Jurnalistikamızda aydın bir iz: milli mətbuatda Məmməd Məmmədov imzası

 

Bu il May ayının 21-iydi. İməcilik keçirirdik. Günortaya yaxın mobil telefonuma zəng gəldi. Baxdım ki, Məmməd müəllimdi. Həmişəki kimi bu şənbə də ənənəsinə sadiq qalıb çay içməyə dəvət etdi. Mən daimi ünvanımıza – Bazargöl kafesinə çatanda gənc dostumuz Elxan Yurdoğlu ilə oturmuşdular.

– Cavan oğlanlar, nə tez istilənmisiz, köynəklə gəzirsiz, – deyib zarafat etdim.

– Hə, nəsə bu gün hava birtəhərdir, – dedi.

Bu “birtəhər gün”də çay içə-içə yenicə gəldiyi Bakı təəssüratlarından, 20 günlük müalicəsindən, Naxçıvandan Bakıya, hətta “Azərbaycan” qəzeti redaksiyasına maşını özü idarə edərək getməsindən maraqla danışır və birinci dəfə öz maşını ilə Bakıya getməsinin sevincini yaşayırdı.

Beləcə çay süfrəsindən qalxıb söhbətləşə-söhbətləşə maşınlarımıza yaxınlaşıb sağollaşdıq. Amma nədənsə maşına tərəf bir addım atmışdım ki, arxadan çağırdı, döndüm ki, əlini uzadıb, əl sıxıb sağollaşdıq. Sən demə bu dostum Məmməd Məmmədovla son görüş, vida sağollaşması imiş.

Həmişəki kimi hər şənbə günü kəndə gedər, həyətdə əkdiyimiz ağaclara qulluq edər, alaq otlarından təmizləyərik. Bu həftə də təqribən saat 16 radələrində kəndə çatıb, həyətdə işləməyə başladım. Adətən kənd yerində axşam saat 9-dan tez evə yığışmazlar. Saat 10-a işləmiş təzəcə bir stəkan çay içirdim ki, tələbə yoldaşım Əhməd müəllim zəng vurdu: “Təcili şəhərə gəl, Məmməd müəllim yol qəzası keçirib, xəstəxanadadır, ağırdı”. Təqribən iki saatlıq yoldan sonra mərkəzi xəstəxanaya çatanda foyedə oğlu Vüsarı gördüm. Boynumu qucaqlayıb: “Kərəm əmi, atam atasını lap çox istədi, bizi yetim qoydu”, – deyib hönkür-hönkür ağladıq. Və dostum Məmmədi heç olmasa sonuncu dəfə görmək ümidim puç oldu. Ayrı-ayrı palatalarda oğlu İqrar və həyat yoldaşı Sədaqət bu olanlardan xəbərsiz, ağır vəziyyətdə idilər. Hər gün onların yanına gedəndə soruşurdular ki, Məmmədin də yanına çıxmışdın, deyirlər, 5-ci mərtəbədə reanimasiyadadır...

– Yox, yanına adam buraxmırlar, – deyib yalan danışmaq məcburiyyətində qalırdıq.

– Hə, deyirlər Vüsardan başqa heç kimi buraxmırlar, – deyib Allaha dua edirdilər ki, ölüm-itimsiz ötüşdük. Bütün bu gördüklərinə adamın ürəyi param-parça olurdu. Amma nə edəsən oğlu və həyat yoldaşının ağrıları azalana, sağlamlıqları nisbi bərpa olunanadək M.Məmmədovun və atası Yarəli kişinin faciəli ölümünü gizli saxladıq.

Diaqnostika-Müalicə Mərkəzindən ev şəraitində ambulator müalicəyə göndərildiyi gün – iyun ayının 11-i bu acı həqiqətin deyildiyi an onların həyatlarında ağır yaraların verdiyi əzablardan daha dəhşətli, ömür boyu unudulmayacaq bir yara oldu. Məmməd Məmmədovun yoxluğu bu ailənin faciəsi, Azərbaycan, o cümlədən Naxçıvan elminin, jurnalistikasının böyük itkisi oldu.

1979-1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda tarix ixtisası üzrə təhsil almışıq. Tələbəlik illərində sakit təbiəti ilə seçilən Məmmədin həmişə əlində qəzet olar, məqalələr yazardı. İnstitutu bitirdikdən sonra öz kəndlərində müəllim işləyirdi. Amma jurnalist olmaq arzusu onu ayrı-ayrı qəzet redaksiyalarına aparır və 1991-ci ildən “Sovet kəndi”, “Həyat”, “Bərəkət” qəzetlərinin və sonda “Azərbaycan” qəzetinin Naxçıvan MR üzrə xüsusi müxbiri vəzifəsində çalışır. 2000-ci ildə “Şərq qapısı” qəzetinin Baş redaktoru təyin olunur. Özünün təbirincə desək, yazı-pozu adamlarının axtarışına çıxır. Redaksiyaya dəvət etdiyi yaradıcı adamlardan biri də mən idim. 2004-cü ilin mart ayından “Şərq qapısı” qəzetində çalışmağa başladım. Yazdığımız kiçik bir xəbərdən böyük yazıya qədər bütün yazıları redaktə edirdi. Yəni M.Məmmədov göstərilən etimadı doğrultmaq üçün var gücü ilə çalışırdı. Gecə saat 4-də, 5-də, hətta bəzən sübh tezdənə qədər redaksiyada qəzet çıxartdığımız vaxtlar olub. Həftədə iki dəfə 4 səhifə ilə çıxan “Şərq qapısı” qəzetinin dövriyyəliyi onun Baş redaktor təyin olunmasından sonra tədricən artırılaraq həftədə 5 dəfə 6, bəzən də 8 səhifədə çap olunmağa başlandı. Təkcə kəmiyyət deyil, keyfiyyət göstəriciləri ilə də seçilən “Şərq qapısı” qəzetində qədim oğuz-türk yurdu olan Naxçıvanın keçmişini, dünənini və bugününü özündə yaşadan, elmi ictimaiyyətin tələbatını ödəyən “Nəqşicahan”, ədəbi mühitin tribunasına çevrilən “Gəmiqaya”, yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikamızın ecazkarlığını özündə əks etdirən “Naxçıvan təbiəti” adlı qəzet içərisində qəzet çıxarır, əhalinin bütün təbəqələrini maraqlandıran sualları təcrübəli hüquqşünas Səfiyar Abışovun cavablandırdığı “Hüquqi maarifləndirmə” səhifəsi geniş oxucu kütləsinin maraqlarına xidmət edirdi. 6300 tirajla çap olunan “Şərq qapısı” qəzetinin 800 nüsxəsi ölkəmizin bütün regionlarına yayılırdı. Ailə həyatı qurub bir müddət Tərtər rayonunda yaşayan jurnalist həmkarımız Sara Əzimova “Şərq qapısı” qəzetini qəribçilikdə görəndə: “Fəxr etdim və elə bildim ki, dünyanı mənə verdilər” – deyirdi.

Ümummilli liderimiz Heydər Əliyevin “Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir”,-deyərək çox yüksək qiymətləndirdiyi bu qeyri-adi peşəni özünə həyat yolu seçən M.Məmmədov maraqlı məqalələri, özünəməxsus məzmunlu yazıları ilə Baş redaktor kimi bizə yol göstərir, müəllimlik edir, müxbirlərdən daim axtarışda olub müşahidələr əsasında yazılar hazırlanmasını tələb edərdi. O, tələbkar olmaqla yanaşı, həm də qayğıkeş redaktor idi. Öz otağında olan soyuducu və kondisionerdən işçilər üçün də almışdı ki, seçilməsin. Hətta kənddəki həyətində yetişdirdiyi meyvələrdən ilin elə bu vədələrində zənbil-zənbil gətirib yığırdı soyuducuya ki, işçilər istifadə etsin. Bir dəfə: “Mən görmüşəm ki, müdirə pay gətirsinlər, sən də tərsinə edirsən, özün işçilərə pay gətirirsən”, – deyib zarafat etdim. Elə zarafata zarafatla da cavab verdi: “Mən müdir deyiləm, redaktoram, yazıları redaktə edirəm”.

Hər bir redaksiya əməkdaşı, həmçinin oxucular “Baş redaktorun baxış bucağı” rubrikası ilə M.Məmmədovun həyatın bütün sahələrini özündə əks etdirən elmi, siyasi, publisistik və tənqidi mövzularda səhifə-səhifə yazılarını oxuyur və fəxr edirdik ki, bizim belə redaktorumuz var. Düzü, o bizim üçün-jurnalistlər və jurnalistika ilə məşğul olan şəxslər üçün bir məktəb idi-Məmməd Məmmədov məktəbi. Bu məktəbin məzunları indi istər ölkəmizin, istərsə də muxtar respublikamızın müxtəlif mətbu orqanlarında, həmçinin ayrı-ayrı təşkilatlarında mətbuatla bağlı postlarda çalışırlar. M.Məmmədov məzunları ilə fəxr edən bir müəllim, redaktor idi. Onun qapısı hər kəsin üzünə açıq idi. Heç köməkçi də saxlamazdı. Redaktorun yanına gələn yazı-pozu əhli olar ki, onları da qapıda saxlamaq günahdır,-deyər, qəzetlə əməkdaşlıq edən kənar müəlliflərə ehtiramla yanaşar, onların yazılarını yüksək səviyyədə redaktə edər, qəzet səhifələrində dərc olunan yazıların rəngarəngliyini təmin edərdi. AMEA Naxçıvan Bölməsinin elmi işçisi Musa Quliyevin Naxçıvan tarixinin qaranlıq məqamlarına işıq salan, Naxçıvanşünaslığa dəyərli töhfə olan 250-dən artıq məqaləsinin M.Məmmədovun redaktəsi ilə çap olunması kənar əməkdaşlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Yüksək kollektivçilik qabiliyyətinə malik olan əvəzsiz bir redaktor kimi təcrübəli jurnalistlərlə gənc jurnalistlərin vəhdətindən qurulan kollektiv yaratmışdı. Təcrübəli jurnalistlər Səxavət Kəngərli, Cəfərqulu Paşayev, Sevindik Həmzəyev, Cəfər Kərimov, öz işinə məsuliyyəti ilə seçilən məsul katib Allahverdi Əsgərov, redaktor müavini Məhəbbət Mirzəyeva, gənc jurnalistlər Elxan Yurdoğlu, Elmar Hüseynov, Rufik İsmayılov, Türkanə Bəylərli, Sahil və Rahil Tahirli qardaşları, Sahib Əsgərli, Hafizə Əliyeva, Sara Əzimova, Lətafət Əhmədova, fotomüxbir Əsədulla Səfərov, ömrünün 40 ilini “Şərq qapısı” redaksiyasına həsr edən korrektorlar Firudin Kərimov, Ruqiyyə Əliyeva, dizaynerlər Rəfael Babayev, Ziya Məmmədov, texniki heyət üzvlərindən Şərəf Möhsünova, Natella Gülmalıyeva qəzetin yüksək səviyyədə çıxması üçün əllərindən gələni əsirgəmirdilər. “Başqa vəzifələrdən fərqli olaraq redaktor vəzifəsi rəsmiyyətdən çox səmimiyyət tələb edər”, – deyən M.Məmmədov hər bir ağır iş günündən sonra başlanan yeni iş günündə kollektivin hər bir üzvünün qəlbini oxşayıb xoş ovqat yaratmağı bacaran bir redaktor idi. Səhər-səhər redaksiyaya daxil olub otağına keçənədək 3-4 dəqiqəlik bir vaxtda hər kəsi salamlayıb verdiyi tapşırıqların icrasını soruşardı: “Səxavət müəllim, salam; Allahverdi, yazını işlədin?, Paşayev nə yazırsan?, Sevindik müəllim, dünənki yazın yaxşı idi, Kərəm, yazını təhvil ver!, Elxan publisistik məqaləni qurtar!, Möhsünova, vəziyyət necədir?, Ruqiyyə, bu işlər niyə belə olur?, Natella, stolumun üstündəki yazılara dəymədin?, Məhəbbət, yazıları gətir baxım”, – deyərək iti və ləngərli addımlarla otağına gedər, bütün günü yazıları redaktə edərdi. İş vaxtından sonra kompyuter otağında olar, yazıların tərtibatını özü aparardı. Hətta otağına gələn telefon zənglərinə vaxtında cavab verə bilmədiyinə görə qınaq obyektinə də çevrilərdi.

İmkan olanda kollektivi gəzintiyə aparıb ziyafət verər, çətinliyə düşən hər bir redaksiya əməkdaşının problemini həll edər, məclislərdə yaxşı iştirak edib bütün işçilərə maddi və mənəvi köməklik edərdi. Xüsusilə gənclərin himayədarı və qayğıkeşi idi. Onlara aylıq əməkhaqqı həcmində qonorar yazardı. Və deyərdi ki, bu gənclərin ehtiyacı çoxdur, qab-qacaq almaqdan ev tikməyədək uzun bir yol keçəcəklər. Və özünün gənclik illərində yaşadığı çətinlikləri etiraf edib üzüm bağı becərərək ev tikməklərindən, “marqarin”lə xörək bişirməklərindən, şəhərdə kirayənişin yaşadıqları dövrdə jurnalist həmkarı Məhəmməd Fərəcovun talonla aldığı qənddən istəməsindən və vermədiyini görüb çayçıya gedərək çayını qəndsiz içib, 3-4 tikə qəndi kağıza büküb körpə uşaqlarına gətirməsindən özünəməxsus yumorla danışardı. Redaksiyanın əmlakının qorunmasına ciddi nəzarət edər, qəzetin çap olunması üçün alınmış kağızın gündəlik sərfiyyatına nəzarəti Firudin Kərimova, yeganə gəlir mənbəyi olan reklam və elanların verilməsi və ödənilən pulların yığılmasını isə rəhmətlik Cəfər Kərimova tapşırmışdı. Bir dəfə Cəfər müəllim kompyuter otağında Məmməd müəllimə yaxınlaşıb: “Ayın sonudu maaşı almısınız, bir elan borcunuz var, verin, bu gün aparıb pulları Banka keçirəcəm”, – deyəndə o, işçilərin üzünə baxıb güldü və çıxarıb pulu verdi. Hamımızın təəccüblə ona baxdığımızı görüb: “Bəli, bu kişi intizamlı və tapşırılan işə məsuliyyətli adamdır”, – dedi. Bankda yığılan bu pullar isə redaksiya əməkdaşlarının mükafatlarına yönəldilirdi.

Bir dəfə M.Məmmədovun öz otağında ayaqyalın o baş-bu başa vargəl etdiyini gördüm. Üzümə baxıb: “Ürəyim sıxılır, ağrıyır, özümü çox pis hiss edirəm, səhhətim imkan vermir ki, yazıları əvvəlki kimi redaktə edəm. Vəzifədən gedib, jurnalistikada təkbaşına öz sözümü deməyə çalışacam”, – dedi. “Şərq qapısı” qəzetində dərc etdiyi “Sözün düzü: mətbuatın cəfakeşi olmağı bacarmadıq” başlıqlı məqaləsində səhhətinin bacarığı qarşısında bir sipər olduğuna eyham vurub imkanlarından lazımınca istifadə edə bilmədiyini etiraf edir və təəssüflənirdi. Göstərilən etimadı itirməkdən bərk narahat idi. Elə bu narahatlıqla da 2007-ci ilin fevralında ərizə yazıb redaktor vəzifəsindən azad olunmasını xahiş etdi. Redaktorluğu dövründə Naxçıvan MR-in Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, “Naxçıvanda ictimai-siyasi proseslər (1988-2005-ci illər)” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdı. 2007-ci ildən sonrakı fəaliyyətini də AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işçi, şöbə müdiri və əvvəllər işlədiyi kollektivində – “Azərbaycan” qəzetinin NMR üzrə xüsusi müxbiri kimi fəaliyyətini davam etdirirdi. “Mərkəzi mətbuatda güclü qələm sahibləri, əjdahalar var. Onlarla bir sırada yazı yazmaq asan deyil”, – deyirdi. Çox təvazökar insan idi. Əslində dediyi o əjdahalara bərabər yazılar yazar, müxtəlif qəzet və jurnallarda çap etdirərdi. Əməyi yüksək qiymətləndirilən M.Məmmədov ötən il mətbuat günündə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına da layiq görüldü.

– Gülüstan sarayında mənim adım fəxri ad alanlar sırasında çəkiləndə qeyri-ixtiyari olaraq gözlərimdən yaş gəldi, – deyir və duyğulu anlarında redaktoru Bəxtiyar Sadıqovun onu qucaqlayıb təbrik etməsini sevinclə xatırlayırdı. Onu da deyirdi ki, fəxri ad daha çox məsuliyyətdir. Elə 2011-ci ilin fevral ayında Mətbuat Şurasının KİV nümayəndələri arasında keçirdiyi müsabiqəyə təqdim etdiyi regionların sosial-iqtisadi inkişafı ilə bağlı yazısının I yerə layiq görülməsi də onun məsuliyyətindən doğan bir reallıq idi.

Jurnalist, alim, həm də deputat kimi vəzifə borcunu layiqincə yerinə yetirməyə çalışırdı. M.Məmmədov II, III, IV çağırış NMR Ali Məclisinin deputatı seçilmişdi. Seçicilərinin hər hansı bir məsələ ilə bağlı müraciətlərinə həssaslıqla yanaşır, imkanı daxilində müsbət həll olunması üçün əlindən gələni əsirgəmirdi. Bir dəfə redaksiyanın qarşısında dayanan “Qaz-El” markalı mikroavtobusdan düşən yaşlı qadınlar bizə yaxınlaşıb Məmməd müəllimi soruşdular. Sübh tezdənə qədər qəzet çıxarıb, 1-2 saatlıq evə gedən Məmməd müəllimi çağırmaq məcburiyyətində qaldıq. Jurnalist həmkarımız, hazırda Şərur rayonunu Dərvişlər kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyən Bəxtiyar Hüseynov zəng vurub zarafatla: “hardansa tənqidi məqalə yazmısan, xeyli adam redaksiyanın qabağına gəlib səni axtarır”, – dedi. Heç 10 dəqiqə çəkmədi ki, gəldi. “Şikayətçiləri” görəndə Bəxtiyar müəllimə baxıb gülümsündü. Sən demə, bu yaşlı qadınlar M.Məmmədovun seçiciləri, həmkəndliləri imiş. Darıdağ Arsenli Su Müalicəxanasında müalicə kursu keçmələrinə köməklik göstərməsini xahiş etdilər. Həmin dəqiqə aidiyyəti orqanlara zəng vurub seçicilərinə köməklik etdi və müraciətə necə məsuliyyətlə yanaşmasının şahidi olduq.

Amma nədənsə üçüncü dəfə namizədliyini verəndə seçicilərlə daha çox görüşə gedirdi. İri bir bülleten hazırlayıb sanki hesabat verirmiş kimi kəndbəkənd payladı. Özünün keçdiyi 49 illik həyat yolunun qısa xarakteristikası əks olunan həmin bülletendən biri də mənim iş otağımdadır.

Məmməd Məmmədov – təvəllüdü 1962. Təhsili ali. İxtisası tarix, hüquqşünas. Elmi dərəcəsi tarix elmləri namizədi. Partiyalılığı – bitərəf. Vəzifəsi – “Azərbaycan” qəzetinin xüsusi müxbiri. Üzv olduğu yaradıcılıq təşkilatları – “Dialoq Avrasya” Beynəlxalq Təşkilatı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi. Fəxri adı – Azərbaycanın Əməkdar jurnalisti, Naxçıvan MR-in Əməkdar jurnalisti. Media təltifi – Həsən bəy Zərdabi mükafatı. İştirak etdiyi mötəbər toplantılar – Tunceli, Antalya, Ərzurum, Tehran, Təbriz. Doktorluq mövzusu – Naxçıvan mətbuatının inkişaf tarixi. Sonda isə belə yazmışdı təbliğat bülletenində – Mən bu siyasətin, bu iqtidarın əsgəriyəm. Amalım: Göstərilən etimadı doğrultmaqdır.

Dövlətə və dövlətçiliyə sadiqliyi ilə seçilən M.Məmmədov ümummilli lider Heydər Əliyev irsinə sədaqətini öz əməli işi ilə sübut etməyə, özünün dediyi kimi, mənəvi borcunu verməyə çalışırdı. “Heydər Əliyev çörəyi”, “Siyasətdə Naxçıvan dərsləri”, “Mənim qəzetli dünyam”, “Şərqin qapısı Naxçıvan”, “Naxçıvanda ictimai-siyasi proseslər (1988-2005-ci illər)”, “Naxçıvan kiçik Azərbaycandır”, “Ömrümün qırxıncı baharı” və 2011-ci ilin aprel ayında çapdan çıxmış “Naxçıvan: dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı”, sonuncu kitabı hər birimizə örnək olacaq bir ömür yaşamış, dəyərli dost, narahat jurnalist, daim axtarışda olan alim və fəal ictimaiyyətçi M.Məmmədovun ağır zəhmətinin və yuxusuz gecələrinin məhsulu idi.

Yenicə çapdan çıxmış sonuncu kitabının sevincini yaşayır, adəti üzrə “çay qonaqlığı” verirdi. Bu an mobil telefonuna zəng gəldi. Danışıb minnətdarlıq etdi və gülümsünərək əlini uzadıb, “Məni təbrik edə bilərsiz, təqdim etdiyim elmi məqalələrimə baxılıb, mənə dosent elmi rütbəsi verilib”, – dedi. Həmin gün hamımız ikiqat sevinc yaşadıq.

Zehni yorğunluğu aradan qaldırmaq üçün uşaqlarla ünsiyyət quran və balaca dostlarına yay aylarında dondurma qonaqlığı verən M.Məmmədov hər axşam saat 10 radələrində ev telefonuna zəng vurar, dəstəyi götürən balaca Qumralla: “Nasılsın”, – deyə salamlaşıb, yarıtürkcə, yarıazərbaycanca danışar: “Mənim kastyumumu nə vaxt alacaqsan?” – deyə soruşardı.

– Eh, Mamed baba, bizə gələndə 2 köynək verdim da, almadın.

– Yox, kastyum istəyirəm, – deyib israr edəndə, – Yaxşı, Mamed baba, alacağam, – deyib pıçıltıyla guya eşitmirmiş kimi, – baba, qorxma, almayacağam, Mamed babamı aldadıram, – deyib dəstəyi mənə verərdi.

– Uşaq da bilir ki, sən pulu çox istəyirsən? Qorxma, – deyir və qəh-qəh çəkib gülərək, hər gün ailəmizə xoş ovqatlı anlar yaşadardı. Qüruruna sığışdırıb heç kimə demədiyi, ürəyində olan narahatçılığı aradan qaldırmaq ümidi ilə müalicə alar, hər gün axşam telefon danışığından sonra Əcəmi seyrəngahına gedib 3-4 dəfə qaçmağa məcbur edərdi.

M.Məmmədov Naxçıvana, yurda bağlılığı ilə seçilən yüksək insani keyfiyyətlərə malik jurnalist, ictimai-siyasi proseslərdə yaxından iştirak edərək qələmi süngüyə çevirməyi bacaran elmi və publisistik məqalələri ilə geniş oxucu kütləsini düşünməyə vadar edən bir şəxs idi. “Azərbaycan” qəzetinin xüsusi müxbiri və AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri kimi elmi və publisistik məqalələriylə Ulu Öndərin həyatının Naxçıvan dövrü və ağır iqtisadi blokada şəraitində yaşamasına baxmayaraq NMR-in inkişaf və intibahından fəxrlə yazır, siyasi publisistikada M.Məmmədov dəsti-xəttinin əsasını qoyurdu. “Azərbaycan” qəzetində yazdığı məqalələrlə vəzifə borcunu yerinə yetirir, “525-ci qəzet”də bir deputat kimi Naxçıvan möcüzəsindən – bölgəmizdə reallaşan irimiqyaslı layihələrdən, Naxçıvan şəhərindən başlamış rayon mərkəzlərinə, ucqar dağ və sərhəd kəndlərinədək həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən söz açır, Naxçıvan reallıqlarını geniş oxucu kütləsinə çatdırırdı. “Naxçıvan”, “Dirçəliş-XXI əsr”, “Kəlam”, “Mədəni-Maarif”, “Qobustan” AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i kimi elmi, ədəbi-bədii və ictimai-siyasi jurnallarda yazılarını çap etdirirdi. Bir dəfə “Dirçəliş-XXI əsr” jurnalında dərc olunan müəlliflərin siyahısını göstərib dedi ki, bu siyahıda ən kiçik adam mən olsam da, ən böyük yazı mənim yazımdır. “Ağac bar gətirəndə başını aşağı əyər” atalar sözünü tez-tez təkrar edər, insanlara yuxarıdan aşağı baxan, təkəbbürlü məmur görüntüsünü özünə yaxın buraxmaz, düzünü deyim, bu cür adamlarla heç ünsiyyət də qurmazdı. Sadə M.Məmmədov kimi insanların qəlbində qalmağa çalışardı. “Azərbaycan” qəzetində iş yoldaşlarının dərc etdiyi xatirə yazısında M.Məmmədovu xarakterizə edən bir fikir heç yadımdan çıxmır: “Məmməd həm də həssas həmkar idi. Qəzetimizdə elə bir uğurlu yazı olmazdı ki, zəng vurub müəllifi təbrik etməsin. Təbii insan idi. Necə var idisə, elə də görünürdü, özünü başqa cür təqdim etməyi heç fikirləşməzdi də... Fikirləşdiyi dilində, dilindəki əməlində idi”. Hər bir kəsin uğuruna sevinən, bölgələr arasında bütün sahələrdə liderlik edən Naxçıvanla fəxr edən və onu kağıza köçürüb ictimaiyyətə çatdırmağı bacaran əvəzsiz bir jurnalist idi.

M.Məmmədov təkcə yazıları ilə deyil, həm də qonaqpərvərliyi ilə seçilən bir ziyalı kimi Naxçıvanda baş verən intibahı gözləri ilə görmələri üçün mərkəzi mətbuatda çalışan jurnalist həmkarlarını da Naxçıvana dəvət edirdi.

Özünə və yoldaşlarına qarşı həddindən artıq həssas olan M.Məmmədov hər kəsin xeyir və şər məclislərində yaxından iştirak edər, işlədiyi kollektivin hər bir üzvünün qayğısına qalar, dünyasını dəyişmiş məsləkdaşlarının xatirəsini ehtiramla yad edərdi. Yaxınların söhbətidir. Şəhər qəbiristanlığının yanından ötərkən birdən maşını saxlayıb: “Cümə axşamıdır, əziz gündür”, – deyib axundu çağırdı və qələm dostu Elman Həbibin məzarını ziyarət etdik.

Özünün ehtiyaclarını hələ tam ödəyə bilməyən M.Məmmədovun həddindən artıq əliaçıqlığına həsəd aparırdıq. “Kərəm, qazandığımızın hamısını özümüz yeyə bilmərik, bir hissəsini də ehtiyacı olan imkansızlara, xəstələrə paylamalıyıq. Bu Allaha da xoş gedər”, – deyib cibində olan son qəpiyi də imkansızlara verərdi. Novruz bayramı günü boğazımdan tikə keçmədi. Elxan Yurdoğlu ilə birlikdə Böyükdüz Cəzaçəkmə müəssisəsinə gedib bayram sovqatını məhbus olan qonşum İlhama çatdırandan sonra kəndə Novruz bayramına yollandım. Həmişə olduğu kimi ağsaqqalları gördüm, imkansızlar və xəstələri ziyarət etdikdən sonra özümdə bir yüngüllük, rahatlıq tapdım,-deyirdi. Həmişə qardaşı Qəribin bir sözünü deyib, gülərdi. “Kəndə gedəndə Qərib mənə bu başdan xəbərdarlıq edir ki, bax, bu dəfə pulunu ona-buna paylama, şəhərə qayıtmağa benzin pulu verməyəcəm. Amma elə həftə olmur ki, Qəribə benzin pulu borclu qalmayam”.

Əldə etdiyi nailiyyətlərlə arxayınlaşmayan M.Məmmədov: “Dövlət mənə hər şey verib, fəxri adım, şəhərdə evim, şəxsi maşınım var, övladlarım təhsil alıb, hərəsi bir sahədə çalışır, bundan artıq nə olacaq”, – deyib şükür edir, daha çox məsuliyyətlə çalışırdı. “Ömrümün 7 ilini “Şərq qapısı” qəzetinə xərclədim deyir”, bu il 90 yaşı tamam olacaq Naxçıvan mətbuatı ilə bağlı kitabın üzərində işləyirdi. Demək olar ki, ilk nümunəsi də hazır idi. Müalicəyə gedəndə onu da özüylə aparmışdı ki, nəşr etdirsin. Amma nədənsə nəşr etdirə bilməmişdi. Nəşr etdirməməyinin səbəbini soruşanda, “İyunun 4-ü iclasımız olacaq, aparacağam”, – dedi və ucadan qəhqəhə çəkib güldü. “Kərəm, indi deyəcəksən ki, evin döşəməsini dəyişməyə 150 manat tapa bilmirsən, amma 800-1000 manat tapıb kitab çap etdirəcəksən. Neyləyim, mənim də hobbim budur”,-dedi. Sən demə, bu onun son kitabı olacaqmış...

Çalışırdı ki, hər bir valideyn kimi övladlarına şərait yaratsın. Ən böyük arzusu övlad toyu görmək idi. Hərdən söhbətimizdə gileylənirdi ki, bu Vüsar evlənmir. Evdə də anasına demişəm ki, mən deyə bilmirəm, ortadan pərdə götürülər. Sən oğlunu başa sal ki, bu ildən keçməsin. Elə bu məqsədlə kənddəki evdə bəzi kəsir əşyaları alıb düzəldirdi. Elə şənbə günü kəndə tələsməyi də 20 gün müalicədə olduğundan ot basmış həyəti təmizləyib səliqə-sahman yaratmaq, oğul toyuna hazırlıq görmək idi. Amma amansız ölüm onu yarıyolda yaxaladı. Bir valideyn arzusunu gözündə qoydu. Həmişə sözləşib, “Bəsdi bizi çayla aldatdığın, nə vaxt əməlli-başlı yeyib-içmək verəcəksən”, – deyəndə gülümsünərək, “Az qalır, 2012-ci ilin iyun ayının 4-də”, – deyirdi. 50 illik yubileyini qeyd edəcəyini hər söhbətində təkrar-təkrar vurğulayan, yazıb-yaratmaq eşqi ilə çırpınan bir yazarın, kəsərli qələm sahibinin ömür karvanı yarıyolda dayandı.

Hər bir tanıdığı insanın dərdini öz dərdi hesab edən Məmmədin ölümü yaxın dostu və sirdaşı kimi mənə ikinci zərbə oldu. 2010-cu ilin avqust ayında qardaşım İntiqamın Rusiya Federasiyasında yol qəzasında həlak olması xəbəri məni sarsıtdı. O vaxt M.Məmmədov, “bu bir alın yazısıdır, olacağa çarə yoxdur”,-deyib mənə təsəlli verirdi. Amma heç ağlıma da gəlməzdi ki, bu ağır zərbədən heç bir il keçməmiş, mənə hər zaman təsəlli verən qardaşım Məmmədi də eynilə yol qəzasında itirəcək, yazı masamın üstündə olan “Şərq qapısı”, “Azərbaycan”, “Ayna”, “525-ci qəzet”lərdə, “Kəlam” jurnalında M.Məmmədovun xatirəsinə yazılmış yazılara və dərc olunan şəkillərə baxıb “Mamed babamdan yana darıxıram, niyə zəng vurmur”, – deyib xısın-xısın ağlayan, AzTV və ANS telekanallarında M.Məmmədovun dünyasını dəyişməsi ilə bağlı verilən xəbərlər zamanı deyilən sözlərin mahiyyətinə varmayıb, “Mamed babamı göstərirlər”, – deyib qışqıran və hər dəfə şəhərə çıxanda ötüb keçən qara rəngli xarici maşınları göstərib, “Baba, tez sür, Mamed babama çataq”, – deyən qızımın – 6 yaşlı Qumralın qarşısında aciz qalacaq, yas mərasimində Sədaqət nənəsinə, Vüsar və İqrar qardaşlarına yaxınlaşıb: “Nənəm deyir, Mamed babam Bakıda müalicə olunur, sağalıb gələcək”, – deyib uşaq ağlı ilə onların qəlbini almağa çalışması qaysaq bağlamayan yaramıza duz basacaqdı.

İndi ata-anasının qucağına sığınıb əbədiyyətə qovuşan M.Məmmədovun yoxluğuna inanmayan yaxın dostu kimi, məzarı üstündə göz yaşı töküb Allah-təaladan rəhmət diləmək və bir vaxtlar özünün dediyi alın yazısına inanmaqdan başqa çarəm yoxdur. Təsəllim isə M.Məmmədovun layiqli varisləri, şirin xatirələrdə yaşayan xeyirxah əməlləri, ağır zəhmət ilə ərsəyə gətirdiyi yazıları və kitablarıdır. Həmişə çapdan çıxan kitablarından birini də mənə verər və üz qabığında yazardı: “Müəllifdən dost payı”. Amma nə etməli ki, Allah-təala məni bu dost payından, hər gün Əcəmi seyrəngahında iti addımlarla gəzişə-gəzişə həyat dərsi keçən müəllimimdən məhrum etdi. Mətbuat günü ərəfəsində dəyərli dostum haqqında yazdığım xatirə yazısı ilə həyatımın ən kövrək anlarını yaşadım. Ötən il fəxri ad alması münasibətilə təntənəli şəkildə qeyd etdiyimiz mətbuat gününü bu il jurnalistikada Məmməd Məmmədov Xəttini yaradan,çətin, lakin şərəfli ömür yaşamış bir yazarın xatirəsinin işığına toplaşacaq, onun Naxçıvan mətbuatının 90 illiyinə həsr olunan, lakin nəşrinə ömür vəfa etmədiyi, oğlu Vüsarın çap etdirdiyi “Mənim həyat məktəbim” adlı kitabı ilə qeyd edəcəyik.

 

 

Kərəm HƏSƏNOV,

“Şərq qapısı” qəzetinin müxbiri,

Naxçıvan

 

525-ci qəzet.- 2011.- 20 iyul.- S.6.