Heyvanpərvər

  

Deyirsən,bu boyda imarəti necə tikdim? Mənsə deyərdim,imarət yox saraydı,əsl saray! Kəndin harasından baxsan, Sultan Süleymanın qəsri kimi, hər yandan görünür.

Bilirsən, rəhmətlik kişidən mənə bir daxmadan başqa heç nə qalmadı.

Çox düşünüb-daşındım, xeyli götür qoy etdim, neynim, necə eləyim!? Üz tutdum Avropaya. Orada bizim millətdən olan zəhmətkeş mühacirlər çoxdur. Elə mənim getməyimə də onlar kömək elədi, Allah da onların köməyi olsun.

Avropanın ortasında oturub fikirləşdim, hansı ölkədə qərar tutum? Avstriyanın üzərində dayandım.

Bunun da səbəbi var idi.

Gəncliyimdə, yadımdadı, yay tətilində dağ kəndinə qohumlardan birinin evinə getmişdim. Bütün yayı dağda qaldım. Həmin qohumun bir mərtəbəli evin qonaq otağında (onlar ona saxlama otaq deyirdilər) divarlara oboy əvəzi başdan-başa dünya xəritəsi vurmuşdu. Səhv etmirəmsə, siyasi xəritələr idi. Kələ-kötür suvaqlı divardan orası-burası qopub ayrılmış xəritə-aboyların altında siçan məskunlaşmışdı. İnan sözlərimin səmimiyyətinə, həmin siçan gündüz xəritələrin altı boya bütün dünya ölkələrini məşhur səyyahlar kimi dönə-dönə dolaşırdı. Axşam düşüb, qaş qaralanda gəlirdi Avstriyanın altına, orada dinşiyib ta sabaha kimi tərpənmirdi.

Bax, səbəb bu siçan oldu ki, Avropanın çeşidli ölkələri arasında Avstriyanı seçdim, düşündüm, heyvanlarda duyğu güclü olur. Bəlkə də həmin siçan mənə əzəldən verilən talenin bir işarəsi idi.

Nə isə, üz tutdum Avstriyaya, bir başa Vyana şəhərinə. Amma sən saydığını say, gör fələk nə sayır. Ciddi-cəhdlə axtarsam da, heç yerdə iş tapa bilmədim. Cibimdəki pul isə ovucdakı qar kimi qaşla-göz arasında əriyib gedirdi. Artıq vətənə, qoyub getdiyim daxmama qayıtmaq barədə düşünürdüm. Barmaq boyda siçana inanıb bu ölkəyə gəldiyimə itdən peşman olmuşdum.

Bir gün kirayələdiyim yarım zirzəmidən çıxıb bir-bir puça çıxan planlarımı fikrimdə irdələyə-irdələyə Vyananın küçələrində yenə boş-bekar veyillənirdim.

Bir də gördüm, yolun qırağında it mərəzinə çatmamış bir küçük ayağını sürüyə-sürüyə gəlir. O məni görüb dayandı.Gözlərini üzümə mərətləyib baxdı.

Ayaq saxladım.Yaralı tulanın göz baxışları yurdda daxmamın yanında qoyub gəldiyim itimin baxışlarını xatırlatdı.Gözləri onun gözləri kimi vəfalı idi.İlahi,it itə belə oxşayarmış.

Küçüyə tərəf bir-iki addım atdım.O tərpənmədi. Gözlərini gözlərimə zilləmişdi, sanki məndən kömək diləyirdi.

Yaxınlaşdım, onun yumşaq tüklü başını beliqarışıq sığalladım.

Tula zingillədi.

Ürəyim kövrəldi. Fikirləşdim,savab işdi,bunu burdan götürüm, aparım qarşıma çıxan ilk veterinar klinikada (belələrinin sayı Vyana şəhərində insan klinikası qədərdir) həkimə göstərim, zədəli ayağını sarıtdırım.

Fikirləşdiyim kimi də elədim.

Məni əlitulalı görən baytar-həkim üzümə nəvazişlə gülümsəyib onu astaca öz qucağına keçirdi.

–Adı nədir?-Baytar soruşdu.

–Mənim?-Sualı sualla qarşıladım.

–İtin adı!-həkim dedi.

–Bilmirəm.

–Bilmirsiniz?

–İndicə küçədə tapdım,- dedim-, gördüm, ona kömək lazımdır,götürdüm, bura gətirdim.

Baytar üzümə xoş bir təbəssümlə gülümsündü.

–Siz gözləyin, bu dəqiqə buna nə lazımdır eləyərik – Bu sözləri deyib küçüyü üstünə “əməliyyat otağı” yazılan qapıya tərəf apardı.Qapını arxasınca örtəndən bir az sonra yaralı tulanın zəif zingiltisini eşitdim. Fikirləşdim indicə ayağını sarıyıb buraxar.

Amma yox. Vaxt uzandıqca uzandı.

Qolumdakı saata baxdım. Bir saatdan çox keçmişdi.

Sözün düzü, yol kənarında gördüyüm yiyəsiz küçüyü götürüb bura gətirdiyimə bir ara peşman oldum. Vaxtın bu qədər uzanması məni şübhələndirdi. Öz – özümə dedim, həkim hər yerdə həkimdir. Klinikada boş-bekar oturmuşdu. Əlinə fürsət düşdü. Məndən imkan daxilində çoxlu pul çıxarmaq üçün zədəni mürəkkəbləşdirib şişirdəcək, ağlına gələni deyəcək, təki mənfəəti bol olsun. Gərək gətirməyəydim, yolumla çıxıb gedəydim, mənə deyən ola, burada nə itin azmışdı!?

Biz tərəflərdə deyərlər, həkimin əlinə düşmənim düşsün. Cibimdə şaha quruş qalıb, yol xərcimə güc-bəla ilə çatardı, onu da, bu həyasız baytar alacaq əlimdən. Deyəcək, gətirməyəydin, sənə deyən var idi, qıçı qırılmış sahibsiz tulanı götür bura gətir!? Gətirdin, indi zəhmət çək, əlini cibinə sal, müaləicə xərcini ödə!

Yadımdadır, hələ vətəndə nənəmi həkimə aparmışdıq, buzun üstündə ayağı sürüşüb onun da qıçı sınmışdı. Arvadın özü ağırlığında pulumuz çıxdı. Həkim min bir hoqqa çıxardı, əndirabadi bir diaqnoz qoydu, hələ bu harasıdır, cərrahiyyə pulu çatmamış xəstəyə əlini vurmadı, dedi, qolhaqqım gəlməmiş bu işə qol qoya bilmərəm...

Bu cür qaramat xatirələrdə idim ki, əməliyyat otağının qapısı açıldı, baytar-həkim çıxdı.

– Hər şey qaydasındadır,- o alnının tərini silib xoşmüjdəli təbəssümlə üzümə gülümsündü.

– Bəs küçük hanı? – qeyri- ixtiyari soruşdum.

– Küçük hələ narkozdan çıxmayıb, – dedi.

– Narkozdan?- heyrətlə dilləndim.

– Məsələ ilk baxışda göründüyündən qat-qat ciddi imiş. Əməliyyat eyləməli olduq... qıçının sümüyü üç yerdən ovxalanmışdı. On-on beş günə təmiz sağalar.

Udqundum. Ürəyimdə fikirləşdim, bu nə işdi düşdüm, buna cibimdəki pul da yetməz.

Heç nə olmamış kimi aradan çıxmaq istədim. Qapıya tərəf dönər- dönməz baytarın səsi kürəyimi döyəclədi..

– Tələsməyin!

Geri dönüb gördüm o masa arxasına keçib xüsusi bir anket-qəbzin içini yazır. Dalağım sancdı.

– Əməliyyat dəyəri nə qədərdir?- dilim topuq vura-vura soruşdum.

– İki yüz əlli avro!- həkim-baytar dedi.

– İki yüz əlli avro?!- karıxmış halda təkrarladım.

– Standartdır, – baytar üzümə mehribancasına gülümsündü,- itlərə görə iki yüz əlli, pişiyə iki yüz avrodur... hər heyvanın öz qiyməti var,- bunu deyib anket-qəbzi doldurmağa davam etdi.

– Mənim bir o qədər pulum yoxdu axı, – ciblərimi eşələyib olub-qopan pulumu çıxardım, – budur, cəmi yüz on dörd avrodur.

– Sizin pulunuzun bura nə dəxili var!? – baytar başını qaldırıb üzümə təəccüblə baxdı.

– Bəs kim ödəyəcək? – soruşdum.

– Biz sizə ödəyəcəyik!- üzümdəki heyrəti görüb həkim əlavə etdi, – aciz heyvanın qeydinə qaldığınız üçün , onu xilas edərək baytarlıq klinikasına çatdırdığınıza görə biz sizə iki yüz əlli avro ödəməliyik.

– Mənə ödəməlisiniz? – sevincimi gizlədə bilmədim.

– Bəs kimə?! Tulanı siz gətirmədiniz?

– Mən gətirdim!

– Avstriyanın qanunlarına görə bu cür heyvanpərvər hərəkətinizin və mövqenizin müqabilində sizə dediyim məbləğdə mükafat çatmalıdır, – baytar bu sözləri deyib, yanındakı seyfin ağzını açaraq, oradan düz iki yüz əlli avro götürdü, pulu mənə uzadıb,- buyurun,- dedi.

– Mən bu məbləği götürüb cibimə qoyanda, hiss etdim ki, həyatımda və Avropadakı taleyimdə ciddi bir dönüş baş verdi.

– Sağ olun! Deyib getmək istədim.

– Zəhmət olmasa, buraya qol çəkin,- deyə baytar- həkim qabağındakı kağızı mənə uzatdı.

Kağızı götürüb qol çəkdim. Təəccübləndim ki, iki yüz əllini sözlə də yaz demədi.

Səxavətli baytara bir daha təşəkkürümü bildirib klinikanı tərk edəndə, hiss etdim ki, keçirdiyim həyəcan-iztirablardan kürəyim tərləyib.

Amma kürəyimə gələn tər özü ilə bolluca qismət gətirdi, bərəkət gətirdi...

O gündən etibarən Vyananın itinə-pişiyinə qənim kəsildim, ümumiyyətlə qarşıma çıxan heyvanın yağısına və yaxınına çevrildim.

Yəqin, özümə ciddi gəlir yeri tapdığımı başa düşdünüz.

Avstriyanı kor-peşman tərk etmək fikirində olduğun bir anda yaralı it küçüyünə kömək əli uzatdığıma görə fələk məni ömürlük çörək yiyəsi elədi.

Özümə, bizim çobanlarda olan çomaq-dəyənəksayağı bir dənə çomaq düzəltdim, sumkama daş- yalama doldurub düşdüm şəhərin küçələrinə. Başladım gözümə sataşan iti-pişiyi vurmağa, vurub onlara xəsarət yetirməyə. Çomaqla vurduğumu çomaqla vurdum, dəyənəyin qabağından qaçanlar isə yalama hədəfinə çevrildi. Yalama, tolamaz atmaqda elə ustalaşmışdım ki, beşindən bir yalamam boşa keçərdi ya keçməzdi.

Orasını da deyim ki, bu cür ovçuluğun öz incəliyi var. Vurduğumu elə vurmalı idim ki, ölməsin, sadəcə xəsarət alsın. Elə olurdu, gündə beş –altı it-tula, iki-üç pişik vururdum. Bir neçə dəfə dələ, porsuq vurduğum da olub (bunların qiyməti nisbətən aşağıdır).

Xülasə qarşıma çıxan heyvanı vurub yıxırdım. Elə ki, vurdum yıxıldı, görürdüm tövşüyə-tövşüyə böyrü atır, ya da xəsarət nisbətən yüngüldürsə, sürünüb canını qurtarmaq istəyir, quzğun kimi şığıyıb qapırdım. Heyvanların ən yaxın dostu kimi yaralı heyvanı bağrıma basıb qaçırdım yaxındakı baytarlıq klinikasına. Xəstəni həkimə verib, alacağımı alıb yenidən qayıdırdım şikar, daha doğrusu, yardıma ehtiyacı ola biləcək heyvan, it- pişik axtarışına.

Pişiyi vurmaq çətindir,amma həkimə çatdırmaq asandır.Yüngüldür, qoltuğuna vur, üz tut klinikaya...Bacar üst-başını cırmaqlamasın.

Fəqət itin irisi olur, xırdası olur, küçüyü olur, tulası olur. Bəzən,görürdün ki, çomağın zərbindən yerə leş kimi sərilib hıqqıldayan itin cəmdəyi ağırdır,qucaqda gedən deyil. Belə hallarda dəyənəyi atırdım səkinin qırağına,zəng edib təcili yardım maşını çağırırdım. Deyirdim,bu yazığı belə halda qoyub gedə bilmədim, kömək edin, hələ ki canı üstündədir, baytar klinikasına çatdıraq!...

İşim yaxşı gedirdi, elə olurdu, günümə min beş yüz, iki min avro qazanırdım.

Heyvan da insan kimidir, sayı var, sanbalı var. Tükənməz deyil ki! Hərdən məcburiyyət qarşısında qalıb bir vurduğumu bir də vururdum. Etiraf edim ki, öncə vurub sonra dadına çatdıqlarımın aralarında üç-dörd dəfə vurub xilas elədiyim it-pişik də var idi. Onlar məni tanıyırdılar, mən də onları tanıyırdım. Belələri uzaqdan gəldiyimi görən kimi qaçıb aradan çıxmağa cəhd edirdilər. Amma faydasız. Deyim ki, bir dəfə ayağından, belindən zərbə alan heyvan, sən deyən, əvvəlki sürətlə qaça bilmir.

Əvvəl bir neçə dəfə vurulub müalicə alanların içərisində yenidən ehtimal olunan zərbədən qaça bilməyəcəklərini duyub-anlayanlar da olurdu. Belələri məni görcək yerlərindəcə qalıb (aqibətləri ilə barışırdılar desəm, düz olmaz ) yan-yanı baxıb mırıldaşıb fısıldaşırdılar. Bu yerdə deyim ki, biz qafqazlılar həddindən artıq ürəyi yumşağıq. İnan səmimiyyətimə, belə anlarda neçə dəfə olub əlim-qolum boşalıb. Donub yerində qalan heyvanı növbəti dəfə vurmamışam, kişiliyimə sıxışdırmamışam, qıymamışam, qayıdıb öz yolumla getmişəm.

Halal gəlirimin fantan kimi vurduğu bir vaxtda qəzetlər şəhərdə heyvanların tez-tez vurulmasından, Vyananın ayrı-ayrı yerlərində dəhşətli zərbə almasından yazmağa başladılar. Bunu müasir insanın heyvanlara qarşı soyuması, insanla təbiətin arasında ümumi harmaniyanın pozulması ilə izah edirdilər. Ancaq oradaca əlavə olaraq deyirdilər ki, şükürlər olsun, aramızda hələ də ürəkləri heyvanların ürəkləri ilə döyünən insanlar da var. Belələrinin sırasında, daha dəqiq sıranın başında bir-iki qəzetdə öz adımı da oxudum. Belə düşünürəm ki, bununla da Avropada yaşayan eloğlularıma başucalığı gətirdim.

Bir gün evdə oturmuşdum. Qəflətən qapı döyüldü. Tənbəl-tənbəl durub qapını açdım.

Qapı arxasında xüsusi geyimli, ortayaşını keçmiş kişi dururdu.

Dedi, sizə çağırış var. Bax, bura qol çəkin, çağırışı qəbul edin.

Dedim ( ürəyimdə), aman Allah, deyəsən mərhəmətimin iç üzü açıldı.

Çağırışı gətirən adama ( yazıq-yazıq) dedim, olmazmı , qol çəkməyim?

Dedi, lütfən qol çəkməli, çağırışın sizə çatdığını imzanızla təsdiq etməlisiniz!

Neyləməli, qol çəkdim, çağırış kağızını gətirənə təşəkkür edib otağa qayıtdım. Əllərim əsə-əsə üstü it-pişik şəkilli zərfi açıb çağırışı oxudum, gözlərimə inanmadığıma görə bir də oxudum. Heyvanların hüququnu müdafiə edən mərkəzi cəmiyyət məni, heyvanların ən fəal müdafiəçisini və sadiq dostunu haqlı olaraq təltif etmək və qazandığım ali adı əks etdirən diplomu vermək üçün öz baş ofisində keçiriləcək təltifetmə mərasiminə dəvət edirdi.

Getdim.Məni ehtiramla qarşıladılar. Başda,sədrin yanında oturtdular. Çıxışçılar hamıya nümunə olduğumu dedilər. Axırda təxminən altı aylıq qazancım miqdarda pul mükafatı və divardan asdığım o diplomu verdilər.

Tədbirdən sonra axşam evə dönüb qapını arxadan bağlayıb sabahkı günüm barədə düşünməyə başladım.

Qəflətən anladım ki,artıq vətənə qayıtmağımın vaxtı çatıb. Daha Avstriyada qalmağa dəyməz. Gördüyümü gördüm, qazandığımı qazandım. Vuracağım it-pişikdə qalmayıb. Hərəsini, azından, üç-dörd dəfə vurmuşam. İyimi bir kilometrdən duyub gizlənirlər. İyi bilməyənlər evdən çıxdığımı bilib aradan çıxırlar.Vəziyyət get-gedə ağırlaşır, yardıma ehtiyacı olan heyvanı, mədəni dildə desəm, təşkil etmək günü-gündən çətinləşir.

Əlbəttə, şəhəri, lap belə ölkəni dəyişə bilərdim, qonşu ölkələrdən birinə, məsələn Almaniyaya keçib heyvanların müdafiəsini, onların haqqının və həyatının qorunması işini orada da uğurla davam etdirə bilərdim, orada da külli miqdarda pul, şan-şöhrət qazanardım, amma...

Amma hər şeyin bir həddi var. İnsan vaxtında dayanmağı bacarmalıdır. Bax, sən yazıçısan, nöqtəni hara qoyacağını hiss edirsən. Iş adamı da eləcə, nöqtənin məqamını və yerini bilməlidir.

Fikirləşdim, yaş ötür. Qürbət eldə ömür-gün çürütməyə dəyməz. Gedim, çətinliklə qazandığım pulları vətənə qoyum, özümə ev-eşik düzəldim, sahibkar olum.

Dediyim kimi elədim.

Elə oradaca son model bahalı bir maşın aldım, təyyarəyə qoydum, özümdə oturub qayıtdım vətənə. Gələn kimi ata-babadan qalan o daxmanı himiqarışıq götürdüb, yerində bax bu sarayı ucaltdım. Söz düşmüşkən deyim ki, bundan birini də paytaxtda tikdirmişəm. Sərmayə qoydum, böyük bir daş-dəmir sexi açdım, altımışa yaxın fəhləm var. Camaata çörək pulu verirəm. Heç kəs də bilmir ki, qazandıqları məvacibin əsası nə ilə qoyulub.

Kim saya bilər, o qürbət eldə yaxşılıq naminə törətdiyim yamanlığı neçə dəfə xeyirxahlıqla nəticələndirmişəm;neçə-neçə vurduğum heyvanın həyatını xilas etmişəm. İtə-pişiyə olan hədsiz mərhəmətimin əvəzində qazandıqlarımı da görürsən, göz qabağındadır.

 

 

İmir Məmmədli

 

525-ci qəzet.- 2011.- 18 iyun.- S.29.