Diplomatlar və şairlər,yaxud diplomat şairlər

 

Atam Bəxtiyar Vahabzadənin unudulmaz xatirəsinə ithaf edirəm.

 

“Peyğəmbərlərdən sonra şairlər gəlir”.

 

Nizami Gəncəvi

 

“Tarixçilər tərsinə peyğəmbər (yəni ancaq keçmiş və dünənlər haqqında danışanlar), şairlər isə düzünə peyğəmbərlərdir (yəni gələcək və sabahlar haqqında fikir söyləyənlərdir)”

 

Artur Şopenhauer

 

Hə, mən Mirzə Fətəlini xəyalən Azərbaycanın xarici işlər naziri, Həsən bəy Zərdabini isə həmin nazirliyin mətbuat katibi kimi təsəvvür edirəm. Əla. Məhəmməd Hadini o bədbəxt şairimizi isə birbaşa Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatında səfir, daimi nümayəndə kimi görürəm. Aman Allah, Hadi bu dünyanın ən uca tribunasından çıxış edir çığıra-çığıra, yana-yana nitq deyir. Ağzından sanki od tökülür. Deyir ki,

– Vallah bizim də millətimizin imzası artıq övraqi həyata qoyulmuşdur. Artıq biz də bir millətik. Nə olar bir bizə də qulaq asın da. Bizi də bir qanın da, anlayın da. Tribunadan aşağıda oturanlar o soyuqqanlı, iki yox, bəlkə də lap belə min üzlü həmişə birini yandırıb digərini qandıran o dəyyus diplomatlar da Hadinin belə əsəbi çılğın çıxışına baxıb dodaqaltı qımışırlar, sanki: – hə necəsən qanmayaq dədən yansın” – deyirlər.

Biçarə Hadi də sonra üzünü o üzümüzə gülüb, başımızın altına yastıq qoyub, bizə mənasız, şirin vədləriylə lay-lay çalıb, erməniyə isə silah, pul yardımı edib onu üstümüzə köpək kimi qızışdıranlara tutub:

– Axı mən hər şeyi qanıram, görürəm, vallah hər şeyi başa düşürəm, səsimi isə çıxartmıram bu isə o demək deyil ki, heç nəyi qanmıram, dərk etmirəm. Vallah hər şeyi çox gözəl başa da düşürəm görürəm də. İndi nə olar özümü görməməzliyə, korluğa qoyanda. Çünki bizlərdən bu tələb olunur. Belə olmaq tələb olunur.

 

“Lal ol demə qanma gözünü

kor elə derlər

Gözlü nasıl ömr eyləsin

əmalar içində” – deyir.

 

Daha sonra üzünü BMT-dəki erməni və rus nümayəndələrinə tutaraq:

 

“İç, iç nə qədər istərisən qanımı zalım,

Bir gün görərəm qanını

səhbalar içində” – deyir.

 

Hüseyn Cavid isə Türkiyədə, Ankarada böyükelçidir. Coğrafi ərazilərinə görə Avropada bütün xristian canavarları arasında təm-tək, yalnız qalan Türkiyə, “Avropa birliyi” deyib dad döyür. Ona isə məhəl qoyan yoxdur. Hə, bu azmış kimi Türkiyənin bir qapazına canı burnundan çıxan İsrail də qurdu basmağa hazırlaşan arxalı köpək kimi Amerikaya söykənib uzaqdan-uzağa Türkiyənin üstünə elə hey hürür. Bütün bunları görən Cavid əfəndi deyir:

 

Türk ordusu daim basaraq

ölkələr almış,

Ən sonda siyasətdə

basılmış da bunalmış”.

 

Daha sonra müharibə şəraitində olan Azərbaycanın indiki vəziyyətində heç nəyi veclərinə almayıb elə həftə səkkiz mən doqquz Türkiyəyə gələn, heç özləri də mənasını bilməyib, anlamayıb “şou-şou” deyib hamını ələ salıb, pulları xəzəl kimi xərcləyib yarıçılpaq halda kliplər çəkdirən, müğənnilikdən başqa əllərindən hər bir iş gələn, adları isə müğənni olanlarımıza baxıb ürək ağrısı ilə deyir:

– Çal-çal, əvət bəxtəvər çoban (ey çoban xislətlilər, sanki) nə Sivas kimi şəhrin əlindən gedib, (Qarabağ kimi bir mahalın) nə də ki, Ərtoğrul kimi oğlun (nə də ki, iyirmi min şəhidin).

Baho... Mirzə Cəlil də burdadır ki... heç uzağa-zada gedib eləməyib, Təbrizdə konsuldur. Biçarə Mirzə Cəlil üzünü tutub din xadimi olan mollalara, az qala yalvarır ki, ay molla, ay belə sənin başına dönüm. Xüms-zəkat, fitrə, siğə deyincə heç olmazsa bir az da vətən de, millət de. Axı o erməni keşişi, o köpək oğlu bir dəfə də olsun camaatı kilsəyə yığıb poğ (pul) sözü işlətməyib. Vallah, deməyib, billah, deməyib. Elə hey deyir “Ara hayrnik-hayrnik”, yəni vətən-vətən. Heç olmazsa bir dəfə də sən də de da, indi nə olar?

De ki, vətən, vətən. Axı bu millət də yazıqdır. Ay həzərat, gəlin indi də ümmətçilikdən bir az da millətçiliyə keçək.

Dəstə-dəstə yığışıb qəbuluna gəlirlər deyirlər ki, ay Mirzə, indi biz bura vətəndən bir parça çörək dalınca, qazanc dalınca gəlmişik. Burda eşitmişik ki, orada vətəndə bizə, bizim hər birimizə hürriyyət deyilən bir zat verirlər. Vallah heç özümüz də bilmirik ki, o nə mənə olan şeydir. İndi o hürriyyət deyilən payı biz haradan ala bilərik? Bə bizim hürriyyət payımız nə oldu?

Mirzə Cəlil də heç bilmir ki, onlara nə desin, nə cavab versin. Heç xəcalətindən başını qaldırıb camaatın üzünə baxa da bilmir. Elə bircə kəlmə dodaqaltı mızıldanaraq:

– Vallah siz deyən o hürriyyət payından heç məndə də yoxdur. Heç deyəsən yerli-dibli olmayıb da. Gedin vətənə, yenə bəlkə ala bilsəniz orda alarsız.

Əlibəy Hüseynzadə isə, Xəzər dənizində bizim payımıza düşən hissəsinə göz dikib kor tutduğunu buraxmayan kimi elə hey tələb edən bizi qoxudub hədələyən dili bir, dini bir Türkmənistanda səfirdir. Üzünü o türkmən qardaşlarımıza tutub əli ilə Şimal tərəfi, Rusiyanı göstərərək deyir:

 

“Ədu qırır qapını, biz evdə bixəbəriz,

Nə başqa-başqalarız,

nə ittihad edəriz”.

 

Cəfər Cabbarlı Səudiyyə Ərəbistanında səfirdir. Hər il ağzından-boğazından kəsib, borca-xərcə düşüb həcc ziyarətinə gələnlərə, öz səadətlərini bu qızmar şaqqana günün altında çəkdikləri əzab-əziyyətdə görən, gələcək günlərinin, xoşbəxtliyini isə şeytan deyilən dağa daş atmaqda axtaran bu biçarələrə üz tutub göz yaşları ilə deyir:

– Allah ziyarətinizi qəbul eləsin. Ay heç nədən qorxmayan imkanlılar, rüşvətləri dəstə-dəstə alıb sağa-sola xərcləyənlər. Yenə deyirəm Allah ziyarətinizi qəbul eləsin. Heç olmazsa ildə 10-15 gün də olsun ziyarətə gəlib saflaşın, təmizlənin. Amma ay Allahın kasıb bəndələri, siz o imkanlılara baxmayın. Onların günahları çoxdur. Siz isə Allahın günahsız bəndələrisiz. Əgər günahlarınız olsaydı kasıb olmazdınız ki. Siz də bu ölkənin sərvətini digərləri kimi basıb yeyərdiniz. Ay evsiz-eşiksizlər siz nəyə baxıb, haranıza arxayın olub ailənizi ac-yalavac saxlayıb, pul xərcləyib belə yerlərə gəlirsiniz. Axı bu pul sizin haranıza çatmaz.

Sonra isə ürək ağrısı ilə sözünə davam edərək deyir:

– “Bu evsiz-eşiksiz qaçqınlar da deyir La İləha İlləllah. Bu iyirmi min günahsız şəhidlər də deyir La İləha İlləllah. Bu çadırlarda doğulan, çadırlarda yaşayan, çadırlar da ölənlər də deyir La İləha İlləllah. Bu soyuq, nəm səngərlərdə səhərə kimi yatmayıb əli silahlı olan cavanlarımız da deyir La İləha İlləllah. Bu düşmən əsirliyində olanlar da deyir La İləha İlləllah. Acından restoranlar qabağında durub əlacsızlıqdan fahişəlik edən qızlarımız da deyir La İləha İlləllah. Onları saxlayan, müştəriyə ötürüb pul qazanan “məsum bir qadın namusu, kto bolşe” deyən restoran sahibləri də deyir La İləha İlləllah. Hamı deyir La İləha İlləllah, qaçan da deyir La İləha İlləllah, qovan da deyir La İləha İlləllah. Bircə mən demirəm La İləha İlləllah”.

Sabir isə... eh... Sabir Rusiyanın ən uzaq, ən ucqar şəhərlərindən birində, Yekaterinburqda konsuldur. Bir parça çörək üçün ailələrini, Fatma-Tükəzbanları, onlardan doğulan Həsəni, Hüseyni vətəndə ac-yalavac qoyub didərgin düşmüşləri və vaxtilə əhli nəsilyan olmuşları başına yığıb ağlaya-ağlaya gülür, gülə-gülə də ağlayır, deyir, heç fikir eləməyin. “Nə qəminiz var nə çoxdur burda özünüz xoşladığınız annağ, göngözəl, ismətli, məlahətli, vəcahətli Sonyalar, Marusyalar, onlardan birini alarsız. Desə rus ol, nə çətin şeydir, olarsız (əşşi qələt eləyir Fatma-Tükəzbanlar). Boynunuza bir xaç da salarsız. İvan namın alarsız. Bu əməldən ucalarsız”.

Çünki:

 

“Cüt-cüt durur övrət sağımızda,

solumuzda

Şəhvət quluyuz, nəfsdən

imdad alarız biz”.

 

Yusif Vəzir Çəmənzəminli əvvəlki yerində, elə Ukraynada səfirdir. Aradan yüz ilə yaxın bir vaxt ötüb, vəziyyət isə heç dəyişməyib, elə həmin-həmindir. Bazarda piştaxta arxasında soyuqdan, şaxtadan tir-tir əsib kartof, soğan satıb, bir-birləri ilə yer üstündə dava salıb yola getməyən həmvətənlərimizə baxıb acı-acı gülümsəyir. Ürək ağrısı ilə gülümsəyir. Üzündə acı bir təbəssüm, ürəyində yanğı, dilində isə pıçıltılı fəryad. Deyir ki:

– Ay mənim millətim, Vallah-billah bazardan alver etməkdən başqa bu dünyada başqa işlər də var. Hökumət işləri də var, dövlət işləri də var. Baxın bu dığalara, axı bunların əksəriyyəti dövlət idarələrində çalışır. Hər işdə də bizə mane olurlar, bizə əngəl törədirlər, heç olmasa sizlərdən də biri bu dövlət işlərinə getsin də... Yaxşı, alver deyirsiniz, qoy alver olsun. Dükan-bazar olsun. Axı heç onu da fərli-başlı bacarmırsınız. Az-çox nəsə bacaranınız varsa da, elə burada ağappaq maya kimi, Ağsu kələminə oxşayan, ətli-canlı birini tapıb “bizim kənddə bundan yoxdur” – deyib, az-çox qazandığını onun yolunda sağa-sola xərcləyir. Yekaterinburqdakı konsulumuz Sabir demişkən:

 

“Tacirlərimiz Sonyalara

bənd olacaqmış,

Bədbəxt Tükəzbanları

neylərdin, İlahi”.

 

Hə... Ömrü boyu heç kim tərəfindən anılmayan həm özümüzünkülər, həm də digərləri tərəfindən başa düşülməyən, ziddiyyətli bir həyat tərzi keçirən, elə vəfatından sonra da sakit buraxılmayan, bəzən tənqid, bəzən də tərif olunan vaxtilə Rusiya xarici işlər nazirliyinin şöbə müdiri, diplomat Nəriman Nərimanov isə .... Strasburqda, Avropa Şurasında Azərbaycanın Daimi Nümayəndəsidir. Əslinə qalsa Nərimanov bu vəzifəyə heç getmək də istəmirdi. Xarici işlər naziri M.F.Axundov onu zorla dilə tutmuşdu. “Nəriman, başqa əlacımız yoxdur, başqa adamımız yoxdur. Bura ancaq sən getməlisən” – demişdi. Ermənistanın Strasburqdakı Daimi Nümayəndəsi Şaumyan adlı bir nəfərdir. Mən onu tanımıram. Gərək ki, sən onu yaxşı tanıyırsan. Onun qabağına ancaq sən çıxa bilərsən. Çünki, siz hər ikiniz... nə isə...

Nərimanov nə isə xatırlayıb, başını aşağı salıb, sakit-sakit deyir:

– Elə onun üzünü görməmək üçün ora getmək istəmirəm. Onsuz da bir dəfə aldanmışam, ikinci dəfə aldanmaq istəmirəm. Tarix bunu mənə bağışlamaz.

Axundov yanıqlı bir səslə:

– Ay Nəriman, onsuz da hamımız aldanmışıq, amma gəl ikinci dəfə, üçüncü dəfə sözlərini deməyək. Bunu gələcək göstərəcək ki, hər birimiz neçə dəfə aldanmışıq. Bizlərdə aldanmayan kimdir ki... Nəysə, indi olan olub, keçən keçib, getməlisən.

Nərimanov Avropa Şurasında çıxış edir. Bu bədbəxt nə etdiyini, nə dediyini heç özü də bilmir. Onsuz da vaxtilə aldanıb, daha aldanmaq istəmir. Sakit-sakit çıxış edir. Deyir:

– Ay Avropa Şurasının rəsmiləri, rəhbərləri, daha nə bilim kimləri və kimlər, axı siz bizim qarşımızda nə şərt, hansı şərtlər və hər nə öhdəçiliklər qoymusunuzsa, hamısını canla-başla yerinə yetirmişik. Amma sizin o qoyduğunuz şərtlərin heç birinə erməni əməl eləmir axı. Siz də hər yerdə olduğu kimi onların qırımını, hikkəsini görüb sözünüz yerə düşməsin deyə onlara heç nə təkid eləmirsiniz. Qarşılarına qoyduğunuz şərt də, tapşırıq da elə-belə görüntü üçündür, gözdən pərdə asmaq üçündür. Əksinə, bəlkə də onlar sizin qarşınıza şərt qoyurlar. Axı bu ikili standartlardan nə vaxt əl çəkəcəksiz, onların nazı ilə oynamaqdan nə zaman əl götürəcəksiniz? Axı bizim o əski ərazilərimiz sayılan Ermənistanda bir nəfər də olsun milli azlıqların nümayəndəsi qalmayıb? Vallah hamısını qovub ölkədən çıxarıblar. Heç belə nişanə üçün, toxumluq üçün də saxlamayıblar. Onlara isə heç bunu irad tutan da yoxdur. Axı bu ermənilərin harası, nəyi sizin gözünüzə belə şirin görünür? Vallah onlar edən işlərin, cinayətlərin onda birini demirəm, yüzdə birini etsək, bizə paz yeridərsiniz. Axı belə də olmaz...

Şaumyan isə tribunadan aşağıda əyləşib, istehzaedici nəzərlərlə Nərimanova baxır. Arabir yerindən replika atır, Nərimanovun sözünü kəsərək:

– Ara, Narimanov, po suşestvu...

Nərimanov:

– Vallah, po suşestvu deyəndə ki, elə səhərdən po suşestvu danışıram, amma mənə məhəl qoyan yoxdur. Hamının nəzərləri səndədir.

Şaumyan gülə-gülə:

– Ara, sən kimdən kimə şikayət edirsən, hə...? Siz özünüz mənə vaxtilə “Qafqazın qartalı” deyəndə, sən heç onda yada da düşmürdün.

– Sən Azərbaycanda təxribat törətmisən, türk müsəlmanları qırmısan, onların qanını axıtmısan. Sən Azərbaycan xalqının düşmənisən.

Şaumyan qəh-qəh çəkib gülür.

– Ara, nə yaman tez ayılmısız, hə... Elə ona görə də mənim adımı əbədiləşdirdiniz? Bir inqilabçı kimi, adıma küçədən tutmuş bölgəyə qədər, büstdən tutmuş, heykələ qədər qoydunuz.

Nərimanov əsəbiləşərək:

– Xeyir, bu zamanın tələbi idi. Biz buna məcbur idik. Yaxşı, əgər bu inqilab belə yaxşı şeydirsə, niyə bunu gedib öz xarabanda eləmirdin, gəlib mənim torpağımda edirdin?

Şaumyan:

– Çünki o zaman bizim torpağımız yox idi. Torpağı sizdən almalıydıq, aldıq da. Bir də, Nərimanov, yadında saxla, zaman insanlardan heç nə tələb etmir, zamanın dili ağızı yoxdur. Əksinə, insanlar özləri zamandan tələbkardırlar. Bir iş görüb, əgər yaxşı alınarsa, o insanın adı əbədiləşir. Yox əgər səhv olarsa, o səhvi zamanın boynuna qoyuruq. Əsl vətəndaş zamanın tələbi ilə işləməz, zamanın tələbinə qulaq asmaz. Zamanın tələbinə qulaq asmaq insanı ikiüzlü edir. Əsl vətəndaş zamanın yox, millətinin tələbinə qulaq asmalıdır. Mən həmişə millətimin tələbinə qulaq asmışam. Mənim millətim həmişə vətən deyib, millət deyib. Sənin millətin isə, həmişə internasionalizm deyib...

Almaz Yıldırım isə Moskvada səfirdir. Hərdən bir oturduğu otağın pərdəsini aralayıb, pəncərədən bayıra baxıb onu görməsinlər deyə tez də geri çəkilir. Hərdən də uzaqdan görünən Kremlə baxıb: “Tanrı belə peşmandır sizi yaratdığına” deyir. Xəcalətindən, uzaq Rusiyanın bazarlarında başıqırxıqlar tərəfindən milçək kimi qırılanların, döyülüb şikəst olub ona pənah gətirənlərin üzünə baxa bilmir. Göz yaşları ilə deyir:

 

Azərbaycan, mənim eşsiz yurdum oy,

Ölməz eşqim, içimdəki dərdim oy...

 

...Azərbaycan, mənim

bəxtsiz anam oy,

Neçə ildir həsrətində yanam oy...

 

...Azərbaycan, mənim tacım,

taxtım, oy,

Oyanmazmı kor olası baxtım oy...

 

Bəxtiyar Vahabzadə isə Birləşmiş Millətlər Təşkilatı Avropa bölməsinin Cenevrə şəhərindəki bölməsində səfir, daimi nümayəndədir. Tribunadan çıxış edir. Vaxtilə mənim çığıra-çığıra çıxışlar etdiyim, dünyanın o ən mötəbər kürsüsündədir. (Artıq bu kürsünün elə bir sən deyən nə mötəbərliyi qalıb, nə səlahiyyəti, nə də ki, hörməti). Əlini havaya qaldıraraq əsəbiliklə tribunadan aşağı oturan, həmişə birini yandırıb, lap belə cızdağını çıxardıb o birinin üstünə isə su səpib sərinlədən diplomatları barmağı ilə hədələyir. Bunların içində həmişə ayağını ayağının üstünə aşıraraq ətrafı laqeydliklə süzərək mənə nifrət edən, yeri oldu ya olmadı həmişə Ermənistana dəstək verib vaxtilə mənimlə mənasız mübahisələr edən Fransanın daimi nümayəndəsi, “dovşana qaç, tazıya tut” deyən Amerikanın nümayəndəsi, əvvəllər yenə də hərdən bir utanan bu gün isə artıq heç nəyi vecinə almayıb, heç nədən və heç kimdən ehtiyat etməyib Ermənistanla açıq aydın aşiq-məşuq olmuş, ona istədiyi vaxt külli miqdarda silah, pul yardımı edən Rusiyanın daimi nümayəndəsi, mənim çıxışlarıma vaxtilə yerindən yersiz və mənasız replikalar atan Yunanıstanın daimi nümayəndəsi, həmişə, hər yerdə Azərbaycana qarşı öz etirazını edən, adı müsəlman olub özü isə hansı məzhəbə qulluq etdiyi bilinməyən Suriyanın daimi nümayəndəsi, tribunaya çıxıb ağzımı açmağa macal tapmamış öz iyrənc, murdar təmkini ilə yerindən durub asta-asta zalı tərk edən, mənimlə üz-üzə gəlməkdən çəkinən, hər dəfə məni görəndə “namazımın vaxtı keçir” deyən, hər dəfə erməni səfirini görən kimi əl açıb üstünə cuman, sanki itmiş qardaşını görüb ağız-ağıza marça-marçla öpüşən həyat yoldaşı erməni olan xəstə və iyrənc görkəmli İranın daimi nümayəndəsi də burdadır. Bəxtiyar Vahabzadə üzünü onlara tutaraq hədələyir:

– “Allah heç bir vaxt buynuzsuz qoçun hayıfını buynuzlu qoçda qoymayıb” – deyir. Vallah

 

“Bir vaxt ağlayacaqsız

gülə bildiyiz qədər

Bir vaxt boşalacaqsız dola

bildiyiz qədər

Siz bir vaxt qusacaqsız

yeyə bildiyiz qədər

Siz bir vaxt çəkəcəksiz

bizə çəkdiyiz qədər

Hər şeyi qaytaracaqsız ala

bildiyiz qədər” – deyir.

 

Sonra üzünü mənə tutaraq:

– Ay oğul sən bunların içində vaxtilə necə baş girləmisən, necə işləmisən? Axı bunlar hamısı sənin düşmənlərindi ki... Sən də sakitcə elə başqaları kimi başını aşağı salıb oturub işləyə bilərdin. Heç kim də sənə heç nə deməzdi. Amma burada hər şeyi başa düşəndən sonra anlayıb dərk edəndən sonra işləmək çətin olur. Sən axı mənim oğlumsan.

Ona tərəf qaçıb bu arıq, bu hikkəli, bu əsəbi dilində də ömrü boyu millət kəlməsi olan elə məni də bu sağalmaz, eyni zamanda bu şirin, bu xoş xəstəliyə yoluxduran mənim üçün bu dünyada ən müqəddəs olan bu vücudu bağrıma basıb qucaqlamaq istəyirəm. İstəyirəm deyəm ki, sənə nə deyim ay dədə, məni bu dərdə salan yerdə... Bir də istəyirəm deyim ki, məni bu dünyada tək bircə sən başa düşmüsən, ay ata. Heç kim məni səninki qədər başa düşməyib, anlamayıb. Bunlar vaxtilə ağzımı açan kimi həmişə ən zəhləm getdiyim o “reqlamentdən kənara çıxmayın”, və yaxud da “sizin qaldırdığınız bu məsələnin bugünkü iclasa aidliyi yoxdur. Siz mətləbə keçin” – deyirdilər. (A kişi, nə mətləb, mənim torpağım işğal olunub, millətim pərən-pərən düşüb” və sairə və sairə). Sənin oğlunam, ay Ata. Dilimi dinc qoymurdum. Doğrudur təklənirdim, amma öz sözümü də deyirdim, qabaqdan qaçmırdım. Ermənistanı isə həmişə müdafiə edirdilər. Heç erməni nümayəndəsi ağzını açmamış onun yerinə bu dəyyuslar bir-birlərinin sözünü kəsərək müdafiəsinə qalxırdılar. Vallah bu dünyada haqq-ədalət yoxdur, ay ata.

Atam mənə baxaraq:

– Ay haqq-ədalət dəlisi, bilirəm, hər şeyi bilirəm. Bilirəm ki, sənə çətin olub, bunların içində sözünü yeritmək müşkül məsələdir. Amma nə eləmək olar, özün seçdiyin yoldur. Dilində həmişə millət kəlməsi olsun, vətən kəlməsi olsun. Əqidəni də heç vaxt, heç nəyə dəyişmə. Çox da dünya fırlanır...

Birdən xəyaldan ayıldım. Bütün bu yazarlar, millət deyib, dad döyüb qışqıranlar yavaş-yavaş duman kimi gözlərim qarşısından çəkildilər. Nədənsə birdən yadıma Mirzadə Eşqinin bir şeiri düşdü:

 

Bizim bu millətin işi əvvəldən

Yamanca əcayib-qərayib olmuş.

Bəzən bir iynənin gözündən keçir,

Bəzən darvazadan keçə bilmirik.

 

Axı görəsən niyə?...

Kişinyov-Minsk 2011

 

 

İsfəndiyar VAHABZADƏ

 

525-ci qəzet.- 2011.- 30 iyul.- S. 26-27.