Mənsur şeirdə yeni imza

 

Kiçik həcimli, nəsrlə yazılan mənsur şeirdə də poeziyaya xas olan lirizm, emosionallıq, ahəngdarlıq və lakoniklik səciyyəvi cəhətlər hesab olunur. Geniş yayılmayan sözügedən bədii əsər formasına dünya ədəbiyyatında müəyyən müraciətlər olunub. Azərbaycan ədəbiyyatında isə mənsur şeir yaradıcılığı görkəmli sənətkar Gülhüseyn Hüseynoğlunun adıyla bağlıdır. Bununla yanaşı, ədəbiyyatımızda bəzi müəlliflər tərəfindən də ayrı-ayrı vaxtlarda mənsur şeirlər yazılaraq dərc edilib. Lakin son zamanlar bu sahədə qələmini sınamaq istəyənlər bir o qədər də nəzərə çarpmayıb. Təbii ki, bu illərdə mənsur şeirlərdən ibarət kitablar da nəşr olunmayıb.

Şair-publisist Şirxan Aranlı bu ehtiyacı nəzərə alaraq cəsarətli bir addım atmaq qərarına gəlib. Müəllif bu yaxınlarda “Çaşıoğlu” nəşriyyatında işıq üzü görən “Harda qaldın, Qarabağım” adlı kitabı ilə mənsur şeir yaradıcılığı sahəsində ədəbi uğura imza atıb.

“Mehribanlıq məhəbbətin tacıdır” adlı şeirlər kitabı kimi sözügedən mənsur şeirlər toplusu da oxucular tərəfindən maraqla qarşılanıb. Əyalətdə yazıb-yaradan qələm sahibinin bu kitabında mənsur şeirlər “Ömrümüz, duyğumuz”, “Harda qaldın, Qarabağım”, “Gözlər yollarda qalıb” adlı bölmələr üzrə sərgilənib. Bunlardan əlavə, topluda “Xatirələrdə yaşayan ömür” adlı mənsur oçerk, “Varlığını düşün, insan” adlı mənsur esseyer alıb. Həmin janrlarda olan əsərlər ilk dəfədir ki, mənsur şeir formasında yazılıb. Kitabda toplanmış mənsur şeirlər mövzu baxımından rəngarəngdir. Bu əsərlərin hər biri insanı düşünməyə vadar edir, yüksək duyğu və hisslərlə yaşamağa ruhlandırır. Bir çox bədii nümunələrdə əksini tapan həyatın təzadlı anları, kədər, təəssüf, şübhə, sevinc və həyəcan məqamları oxuculara da sirayət edir, qayğı və narahatlıq doğurur.

Ana ömrü”, “Qocalar evindən baxan qoca”, “Söz yarası”, “Dan yeri söküləndə”, “Mənim qələmim”, “Əriyirsən için-için”, “Həsrət”, “Gecələr ay doğanda”, “İsmət pərdəsi” kimi mənsur şeirlər bu qəbildəndir.

Harda qaldın, Qarabağım” kitabındakı əsərlər nəsrlə qələmə alınmasına baxmayaraq, daxili şeiriyyəti, obrazlılığı və poetik ovqatı ilə diqqəti çəkir. Onların bir qismi hətta şeir kimi birnəfəsə oxunur. Bəzi bədii nümunələrdə yer tutan şeir parçaları isə mənsur şeirin ümumi məzmunu, məna siqləti ilə səsləşir, uyarlıq və vəhdət təşkil edir. Elə bu səbəbdən də həmin bədii lövhələr oxucu qəlbinə asanlıqla yol tapır, düşüncə və fikirlərini cilalayır, sabaha inam hissini gücləndirir.

“Mənim qələmim” adlı mənsur şeir bu cəhətdən maraq doğurur:

 

Dərd gəldi, bir çapardı,

Ürəyimi apardı.

Dərdi qələmə dedim,

vərəqdə apardı.

 

“Gecələr ay doğanda” mənsur şeiri isə şeir kimi daxilən qafiyələrlə cilvələnir:

 

Quşların nəğməsilə,

Şəlalələr səsiylə,

Gözəllik həvəsilə,

Coşub daşan təbiət

Qara örpək geyinər

Gecələr ay doğanda.

 

Şirxan Aranlının mənsur şeirləri dil baxımından da sadə və anlaşıqlıdır. Poetik paçalarda işlədilən sərrast söz və ifadələr fikrin asanlıqla açılmasına, ünvanına çatdırılmasına lazımınca xidmət edir. Xalqımızın taleyüklü probleminə həsr olunmuş “Harda qaldın, Qarabağım” adlı mənsur şeirində faciəmiz aydın bir şəkildə təmiz bir dillə bəyan edilir.

 

Qarı düşmən ayaq açdı pak sinənə,

Murdar əli yara vurdu xilqətinə.

Üzdü səni, əzdi səni!

Baharını xəzan etdi, varlığını viran etdi.

Əlim çatmır, ünüm yetmir tapım səni.

Sinə qoyam torpağına...

 

İnamla demək olar ki, müəllif mənsur şeir janrının çətinliklərindən qorxmayaraq, çəkinməyərək, cəsarətlə özünəməxsus orijinal bədii nümunələr yaratmağa nail olub. Bu əsərlər onun ədəbi uğurlarının bundan sonra da davam edəcəyindən xəbər verir. Bu yolda ona müvəffəqiyyətlər arzulayırıq.

 

 

Yəhya PAŞAZADƏ

 

525-ci qəzet.- 2011.- 20 iyul.- S.7.