Təhsil Nazirliyində bioetika elminin əsasları müzakirə olunub

  

Dünən Təhsil Nazirliyində bioetika elminin əsaslarına həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkədə tamamilə yeni elmi istiqamət olan “bioetika və tibbi hüquq” inkişaf etdirilməlidir. Bu fənn həm tibbi, həm də hüquqi fakültələrdə məcburi tədris olunmalıdır. Məhz bu iki ixtisasın qovuşuğunda yeni elmi istiqamətin inkişafına nail olmaq olar. Bu yeni istiqamət bizim ölkəmiz üçün yeni olsa da, dünyada isə çoxdan mövcuddur: “Ölkədə vəkilliyin xüsusilə, tibbi hüquq sahəsindəki inkişafı vətəndaşların hüquqlarını səhiyyə sistemində də peşəkarcasına və keyfiyyətli müdafiə etməyə qadir olan yeni mütəxəssislər nəslinin yaranmasına imkan verir. Bu prosesin başlanğıcı 2010-cu ilin əvvəllərində AMEA-nın İnsan Hüquqları İnstitutu və YUNESKO-nun Beynəlxalq Bioetika Kafedralar Şəbəkəsinin Azərbaycan Bürosu ilə birlikdə qoyulub. “Bioetika və tibb hüquq” elmi ixtisaslarının yaradılması və qeydiyyatı, tədris vəsaitlərinin hazırlanması, eləcə də YUNESKO-nun təlim materiallarının Azərbaycan dilinə tərcüməsi, həm müəllimlər üçün, həm də ölkənin ali məktəblərindən birinin yuxarı kurs tələbələri üçün treninqlərin keçirilməsi planlaşdırılır”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun “Bioetika və tibbi hüquq” şöbəsinin müdiri, YUNESKO-nun Beynəlxalq Bioetika Kafedralar Şəbəkəsinin Azərbaycan Bürosunun rəhbəri Vüqar Məmmədov bildirib ki, 1993-cü ildən etibarən bioetika BMT-nin elm, təhsil və mədəniyyət məsələləri ilə məşğul olan strukturlarının, YUNESKO-nun fəaliyyətinin prioritet istiqamətinə çevrilib. Son 20 il ərzində qəbul edilən çoxsaylı beynəlxalq sənədlər və BMT Konvensiyaları sübut edir ki, biologiya elmlərinin nailiyyətlərinin tətbiqi şəxsiyyətin və bütövlükdə bəşəriyyətin sağlamlığının qorunmasına və iztirablarının yüngülləşdirilməsinə xidmət etməli, biologiya elmləri sahəsində elmi-texniki tərəqqinin genişləndirilməsi isə insan hüquqlarının qorunmasını və hamının rifahını təmin edə biləcək şəkildə həyata keçirilməlidir: “Bundan başqa, insan ləyaqətinə zidd olan gen mühəndisliyi metodlarından istifadəni qadağan edən tədbirlər görülməsinin zəruriliyinə də xüsusi diqqət yetirilir. Yuxarıda deyilənlərdən aydın olur ki, bioetika əsas insan hüquqlarının – yaşamaq və sağlamlıq hüququnun müdafiəsi məqsədilə öz həllini tələb edən etik və hüquqi xarakterli problemləri əhatə edən müasir elmin aktual və mühüm istiqamətlərindəndir. Ona görə də mövzunun aktuallığı şübhə doğurmur. Lakin qeyd etmək lazımdır ki, qanunun adına yanaşmada yanlışlıq var. Bir qanun, yaxud qanunvericilik aktı bütün bioetik məsələləri tam əhatə edə bilməz və ona görə də bu cür adlandırılmamalıdır”. V.Məmmədov bildirib ki, hər bir dövr onun yalnız özünə xas olan problemlər doğurur. Sürətli elmi-texniki tərəqqi insanın bu tərəqqinin mənfi nəticələrindən müdafiəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi zərurətini ortaya qoyur. Hələ təxminən yüz il bundan öncə yalnız fantastik mövzuda yazan yazıçılar ərzaq qıtlığının genetik modifikasiya olunmuş məhsullar hesabına aradan qaldırılmasının, həyatın donor orqanların köçürülməsi nəticəsində uzadılmasının, eləcə də klonlaşdırma yolu ilə “əbədiliyin” təmin olunmasının, süni intellektin yaradılmasının, surroqat analığın və sair mümkünlüyü haqqında danışırdılar: “Son onilliklərdə gen mühəndisliyinin, biotexnologiyaların və tibbi innovasiyaların inkişafı nəticəsində insan cəmiyyətinin bu yeniliklərə uyğunlaşmasının səbəb olduğu bir çox etik və hüquqi problemlər yaranıb. Hazırda biz bitki, həşərat və heyvan genlərinin cütləşdirilməsi yolu ilə əldə edilən, yüksək məhsuldarlıq və müxtəlif xəstəliklərə qarşı dözümlülüklə yanaşı, həm insan orqanizminə, həm də ətraf mühitə təsir baxımından tam gözlənilməz nəticələri olan çoxlu sayda genetik modifikasiya olunmuş ərzaq məhsullarına malikik”.

Millət vəkili Aytən Mustafayeva isə bildirib ki, alimlərin insanın genetik strukturuna müdaxilə etməsinin nə kimi nəticələri ola bilər? Bütün bu məsələlər mükəmməl təhlil, eləcə də onların həlli üçün təkcə elmi və etik deyil, həmçinin hüquqi münasibət tələb edir.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 11 iyun.- S.3.