“...yazarın əlini öpmək lazımdır.”

 

Pərvinin həmsöhbəti gənc yazar Cavid Zeynallıdır

 

Pərvin: Cavid, adətən, jurnalistlər müsahibin qorxduğu sualları tapmağa çalışırlar. İndi yadıma düşür, biz Aztv-yə çəkilişə gedəndə sən demişdin ki, şablon suallardan qorxursan. Ona görə qəsdən soruşuram: Gözəllik sənin üçün nədir?

Cavid: Belə suallardan həqiqətən qorxuram və mümkün qədər uzaq durmağa çalışıram. Amma sənə bir sirr açım: göz yaşları dizə çıxan bəzi televiziya verilişlərində bu tip suallara əhatəli, uzun-uzadı cavablar verən elə istedadsız sənətçilər gömüşəm ki, hətta ürəyimdə onlara qibtə hissi yaranıb. İnanıram ki, növbəti sualında sevgiylə nifrətin fərqini soruşmayacaqsan.(gülür) Gözəlliyə münasibətim fərqli məqamlarda müxtəlif cür ola bilər. Məsələn, şedevr bir filmə baxarkən aldığım zövqü bircə saat sonra dilənçi qız uşağının işıqlı gözlərindən, qurbağa qurultusundan, dondurma yeyən balacanın sevincindən, iştahından ala bilərəm. Belə deyim, könlümü oxşayan, sinəmə yatan, ürəyimin sarı siminə toxunan nə varsa, mənim aləmimdə gözəllikdir. Ədəbiyyatın gözəlliyindən danışsam, əlbəttə, sənin tərəfində olduğun estetizm, tərbiyəvi məsələlər vacibdir. Amma eyni zamanda qəbul etmirəm ki, gözəllik, əxlaq adı altında ədəbiyyatı vasitəyə çevirib onun adından fitva versinlər, istifadə etməyə çalışsınlar. Nə qədər şablon səslənsə də, bu həqiqətdir: ədəbiyyat insanı mənən kamilləşdirməli, ürəyini sevgiylə, sevincə doldurmalıdır. Bunun üçün hətta vulqarlıqdan vasitə kimi istifadə etmək olar. İndi, müasir ədəbiyyatın tələbləri, istiqaməti dəyişib bir az.

Pərvin: Demək istəyirsən ki, müasir ədəbiyyatda gözəllik arxa plana keçib?

Cavid: Bilirsən, çağdaş yazar psixoloji məqamları, xarakterləri açmağa çalışarkən, artıq estetizm ikinci plana keçməyə məhkum olur. Xalid Hüseyninin “Çərpələng uçuran” romanıında Əmirin atası Taliblərə ütün münasibətini bircə cümləylə ifadə edir və oxucu başa düşür ki, “onlar bizim qarı düşmənimizdir, oğlum” kimi boşboğazlıq etməyə ehtiyac yoxdur. Yaxud, Asif adlı vəhşinin həzaralara alçaldıcı münasibətini ifadə edən vulqar cümlələri götürək. Amma bu əsərin dəyərinə qətiyyən kölgə salmır. Şərif Ağayarın “Estafet” və “Xürrəm” adlı iki gözəl hekayəsi var. Birincidə ideyanı çatdırmaq üçün Şərif qeyri-estetik təsvirdən qorxmur və peşəkar kimi anlayır ki, burda başqa heç bir priyom işləmir. Bundan qaçmaq artıq ədəbiyyatın bitdiyi yerdir. İkincidə isə bu daha çox vasitə rolunu oynayır. İndi ədəbiyyatın ən yaralı yeri oxucu qıtlığıdır. Nə qədər ziddiyyətli olsa da, məncə, müasir oxucunu maraqlandıran bir əsər yazmaq xatirinə bəzi estetik dəyərləri ikinci dərəcəyə keçirmək olar. Fikir vermisənsə, bu son vaxtlar teatr tamaşalarında da özünü göstərir.

Pərvin: Müasir oxucunun tələblərindən danışırsan. Bəs sən özünü müasir oxucu hesab edirsən? Məsələn, hansısa əsəri oxuyanda sənin üçün gözəl sözdən estetik zövq almaq vacib deyil?

Cavid: Əsərdə standart, şablon gözəllik verilirsə, mənə o lazım deyil. Məsələn, sən 2011-ci ildə “bülbülünəm, gülüm sənsən” misrasıyla başlayan şeir oxuyarsan? Yaxud təsəvvür et ki, romanın birinci abzası belədir: “Qar yağmışdı. Təbiətin gözəlliyi insanı valeh edib qəlbin əlçatmaz, ünyetməz guşələrini riqqətə gətirir, həyat eşqini alovlandırırdı. Qarşıda məni onsuz yaşaya bilməyəcəyimi anlayan sevgilimlə görüş gözləyirdi”. Kim deyə bilər ki, gül, bülbül, qar gözəl deyil? Amma bu şəkildə yazmaq kimə lazımdı? Əsərdə müəllifin saxtalığını, qeyri-səmimiliyini hiss etdimsə, beş səhifədən artıq oxuya bilmirəm. Ola bilər ki, yazar hər hansı səhnəni vulqar təsvir etsin, amma bunu situasiya özü doğursa, peşəkar şəkildədirsə, deməli, gözəldir, yazarın əlini öpmək lazımdır. Vay o günə ki, burda pafos, plakatçılıq olsun.

Pərvin: Pafosdan uzaq olmağın yeganə yolu həyatın eybəcərliklərini, çirkinliklərini vulqarizmlərlə təsvir etməkdir?   Məgər estetik dildə, amma pafossuz yazmaq olmur?

Cavid: Olur, əlbəttə, olur. Vətən haqqında minlərlə boğazdan yuxarı, qışqır-bağırlı şeirlər, hekayələr yazılıb. Oxuyanda adamın əti ürpəşir. Amma Qulu Ağsəsin Ağdam və Şuşa haqqındakı yazıları adamın içini darmadağın edir, kövrəlməmək olmur. Qulunun az qala pıçıldadığı o yazılar torpaqları itirməyin faciəsini bütün miqyası ilə adama anladır. Fərq bax bundadır. Yenə deyirəm, obrazın psixoloji durumu və situasiya bunu tələb edirsə, qorxmaq lazım deyil. Çəkindinsə, deməli ədəbiyyat bitdi. Bu həm də yazıçının peşəkarlığından asılıdır. “Günəşi gözləyənlər”dəki xırda-para vulqar səhnələr və ifadələrə görə hətta üzümə “yaxşı əsərdir, amma oğluma verməyəcəm oxusun, tərbiyəsi pozular” deyənlər oldu. Təsəvvür et, oğlunun 27 yaşı var. Sözsüz ki, mən onun fikrini normal qarşıladım, sayğımı bildirdim. Çünki oxucumdur, bu sözün dəyəri mənim aləmimdə bir başqadır. Amma 25 yaşlı gəncin həyatını yazarkən, lazım olmayan yerdə qalstuklu cümlələr yazıb niyə içimə xəyanət etməliyəm? Həm də qəhrəmanımın həyatının bütün tərəflərini yazmağa çalışmışam.

Pərvin: Qəhrəmanından danışmışkən, bir məqamı soruşmaq istərdim. Mənim üçün romanda sual doğuran məsələlərdən biri Üzeyirin xaraktersizliyidir...

Cavid: Doğrudur. Mənim də məqsədim təzadlı xarakter yaratmaq olub. Həm də həyatın adamı necə dəyişməsini göstərmək istəmişəm. Bütün roman boyu qəhrəmanımın içində işıq var. Əqrəbi düşdüyü bəlanın cəngindən qurtaracağına inanır. Kiməsə təmənnasız yaxşılıq etmək, özünü oda-közə vurmaq gözəllik deyilmi?

Pərvin: Məncə, Üzeyirin təkcə xarakteri yox, həm də hissləri də təzadlıdı... Əsərin sonuna kimi bəlli olmur, Əqrəbi sevdiyinə görə xilas etmək istəyirdi, ya sadəcə yazığı gəlirdi...

Cavid: Məqsədim təmənnasızlığı, insan ürəyinin nəyə qadir olduğunu göstərmək olub. Yəni bir adama kömək etmək üçün mütləq hansısa ciddi səbəbə ehtiyac olmaması... Amma dediyin təzadlı hisslər getdikcə öz yerini alır. Belə deyək, Üzeyir əsərin sonuna doğru kamilləşir.

Pərvin: Söhbətimizin ortasında əsərin sonundan danışmaq bəlkə də yersizdir. Amma sondakı səhnə xeyli düşündürmüşdü məni. Sonda Üzeyir Nərminin ağlamasını düşünəndə başını qaldırıb bunun yağış olduğunu görür. Məndə elə fikir yarandı ki, burda qadınların ruhsuzluğunu, yaxşılıq bilməməsini simvolik olaraq təsvir etmisən.

Cavid: Maraqlıdır. Bu haqda heç vaxt fikirləşməmişəm. Əslində, fərqli fikirlərin yaranması məni sevindirir. Dediyin epizodda yağışın yağmasını göylərin xeyir-duası anlamında verməyə çalışmışam. Amma sənin qənaətin də orijinaldır. Romanın sonunda Əqrəbin əsl adının Nərmin olmasını ön sözdə Əsəd Cahangir özünəməxsus şəkildə izah edib və bu mənim çox xoşuma gəlmişdi. Həm də etiraf edim ki, onun gəldiyi qənaəti ağlımın ucundan da keçirməmişdim.

Pərvin: Cavid, deyirsən ki, romanda müasir gənc obrazı yaratmaq istəmisən. Amma müasir gəncin qızı xilas etmək üçün çıxış yolu kimi şamanizmi seçməsi təəccüblüdür. Mənə elə gəldi ki, sən öz əsərinlə oxucuya hansısa informasiya vermək istəmisən. Sadəcə mövzu şamanizmi seçmisən...

Cavid: Təbii ki, Üzeyir qızın bədənindən ruhu çıxarmaq üçün müxtəlif yollar axtara bilərdi. Məsələn, ekstrasenslərə müraciət... Müasir romanın oxucuya informasiya verməli olduğu fikri ilə razıyam. Mənim məqsədim həm də bu olub. Romanın əlyazmasını oxuyandan sonra Qismət zəng edib iradını bildirdi ki, Şamanizm haqqında bu qədər informasiya yazmağa nə ehtiyac var? Sadəcə bu barədə müəyyən bilgilərim olduğundan Əqrəbin ruhdan azad olması üçün məhz bu vasitəni seçdim. Əsas oxucunu kitaba bağlamaq, maraqlandırmaqdır. Mən əsərin hər səhifəsində bunu düşünmüşəm ki, oxucu nədən bezə bilər, nə ona maraqlı olar...

Pərvin: Səncə, alınıb? Maraqlandıra bilmisən oxucunu?

Cavid: Məcbur edirsən ki, özümü tərifləyim (gülür) Bir şeyi bilirəm, romanın ilk on səhifəsini dişinə vuran adam onu sona kimi mütləq oxumalıdır. İstəyim də məhz bu idi: kitab oxumaq vərdişi olmayan adamı buna məcbur etmək, romanı oxutdurmaq.

Pərvin: Bilirsən, mənə elə gəlir ki, oxucuya münasibətim özümdən böyük adama münasibətimə bənzəyir. Yəni, hədsiz hörmət bəsləyirəm, sərhədləri gözləyirəm. Və ən əsası onunla ürəyim istəyən kimi danışa bilmərəm. Amma sən romanda oxucuna hətta “inanmırsan, cəhənnəmə inan” deməkdən çəkinmirsən. Səncə bu sağlam münasibətdir? Ümumiyyətlə, sənin üçün oxucu kimdir?

Cavid: Oxucu fikrinə hörmətlə yanaşmaq yazarın borcudur. Bütün yazarların oxucu reaksiyasına böyük ehtiyacı var və bu olmayanda, özü-özünü tərifləməyə başlayır. Ən dəhşətlisi və dözülməzi budur. Hətta aqressiv oxucu səni sərt tənqid etsə, istehza ilə yazmamağını məsləhət görsə belə, için rahatdırsa, istedadına güvənirsənsə, deməli, onun düşüncəsinə sayğıyla yanaşmalısan. Amma oxucuyla ürəyin istəyən kimi danışa bilməməyini anlamıram? Hətta Orxan Pamuk hərdən-hərdən oxucuya əlinin tamını dadızdırmağı, yəni tutarlı bir şapalaq çəkib onu diksindirməyi məsləhət görür. Əlbəttə, bu obrazlı deyimdir və yaxşı mətn yazmağı nəzərdə tutur. “İnanmırsan, cəhənnəmə inan” ifadəsi Üzeyirin dilindən verilir. Diqqət etmisənsə, ən çətin situasiyada, əsəblərin tarıma çəkildiyi vaxta bu sözü deyir. Özünüsığorta kimi çıxmasın, bu həm də oxucunu qıcıqlandırmaq üçün bir priyomdur.

Pərvin: Üzeyirə arzuların...

Cavid: İçindəki böyük sevgini, işığı itirməsin. Belə adamlara hər kəsin ehtiyacı var.

Pərvin: Mənə arzun...

Cavid: Doğmaların yolunu Günəş kimi gözləsinlər...

 

 

525-ci qəzet.- 2011.- 11 iyun.- S.21.