Dərin zəka, dönməz əqidə

Mahmud Qocayevin XX əsrin görkəmli ixtiraçı alimi Saleh Balay oğlu Qocayevin şərəfli ömür yoluna həsr etdiyi kitab qarşımdadır. Bu böyük şəxsiyyəti yaxından tanıyan adam kimi cəsarətlə deyə bilərəm ki, belə insanlar əsrlər boyu tək-tək yaranır.

O, XX əsrin birinci yarısının çox mürəkkəb, gərgin mübarizələrində yetişib partiya rəhbəri, xalq komissarı, Zaqafqaziya Federasiyası İcraiyyə Komitəsinin üzvü, Respublika Nazirlər Soveti sədrinin müavini, Ali Sovetin üzvü kimi yüksək vəzifələr tutsa da onu təkcə vəzifə daşıyıcısı kimi tanımaq insafsızlıq olardı. Mən onu o dövrün S.Orconikidze, S.M.Kirov, M.C.Bağırov kimi böyük iqtidar sahibləri qarşısında baş əyməyən, ən çətin anlarda belə öz şəxsiyyətini qoruyub saxlamağı bacaran çox nadir insan övladının parlaq obrazı kimi təqdim edərdim. Kitabda onun Azərbaycana rəhbərlik edən S.M.Kirovla telefon danışığında böyük cəsarət nümayiş etdirərək onu üstələyən, M.C.Bağırovun onu daxili işlər naziri postuna göndərmək təşəbbüsünü tutarlı dəlillər əsasında qətiyyətlə rədd edib, hətta bunun Stalinlə razılaşdırıldığını xatırladarkən belə öz iradəsindən dönməyən bir şəxsiyyət kimi tarixi faktlardan bəhs olunsa da bunlar əfsanəvi şəxsiyyətin ömür yolunun çox xırda detallarıdır. Orada qeyd olunmayan və mənə məlum bir maraqlı epizodu da qeyd etsəm, elə bilirəm yerinə düşər. Bütün ömrü boyu spirtli içkini yaxın buraxmayan Saleh Qocayevi buna məcbur etmək fikrinə düşən Zaqafqaziya seyminin rəhbərləri bunun üçün S.Orconkidze faktorundan istifadə etmək istəyirlər. Stalinin şərəfinə tost deyib hamı əlində badə ayağa qalxarkən S.Qocayev yerindən tərpənmir. Gürcü dostları onu S.Orconikidzeyə göstərir və o, S.Qocayevə niyə sağlığa qoşulmadığını xatırladarkən o, Yoldaş Serqo (ona belə müraciət olunurdu), onlar məni yox, Sizi şantaj edirlər, xahiş edirəm, belə provakasiyaya getməyəsiniz. Mən heç vaxt içki içməmişəm və kimin sağlığından asılı olmayaraq içməyəcəyəm dedikdə Serqo da onun qarşısından geri çəkilməli olur. Bəs nə idi bu adamda öz şəxsiyyətini uca tutub onu ən çətin anlarda belə qoruya bilmək qüdrətinin sirri? Bu sirr onun qeyri-adi təmizliyilə yanaşı, həm də daşıdığı vəzifələri ən yüksək səviyyədə icra etməyində davranışında ən xırda naqisliyə belə yol verməmək bacarığında idi.

Onun 20 ilə yaxın bir zaman kəsiyində rəhbərlik etdiyi Azərbaycan Neft və Kimya İnstitutu təkcə respublikada deyil, bütün SSRİ məkanında ən məşhur, adlı-sanlı ali təhsil ocaqlarından sayılırdı. Həmin institutun məzunu olan yüzlərlə görkəmli alimlər, mütəxəssislər, dövlət xadimləri bu şöhrətin səbəblərini birmənalı olaraq Saleh Qocayev şəxsiyyətilə bağlayırlar. İnstitutun elm və təhsil sahəsindəki şöhrəti öz yerində, Saleh Qocayev faktoru orada təhsil alan minlərlə gəncin şəxsiyyət kimi formalaşmasında da çox böyük rol oynayıb. Mən həmin institutun məzunu olub sonralar yüksək vəzifə tutan, elm fədaisi olan neçə-neçə adamla ünsiyyət zamanı dönə-dönə eşidirdim ki, onların yetişib formalaşmasında Saleh Qocayev fenomeni necə böyük rol oynayıb. Onun qeyri-adi tələbkarlığı və qayğısı, yaratdığı dəmir intizam, ən xırda nöqsana belə dözümsüzlük ətrafına böyük təsir göstərirdi. Onun zamanında tələbə olan görkəmli akademik Mitət Abbasov onun haqqında danışarkən bir məqamı xüsusi olaraq qeyd edir: Böyük tənəffüsdə bir qayda olaraq dəhlizə çıxıb tələbələrlə söhbət edərdi. Hər birinin nəinki təkcə özünün, valideynlərinin də güzəranından xəbər tutar, atalıq qayğısı göstərər, təhsildə və məişətdə nə kimi çətinlikləri olduğu ilə maraqlanar, tövsiyələr verərdi. Bir dəfə ünsiyyətdə olduğu tələbəni heç vaxt yaddan çıxarmazdı. O qədər sadə davranışı olardı ki, heç kəs bu ünsiyyətdən yayınmağa çalışmazdı. İnstitutun elə bir müəllimi olmazdı ki, onun nəzarət və tələbkarlığından yayınıb kiməsə güzəştə getsin və ya ədalətsizlik etsin, obyektivlikdən uzaq olsun. Dünya şöhrətli alim, böyük Lütfi Zadənin elmi varisi Rafiq Əliyev onun ixtiraları barədə danışarkən qeyd edir ki, İnstitutun bir mərtəbəsi başdan-başa onun ixtiralarının sınaq laboratoriyalarına çevrilmişdi. Xüsusi istedadı olan tələbələrin bu işə cəlb edilməsi və sonralar onların da böyük ixtiraçı alim kimi yetişməsində bunun böyük rolu olmuşdur. Biz belə bir şəxsiyyətin rəhbərlik etdiyi institutda oxumağımızla qürur duyurduq.

Kitabda Saleh Qocayev şəxsiyyətinin Mehdi Hüseyn, Manaf Süleymanov kimi görkəmli yazıçıların yaradıcılığında özünə yer tapması qeyd olunur.

İnstitutun məzunu, sonra da müəllimi olan xalq yazıçısı Manaf Süleymanov Saleh Qocayevin timsalında bütöv şəxsiyyət obrazının tipik nümunəsini yaradıb. Bu məqsədlə ona ithaf etdiyi və bu kitabda da yer alan insani keyfiyyətlər xüsusilə cəlbedicidir. Burada işlənən söz və ifadələrə diqqəti cəlb etmək istəyirəm: Boy-buxun, ağıllı sima, qeyri-adi ciddiyyət, asta və mülayim danışıqla insanları özünə bağlaması, qısa cümlələrlə danışması, heç bir vəd vermədən mümkün olan hər şeyi etməsi, adamların gözlərinin içinə baxaraq ürəklərini oxuması, sözü hər kəsin üzünə deməsi, heç kəsdən çəkinməməsi, adi adamlara xüsusi diqqət göstərməsi heç kəsə güzəşt etməməsi, qayda-qanunun pozulması üstündə məşhur professorları belə cəzalandırması və s.

Əsl insan üçün xarakterik olan belə keyfiyyətlərə görə digər klassik yazıçımız Mehdi Hüseyn 1959-cu ildə Saleh Qocayev şəxsiyyətinə həsr etdiyi Qabar hekayəsində onun həyatını Yüksək əyarlı ömür yolu adlandırmışdı.

Son illərdə heç bir dəyərli iz qoymayan adamlar haqqında yazılan əksər kitablardan fərqli olaraq bu kitabda Saleh Qocayev şəxsiyyətini zirvəyə qaldıran onlarca ixtiralarına dair çox qiymətli sənədlərin yer tapması bu əsəri xüsusilə fərqləndirir.

Bu ixtiraların ölkəmizə və xalqımıza faydası, İkinci Dünya savaşındakı qələbəmizdə oynadığı böyük rolu danılmazdır.

Onun təkcə bir ixtirasını SBQ-8 qazma aqreqatını nümunə gətirək. Ona verilən rəyləri oxuyarkən belə bir qənaətə gəlirsən ki, əgər bu qazma dəzgahı olmasaydı, İkinci Dünya Müharibəsində qələbəmizdə başlıca rolu olan neft istehsalatındakı böyük nailiyyətlər də ola bilməzdi.

Onun ixtiraları təkcə neft istehsalı ilə məhdudlaşmır, xalq təsərrüfatının ən müxtəlif sahələrinə, eləcə də hərbi sənayeyə dair onlarca ixtirası böyük şöhrət qazanır.

Hərbi ixtiraları sırasında onun 82 MM avtomatik minomyotunun məşhur Katyuşa ilə müqayisə edilməsi, müharibənin ilk ilindəsə, 1941-ci ilin 15 dekabrında kəşfi olan Çoxlüləli minomyotuna dair Qızıl Ordu Qərargahının ixtiralar şöbəsi tərəfindən verilmiş çox qiymətli rəyi oxuyarkən qürur hissi keçirməmək mümkün deyildir. Saleh Qocayev ixtiralarının kitabda verilmiş böyük siyahısına nəzər salıb qeyri-ixtiyari düşünməli olursan ki, bu fəaliyyət bir insan ömrünə necə sığışa bilib.

Kitabın son Haqqı görən bir haqq var fəsli də böyük maraq doğurur. Burada xüsusi dövlət statusu ilə 300 il fəaliyyət göstərən İlisu sultanlığı, onun Əhməd xan, Əlisultan, Danyal bəy kimi məşhur simalarının Qafqazda milli azadlıq hərəkatının böyük mücahidləri İmam Qazi Məhəmmədin, Şeyx Şamilin xatırladılması da təsadüfi deyildir. Müəllifin Saleh Qocayev fenomeni ilə bu böyük şəxsiyyətləri əlaqələndirməsi elə bilirəm ki, tamamilə məqsədəuyğundur.

 

 

Sadıq MURTUZAYEV

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2011.- 7 iyun.- S.4.