BDU muzeyləri keçmişlə bugün arasında körpü kimi

 

Bəzən Yüksək texnologiyalar və internet dövründə muzeylər nə üçün lazımdır?, Muzeylərə yalnız məcburi şəkildə müəllimlərin rəhbərliyi altında getmişəm?- deyənlərin az olmadığını düşünsək bu reportajla onların sayını azaltmağa çalışacağıq.

Bəzi araşdırmalara görə, muzeylərə könüllü olaraq gedən şəxslər tarix və incəsənətlə maraqlanan, keçmişlərini unutmayan, Tanrı tərəfindən seçilmiş şəxslər tərəfindən yaradılanları görmək istəyən çox mədəniyyətli insanlar sayılırlar. Şəxsən mən belə bir insan olmaq istəyirəmmi? sualını özümüzə verək və Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən muzeylərindən yazını izləyək.

 

Heydər Əliyev muzeyi

 

Qapıları hamının üzünə açıq olan Heydər Əliyev muzeyində BDU-nun dünya şöhrətli məzunu, xalqımızın ümummilli lideri, bu ali təhsil ocağının fəxri doktoru və qayğıkeşi olmuş dahi şəxsiyyət barədə tarixi sənədlər və materiallar toplanmışdır. Həmin sənədlər universitetdə oxuyan hər bir tələbə üçün örnəkdir və son dərəcə böyük tərbiyəvi əhəmiyyətə malikdir.

Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam, deyən ümummilli liderimizin orta və ali məktəb məzunu olduğuna dair diplomunun surətinə baxırıq. Bütün tələblərin arzu etdikləri əla qiymətlər onu göstərir ki, tanınmış şəxsiyyət olmaq üçün, ilk növbədə, yaxış oxumaq, əlaçı olmaq lazımdır. Bir tələbədən dünya şöhrətli liderə qədər gedən yolu əks etdirən tarixi sənədlər, gənclərimiz üçün həyat amalı ola bilər. Bizimlə söhbətində muzeyin direktoru Zəkiyyə Kərimova da eyni məsələyə toxunur. Muzeyi ziyarət edən xarici qonaqların, müəllim və tələbələrin yüksək təəssürat və zövqlə ayrıldığını bildirir. Muzeyin xatirə kitabını vərəqləyirik. Dünyanın tanınmış ictimai, siyasi, elm və müxtəlif peşə sahiblərinin ulu öndərlə bağlı fikirlərini oxuyur və həqiqətən də azərbaycanlı olmağımızla fəxr edirik.

Lövhədə Tarix fakültəsinin tələbəsi Heydər Əliyevə tarixdən verdiyi imtahanda düşdüyü 14-cü biletin suallarına baxdıq:

1. Yemelyan Puqaçyovun başçılığı altında kəndlilərin müharibəsi,

2. Antantanın yaradılması,

3. Ölkənin sosialist sənayeləşdirilməsinin başlanğıcı.

Bu imtahandan əla qiymət aldığından əmin idik və bunu təsdiqləyən sənədli sübutu da gördük.

Ulu öndərimizin universitetin Tarix fakültəsinə daxil olmaq üçün Universitetin 1950-1954-cü illərdə rektoru olan C.Z.Hacıyevə gözəl xətlə yazdığı ərizəsi, qəbul imtahan vərəqəsi diqqətimizi cəlb etdi. Görəsən bizim ulu babamız hansı imtahanları vermiş və hansı qiymətlər almışdır:

1. SSRİ tarixi əla

2. Azərbaycan dili və ədəbiyyatı (yazılı) əla

3. Azərbaycan dili və ədəbiyyatı (şifahi) əla

4. Rus dili və ədəbiyyatı (yazılı) əla

5. Rus dili və ədəbiyyatı (şifahi) əla

6. Coğrafiya əla

7. Xarici dil (alman dili) yaxşı.

Məlum ki, o dövrdə Heydər Əliyevin onu tapşevat edən nə dayısı, nə də əmisi yox idi. Ulu öndərimizin həyatdakı nailiyyətlərinin yalnız öz fövqəladə çalışqanlığı nəticəsində əldə edildiyini göstərən sənədli sübutları saxlayan bu muzey ulu babamıza olan hörmət və sevgimizi daha da artırdı.

 

BDU-nun Tarixi muzeyi

 

1980-ci ildən fəaliyyətə başlayan BDU-nun tarixi muzeyi tələbələri universitetin keçdiyi tarixi inkişaf yolu ilə tanış etmək, onlarda mənəviyyat və vətənpərvərlik ruhunun inkişafı məqsədi ilə yaradılıb.

Muzeyin ekspozisiyalarında universitet təhsilinin beşiyində duran və adları bu qocaman elm və təhsil ocağı ilə bağlı olan görkəmli ictimai-siyasi xadimlər, alimlər haqqında sənədlər, foto və video materiallar yer almışdır.

Muzeydə, eləcə də, tanınmış dövlət və elm xadimləri tərəfindən Bakı Dövlət Universitetinə verilən hədiyyələr də var. Eksponatlar arasında qızıl heykəl diqqətimizi cəlb edir. Öyrənirik ki, heykəl Biologiya fakültəsinin Bitki fiziologiyası kafedrasının müdiri Neymət Qasımova Böyük Britaniyanın Kembric Universitetindən, Qasımovun dünyanın tanınmış 2000 adamı siyahısına düşməsi münasibətilə verilib.

Dəyərli eksponatlar arasında 1919-cu ildə qurulan Bakı Dövlət Universitetinin ilk nizamnaməsi, xeyli sayda nadir hədiyyələr və tarixi sənədlər, o cümlədən İhsan Dogramacının heykəli də yer almışdır. Tarix muzeyinin direktoru Sövdəyar Muradov doğma övladı kimi əzizlədiyi muzeyin hər bir eksponatının dəyərli, tarixi baxımdan əhəmiyyətli olduğunu xüsusilə vurğulayır.

 

Velosiped İdman muzeyi

 

Velosiped və Velosiped İdmanı Muzeyi 40 ilə yaxındır fəaliyyət göstərir. Velosiped muzeyinin yaradıcısı Ələddin Hacı Ağa oğlu Şabanovdur. BDU-da professor əvəzi vəzifəsində çalışır, pedaqoji elmlər namizədi, idman ustasıdır, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvüdür. Ələddin müəllim Velosiped yarışlarında dünya, Avropa çempionatlarında, super velomarafonlarda 50-dən artıq ölkələrdə Azərbaycanı təmsil edib. 1997-ci ildə Ekoloji təmizlik uğrunda mübarizə adlı marafonda Çernobıl kimi faciələrin qarşısını almaq məqsədi uğrunda mübarizədə Avropanın 27 ölkəsini, 144 şəhərini 6 ay müddətində qət edərək Vatikanda Roma papası Joann Pavel II tərəfindən mükafatlandırılıb. Vətənə qayıdan zaman ümummilli lider Heydər Əliyevə bu barədə hesabat edilib. Muzeyin səyyar sərgisi Milli Olimpiya Komitəsində prezident İlham Əliyevə göstərilib. Muzeyin qonaqları universitetin tələbələri, şəhərimizin sakinləri, məktəblilər, idmançılar, xarici qonaqlar və s-dir. Velosiped muzeyinin ekspozisiyaları günü-gündən artır, yeni materiallarla zənginləşir. Muzeyin rəy kitablarında dünya və Olimpiya çempionlarının, beynəlxalq velosiped idmanı üzrə rəhbərlərin, universitetə gələn qonaqların və bir çox şəxsiyyətlərin ürək sözləri ifa olunub.

 

Azərbaycanın Faydalı Qazıntılar muzeyi

 

Geologiya-coğrafiya fakültəsi yarandığı gündən (1943-cü ildə yaradılmışdır, 1991-ci ildə 2 müstəqil fakültəyə çevrilmişdir) etibarən M.Qaşqayın böyük fədakarlığı ilə çox eksponatlı faydalı qazıntılar muzeyi təşkil edilib. İlk dövrlərdə 500-ə yaxın eksponatı olan bu muzeydə hazırda muzey əşyalarının sayı 6000 vahidi keçib.

Muzeyin başlıca vəzifəsi ölkəmizdə indiyədək kəşf edilmiş yataqlardan əyani, elmi və mineraloji material toplamaq, elmi bilikləri təbliğ etmək və Azərbaycan geologiya elminin nailiyyətlərini geniş yaymaqdır.

Orijinal tematik strukturu olan Azərbaycanın faydalı qazıntıları muzeyi geologiya fakültəsinin kafedraları ilə təmasda işləyir.

Tələbələrin geologiya ixtisaslarına dərindən yiyələnməsi üçün muzeydə mineralogiya, kristalloqrafiya, petroqrafiya, faydalı qazıntılar və digər fənlər üzrə zəngin kolleksiyalar, tematik sərgilər və ekspozisiyalar təşkil edilir.

Muzeydə 1997-ci ildən akademik M.Əliyev adına kabinet fəaliyyət göstərir. Kabinet alimin şəxsi kitabları hesabına zəngin kitabxana fondu ilə təmin edilmişdir. Muzeyin direktoru Dilarə Ələsgərovadır.

 

Təkamül-Təlimi muzeyi

 

BDU-nun biologiya fakültəsinin ilk məzunlarından sayılan biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Mirəli Axundov 1937-ci ildə Respublikamızda ilk dəfə olaraq genetika kafedrası təşkil etmiş və ömrünün son illərinədək həmin kafedraya rəhbərlik etmişdir. Respublikamızda biologiya elmi biliklərinin yayılmasında Mirəli Axundovun xidmətləri əvəzsizdir. O, Respublikamızda yeganə olan təkamül-təlimi tədris muzeyinin yaradıcısıdır. Onun təşəbbüskarlığı ilə yaradılan muzeyin əsas məqsədi üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Muzeydə təkamülü sübut edən embrioloji və paleontoloji dəlillərə, müqayisəli-anatomiya dəlilərinə və digər materiallara istinad edilir.

Zaqafqaziyada yeganə təkamül-təlimi muzeyi vəhşi heyvanların yaşadığı nağıl aləmini xatırladır. Heyvan müqəvvaları, elə bil ki, canlı idilər və onların gözləri burada illər boyu bir vəziyyətdə durmaqdan yorulduqlarını deyirdi. Şüşə arxasında dişlərini qıcırdadan pələngi görəndə isə, bir an, üstümüzə hücum edəcəyindən qorxduq.

Hazırda muzeyə rəhbərlik edən Səidə Cəfərova bu pələngin 40 ildən artıqdır ki, burada saxlandığını dedi. Sən demə, bu pələng vaxtilə zooparkdan qaçıbmış. Sonradan o Daxili İşlər Nazirliyinin işçiləri tərəfindən tutularaq universitetə təqdim olunub. Həmin dövrdə burada işləyən alman araşdırmacısı Reyj Vilqelm Qermonoviç tərəfindən müqəvva edilərək saxlanılıb.

Diqqətimizi cəlb edən ikibaşlı quzunun, vaxtilə tələbələr tərəfindən Abşeronda tapılıb universitetə gətirilərək müqəvva edildiyini öyrəndik. Heyvanlar müqəvvaları arasında hətta uzaq Antarktidadan gətirilən pinqvin da var idi.

Muzeydə şüşə qablarda insan, donuz və siçovul embrionlarının müxtəlif inkişaf mərhələlərini əks etdirən eksponatlar da saxlanılır.

Belə... Bakı Dövlət Universitetinin muzeylərində gördüyümüzü sizlərə, dəyərli oxuyucularımıza çatdırmağa çalışdıq. Lakin, necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 18 iyun.- S.15.