Sənət adamlarının siyasətdən kənar qalması mümkün deyil

 

MÜSAHİBİMİZ PARLAMENTİN MƏDƏNİYYƏT KOMİTƏSİNİN SƏDRİ NİZAMİ CƏFƏROVDUR

 

Nizami müəllim, son ayların ən çox müzakirə mövzularından biri gənc sənətçilərin,daha doğrusu,qalmaqallı şou-biznes nümayəndələrinin, o cümlədən , bəzi aktyorların dalbadal hakim Yeni Azərbaycan Partiyasına (YAP) üzv qəbul edilməsidir. Bəs siz YAP üzvü, siyasət adamı və mədəniyyətlə yaxından əlaqəli olan bir ziyalı kimi bu məsələyə necə yanaşırsınız?

İndi vəziyyət belədir ki,sənət adamları da siyasətlə ciddi məşğuldurlar və mən burada təhlükəli bir hal görmürəm .Belə düşünürəm ki,əksinə,bu onların yaradıcılığına təsir göstərə bilər. Eyni zamanda, YAP bu gün Azərbaycanı idarə edən bir partiyadır, ölkənin ictimai-siyasi həyatı bu təşkilatdan asılıdır. Belə olan halda,əlbəttə, YAP üçün də maraqlıdır ki,sənət adamları,xüsusilə,gənclər, sənətin şou deyilən çevik hissəsi ilə məşğul olanlar bu təşkilatda təmsil olunsunlar. Bu, həm də onların özləri üçün maraqlı və önəmlidir. Belə düşünmək də düzgün olmaz ki, bu nəsə bir aksiyadır,yaxud, bu nəsə xüsusi bir hadisədir ki,kimlərinsə diqqətini özünə cəlb etsin. Bu, belə deyil,bu,ümumi ictimai prosesdir və hər zaman bu cür məqamlar ola bilər.

Sizə də məlumdur ki, şou- biznes və burada təmsil olunanlar daha çox qalmaqallarla özünə ad çıxarıb. Bu baxımdan, şou- biznesdəki qalmaqalların gələcəkdə hakim partiyaya sıçraması,onun da bu məsələyə cəlb edilməsi mümkündürmü?

Bu sahə tamam ayrıdır. Əslində belə düşünmək olar ki, bu gün Azərbaycan şou-biznesində peşəkarlıqdan bir xeyli kənaraçıxmalar var. O cümlədən, qalmaqallar yaratmaq, bu fonda diqqəti cəlb etmək, bunlar da ortadadır. Ancaq bundan sonra həmin şəxslər əgər bir partiyanın üzvüdürlərsə, həm də bu məqamı nəzərə almalıdırlar,ümumiyyətlə, çalışmalıdırlar ki,o siyasi təşkilatın nüfuzuna xələl gətirməsinlər. Yəni, partiya, özü də hakim siyasi təşkilat üzvü olmaq onlar üçün əlavə bir məsuliyyətdir.

Necə düşünürsünüz, burada müəyyən imtiyazlar əldə etmək,karyera qazanmaq və sair, istəklər də ola bilərmi?

Mən buna inanmıram. Əlbəttə, partiyanın işində iştirak, onun müxtəlif orqanlarında təmsil olunmaq və sair, burada müəyyən bir partiya karyerası amili,faktoru mövcuddur. Onlar da bu prosesdə iştirak etməlidirlər. Amma belə düşünsək ki,onlar bura müəyyən məqsədlərlə,karyerist kimi gəliblər, o zaman təbii ki,bu istəklər YAP tərəfindən qəbul olunmayacaq.Demək istəyirəm ki,burada qarşılıqlı hörmət və ehtiram olmalıdır. Onlar təbii ki, həm YAP-ın nüfuzundan istifadə edəcəklər-belə bir partiyanın üzvü olmaq özü əlavə dividentdir-həm də onun qayda-qanunlarına əməl etməli olacaqlar.Yəni, həm nüfuz,həm məsuliyyət!

Ümumilikdə,sənət adamlarının siyasətə qatılmasını necə qiymətləndirirsiniz? Qeyd edək ki, bu məsələyə yanaşmada da birmənalı olmayan fikirlər var...

Bu, həmişə olub. Sənət adamları nə qədər özlərini siyasi münasibətlərin, siyasi mübarizənin fövqündə görsələr,təsəvvür etsələr də,hər halda onların siyasətdən kənarda qalması mümkün deyil. Ümumiyyətlə,yaradıcılıq özü məfkurədirsə, bir ideologiyadırsa,istər-istəməz burada həmin təsiri və təzyiqi öz üzərində hiss edir. Bir məsələ də var ki, hər bir siyasi iradə, hər bir siyasi partiya istər-istəməz cəmiyyətin ən müxtəlif qüvvələrini ,o cümlədən, sənət adamlarını özünə çəkir. Burada həm sənət adamlarının bir şəxsiyyət,bir vətəndaş, bir insan kimi ictimai-siyasi proseslərdə iştirakının labüdlüyü var, həm də təbiidir ki, partiyanın cəmiyyəti,daha çox qüvvəni,fərqli düşüncə kəsimini öz arxasınca aparmaq istəyi var.Bu, hər bir siyasi təşkilatın istəyidir. Bu baxımdan da,burada elə bir ziddiyyət görmürəm.

Sizcə, bu gün Azərbaycanda əsl şou- biznes varmı və daha çox kimləri izləyir,dəyərləndirirsiniz?Açığı desək, bizdə şou-biznesi şor-biznes kimi qiymətləndirənlər də var...

Mən belə düşünmürəm. Əvvəlki illərlə müqayisədə indi Azərbaycanda sənətin şou- biznes sahəsi çox inkişaf edib. Bu gün Azərbaycanda yüksək səviyyəli,peşəkar şou-biznes nümunələri var. Buna misal olaraq Bakılı oğlanlar Şən və hazırcavablar klubunu, Planet parni iz Baku teatrını göstərmək olar. Eyni zamanda, son zamanlar ATV kanalında yayımlanan şou-biznes verilişlərini,proqramlarını qeyd etmək yerinə düşər. ATV-də bu yöndə xeyli müsbət irəliləyişlər var. Xüsusilə SOY prodakşının layihələrini qeyd etmək lazımdır. Bunlar çox uğurlu layihələrdir. Eyni zamanda, Rafaellə Coşğunun duetlərini uğurlu hesab edirəm.Bununla yanaşı, şou-biznes nümayəndəsi kimi Aygün Kazımovanın sənətini yüksək qiymətləndirirəm. O,demək olar ki,əsl peşəkar sənət adamıdır. Demək istəyirəm ki, maraqlı,yüksək səviyyəli şou-biznes nümunələri var və bunları inkar etmək mümkün deyil.Ancaq əlbəttə,hələ bu sahədə peşəkarlığın artırılması istiqamətində görülməli olan çox işlər var.

Bəs, şou- bizneslə bağlı ayrıca qanunun qəbuluna necə, ehtiyac varmı?

Bilirsiniz, zaman-zaman bu yöndə də çeşidli fikirlər,təkliflər səslənib,ortaya qoyulub. Amma şəxsən mən belə hesab edirəm ki, bu istiqamətdə xüsusi bir qanunun qəbuluna ehtiyac yoxdur. Çünki sənət,yaradıcılıq,şou-biznes elə bir sahədir ki,onu hansısa qanunla tənzimləmək bir o qədər də mümkün deyil. Burada hər şey təbii şəkildə,təkmilləşmə yolu ilə getməlidir. Amma bununla belə,təbii ki, bu sahədəki durumu müzakirə etmək üçün telekanalların,xüsusilə,prodakşn şirkətlərinin təmsilçilərinin sənət adamları,ziyalılarla,Mədəniyyət komitəsinin üzvləri ilə bir araya gəlməsə də lazımdır. Elə bilirəm ki, bunun heç kimə ziyanı olmaz.

 

 

VAHAB

 

525-ci qəzet.- 2011.- 23 iyun.- S.5.