qəzetin rolu nə dərəcədədir?
– Əlbəttə, biz bu gün bu missiyanı da, yəni uğurlu neft strategiyamızın, bu sahədə qazandığımız uğurların, beynəlxalq əməkdaşlığın təbliği və onun xalqa doğru və ətraflı çatdırılması üçün əlimizdən gələni edirik. “Əsrin müqaviləsi”nin ölkəmizə qazandırdığı uğurlar qəzetimizin səhifələrində xüsusi yer tutur.
“Əsrin müqaviləsi”nin əsas tərkib hissəsi olan BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi iştirakçı, eyni zamanda, dünya dövlətlərinin iqtisadi imkanlarının genişlənməsinə öz müsbət təsirini göstərdi, yeni layihələrə yol açıldı. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa bir iqtisadi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin artan önəminin təsdiqidir. Beynəlxalq əhəmiyyətli layihələrin əsas iştirakçısı və təşəbbüsçüsünə çevrilən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısıdır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz ixracatçısına çevrilib. Azərbaycanın enerji potensialının dünyaya təqdimatında mühüm rol oynayan Beynəlxalq neft, qaz sərgi və konfransı da 1994-cü ildən keçirilməyə başlayır. İlbəil iştirakçıların sayının artması Azərbaycana olan diqqətin və marağın göstəricisidir.
Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar və sosial müdafiənin gücləndirilməsinə yönələn addımlar “İki sahil” qəzetinin səhifələrində geniş yer tutur. Bu fikir daim önə çəkilir ki, dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsasında əhalinin sosial rifah halının yaxşılaşdırılması dayanır. Bu istiqamətdə imzalanan fərman və sərəncamlar, qəbul olunan dövlət proqramları ilə bağlı təhlili yazılar müsbət dəyərləndirilir.
Bu gün yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizin göstərdiyi səylər “İki sahil” qəzetinin səhifələrində xüsusi yer tutur. Qəzet yarandığı gündən xalqımızın üzləşdiyi bu amansız müharibənin acılarını faktlar əsasında ictimaiyyətə çatdırır. Qəzetin əməkdaşları cəbhə bölgələrində olur, ermənilərin yalanlarını üzə çıxaran faktlar toplayırlar. “İki sahil” qəzetinin hər sayında vətənpərvərlik mövzusunda yazılara rast gəlməmək mümkün deyil. Qəzetin əvvəlki saylarında “Yaralı Vətən” silsiləsindən torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən oğul və qızlarımızın göstərdikləri qəhrəmanlıqların faktlar əsasında ictimaiyyətə çatdırılması böyük rəğbətlə qarşılanıb. Azərbaycanın artan iqtisadi imkanlarının fonunda hərbi qüdrətimizin möhkəmlənməsi ilə bağlı silsilə yazılar dərc olunur.
Dağlıq Qarabağ problemi nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli istiqamətində atılan addımlar, Dövlət Neft Fondunun vəsaitləri hesabına məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması yönümündə görülən işlər də qəzetimizdə geniş işıqlandırılır.
Dövlət başçısı İlham Əliyev neft kapitalının insan kapitalına çevrilməsini qarşıya mühüm vəzifə kimi qoyub. Bu gün təhsilin, elmin inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Kadr hazırlığı günün tələbinə çevrilib.
Bu uğurlarımız “İki sahil” qəzetinin daim diqqətində olub, geniş işıqlandırılıb. Azərbaycanın bu günü, sabahı üçün atılan hər bir addım, əldə olunan uğur qəzetimizin səhifələrində mühüm yer tutur.
Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinin qəzetimizin 20 illiyi ilə üst-üstə düşməsi təsadüfi xarakter daşımır. Bu, bir daha onu təsdiqləyir ki, tutduğu yoldan geri dönməyən, fəaliyyətə başladığı gündən “düzü düz, əyrini əyri” deməklə oxucu auditoriyasını genişləndirən “İki sahil” qəzeti Azərbaycanın keçdiyi inkişaf yoluna bələdçilik etməklə yanaşı, özü də bu dövrdə daha böyük təcrübə əldə etdi, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoydu.
Fəaliyyətində daim bu prinsipləri öndə saxlayan “İki sahil” bu gün də yaradıcılıq axtarışlarını davam etdirməkdədir.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 16 iyul.- S.10.