”Tədbirdə bir rusiyalı yazıçı dedi ki, burdan ermənilərə ultimatum verirəm, Kəlbəcərdən çıxın”

 

Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şair-publisist Nəsib Nəbioğlu Bakıya növbəti səfəri zamanı “525-ci qəzet”in qonağı olub. Dünya Azərbaycanlılarının üçüncü qurultayının nümayəndəsi olan N.Nəbioğlu müsahibəsində qurultayın yekunlarına toxunub, eyni zamanda Moskvada Azərbaycan ədəbiyyatının təbliği, şəxsi yaradıcılığındakı yeniliklərdən danışıb.

 

– Dünya Azərbaycanlılarının üçüncü qurultayının keçirilməsi həm diaspor tarixində, həm də Azərbaycanın tarixində mühüm hadisələrdən biridir. Qurultaya ən böyük heyət, 155 nümayəndə Rusiyadan gəlmişdi. Bu da təbiidir. Çünki Rusiya dünyada azərbaycanlıların ən çox məskunlaşdığı ölkədir. Eyni zamanda bizi Rusiya ilə bağlayan böyük bir tarix var. Ən azından 70 il birgə yaşadığımız sovet dönəmi var. Moskvadan qurultaya elm adamları, yazıçı, şairlərimiz, diplomat və ziyalılarımız gəlmişdi. Mən hər üç qurultayın iştirakçısı olmuşam və bununla fəxr edirəm.

Düşünürəm ki, bu qurultay Azərbaycan diasporunun güclənməsi, onun siyasi, iqtisadi uğurlarının, həmçinin mədəni, ədəbi nailiyyətlərinin təbliği baxımından vacibdir.

Bu tədbir dünyada azərbaycançılığı yaymaq, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətlidir. Mən 32 ildir Moskvada yaşayıram, elə soydaşlarımız olub ki, onlarla qonşuluqda, bir şəhərdə yaşamışam, amma bir-birimizi tanımamışıq. Sonra elə imkan yarandı ki, biz öz ətrafımızda, bir şəhərdə yaşayan görkəmli adamlarla daha yaxından tanış olduq. Bu mənada, qurultay bir-birimizi tanımaq üçün də çox vacibdir.

–Siz həm də Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibisiniz. Qurumun fəaliyyətində hansı yeniliklər var?

Biz 2003-cü ildə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsini yaratmışıq. Bunu yaratmaqda məqsədimiz tanıdığımız azərbaycanlı yazıçıları, yaxud milliyyətcə azərbaycanlı olub, amma Azərbaycan dilində yazmayan yazıçılarımızı bir təşkilat ətrafında birləşdirmək idi. Ona görə bu bölməni yaratdıq və ötən dövr ərzində böyük işlər görmüşük. Hər il biz görəcəyimiz işlərin öncədən planını hazırlayırıq. Planda 5-6 böyük tədbirlər olur. Hər ay tədbir keçirmək də mümkün deyil. Çünki buna bizim fiziki və maliyyə baxımından imkanımız çatmır. Bu gün Moskvada geniş tədbirlər “Ocaq” Cəmiyyəti ilə birgə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi geniş tədbirlər həyata keçirir. Bu, danılmaz faktdır. Bəzən elə olur ki, bizim keçirdiyimiz tədbirləri başqa təşkilatlar mətbuatda öz adlarına çıxırlar. Tədbirlərdə ən azı 600-700 adamı bir yerə yığırıq. Son maraqlı tədbirimiz bu ilin mayında Azərbaycanın ustad aşığı Aşıq Ələsgərin 190 illiyi ilə bağlı olub. Tədbirdə ruslar da iştirak edirdilər və bu barədə Rusiya KİV-lərində geniş məlumatlar getmişdi. “Arqumentı i faktı” qəzetində də yubileylə bağlı məqalə verilmişdi. Bizim təşkil etdiyimiz tədbirlərdə tək özümüz deyil, qeyri-millətlər də iştirak edir. Aşıq Ələsgərin yubileyi barədə maraqlı bir faktı deyim. Mən ora Moskvada yaşayan aşıqlarımızı, balaban ifaçılarımızı tapıb dəvət etmişdim. Elə proqram tərtib etmişdik ki, heç kim tədbirdən sonra da getmək istəmirdi. Tədbirdən əvvəl isə Aşıq Ələsgərin yaradıcılığı barədə mənim Rusiya mətbuatında böyük bir yazım dərc olunmuşustad aşığın Vladimr Qafarovun vaxtilə tərcümə etdiyi şerlərindən nümunələr də yerləşdirilmişdi.

Mən çıxışımda bir maraqlı faktı qeyd etdim. Sonra mənə dedilər ki, sən çıxış edəndə zalda xeyli insan ağlayırdı. Bilirsiniz ki, qatı düşmənlərimizdən olan Andronik Göyçəni yandıranda Aşıq Ələsgərin ilk sevgilisi Səhnəbanu bir dəstə qadın və uşaqla kənddən qaçırlar. Onlar Göyçənin yalı deyilən bir yerinə çatanda borana düşürlər və orda hamısı donub ölür. Səhnəbanu da ölənlər arasında olur. Mən Kəlbəcərlə bağlı da danışdım. Aşıq Ələsgərin ömrünün müəyyən bir hissəsi Kəlbəcərdə keçib, mən özümbu yerdənəm. Aşıq Ələsgərin həyat yoldaşı Anaxanım Kəlbəcərin Yanışaq kəndindən idi. Tədbir başlayanda fotogörüntülər də təqdim olundu. Belə ki, 1973-cü ildə Aşıq Ələsgərin kəndi olan Kilsədə onun qəbirüstü abidəsinin açılışı kadrlarını tapmışdım. Dövlət səviyyəsində keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin çıxışı da var idi. 12-15 dəqiqi ərzində bu görüntülər təqdim olundu. Kadrlara baxanda tamaşaçılar mütəəssir olmuşdular. O görüntüləri nümayiş etdirməkdə məqsədimiz bu idi ki, qoy insanlar bilsinlər ki, Göyçə Azərbaycan torpağıdır.

Siz Azərbaycan ədəbiyyatını təbliğ edirsiniz, amma bu təbliğatın bir istiqaməti də siyasi çalarlarla bağlıdır. Belə təbliğatın Azərbaycan üçün hansı əhəmiyyəti var?

Bilirsiniz, biz yüksək səviyyədə öz istəklərimizə nail ola bilməmişik. Yəni nə qədər Azərbaycan reallıqlarını açıb göstərsək də, Azərbaycan həqiqətlərini təbliğ etsək də yaxşı nəticə əldə edə bilməmişik. Çünki bizim düşmənlərimiz olduqca güclüdürlər. Bir faktı deyim. “Nezavisımaya qazetada Çingiz Hüseynovun Qarabağa dair bir yazısını çapa hazırlayırdıq. Bunun üçün beş min dollar pul istəmişdilər və biz o vəsaiti də tapıb verməyə hazır idik. Çünki söhbət bizim dərdimizdən gedirdi. Amma biz o yazını çap etdirə bilmədik. Çünki düşmənlərimiz ikiqat artıq pul verib, yazını çap olunmağa qoymadılar. Belə müqavimətlərə rast gəlirik. Qarabağa dair bizim xeyrimizə adi bir cümlə demək belə olduqca çətindir. Çünki erməniləri tanıyan ruslar heç vaxt onların tərəfini verməyəcəklər. Bizi tanıyanlar isə bizi dəstəkləyəcəklər.

Mənim Rusiyada yaradıcılığıma həsr olunmuş tədbirdə çıxış edən bir rusiyalı yazıçı dedi ki, burdan ermənilərə ultimatum verirəm, Nəsibin yurdu Kəlbəcərdən çıxın. Təbii ki, o deməklə ermənilər Kəlbəcəri tərk etməyəcəkdilər. Amma bu bizə bir dəstək idi. Təəssüf ki, bu cür şeyləri sonra mətbuatda verə bilmirik.

–Bəs ümumilikdə Azərbaycan ədəbiyyatı Rusiyada necə təbliğ olunur.

Ruslar deyirlər ki, heç kəs öz boyundan yuxarı tullana bilməz. İndi biz gücümüz çatanı edirik. Amma ürəyimizdə elə böyük arzularımız, niyyətlərimiz var ki, onlara nail ola bilmirik. Buna baxmayaraq biz ədəbiyyatımızı təbliğ edirik. Bu gün Əbdül Hüseynov adında çox məşhur bir yazıçımız var, o əsərlərin rus dilində yazır. Bu yaxınlarda onun son kitabını nəşr etdirdik. Kitabı mən tərtib etmişəm. Bu kitab ilk dəfə 80-ci illərdə rus dilində çap olunub, amma ötən il biz Xaqani Şirvaninin həyatına həsr edilmiş bu nəşri Azərbaycan dilinə tərcümə etdik.

Kitabın adı “Üsyankar Xaqanidir. Kitab Xaqaninin uşaqlığına, gənclik illərinə, yeniyetməlik dövrünə, yəni bütün ömrünə və yaradıcılığına həsr olunub. Müəllif tarixi araşdırmalar nəticəsində qiymətli faktlar taparaq bu kitabı yazıb.

Kitab bütün xaqanisevərlərə, Azərbaycana böyük bir hədiyyədir.

Əbdül Hüseynovun 87 yaşı varo, qəribə taleli bir yazıçıdır, Böyük Vətən müharibəsindən bu günə kimi Azərbaycanda beş dəfə olub. Çünki müharibədən qayıdarkən görüb ailələrindən heç kim sağ qalmayıb və qapını bağlayıb, baş götürüb gedir.

Onun 30-dan artıq romanı var. Amma Azərbaycanda təəssüf ki, onu tanımırlar. Çünki Azərbaycan dilində yazmayıb.

Rusiyalı oxucular azərbaycanlı yazarları oxuyurlarmı?

Rus dilində kitablarımız çap olunur. Çingiz Hüseynov çox böyük yazıçıdır. Əsərləri nəinki Rusiyada, Avropa, Amerikada çap olunur yayılır. Rusiya ədəbi mühitində soruşanda üç- dörd nəfərin adını çəkəcəklər. Bunlar Çingiz Hüseynov, Alla Axundova, Əbdül Hüseynov, Nəsib Nəbioğludur. Ədəbi mühitdə biz tanınırıq.

Jurnal qəzetlərlə, ittifaqlarla əlaqəli çalışırıq.

Azərbaycan Yazıçılar Birliyi sizə kimi dəstək göstərir?

Yazıçılar Birliyindən biz ancaq mənəvi dəstək gözləyirik. Maliyyə işlərini özümüzü yoluna qoyuruq. Çap olunan kitabların, keçirdiyimiz tədbirlərin hamısını öz hesabımıza ödəyirik.

Mənəvi dəstək nədir? Yazıçılar Birliyində oldum, ordakı səmimi münasibət, məni ürəkdən qarşılamaq, Fikrət Qocanın, Rəşad Məcidin məni bağrına basması, mənim üçün böyük mükafatdır.

–Bu ilə daha hansı planlarınız var?

Hər kəs indi istirahətdədir. Sentyabr ayında ofisimizdə yığışacağıq görəcəyimiz işləri müzakirə edəcəyik. Gözəl şairimiz Ramiz Rövşən, yazıçı-dramaturq Afaq Məsudla Moskvada görüş keçirmək istəyirik. Maliyyə imkanlarımız yol verən kimi bunları həyata keçirəcəyik.

Nəsib müəllim, öz yaradıcılığınızda yeniliklər var?

MoskvadaƏdəbiyyatqəzetində yazılarım dərc olunur. Eyni zamanda Beynəlxalq Yazıçılar İttifaqınınRusskaya literaturanəşrində müntəzəm məqalə şerlərim çap olunur. Riqada Yazıçıların Publisistlərin Beynəlxalq Assosiasiyası fəaliyyət göstərir. Bu təşkilatın çap etdirdiyi qəzetlər, jurnallar almanaxlar var. Almanaxlar nəsr üzrə ildə iki dəfə buraxılır dünyanın 50-dən çox dövlətinə yayılır. Yəni bu təşkilat dünyada yaşayan ruslar üçün nəzərdə tutulub. Hansı ölkədə ruslar yaşayırsa, kitabların, qəzetlərin nümunələri onlara gedir. Artıq üç ildir ki, mən bu təşkilatın üzvüyəm. Ramiz Abutalıbov, Rafiq Qafarov, Cəfər Sadiq Abbasov bu təşkilatın üzvləridir. Bura gəlməzdən bir qədər əvvəl Moskvada yaşayan 7 şair yazıçımızı həmin təşkilata üzv yazdırdım. Bunlar təmənnasızdır o təşkilatın üzvü olan adamlar həmin qurumun orqanlarında çap oluna bilirlər. Mənim yazıçılarımızı həmin quruma üzv yazdırmaqda yeganə məqsədim bu olub ki, Rusiyada deyə bilmədiyimiz sözü Riqada deyək. Orda Çingiz Hüseynovun Qarabağla bağlı çox gözəl bir məqaləsi çap olundu. Amma həmin məqaləni Rusiyada çap edə bilmədik. Orda iki il dalbadal Azərbaycanın poeziyasını mən təmsil etmişəm. Nəsirlərdən isə bu il Elçin Hüseynbəylinin orda bir hekayəsi dərc olunub. Bu, olduqca vacib bir təşkilatdır ondan istifadə etmək lazımdır.

Gənc yazarlardan kimlərin əsərlərini həmin nəşrdə görmək istərdiniz?

Bizə ancaq bədii tərcümə lazımdır, çünki sətri tərcümə olanda çətinlik çəkirik. Dəqiq tərcümə etdirmək üçün tərcüməçi pul istəyir. İndi sovet dövrü deyil ki, tərcüməçi dövlət hesabına işləsin. Mən həmişə burdakı dostlarıma deyirəm ki, siz Azərbaycanda yaşayırsınız burdakı istedadlı şairləri, yazıçıları yaxşı tanıyırsız, onların əsərlərini göndərin, biz Moskvada çap edək.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 23 iyul.- S.20.