Azərbaycanda ordu quruculuğu
müasir mərhələdə
ORDU CƏMİYYƏTİN BİR
HİSSƏSİDİR: SİLAHLI QÜVVƏLƏRƏ
İCTİMAİ MÜNASİBƏTİN YENİ MEYARLARI
VI YAZI
Hərbi hissənin yerləşdiyi ərazidə
məskunlaşmış yerli əhali ilə münasibəti
də ordu-cəmiyyət əlaqələrində
böyük əhəmiyyət kəsb edir. Yerli əhali ilə
əlaqədar baş verən hər hansı bir insident
sürətlə yayılır və ordunun nüfuzuna
böyük təsir göstərir.
Hərbi kollektivi izolyasiya vəziyyətində
saxlamaq təbii ki, qeyri-mümkündür və bu heç
bir effekt verməz. Ən düzgün yol yerli əhali ilə
sağlam əməkdaşlıq yoludur. Bəzən elə
hallar baş verir ki, yerli əhalinin köməyinə ehtiyac
yaranır. Bu halla ən çox sərhəd zonalarında,
düşmənlə təmas sahələrində, çətin
relyefi və iqlimi olan ərazilərdə rastlaşmaq
mümkündür. Digər tərəfdən, yerli əhalinin
də hərbçilərin köməyinə ehtiyacı
olur. Belə hallarda qarşılıqlı yardımlaşma ən
effektiv yol hesab oluna bilər.
Hərbi qulluqçular yerli əhali ilə
münasibətdə ordunun nüfuzunu ləkələməməyə
çalışmalı, hərbi formanı gözdən
salmamalıdırlar. Ac gözlük, kobudluq, əxlaqsızlıq,
tərbiyəsizlik, oğurluq, özünü apara bilməmək,
eqoistlik, danışığına sərhəd qoymamaq kimi
hallar ordunun nüfuzunu gözdən salmağa xidmət edir.
Ordunun yerli əhali ilə münasibətlərinin
düzgün məcrada inkişaf etməsində yerli icra
hakimiyyəti orqanları və bələdiyyələr
körpü rolunu oynayırlar. Xalqımızın
övladları olan əsgərlərimizin problemləri ilə
maraqlanmaq, bu problemlərin həllinə kömək etmək
təkcə cənab prezidentin işi deyildir. Ölkədəki
bütün hərbi hissələrdə olmaq gərgin iş qrafikini
də nəzərə alsaq, bir insanın fiziki imkanları
xaricindədir. Lakin yerli idarəetmə orqanları bu işdə
böyük rol oynaya bilərlər. Maraqlı insanlarla, yerli
ziyalılarla, musiqiçilərlə görüşlərin,
konsert proqramlarının, əyləncəli tədbirlərin
təşkili hərbi kollektivin əhval-ruhiyyəsinə
olduqca müsbət təsir göstərir. Bu hadisələr
insanın yaddaşına həkk olunur və hərbi xidmətin
ən yaddaqalan anlarına çevrilir. Bu tədbirlərin təşkilində
yerli icra və özünüidarəetmə orqanları da fəal
iştirak edə bilərlər.
Digər tərəfdən, qəzalar və
təbii fəlakətlər zamanı əhali
sıxıntı içində olarkən ordu
özünü kənara çəkə bilməz. Odur ki,
respublikada müxtəlif fəlakətlərin, o cümlədən
təbii fəlakətlərin nəticələrinin aradan
qaldırılmasında, əhalinin təhlükəsizliyinin
təmin edilməsində komandanlığın
razılığı ilə hərbi qulluqçular də fəal
iştirak edirlər. Bu zaman yerli orqanlarla əməkdaşlıq
etmək zərurəti yaranır. Buna görə də, yerli əhali–ordu–yerli
icra və idarəetmə orqanları arasındakı
münasibətlər daima qarşılıqlı yardımlaşma
və əməkdaşlıq istiqamətində inkişaf etməlidir.
Demokratik cəmiyyətdə digər
maraqlı məqam ordu-QHT münasibətləridir. Bildiyimiz
kimi ordu güc strukturudur və təhlükəsizlik
institutudur. O, dövlət sirri və açıqlanması
milli təhlükəsizlik baxımından tövsiyə
olunmayan çoxlu informasiyaya sahibdir. QHT isə mülki cəmiyyət
institutudur. Bir çox sahələrdə olduğu kimi orduda
da onlar, cəmiyyətin (bəzi hallarda isə, maliyyələşdirildikləri
müxtəlif fondların, dövlətlərin, təşkilatların)
maraqlarından çıxış edərək
aşkarlığa nail olmağa çalışırlar. Bu
isə, bir çox hallarda dövlətin təhlükəsizlik
maraqlarını risk altında qoyur və hətta
dünyanın ən demokratik ölkələrində də,
praktiki olaraq qeyri-mümkündür. Əlbəttə, bu
ölkələrin bir çoxunda orduya mülki nəzarət
mövcuddur, lakin bu nəzarət milli təhlükəsizlik
çərçivəsindən kənara çıxmır.
Buna görə də, Azərbaycanda ordunun ictimaiyyətə
qapalı olduğundan şikayət edən bəzi hüquq
müdafiəçiləri, QHT-lər və media nümayəndələri
yaxşı olar ki, bu problemin səbəblərini
araşdırsınlar və informasiya təhlükəsizliyi
sahəsində tez-tez misal gətirdikləri ölkələrin
təcrübəsini daha yaxşı öyrənsinlər. Bir
də, özlərinə belə bir sual versinlər ki, əgər,
misal üçün, ABŞ-ın ərazisinin 20 faizdən
çoxu işğal altında olsaydı, ölkə
müharibə şəraitində yaşasaydı, bu ölkənin
rəsmiləri hərbi informasiyanın aşkarlanmasında nə
dərəcədə maraqlı və alicənab olardılar?
Azərbaycanda bir maraqlı tendensiya da
müşahidə olunmaqdadır. Respublikada fəaliyyət
göstərən bəzi sahibkarlar və müəssisələr
könüllü olaraq orduya kömək etməyə, ordu
quruculuğunda dövlətə dəstək olmağa və əsgərlərin
bəzi problemlərinin həllində könüllü olaraq
iştirak etməyə çalışırlar. Bu, müsbət
tendensiyadır və onun cəmiyyətdə daha geniş
yayılmasını arzu edərdik.
Belə bir populyar sual var: “Əsgər nə
istəyir?” Əsgər təbii ki, bir
insandır və onun təbii tələbatları vardır.
Bu tələbatlara hörmət etmək
lazımdır. Hərbi xidmət sərt
intizam və bəzi mülki hüquqlardan məhrumiyyətləri
tələb etsə də, o, azadlıqdan məhrumetmə demək
deyildir. Demokratik ölkəmizdə həbsdəki
insanların da müəyyən hüquqları olduğu halda
şərəfli əsgər adını daşıyan
insanların ləyaqətinə və şərəfinə
hörmət etmək, onların qayğıları ilə
maraqlanmaq hər kəsin borcudur.
Həftə ərzində təkrarlanan
işlər, günün nizam qaydası bəzən əsgərləri
yorur və onları robotlaşdırır. Buna görə də hərbi hissədə mütəmadi
olaraq mədəni-əyləncəli tədbirlərin
keçirilməsi bu yükün azaldılmasına xidmət
edir. Bu mənada, mədəniyyət işçilərinin,
musiqiçilərin, teatr-kino xadimlərinin, şairlərin,
yazıçıların, ziyalıların hərbi hissələrə
mütəmadi səfərlərinin təşkil
olunmasına, müxtəlif səpkidə, xüsusilə də
vətənpərvərlik janrında bədii və sənədli
filmlərin nümayiş olunmasına, hərbi hissənin fəallarının
iştirakı ilə müxtəlif əyləncəli-mədəni
tədbirlərin təşkilinə böyük diqqət
verilməlidir. Bütün bunlar həm əsgərlərin
mədəni istirahətinə, həm də vətənpərvərlik
hisslərinin güclənməsinə xidmət edir. Mülki həyatda hər gün televiziya
ekranlarından izlədiyi məşhurları hərbi hissədə
görən, onlarla canlı ünsiyyətdə olan əsgərlər
cəmiyyət tərəfindən unudulmadıqlarını,
cəmiyyətin ayrılmaz bir hissəsi olduqlarını, xalq
tərəfində necə sevildiklərini anlayırlar.
Demokratik cəmiyyətdə ən
problematik məsələlərdən biri ordu-KİV
münasibətləridir. Bu
problem bütün ölkələrdə mövcuddur. Əslində problemin kökü o qədər də
dərində deyildir. Media işçilərinin
və hərbçilərin maraqları tez-tez toqquşur və
bu adi haldır. Birincilər ictimaiyyətin
maraqlarını təmsil edərək orduda tam şəffaflığa
nail olmağa çalışırlar, halbuki bu, heç bir
ölkədə nəinki mümkün deyildir, heç məqsədəuyğun
da deyildir. Bəzən media işçiləri
öz işlərinə o qədər aludə olurlar ki, hərbi
məlumatların ictimaiyyətə aşkarlanması məsələsində
ifrata vardıqlarını da unudurlar. Bəziləri
isə, qeyri-peşəkarlığın qurbanına
çevrilirlər.
Halbuki bir çox məxfi məlumatların
aşkarlığı ordunun gücünü və hərbi əməliyyatların
effektivliyini azaldır, müdafiəni və hücumu, müxtəlif
manevrləri praktiki olaraq qeyri-mümkün edir. Lüzumsuz aşkarlıq, xüsusilə də
müharibə şəraitində olan ölkələrdə,
məxfi məlumatların düşmənin asan yeminə
çevrilməsinə şərait yaradır, bir sözlə,
“düşmən dəyirmanına su tökür”.
Digər tərəfdən, hərbi
komandanlıq “hərbi əməliyyatın əsas
gücü onun məxfi və gözlənilməz
olmasındadır” prinsipindən çıxış edərək,
başqa heç bir niyyət güdməyərək, KİV
nümayəndələrinin hərbi hissələrə getmələrini,
orada müxtəlif çəkilişlər
aparmalarını bəzən məhdudlaşdırmağa və
bu məsələləri nəzarət altında saxlamağa
çalışırlar.
Yaşadığımız dövr
informasiya dövrüdür. Bəzən
düzgün hazırlanmış və təqdim olunmuş
informasiya cəmiyyətdə çox böyük effekt
yaradır. Onun gücü silahın
gücündən də çoxdur. İnformasiya
düşmənə nifrət hissi də yarada bilər, qorxu
hissi də, vətənpərvərlik və mərdlik hisslərini
oyada da bilər, qorxaqlıq sindromu yarada da bilər,
düşmənin sıralarına çaxnaşma və qorxu
sala da bilər, əks-effekt də doğura bilər. Buna görə də, ondan düzgün istifadə
etmək lazımdır. Bu isə, peşəkarlıq
tələb edir.
KİV ordunu düzgün təqdim
etməyi bacarmalıdır. Əlbəttə
problemlərə göz yummaq da olmaz lakin hər bir sahədə
olduğu kimi, orduda da müəyyən problemlərin
olması təbiidir. Bu cür problemlərə
bütün ordularda rast gəlmək mümkündür.
Misal üçün, bir neçə il əvvəl
ABŞ ordusunda xidmət keçən qadınların əksəriyyətinin
cinsi zorakılığa məruz qalması haqqında məlumat
verilmişdi.
Bir sözlə, cəmiyyətə təqdim
olunan məlumatlar ordudakı müsbət meyllərin
üstünə kölgə salmamalı, milli təhlükəsizlik
maraqlarına zidd olmamalı və odunun nüfuzuna xələl
gətirməməlidir. KİV nümayəndələri
hərbi komandanlıq ilə münaqişə yox, əməkdaşlıq
şəraitində öz xidməti vəzifələrini həyata
keçirməyə çalışmalıdırlar. Ordudan hansısa məlumatı “oğurlayıb” onu
bişməmiş cəmiyyətə təqdim etmək
qeyri-peşəkarlıqdan xəbər verir.
Beləliklə, məsələnin
kökündə sadə bir dilemma durur: “təhlükəsizlik,
yoxsa demokratiya”. Ölkələrin əksəriyyəti
təhlükəsizliyə üstünlük verir və ona cəmiyyətdəki
demokratiyanın təminatı kimi baxırlar. KİV-ə və digər demokratik institutlara
münasibətdə bunu aydın görmək olar.
Fərdi aspektdən yanaşdıqda
isə, demokratiyanı seçənlərin də kifayət qədər
çox olduğunu və onların da arqumentlərinin kifayət
qədər əsaslı olduğunu görmək olar. Bu insanlar liberal dəyərlərə əsaslanaraq
insanın, onun hüquqlarının və maraqlarının hər
şeydən üstün olduğunu irəli sürürlər.
Bu yanaşmaya görə ordu da digər
institutlar kimi insan hüquqlarına hörmət etməlidir.
Əlbəttə, hər bir normal insan
demokratiyaya can atır. Lakin dünya mükəmməl
deyildir. Bu gün dünyanın hər yerində terror,
ekstremizm, separatizm, etnik münaqişələr,
qaçaqmalçılıq, adam
oğurluğu, narkotika, müxtəlif növ cinayətkarlıq
və s. geniş yayılmışdır. Bunlar
demokratik cəmiyyətləri təhdid edirlər. Belə şəraitdə təhlükəsizliyə
demokratiya prizmasından baxmaqdansa, demokratiyaya təhlükəsizlik
prizmasından baxmaq daha məqsədəuyğun olardı.
Demokratiyaya təhlükəsizlik
prizmasından baxmaq hərbi xidmətin bütün sahələrində
tətbiq olunmalıdır. Əlbəttə
bu, təhlükəsizlik
çağırışlarından yeri gəldi-gəlmədi
istifadə edərək hərbçilərin bütün
hüquqlardan tam məhrum olunması, ədalətsizliyin
baş alıb getməsi demək deyildir. Hərbi
kollektivdə ədalətli və bərabər münasibət
onu idarə etməyin əsas prinsiplərindən biridir.
Bir sıra ordularda, misal
üçün Sovet ordusunda problematik məsələlərdən
biri milli münasibətlər sahəsində özünü
büruzə verib. Hərəsi bir
respublikadan yığılmış gənclər bəzən
heç hərbi nizamnamələrin dilini – rus dilini bilmirdilər.
Bu isə, xidmətdə müxtəlif problemlər
yaradırdı. Hərbi qulluqçular
arasında milli zəmində qruplaşmalar yaranırdı.
Bəzən ruslar tərəfindən ələ salınan əsgərlər
özlərini çox qərib hiss edirdilər. Baxmayaraq ki, Sovet İttifaqı beynəlmiləlçilik
ideologiyasını hər yerdə, eləcə də, hərbi
kollektivdə tətbiq etməyə
çalışırdı, lakin bu sahədə müəyyən
boşluqlar göz qabağında idi.
Azərbaycan Milli Ordusunda bu sahədə
vəziyyət tam fərqlidir. Azərbaycanın
müxtəlif etnik mənsubiyyəti olan onlarla milli qəhrəmanı
vardır və xalq öz qəhrəmanları ilə
qürur duyur, fəxr edir. Buna görə
də, kimin haradan olması, yaxud hansı etnik mənsubiyyətə
malik olması orduda heç bir əhəmiyyət kəsb
etmir. Hərbi vətənpərvərlik və
qardaşlıq ruhu çoxmillətli Azərbaycan cəmiyyətinin
bütün sahələrində olduğu kimi orduda da
özünü göstərir. Ölkədə
aparılan milli siyasət milli mədəniyyətlərin sərbəst
inkişafına, milli dialoqa, ümumi azərbaycançılıq
ideologiyasının inkişafına xidmət edir. Bu siyasət orduya da sirayət edir.
Sonda bir daha qeyd etmək istərdik
ki, ordu – cəmiyyət münasibətləri
qarşılıqlı hörmət, inam və dialoq prinsipi
üzərində qurulmalıdır. Lakin
ordu cəmiyyətə deyil, cəmiyyət orduya nəzarət
edə bilməlidir. Bunun üçün
isə, demokratik cəmiyyətdə müvafiq mexanizmlər
mövcuddur. İnsanlar ali hakimiyyət
orqanlarına seçdikləri nümayəndələri,
insan hüquqları müvəkkili, KİV və müxtəlif
QHT-lər vasitəsilə orduya nəzarəti həyata
keçirə bilərlər. Hərbi xidmətdə olan gənclər
də cəmiyyətin diqqəti və qayğısı ilə
əhatə olunduqlarını hiss etməlidirlər.
Emin HƏSƏNLİ,
politoloq
525-ci qəzet.-
2011.- 20 iyul.- S.4.