Diplomatlar və şairlər, yaxud diplomat şairlə

 

Atam Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə ithaf edirəm.

 

“Peyğəmbərlərdən sonra şairlər gəlir”.

 

Nizami Gəncəvi

 

“Tarixçilər tərsinə peyğəmbər (yəni ancaq keçmiş və dünənlər haqqında danışanlar), şairlər isə düzünə peyğəmbərlərdir (yəni gələcək və sabahlar haqqında fikir söyləyənlərdir)”

 

Artur Şopenhauer

 

Şövkət Məmduh Əsəndal türk ədəbiyyatında özünəməxsus dili və yazı tərzi olan, oxunaqlığı, rəvanlığı, axıcılığı ilə seçilən, sırf xalq dilində yazan son dərəcə milli şair, yazıçı olmuşdur. Bu xüsusiyyətlərinə görə Mustafa Kamal Atatürk həmişə qiymətləndirmiş, “ sən elə bir dildə yazırsan ki, dünyaya səpələnmiş Asiya türklərindən tutmuş Avropa türklərinə qədər hər biri səni oxusa dərhal başa düşər, anlayar” – demişdi. Onun belə qələm sahibi olduğu Atatürkün diqqətini cəlb etmiş, Kazım Qara Bəkir paşanın ona yazdığı məktubunda – “Paşam, Azərbaycana tez bir zamanda xalq içindən çıxan, xalqını tanıyan bir elçi göndərmək lazımdır” sözlərindən sonra Atatürk dərhal Şövkət Məmduh bəyə bu işi təklif etmişdi.

Heç bir diplomatik təcrübəsi olmayan, özü də elə çətin bir zamanda Şövkət Məmduh bəy Azərbaycana səfir təyin edilir. Və az bir vaxtdan sonra bu çətin və qəliz işin öhdəsindən gəlməyə başlayır. Şövkət Məmduh bəyin Azərbaycandakı diplomatik xidmətləri az olub. Diplomatik xidmətdə hər bir görülən iş məxfi saxlanılır, bildirilmir. Bu təbii bir haldır. Elə ona görə də onun etdiyi hər hansı bir diplomatik işi bir kənara qoyuram. Elə ancaq o zaman ki Azərbaycan ziyalıları arasında “Var ol türk, bir ol türk” ideyasını bir şüar kimi cəsarətlə deməsi onun Azərbaycanda necə işləməsindən xəbər verir. “Mən öz doğma vətənimdən həmişə həsrətində olduğum ikinci vətənimə gəlmişəm. Orada doğulmuşam burada çalışıram. Bunlar heç biri fərq etməz. Lakin mən həm orada həm də burada öz millətimə xidmət edirəm – demişdir”.

Şövkət Məmduh bəyin diplomatik poçt ilə vətənə göndərdiyi məxfi bir məktubundan: “N.Nərimanovla görüşdüm. Bu zat ağlı başında olan bir adam. Məlumatlıdır. Mühərrirdir. Sıx-sıx və baş-başa görüşdük. Baxdım ki, iyi bir adam. Kəndisinə etimad təlqin etdim. Açıldı və dedi ki, bolşeviklik nə? Bu rəzalət bizə gəlməz. Biz türküz, milliyət ilə yaşarız. Çox xoşuma getdi. Və pək sevindim. Amma ruslardan fəna kokuyor. Haqqı da var. Şakaları yox. Dərhal insanı öldürüyorlar. Bu slavyan haramzadalarından bıqdım artıq. Düşdüyüm hal bir aldanışdır, millətimə qarşı bir həqarətdir”- demişdir.

Onun Azərbaycandakı diplomatik xidməti az çəkir. 1924-cü ildə onun Azərbaycandakı diplomatik xidmətinə xitam verilir. Azərbaycanda o dövrkü məlum məsələlərə görə geri çağırılır. Sonralar isə Şövkət Məmduh bəy Moskvada, Tehranda daha sonra isə Əfqanıstanda elçi, təmsilçi kimi fəaliyyət göstərir.

1944-cü il məlum may hadisələrində Türkiyənin prezidenti İsmət İnönü və bir də baş nazir Şükrü bəy Saracoğlunun əlacsızlıqdan məcburiyyət qarşısında qalıb millətçilərə divan tutması, millətçi partiyaların neçə-neçə fəal üzvlərinin, o cümlədən İstanbul Universitetinin professoru Əhməd Zəki Vəlidi Toğanın, Nihal Atsızın, Orxan Şaiq Gökyayın və digər millətçilərin həbs olunması Türkiyədə çox böyük əks-səda doğurmuşdu. Bu o vaxtlar idi ki, Şövkət Məmduh Əsəndal Hindistana səfir kimi təyin olunmaq ərəfəsində idi. Lakin...

Bütün bunlara dözməyən Şövkət Məmduh bəy baş nazir Şükrü bəy Saracoğluna belə bir məktub yazır: “Əcaba əfəndilər sizlər nə yapıyorsunuz. Sizlər kimləri həbs etdiyinizi anlıyormusunuz? Əsla. Siz millətçiləri həbs etmirsiniz, milləti həbs edirsiniz. Millət deyən dilləri qıfıla salırsız. Yaxından-yuzaqdan əgər fikriniz millətçiləri həbs edib onları məhv etməkdirsə o zaman ilk olaraq siz məni həbs etməlisiniz. Çünki mən də millətçiyəm. Siz Zəki Vəlidi Toğanı həbs etməklə türkçülük elmini həbs edirsiniz. Nihal Atsızı həbs etməklə siz turançılığı, Ziya Göy Alpın ideyalarım həbs edirsiniz... Mən özümə rəva görə bilmirəm ki, məsləkdaşlarım həbsxanalarda ikən uzaq, yad bir məmləkətdə, yad diyarda olum. Xeyr. Diplomat ilk olaraq bilməlidir ki, o yad ölkədə ikən onun öz ölkəsi ondan nə tələb edir və nə istəyir. İstəyi nə, tələbi nə? Və bu yönü də o çalışmalıdır. İndi mən bunu bilmirəm. İstək və tələbinizi anlamıram. Əgər biz elçilər bunu bilmiriksə yad diyarda çalışa bilməriz. Siz bizim məsləkdaşlarımızı həbs etməklə hamımızı çaşdırdınız. Biz hamımız bu millətə xidmət etməliyik. Əgər siz millət deyən ağızları yumursunuzsa mən sizə xidmət edə bilmərəm. Mən öz vəzifəmdən istefa verirəm”.

Onun istefası dərhal qəbul olunur.

Böyük diplomat, ictimai, siyasi və hərbi xadim, dahi siyasətçi, misilsiz qələm sahibi, görkəmli jurnalist və yazıçı məhz elə yazılarına görə də Nobel mükafatına layiq görülmüş Uinston Çörçil öz xatirələrinin birində yazır:

– Mən cavan vaxtlarımda siyasətlə yenicə məşğul olduğum dövrlərdə tez-tez xalq qarşısında, ictimai yerlədə çıxışlar edirdim. Mənim odlu-alovlu çıxışlarım, yazılarım kütlə tərəfindən pis qarşılanmırdı. Əlbəttə alqışlar olurdu. Amma bir məsələni də hiss edirdim ki, bəzən işim çox olan zaman çıxışlarımı hazırlamağı, yazılarımı yazmağı həyat yoldaşımdan xahiş edirdim. O yazıçı idi. Gözəl qələmi var idi. Xalqını, ingilis düşüncəsini əla bilirdi. Nədənsə mənim çıxışlarımı o hazırlayarkən xalq tərəfindən daha çox rəğbətlə, alqışlarla qarşılanırdım. Kütləyə daha tez təsir edirdim. Onun hazırladığı çıxışlar xalqın nəbzini daha tez tuturdu. Çünki o yazıçı idi. Xalqını əla tanıyırdı. Onun ən zəif və ən ağrılı yerlərini bilirdi, hiss edirdi. Və bu ağrılar ona rahatlıq vermirdi. O ürək sözlərini yazırdı Elə buna görə də o bu ağrıları mənim üçün yazdığı çıxışlarda qabarda bilirdi, göstərə bilirdi.

Mən bunu həyat yoldaşımdan soruşduqda, o mənə “xalq içində çox ol, hamını müşahidə et. Gördüklərinin fərqinə var. Hadisələrin mahiyyətinə fikir ver, təəssüratlarını yaz. Qələmini yoxla. Doğrudur yazıçılıq, şairlik bir istedaddır, vergidir. Amma nə bilmək olar istedad sonradan da gələ bilər, gecikə də bilər. Hər bir şey insanın özündən asılıdır. Bunun üçün zəhmət tələb olunur. Özünü yoxla. Əgər bir şey çıxmasa təbii ki, mən yenə də sənə kömək edə bilərəm – demişdi.”

Çörçil əvvəlcə bir müddət Hindistanda olur. Oranı qarış-qarış gəzir. Hərbi xidmətdə olan Britaniya əsgərlərinin həyatı ilə, daha sonra qürbətdə yaşayan ingilislərin düşüncə tərzi, öz ölkələrində və qürbətdə özünü necə aparan zabitlərin əxlaqını, hindlilərin xaricilərə qarşı olan münasibətini, buddist, xristian və müsəlman dinlərinin hər birinin ayrı-ayrılıqda fərqini, bu dinlərin insan şüuruna olan təsiri və bunun fonunda ən sıravi insanların nəyə qadir olduğunu dəqiq dərk edir.

Daha sonra Çörçil öz müşahidələrini belə yazır: “İngilislərin bütün dünya xalqlarından fərqi ondadır ki, bu dünya əhalisinin hamısı onlar üçün xaricidir, əcnəbidir. İngilis harada olursa olsun, harada yaşamasından asılı olmayaraq həmin o yerin yerli əhalisi onun üçün xaricidir.

Və ən başlıca fərq isə ondan ibarətdir ki, ən sıravi ingilis belə ilk növbədə bilir ki, onun dini, onun xalqı, onun ailəsi ondan nə istəyir və nə tələb edir. Həmin fərd də bilir ki, o bu üç şərt üçün kimdir və o nə etməlidir. Bir millətin özünü tanımasından ötrü bu ən başlıca bir şərtdir.

“Hindli öz kasıblığı ilə yaratdığı süni yazıqlığı reallığa çevirir və bununla da fəxr edir. Müsəlman bütün arzularının yerinə yetirilməsini Allahın boynuna qoyur. Öz qüsurları ilə fəxr edir. Konkret olaraq bir iş gördükdə isə bunun düzgün və ya səhv etdiyindən xoflanır. Özünə inanmır. Yəhudi isə öz keçmişini gizlədir. Dünənlə yaşamır. Sabahını düşünür. Konkret olaraq hər nə iş görürsə bunun elə məhz düzgün olduğunu, Allah tərəfindən buyurulduğunu deyir”. Gözəl müşahidədir.

Burada müəyyən qədər Çörçilin bu fikirləri ilə mübahisə etmək olar. Amma bu başqa bir mövzudur. Bizim mövzuya aid deyildir.

Sonralar Çörçil bütün bu gördüklərini, müşahidə etdiklərini qələmə aldıqca ən adi sıravi ingilisin Kromvel dövründə necə olduğunu, Stüart dövründə kim olduğunu və nəhayət Viktoryan dövründə nəyə qadir olduğunu, ən imkanlı lordun nə ilə nəfəs aldığını başa düşdükcə bir məsələni özü üçün tam dərk etdi ki, xalqını, millətini tanımadan onun keçmişini bilmədən sərhəd qonşularının səndən nə istədiklərini anlamadan ona rəhbər olub onu irəliyə apara bilməzsən, xalqının ağrılarını hiss etməsən, bu ağrıdan göynəməsən, onun xəstəliyini müalicə edə bilməzsən.

Çörçil yazmaya da bilərdi, yazıçı, jurnalist olmaya da bilərdi. Elə sırf diplomatiya ilə, siyasət ilə məşğul olub ömrünü başa vura da bilərdi. Onsuz da siyasət sahəsində, öz xalqı üçün etdikləri ona bu dünyanın ən son gününə qədər çatacaq. Amma o yazdı. Çünki xalqını tanıdıqca, xalqının ağrılarını, acılarını hiss etdikcə yanıb-yaxılıb əsl yazıçıya çevrilmişdi. Sonralar Çörçil bütün gördüklərini müşahidə etdiyini qələmə almağa başladı. Əvvəlcə yazdıqlarını bir publisist jurnalist kimi faktlar sənədlər əsasında yazdı. Daha sonra isə yazdıqlarını dəyişərək bədiiləşdirdi. Romana çevirdi və elə bu romanına görə də Nobel mükafatına layiq görüldü. (Mən bu romanı oxumamışam. Çünki əsər nədənsə rus dilinə tərcümə olunmayıb, mən isə ingilis dilini zəif bilirəm. Amma əsərin bəzi hissələrini İsveçrədə səfir işləyərkən dostluq etdiyim Rusiya səfiri bu əsəri mənə ümumi sözlərlə danışmışdı. Və mən heyrətə gəlmişdim. O vaxta qədər mən elə bilirdim ki, Çörçil bu dünyaya sırf siyasətçi kimi gəlmişdi və siyasətdən başqa ayrı heç nə bilmir. Əsərdə isə bəzi məqamlarla tanış olandan sonra gördüm ki, elə Çörçil də çox qəribə, kövrək bir ürəyə malik olmuşdur. Sentimental bir adam olmuşdur. Bu ürəyin sahibi isə siyasətlə, kələklə məşğul ola bilməz. Bəs bu necə olmuşdur? Çox qəribədir.)

Gətirdiyim belə misalların sayını istənilən sayda artırmaq da olar. Mən türk diplomat yazıçı-şairlərindən bir çoxlarının adlarını çəkdim. Və siz elə bilməyin ki, mən ancaq türk diplomatiyasının şair və yazıçı diplomatlarından yazıram. Xeyr. Yuxarıda da dediyim kimi dünyanın ən nəhəng, ən böyük diplomatları elə şairlər, yazıçılar olublar. Məsələn: Makiovelli, Servantes, Bomarşe, Bokkaco, Stendal, Puşkin, Fonvizin, A.Tolstoy , Muravyov, Lamartin, Şatobrian, Qabino, Svift, Jan Jyu Seran, Qriboyedov, Pol İlodel, Aleksis Lejer, Burbon Basset, Robert Şuman, Romen Qari, Volter, A.Dante, Petrarka, Çiçerin, Primakov və sairə. İlahi, bunlar nə yaman çoxdurlar. Ən təəccüblüsü isə budur ki, bütün bu diplomat şair və yazıçılar romantik-sentimental yazarlar olublar.

Uzağa getməyək. Sovet İttifaqının dirəyi sayılan, səfir olmuş, uzun müddət SSRİ KQB-sinə rəhbərlik etmiş Y.V.Andropov da şair idi. Mən bu adamı vaxtilə televizorda görərkən ona nifrətlə baxardım. Ona nifrət edərdim. İndi isə onun sentimental şeirlərini oxuyarkən heyrətə gəlirəm. Ay aman, bu insan nə qədər kövrək, nə qədər həssas bir adam olmuşdur. Amma öz hisslərini hamıdan gizli saxlayıb. Vaxtilə yazdığı bütün şeirlərini də başqa adla, təxəllüslə yazıb ki, heç kim onu tanımasın, onun kim olmasını bilməsin. Rusiyanın xarici işlər naziri Sergey Lavrov özü də şairdir. Şeirlərini həmişə nifrətlə oxuduğum, amma heç də pis şair olmayan, şeirlərində olduqca qəribə təsvir formaları işlədən, vaxtilə Türkiyədə diplomatik xidmətdə olmuş Gennadi Bredixin də şairdir. Onu mən nifrətlə oxuyuram, ona görə ki, “İstanbul gecələri” şeirində İstanbulu özünün keçmiş, bu gün itirilmiş, amma sabahkı vətəni adlandırır. (Amma bir soruşan yoxdur ki, ay işğalçılıq siyasətini hələ də başından çıxarmayan xalqın şairi, diplomatı, İstanbul nə vaxtdan sizinki olub və nəyə görə sizinki olmalıdır). Və sən demə bugünkü Rusiya Xarici İşlər Nazirliyinin 100-dən artıq diplomatı Rusiya Yazarlar Birliyinin üzvüdür.

Bəs yaxşı, adlarını saydıqlarım bu qədər dünya ədəbiyyatının və dünya diplomatiyasının   korifeyləri, nəhəngləri sırasında axı bizlərdən niyə heç kim olmasın, niyə adımız çıxmasın? Yox, söhbət təkcə şairdən tək şair olmaqdan getmir. Bizim elə təkcə Fizulimiz bütün dünyaya dəyər. Azərbaycan heç kimi yox təkcə elə Fizuli ilə Üzeyir bəyi dünyaya bəxş edib dayansaydı elə yenə də dünyanın ən mədəni xalqı sayılardı. Söhbət isə dünyaya meydan oxuyan şair-diplomatlardan gedir. Bəs niyə bizlərdən heç kim bu siyahıda olmasın. Yəni biz doğrudanmı bu qədər...

Axı heç nəyimiz də olmasa, yazıçıdan-şairdən bir sözlə yazı-pozudan baş çıxardan qələm əhlindən boluq. Özü də çox boluq. Bəs niyə o dövrlərdə bizlərdən heç olmazsa nişanə üçün bir nəfər tanınmış qələm əhli bu siyahıya düşməsin, öz qələmi ilə deyil öz siyasi-diplomatik bacarığı ilə bizi dünyaya tanıtdırsın.

Axı biz də bir millətik. Yoxsa o keçmiş dövrlərdə bizim bir-birimizi qırmaqdan, qırıb axırına çıxmaqdan başımız ayılmırdı. Yəqin elə ona görədir ki, sevdiyimiz qızın qaşlarını kamana, kirpiklərini oxa, yanaqlarını qana bənzədib şeirlərimizdə silah-sursat təsvir edib bir-birimizi qanına boyayıb ləzzət almışıq. Yəqin ki, bu həqiqətən elə belə olub.

Mən bütün bunları yuxarıda dediyim kimi atamla olan axırıncı söhbətlərimiz əsnasında ondan soruşanda ki, ay ata, axı bəs niyə bizlərdən heç kim o adlarını saydıqlarımızın arasında olmasın. Bir xeyli fikrə gedib sonra dedi ki:

– Oğul, bu heç kimə sirr deyil ki, Taleyran demişkən diplomatiya hiyləgərlik, söz oynatmaq, söz fırlatmaq, dil dəyişmək tələb edir. Bu da əfsuslar olsun ki, bizim millətə xas olan xüsusiyyət deyil. Bizim millət, bizim xalq çox təmiz, sözünü dəyişməyən, sözündə möhkəm, olduqca pak, saf bir millətdir. Hiylədən, məkrdən, biclikdən uzaq bir millətdir. Yəqin elə ona görə də...

Heç qoymadım ki. sözünü bitirsin.

– Ay ata axı kimə lazımdır belə paklıq, belə təmizlik. Kimə lazımdır belə saflıq. Çalıb-oxumaqdan, oynamaqdan başqa əlimizdən ayrı bir iş gəlmir, ayrı şey bilmirik Ağzımızı da açanda heç kimi bəyənmirik. Deyirik ki, hamı bizdən aşağıdır, hamı bizdən pisdir. Əslində isə “Oxumaqdan payımız yox, yazıdan qismətimiz.” Vaxtilə o qədər dodaq dəyməz, dildönməz, dodaq tərpənməz şeirlər yazınca, şeirlərimizdə belə-belə fokuslar çıxarmaqdansa, eşq, məhəbbət, yar-əğyar, gül-bülbül deyincə, nə bilim tel nazik, bel nazik, sinənin nar, göbəyin ağ olması, bir sözlə, intimdən, erotikadan şeirlər yazınca, heç olmazsa hərdən də bir dil dəyişən, söz fırladan şeirlər yazardılar da... Millətin dərdlərini deyərdilər də. O zaman bəlkə biz də bu gün bir ağ günə çıxıb, bu günə kimi torpaq itirə-itirə gəlməzdik. Millətin bütün problemləri elə ancaq Sovet dövrü qələmə alınmağa, yazılmağa başladı. Guya ki, Sovetlərdən əvvəl problemsiz yaşayırdıq, sanki bütün problemlərimiz həll edilib qurtarmışdı.

Hə... İndi bu sətirləri yaza-yaza hərdən də xəyala dala-dala ağlıma çox qəribə olduqca maraqlı bir fikir gəlir. Hətta belə fikirləri ağlıma gətirməyimə görə özümün özümə gülməyim də tutur. İlahi görəsən hər şey mən düşündüyüm, xəyal etdiyim kimi olsaydı onda hər şey necə olardı? Nəsə dəyişərdimi? Görəsən başqa ölkələrdə, Fransada, İtaliyada, Rusiyada... olduğu kimi bizim öz ölkəmizdə də keçmişin şair və yazıçıları yad ölkələrdə səfir, konsul bir sözlə diplomat olsaydılar onda hər şey necə olardı? Gözlərim qarşısında belə bir qəribə səhnə canlanır.

Tarixin bütün çərçivələrini qırıb, zaman və məkan anlayışını pozub müxtəlif dövrlərdə yaşayan millət deyən, vətən deyən, “millət a vətəndaşlar, qeyrət a vətəndaşlar” deyib çığıran, bar-bar bağıran millət xəstəsi, vətən aşiqləri olan bütün şair və yazıçıları gətirib bizim bu dövrə, özü də Xarici İşlər Nazirliyinə yığıram. O taylı-bu taylı azərbaycanlıların hər zonasının, hər bölgəsinin nə olduğunu hansı düşüncə ilə nəfəs aldığını, nə ilə yaşadığını, hansı arzu ilə gün keçirdiyini (yaşadığını yox, məhz gün keçirdiyini) bir sözlə Azərbaycanın nəyə qadir olduğunu bəlkə də Mirzə Fətəli Axundov qədər tanıyıb-bilən olmayıb. Yox, yox əstəğfürullah mən elə demək istəmədim heç dənə də elə demək istəmədim. Mən demirəm ki, digər və digər yazarlar Azərbaycanı, öz vətənlərini, öz millətini tanımırlar və yaxud da əgər tanıyırlarsa da pis tanıyırlar. Yox, əlbəttə yox. Bu əbləh bir söz olardı. Xeyir.

Bütün yazarlarımız Azərbaycanı əla, lap belə əladan da əla tanıyırdılar. Əgər əla, əladan da əla tanımasaydılar belə od tutub alışıb yana bilməzdilər ki... (əlbəttə bəziləri, hamısı yox). Amma Mirzə Fətəli isə... hə... bizim lap belə dabbağda gönümüzə bələd idi. Lap belə zatımıza, mayamıza bələd idi. Kökümüzə, tumumuza bələd idi. Kimdən törəndiyimizi, niyə törəndiyimizi və nə zaman törəndiyimizi də lap belə əla bilirdi. Bizdən törənən gələcək nəsillərin də nə olacağını, kim olacağını əla bilirdi. Ürək ağrısı ilə bilirdi, hiss edirdi. Hətta bu barədə Brüsseldə təhsil alan oğlu Rəşid bəyə yazdığı məktublarında da demişdi. Ürək ağrısı ilə fəryadla demişdi. Təəssüf ki, oğlu da onu başa düşməmişdi. Üstündə bir xeyli zaman keçməsinə baxmayaraq və bütün bu illər ərzində Axundovun yenidən təkrar-təkrar araşdırılmasına, tədqiq olunmasına baxmayaraq, heç mən özüm də vaxtilə onu fərli-başlı başa düşməmişdim. Onun sükutla, sakit bir çığırtı ilə dediklərini qanmamışdım. Bu millətdən nə istədiyini dərk edə bilməmişdim. Amma indi zaman ötdükcə dövran dəyişdikcə, yaşa dolduqca, adamlara qarşı bələdçilik təcrübəm artdıqca get-gedə Mirzə Fətəlini ürək ağrısı ilə anlayır, başa düşür və görürəm ki... Ay aman, elə indi də Mirzə Fətəlini başa düşməyimə baxmayaraq, yenə də... nə isə...

Ömrü boyu elə indinin özündə də öz misini həmişə qızıl görmək arzusu ilə yaşayan, alışıb yanan qızıl hərisi, qızıla əstəğfürullah səcdə edən şəkililərdən (nuxalı) tutmuş, şəkililər qədər isə alveri, ticarəti, alqı-satqını bacarmayan, amma həmişə alver yolu ilə varlanmaq hərisi olub əlindən isə gəlməyən, get-gedə müflisləşib, xəsisləşən Hacı Qaralara qədər, gözəl və yaraşıqlı at hərisi, cıdır azarkeşi olan, boş-boş sözlərlə asıb-kəsən, əməl ilə yox, ancaq dil ilə böyük bir ordunun cavabını verən, çalıb-oxuyan, digər zonaların əhalisindən tutmuş, bir həmlə ilə Teymur ağanın arxasını yerə qoyub, basıb-bağlayan lənkəranlıya qədər, digərlərindən tutmuş, bir əfsun oxumaqla Paris şəhərini dağıdıb, xarabazara çevirib yerlə-yeksan edən mövhumat və cəhalət içində od tutub yanan cənubi azərbaycanlıya qədər və sair, sözü-əməli bir-birlərinə uyğun gəlməyən, özgələrini yox amma özününkülərinin qanını töküb qırıb-çatmağa həmişə hazır olan, birinin sözü digərinin boğazından keçməyən yerçiliyi vətənpərvərlikdən, qohumbazlığı millətçilikdən üstün tutan azərbaycanlını, Azərbaycanı əla tanıyırdı. Deməli:

                 

Bir-birimizi qırıb,

çalıb-çapanda,

Bizim oddan,

odun bizdən fərqi yox.

Düşmən gəlib bizi qırıb

çatanda,

Bizim buzdan,

buzun bizdən fərqi yox.

                       

Üzümüzə gülüb,

bizi təhqir edəndə,

Bizim kardan,

karın bizdən fərqi yox.

Varımızı, yoxumuzu

əlimizdən alanda,

Bizim kordan,

korun bizdən fərqi yox.

 

                  (İ.V.)

 

 

(Ardı var)

 

 İsfəndiyar VAHABZADƏ

 

525-ci qəzet.- 2011.- 23 iyul.- S.26-27.