Qan qorxusu
Almaniya dəftəri
(Hekayə)
İnsan azad və
sağlam bir vəziyyətdə təbiətin qoynunda
addımlayanda, yolla yeriyəndə nə yerə
sığır, nə göyə, elə bilir yer də,
göy də özüdür. Elə bilir yer də, göy də,
yeridiyi yol da onun dədəsinə borcludur. Elə ki, xəstəlik
başının üstünü kəsir, onda ayılır,
yerlərə, göylərə daha çox baxmaq istəyir.
Həm özünə, həm təbiətə daha çox
həssaslıqla yanaşmağa can atır. Həyatın
üzündən daha çox astarını görür.
Gördüklərini fikrindən, xəyalından, kövrək
xatirələrindən keçirib yenidən dərk edir ki,
bir insan kimi var olduğuna, yaşadığına, sevdiyinə,
sevildiyinə görə təbiət ona yox, o təbiətə
borcludur. İndi Allah xəstəyə xəstəxana pəncərəsinin
gözü boyda bir baxış meydanı verir. Baxa bildikcə
bax deyir. O sən, o xəstəxana çarpayısı, o da pəncərə.
Mən də yer
üzündə olan milyonlarla xəstələrdən biri
kimi pəncərədən diqqətimi çəkən bir mənzərəyə
baxıram. Səhərdən bir parça kimi donub
qalmış, rəngi qapqara qaralmış, yağmaq istəyən
ancaq yağa bilməyən qara buluda baxıram. Az qala yarım
gündü bir qarış da olsun yerindən tərpənmir.
Birdən onun hərəkətsiz, donub qalmış vəziyyətini
başa düşdüm. Onu yerindən tərpətmək
üçün üfüqlərdən əsən dəli
küləklər lazımdı. Külək buludu hərəkətə
gətirən eşqdir. Xəstənin üzünə sevdiyi
insanın nəfəsi dəyəndə insan necə cana gələr,
dirilərsə, küləyin gəlişi də buludu eləcə
sevindirər, yerindən tərpədər. Mən də
öz küləyimi, havamı, suyumu, həyat eşqimi, məni
yerimdən tərpətməyə gücü çatan
öz həyat eşqimi gözləyirəm. Çünki mən
də həyat eşqimi gözləyirəm. Çünki mən
də bu halımla o qara bulud kimi tərpənmərəm. Mən
öz küləyimi gözləyirəm. Hələlik
qanım qaradır. Əgər qan qaradırsa insanın
gözündə heç nəyin əhəmiyyəti, mənası
yoxdu.
XX əsrin tam
ortasında dünyaya gəlmişəm. XXI əsrin on
ilini yola salıb, on birinci ilinin ilk aylarını
xatırlayıram. Bu il Azərbaycana yaz gec gəlmişdi. Fəsil
xeyli ləngimişdi. Niyə gecikirdi, kimin xeyrinə idi, kimin
ziyanına idi, bu sirri bir yaz fəsli bilirdi, bir də onu
gecikdirən Allah. O gecikmişdi, amma mən onu bu dəfə
daha tez görmək istəyirdim. Özümdən xəbərsiz
nə isə ürəyimə danmışdı. Ona görə
altmış dəfə mübarək üzünü
gördüyüm yaz fəslini altmış birinci dəfə
daha tez görməyə can atırdım. Bu canatmada qəribə
duyğular baş qaldırmışdı içimdə. Ən
azı yaşıl çəmənlərin qoynuna səpələnmiş
qan kimi qıpqırmızı lalələri görmək istəyirdim.
...Ürəyimə danan başıma gəlmişdi.
Bu yaz mənimki qanla gəlmişdi. İllərlə ruhumdan,
qəlbimdən süzülüb axan heç kəsin görmədiyi,
görə bilmədiyi qan indi hər kəsin görə biləcəyi
şəkildə ürəyimdən, bədənimdən
axıb, göz yaşı kimi suları
qıpqırmızı qana bələmişdi. Ömrüm
boyu sevdiyim yaşıl rəng olub, qırmızı rəng
məni həmişə qorxudub. Yamyaşıl zəmidə
qıpqırmızı lalə olsa belə. Harda
qırmızı rəngi görmüşəmsə həmişə
qorxmuşam. Bu rəngdən mənim üçün həmişə
qan iyi gəlib. Həyatda heç nə səbəbsiz
olmadığı kimi, mənim qanla bağlı qorxum da səbəbsiz
deyildi.
...9 yaşım vardı. O gün məndən
çox sevinən, oynayan, uşaq sevinciylə atılıb
düşən bəlkə də təkcə mən idim. Mən
özün toyda bir toya dönmüşdüm.
Toy, nə toy! Gündüzdən evimizin
qabağındakı yekə xırman boyda həyət
silinib-süpürülmüş, güləşçilər
yıxılanda ağrımasın deyə xırmana saman
dağıtmışdılar. Çalan çalmış,
oynayan oynamış, güləşən güləşmişdi.
Yavaş-yavaş şər qarışırdı. Sən demə
bu axşamın gəlişi bizə xeyir yox, doğrudan da
şər gətirirmiş. Ancaq bu şərin nə
olduğunu heç kəs bilmirdi. Hərə öz
dünyasında, öz aləmində idi.
Şıdırğı güləşəngi havaları
öz yerini yavaş-yavaş “Tərəkəmə”yə,
“Heyvagülü”yə, şux, oynaq rəqs havalarına verir,
cavan oğlanların yerini daha çox gündüzdən
oynamaq sümükləri göynəyən qızlar, gəlinlər,
muraz üstə olan gözəllər alırdı. Qara
Hümmətin qara zurnasının səsi bütün Lök
dağını başına götürmüşdü. Bəzənən
şaxları, alışan şamalları, şamalların
dibinə bağlanan nişanları vurmaq üçün
atılan güllələri, hay vuran oğulları, haray vuran
qızları gördükcə özümü yerdə yox,
göyün yeddinci qatında hiss edirdim. Həm də ona
görə hamıdan çox sevinirdim ki, toy bizim həyətdə
çalınırdı. İyirmi beş yaşlı Təyyar
əmimə toy olurdu. Könül coşduran
çal-çağırları ruhu sakitləşdirən həzin
və rahat bir sakitlik əvəz edirdi. Ana balasına, quş
yuvasına çəkilən kimi hər kəs öz
ocağına, bəy də gəlin otağına çəkilmişdi.
Adət-ənənə, intizarlı gözləmə dəqiqələri,
göyərçin qanadı kimi çırpınan ruhlar gecənin
ilahi bir mənzərəsini yaratmışdı. Birdən-birə
gecənin şirin və dərin sükutunu pozan güllə
səsi eşidildi. Toy gecəsi əmim özünü
güllələmişdi. Özümü dəhşətli
çığırtılar selinin içinə atdım. Bəylə
gəlini görmək əvəzinə evin ortasında qan
gölünü və o qanı tökən qoşalülə
tüfəngi gördüm. Bəy qan içində, gəlin
qan içində, haya gələnlər, yıxılanlar,
özündən gedənlər qan içində. Mənim
qanla tanışlığım və qorxum belə
başladı. Sonralar bütün ömrüm boyu qan qoxusu və
qan qorxusu məndən əl çəkmədi, qarabaqara məni
izləməyə başladı. Bu gün də izləməyinə
davam edir. Şər-böhtan şəklində,
paxıllıq və rəzillik şəklində, təhqirlər
və tənələr şəklində. Yuxuda da, həyatda
da! Bu yerdə misalsız keçinə bilmədim. Məşhur
yazıçı A.Şmoklinin “Cordano Bruno” kitabından
taleyimlə səsləşən bir fikri xatırlatmaq istəyirəm.
“Əgər mən kotan sahibi olub onu işlətsəydim,
heyvan sürüsü otarsaydım, bağ becərsəydim,
paltar yamasaydım, heç kəs mənə fikir verməzdi,
çox az adam mənim dalımca göz qoyardı, çox az
hallarda məni danlayardılar və mən asanlıqla
hamını yarıdardım. Amma mən təbiət
tarlasını ölçürəm, ruhları otarmağa
çalışıram, beyinləri becərmək xəyalındayam
və insan ağlının adətlərini tədqiq edirəm.
Elə buna görə də mənə baxanlar məni hədələyir,
mənim dalımca göz qoyanlar mənə hücumlar edir,
daldan mənə çatanlar məni dişləyir, məni
tutanlar məni yeyir, həm də edənlər tək-tək
adamlar deyil, bir çoxlarıdır, demək olar ki,
hamıdır”.
Şöhrətdən də, məhəbbətdən
də, siyasətdən də qan iyi gəlir, qan!
Qan çəkir adamı həyata
doğru,
Qan çəkir adamı ölümə
doğru.
Qanın da çox qansız yolları
varmış,
Ömrü aparırmış
zülümə doğru.
Kəndimizin qocalarından
atçılıqla, ovçuluqla, comərdliklə ad
çıxarmış söhbətcil bir kişi
tanıyırdım. Məni öz doğma nəvələrindən
seçməzdi. Atın dilini, itin dilini, ceyranın,
cüyürün dilini, təbiətin dilini az qala təbiətin
özü qədər gözəl bilirdi. Bildiklərini
çox şirin bir dillə mənə nağıl eləməkdən
yorulmaz, mən də uşaq heyrəti, körpə
marağı ilə dinləməkdən doymazdım.
Onun danışdığı bir hadisə
nədənsə əlli ildən sonra yenə xəyalıma
gəldi. Ovçunun dilindən: Günlərin bir günü
Osmanlı beşaçılanı çiynimdə yenə
ova çıxmışdım. Lök dərəsinin
yolları, izləri, aşırımları, bələnləri
ovcumun içi kimi mənə bəlli idi. Dağları məhlə-məhlə,
binələri yurd-yurd, çəmənləri çiçək-çiçək
əzbər bilirdim. Onun üçün də ova
çıxanda çətinlik çəkmirdim. Dəqiq
bilirdim ki, ayın-günün hansı vədəsi
cüyürlər hansı talada, hansı döşdə,
hansı dərədə daha çox dolaşır. Yolu, izi,
cığırı, çəhlimi, ləpiri ovcumun
içindəki damarlar kimi tanıyırdım. Ömrüm
boyu heç vaxt ovdan əliboş qayıtmamışdım.
İndi də həmin ümidlə ovdaydım. Uzaqdan göy
talada heç nədən xəbərsiz dünyanın ən
bəxtəvər varlığı kimi otlayan, oynayan,
atılıb-düşən cüyür sürüsü
gözümə sataşdı. Osmanlı
beşaçılanının Allahı-vallahımı var
güllə açılan kimi cüyürün biri
yıxıldı. Yıxıldığı ilə
qalxdığı bir oldu. Axsaya-axsaya qaçmağa
başladı. Bildim ki, vursam da sərrast ata bilməmişəm.
Gəldim cüyür vurulan yerə. Tökülən
qanın izini tutub qanun izinə düşdüm. O yerdə
yetirdim ki, cüyür başını dizlərinin
üstünə qoyub. Sağ budundan qan axırdı, gözlərindən
yaş. Əlimi çənəmə qoyub cüyürün
axan qanından daha çox gözündən sel olub axan
yaşlara baxırdım. Nə qədər ov eləmişdim,
heç belə sarsılmamışdım. Qəfil
qulağıma bir səs dəydi: –Ay eloğlu, nə fikrə
getmisən? Başımı qaldıranda bir orta boylu, nazik bədənli
bir kişinin başımın üstündə
dayandığını gördüm. Mənim bu
halımı görüb heç nə demədən
birbaşa bədahətən şeirə keçdi.
Nahaq düşdün sən bu qanın
izinə,
Güllə dəyib şikarının
dizinə.
Qan salmısan gözəlliyin gözünə,
Bu qan səni başqa qana salacaq.
Sən demə ovçuya rast gələn
məşhur Faxralı Nəbi imiş. O sözü boşuna
demirmiş. Haqq şairi olduğu üçün haqqın
sözünü ovçuya çatdırırmış. Həmin
ovçunun iki oğlu dünyaya gəlmişdi, ikisi də
ömürlük şikəst. Qanla oynamaq olmaz. Mən qandan
qorxuram.
Yazın gəlhagəl
çağlarıydı. Ruhumun çox duru vaxtıydı.
Xeyli vaxtdır yazmağa başladığım “Mövlanadan
Şəmsə doğru” əsərində “Şəmsin
ölümü” fəslini işləyirdim. Gecənin tən
ortasında, zil qaranlıqda yeddi qatilin yeddi qılıncı
elə bil Şəmsi yox, məni doğramışdı.
Birdən-birə qanım möhkəm qaraldı.
İldırım vurmuş ağaca döndüm. Elə bil
hadisələrin içində Şəmsin yanında idim.
Mövlana dərgahına qan tökülmüşdü. Dərgaha
tökülən qan elə bil mənim bəxtimin, qismətimin
üstünə tökülmüşdü. Nə isə
daxilən çox narahat idi. Beş-on gün aradan
keçmiş mənim də qanım tökülməyə
başladı. O qan ciyərimdən gəlir, qəlbimdən
axırdı. Dişim dodağımı, ağrılar
içimi doğrayırdı. Çalışırdım
ki, doğmalarım duyuq düşməsin. Ancaq gördülər,
bildilər, ağrımı kəsməyə, qanımı
dayandırmağa həkimin, dərmanın gücü
çatmırdı. Qatil olmaq istəyirdim, ölümün, əcəlin
qatili. O məni öldürməmiş, mən onu
öldürmək istəyirdim.
Ağrıların əlindən baş
götürüb ağrısız bir yerə getmək istəyirdim.
Hara gedim? Elə bir yer varmı orda ağrı, azar olmasın?
Elə bir kənd varmı bir tərəfi qəbiristanlıq
olmasın? Elə bir şəhər varmı dedi-qoduları
insanları xərçəngə, vərəmə, ürək
ağrılarına düçar eləməsin. Varmı?
Yoxdu, yoxdu! Heç vaxt olmayacaqdı. Elə bu vəziyyətdə
ağrılarımı başıma, dərdlərimi
qollarımın üstünə alıb uzaqlara, çox
uzaqlara çıxırdım. Evdən çıxanda anam, həyat
yoldaşım, bacım, övladlarım, nəvələrim
məni yola salırdı. Bacım lala əlində bir qabda su
tutmuşdu arxamca atmaq üçün. Qəfildən qab əlindən
düşüb sındı, su yerə töküldü.
“Aydınlıqdır! aydınlıqdır!” – desələr də
içimə bir qaranlıq çökmüşdü.
Axı mənim arxamca atılmalı su niyə yerə
tökülməliydi. Onsuz da qara olan qanım bir az da
qaraldı. İş tərsinə gələndə sudan da
qan iyi gəlirmiş.
Bir şair dərdindən söhbət
açıram. Hüseyn Arifin oğul dərdindən.
qanlı-qadalı bir hadisədən. Hər dəfə
qanım qaralanda, işim düz gətirməyəndə
başımı götürüb onun yanına
qaçırdım. Bir gün də belə oldu. Gördü
fikirliyəm, səbəbini soruşdu. Dedim əşi, nə
bilim, ustad, bir az qanım qaradı. Birdən elə bil
kişini ildırım vurdu. Qapqara qaraldı. Fikirli-fikirli “hər
xırda şeydən ötrü qan sözünü dilinə
gətirmə!” – dedi. Allah göstərməsin, mən
qanı görmüşəm, mən bilirəm qan nə deməkdi”,
deyib başına gələn faciəni tüstülənə-tüstülənə,
korun-korun yanan ocaq kimi danışmağa başladı:
“Günlərin bir günü Şah dağının ətəyində
dostumun maşını ilə gəzməyə
çıxmışdım. Yolun sağında
güllü-çiçəkli bir yamac diqqətimi çəkdi.
Sürücüyə maşını ora sürməyi
xahiş etdim. Beş-on addım getmişik ki, tük ürpədən
səs eşitdik. Səsin haradan gəldiyini bilmək
üçün səsimizi içimizə çəkdik.
Maşının arxasına boylandıq. Nə görsək
yaxşıdı. Ana-bala iki cüyür qan içində
çabalayırdı. Maşının təkəri təzəcə
balalamış ana-bala ceyranların üstündən
keçmişdi. Başımın tükü biz-biz
olmuşdu. Əllərimi dizimə çırpdım. Mən
şair yox, təbiətin qoynunda özümdən xəbərsiz
iki dünya gözəlini qana bələmişdim. Ana
cüyür balasını ağlayırdı, bala
cüyür anasını, mən də hər ikisini.
Üçümüz də baş-başa verib
ağlayırdıq.
Bir məqamda üç çağlayan
görmüşəm,
Biri mizrab, biri pərdə, biri sim.
Bir məqamda üç ağlayan
görmüşəm,
Biri mənəm, biri sənsən, biri kim?
Bu şeiri mənə həmin
sarsıntılarım yazdırmışdı. Bilirdim ki, bu
qan məni tutacaq. Aradan heç üç ay keçməmiş
gözümün ağı-qarası tək oğlum Arif balam
24 yaşında maşın qəzasında qanına qəltan
oldu. Həmin o yaralı ceyranın halında Arif balamı evə
gətirmişdilər.
Ey Hüseyn, müxtəsər et
sözünü,
Bu qan səni tutmalıydı, tutdu da.
Şairin bu şeiri məni haralara
aparmışdı, İlahi! İndi qanımın mənə
namərd çıxdığı bu vaxtda öz-özümə
fikirləşirəm. Mən ki, heç kimin toyuğuna
daş atmamışam, bir quş dimdiyi qanatmamışam, bir
kəpənək qanadı əzməmişəm. Bəs məni
hansı qan tutub? Bu sualın cavabını axtarıram.
Axtarmaqdan yorulmuşam, tapa bilmirəm ki, bilmirəm.
Görünür bu suallara cavab axtara-axtara bu dünyadan gedəcəyəm,
qanlı-qadalı sualları, qanın suallarını...
Ağrılar üstümə qəfil və
gözlənilməz hücumlara başlayana qədər mən
qanın bu qədər hökmlü olduğunu bilməzdim.
Ürəyim ağrıyır, başım
ağrıyır, gözüm ağrıyır deyənləri
çox eşitmişik. Heç qanım ağrıyır
deyənə rast gəlməmişik. Sən demə qan
ağrımırmış. Qan ağrıdır, qan
öldürür, qan dirildir, qan yaşadır, qan
çürüdürmüş. Bədən üzvlərinin
hansında ağrı varsa sən demə orda qanın
barmağı varmış. Bu vaxta qədər qanın bircə
sifətini görmüşdüm. Qanın neçə
üzü, neçə rəngi, neçə sifəti,
neçə oyunu varmış, İlahi! Qırmızı
qan, ağ qan, qara qan, göy qan. Qan! Qan! Qan!
Qırmızı qar ola bilərmi? Olar!
Qırmızı qar yağa bilərmi? Yağa bilər! o
günü qırmızı qan bizim səhərimizə
yağmışdı:
O gün qan üstündə
açıldı səhər,
O gün Xocalıda qan
qırmızıydı.
Qırmızı-qırmızı
üzümə durdu,
İblis görkəmində şər
qırmızıydı.
İyirmi il əvvəl Xocalıda axan
qanlar iyirmi il sonra mənim bədənimdən, damarımdan,
çəkdiyim nəfəsdən axıb
çıxmışdı. Doğrudur, fışqıran təkcə
mənim qanım deyildi. Mənim qanımla bir yerdə
başqa adamların qanı da fışqırırdı.
Çünki mənim bədənimdə qan
köçürmə əməliyyatı
aparmışdılar. Mənim damarlarımdan axsa da,
başqalarının qan haqqını danmaq olmaz!
Görəsən bəşəriyyət
elə bir dahi yetirə biləcəkmi ki, o damlasından zərrəsinə
yer üzündə axan qanları birdəfəlik dayandıra
bilsin. “Kəssə hər kim tökülən qan izini,
qurtaran dahi odur yer üzünü” deyən qanın və
qansızlığın bütün sifətlərini
gördüyünə görə ən böyük dahiliyi bəşəriyyəti
qandan xilas edən adamın şəxsində
görürdü. Hələ ki, ilk qan tökən və ilk
qanı tökülən Habil və Qabil qardaşlarından
bu günə kimi bu müqəddəs işin öhdəsindən
gələn olmamışdır. Bəlkə elə ona
görə S.Vurğun demişkən – “Dünya qan
üstündə bir xanimandır!”. Bəlkə də
doğurdan da dünya bir qan çanağıdı. Kələntər
dayının gülləsi heç vaxt boşuna getməyəcək.
Cəlalın qanı həmişə töküləcək,
aşıq Vəli də “Yanıq Kərəmi” çalacaq.
Gəlişinin vaxtı, vədəsi mənə
bəlli olmasa da gəlişini gözləyirdim. Bilirdim ki, qan
gələcək. Amma sakit gəlməyəcək, gurultuyla,
nəriltiylə, ürəyi partladıb, damarları
dağıdıb gələcək. Mən öz
qanımı yaxşı tanıyırdım. Ağlayanda
hönkürüb ağlayan, güləndə şaqqanaq
çəkən, oynayanda qartal kimi göylərə qalxan,
yeriyəndə yeri tərpədən bir insanın qanı
sakit axa bilərdimi?! Mənim qanım orta vəziyyətdə
olmağı, birtəhər baş girləməyi,
papağı günə yandırmağı sevmirdi.
Yanırdı, məni də yandırırdı. Coşurdu, məni
də coşdururdu. Arzu ürəyə, ruh bədənə,
nəfəs cana sığmayanda, insan özünəsığmaz
olanda qan Allahlıq eləyir. Əgər Allahlıq edirsə
demək onun sevgisi adi sevgi deyil, ilahi sevgidir. Mənim qanım
ağıllı qan deyil, dəli qandı. Məcnun
qanıdı. Ahı fələkləri yandıran qandı.
Heç yerdə heç zaman rahatlıq tapmayan, ancaq əbədi
rahatlığı haqqa qovuşmaqda tapan həqiqət
eşqinin qanıdır. İllərlə məni meydanlarda,
kürsülərdə, məclislərdə, səfərlərdə
havalandıran qan hökmən bu amansız ağrıları,
dözülməz iztirabları, dərmansız dərdləri
də gətirməliydi, sonunda yenidən böyük eşqə,
Allah eşqinə qovuşmaq üçün “Ya Rəbb bəlayi-eşq
ilə qıl aşına məni” deməliydi. Arzunun həqiqətə
çevirməyin yolu eşqin bəlasından keçir.
Bu qədər qan hardandır insanda!
Niyə mənim qanım bu qədər
axmalıdı?
– Çox üzə dirənmə,
qarışma Allahın işinə, bəlkə belə məsləhətdi.
– Məsləhətinə qurban olum, nə
deyirəm. Heç olmasa səbəbini bilim.
– Allah hər şeyin səbəbini
açıb xırdalasa o Allah olmazdı ki, olardı sənin,
mənim tayım. Allahlıq onun sirrindədi, onu da
açdı, da geridə nə qaldı. O heç nəyi
insana açıq danışmır, əlamətlərlə,
işarələrlə insanı başa salır. Qiyamətin
əlamətləri kimi.
Mən ki, atalı-analı, ürəyi
bütöv, cismən-mənən sağlam mühitdə,
sözün işığında, sazın laylasında, aqillərin
hikmətinin nurunda böyümüşəm. Böyük
sevgi, güclü işıq olan yerdə qan axmaz, orda Allah
nuru, peyğəmbərin işığı, mələklərin
pak və müqəddəs ruhu dolaşar.
– Mənim qanım axmamalıydı, niyə
axdı bu qan?
– Cavabını bilmirsənmi?
– Yox!
– Sənin qanın axmamalıydı, sənin
qanını axıtdılar. Kim axıtdı onu sən
özün gözəl bilirsən. Ancaq o sirri açmaq istəmirsən.
Allah sirr açmayıb, sən də açma!
– Niyə?
– Niyəsini Allahdan yox, şeytandan
soruş. Bu işlərin ustası da, bənnası da odur.
– Axı mən şeytanı heç vaxt
içərimə buraxmamışam.
– Elə ona görə də o sənin qan
düşmənindir.
– Sən Allaha ən sadiq olduğun
üçün şeytanın ən qatı düşmənisən.
Bunu birdəfəlik bil.
– Bəs onda Allahın dostluğu,
gücü harda qaldı?
– Darıxma, Allahın birinci adı səbrdir.
Axırda qələbə yenə onun və sənin olacaq!
Şeytanın pisliyi özünə qalacaq. Görəcəksən!!!
Şərqin ilk böyük təsəvvüf
şəhidi Həllac Mənsurdan hələlik son
böyük təsəvvüf türk və islam şəhidi
hamısının aqibəti belə olub. Onların
hamısının qanını axıdıblar.
– Səbəb?
– Səbəb – onların nuru,
işığı, Allaha bağlılığı, ilahi
eşqi, özünə sığmazlığı,
Allahı özündə gəzmək kitablardan daha çox
insanları oxumaq qabiliyyətidir. Yaradanı yaradılana
görə sevmə xoşbəxtliyini dərk etmələri,
haqqı yaxşı tanıdıqlarına görə
heç vaxt əqidələrindən dönməməyi
onların qanını axıtdı. Həllac Mənsur
Allahın yer üzündə həqiqət
carçısına çevrilməsəydi, Nəsimi “Allah məndədir”
deməsəydi, Cavid “Hüsnü-xuda” şairi olmasaydı
kimin onlarla nə işi vardı? Onlar Allahın sevilmiş və
seçilmiş bəndələri olduğu üçün
şeytan onların başına nə oyunları vardısa
açdı.
– Axırda kim qalib gəldi?
– Şübhəsiz və birmənalı
şəkildə Allah!
– Allahın çaldığı qələbəni
nədə görürsən?
– Adını çəkdiyim kişilərin
əbədi iriliyində, əbədi
yaşarlığında. Hər gün dillərdə,
dodaqlarda, könüllərdə yaşamağında! “Mənim
tanrım gözəllikdir, sevgidir” deməsində. Kitab kimi əllərdə,
söz kimi dillərdə, nəğmə kimi dodaqlarda, fikir
kimi beyinlərdə yaşamalarında!
– Mən də tanıdığım və
tanımadığım şeytanlar üzərində qələbə
çala biləcəyəmmi?
– Sən o qələbəni çoxdan
çalmısan, özündən xəbərin yoxdur.
– Bir-bir yadına sal xatırla!
– Sənin hər kitabın, hər
şeirin, oxucularla hər görüşün, hər
uğurlu yaradıcılıq səfərin, görüşlərdə
başından yağış kimi yağan çiçəklər,
dağların çayı kimi gurlayan alqış selləri
zalları, salonları ayağa qaldıran səs qüdrəti,
söz demək hünəri, xalq sevgisi, el məhəbbəti
– bunların hamısı böyük şeytanın üzərində
Allahın izni ilə çaldığın qələbə
deyil, bəs nədir? Birmənalı şəkildə bilməlisiniz.
Qansız qələbə yoxdur. Sənin bütün
böyük və balaca düşmənlərin hamısı
üzərində çaldığın qələbə bu
qıpqırmızı qandan keçib gedir.
– Onda mən ürəklə öz
qanımı öpüb, ona çox sağ ol deyib ona minnətdar
ola bilərəmmi?
– Sən bunu çoxdan eləməliydin,
yenə gec deyil.
– Zəlimxan Yaqubun damarından axan qan ilahi
eşqin qanıdır. Onu öp, ona xoşgəldin elə. O
səni yarıyolda, yarı mənzildə qoymayacaq,
çox-çox uzaqlara – ömrün boyu gözlədiyin yerə
– Tanrı dərgahına aparacaq!
Bütün varlığımla heyranam sənə,
Allahım, tökülən bu qana
şükür.
Qan mənim qanımdı, can mənim
canım,
Bu qanı qaynadan bu cana şükür.
Ağrı ha tərəfdən gəlirsə
gəlsin,
Hərəni bir adla qan aparacaq.
Torpağın üstündən
torpağın altda,
Hərə bir yaralı can aparacaq!
10-17 may 2011,
Almaniya, Hannover
Zəlimxan YAQUB
525-ci qəzet.- 2011.-
23 iyul.- S.24-25.