AMEA-nın Mərkəzi Elmi Kitabxanası: elmi və mədəni dəyərlər xəzinəsi

 

AYBƏNİZ ƏLİYEVA KƏNGƏRLİ: “MƏRKƏZİ ELMİ KİTABXANA SON TEXNOLOGİYALARIN TƏTBİQİ İLƏ FƏALİYYƏTİNİ DAHA DA TƏKMİLLƏŞDİRİB”

 

Son illər ölkəmizdə elm və təhsinin inkişafına dövlət qayğısı xeyli artıb, müvafiq sahələrin modernləşdirilməsi və inkişaf etdirilməsi üçün Dövlət proqramları qəbul olunub. Azərbaycan kitabxanaları da elm və təhsilin fundamental bazası kimi bu proseslərdən kənarda qalmayıb.

Hazırda AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda nəzərdə tutulmuş kompleks tədbirlərin icrası kursunu həyata keçirir. Həmin “Proqram”a uyğun olaraq Kitabxananın prioritet istiqamətlərindən biri də informasiya-kommunikasiya texnologiyalarının və digər müasir xidmət formalarının tətbiqi yolu ilə Azərbaycan elminin inkişafına yönəldilmiş fəaliyyət modelinin qurulmasıdır. Bu və digər məsələlərlə bağlı suallarımızı kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli cavabladırır:

– Aybəniz xanım, bilirik ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası Respublikada elmi müəssisə statusuna malik yeganə kitabxanadır. Ümumiyyətlə, oxuculara xidmət işi ilə elmi fəaliyyət nə dərəcədə uzlaşır? Başqa sözlə desək, intellektual auditoriyanın informasiya təminatını həyata keçirən kitabxananın elm sahəsinə nə kimi töfhələri var?

– Əlbəttə, bir neçə istiqamətdə fəaliyyət göstərərkən qüvvələrimizi daha çox səfərbər etməli oluruq. Qeyd etdiyiniz kimi, fəaliyyətimiz təkcə oxucuları kitabla, informasiya ilə təmin etməklə yekunlaşmır, bununla bərabər həm də kitabxana işinin, kitabxanaşünaslığın elmi-nəzəri cəhətdən inkişafına da nail olmağa çalışırıq. Respublikamızda gedən quruculuq işlərinin, əldə olunan nailiyyətlərin, inkişafın təbliği, informasiya təminatı da prioritetlərimizdəndir. Çalışırıq ki, həm oxuculara xidmət işində, həm elmi fəaliyyətimizin təşkilində ölkəmizin inkişaf templərinə uyğunlaşaq, ən yeni texnologiyaların, metodların tətbiqini gecikdirməyək. Kitabxanamız elmi fəaliyyətini əsasən 2 istiqamətdə qurur: “Kitabxanaşünaslığın nəzəri və təcrübi məsələlərinin elmi təşkili” və “Biblioqrafiyaşünaslıq: elmin biblioqrafik informasiya təminatı” üzrə. Təkcə ötən il ərzində “Kitabxanaşünaslığın nəzəri və təcrübi məsələlərinin elmi təşkili”nə aid 9 müxtəlif mövzu üzrə 34 elmi tədqiqat işi aparılıb.

Kitabxana “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə 2008-2010-cu illər üçün Tədbirlər Planında nəzərdə tutulmuş “Kitabxanaların latın qrafikalı ədəbiyyat və jurnallarla təmin olunması” bəndinin icrası istiqamətində işlərini davam etdirib.

Fondların elmi ədəbiyyatla cari komplektləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə nəşr olunan və kitabxanalara pulsuz paylanılan latın qrafikalı kitabların, məcburi nüsxələrin, nəşriyyatlardan əldə olunmuş ədəbiyyatın, beynəlxalq mübadilə yolu ilə alınan nəşrlərin, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, təşkilat və qurumları, eləcə də ayrı-ayrı alim və mütəxəssislər, təşkilatlar tərəfindən hədiyyə olunmuş kitabların hesabına həyata keçirilib.

Ötən il Kitabxanaya 15 279 nüsxə ədəbiyyat daxil olub ki, onlardan da 2415-i xarici dillərdədir. Yeni daxil olan 5805 nüsxə dövri və nəşri davam edən ədəbiyyatın isə 3384 nüsxəsi xarici dillərdədir. İl ərzində 281 nüsxə elektron nəşr əldə etmişik. 1755 nüsxə avtoreferat və 1049 nüsxə dissertasiya işinin kitabxanamıza daxil olması fondumuzu bir qədər də zənginləşdirib. Metodik rəhbərliyini həyata keçirdiyimiz şəbəkə kitabxanalarına, yəni, AMEA-nın elmi tədqiqat institutlarının kitabxanalarına isə ümumilikdə 16273 nüsxə ədəbiyyat daxil olub.

– Ümumiyyətlə, Mərkəzi Elmi Kitabxananın oxucu kontingenti barədə nə deyə bilərsiniz? Resurslarınız oxuculara keyfiyyətli və davamlı xidmət üçün kifayət edirmi?

– Kitabxanamız əsasən alimlərə xidmət edir və bu cəhət bizim işimizi əksər kitabxanaların fəaliyyətindən fərqləndirir. Alimlərə xidmət kimi şərəfli işin həm mürəkkəb, həm də sadə tərəfləri var. Mürəkkəblik ondan ibarətdir ki, intellektual kontingent daim yenilik axtarışında olduğundan onları yalnız ən aktual elmi mənbələr, informasiyalar maraqlandırır. Bəzən elə sorğular olur ki, onların təmin olunması üçün az qala bütün resurslarımızı səfərbər etməli, milyonlarla informasiya massivinin arasından məhz uyğun olanını seçməli oluruq. Əsas məqsədimiz odur ki, alimimiz ona lazım olan ən yeni ədəbiyyatı, informasiyanı dünyanın hansı kitabxanasında, elmi müəssisəsində olmasından asılı olmayaraq vaxtında ala bilsin. Bu işin öhdəsindən gələ bilmək hər bir kitabxanaçı üçün məslək işidir, şərəfdir. Qeyd etdiyim ki, alimlərlə işin asan tərəfləri də mövcuddur. Belə ki, bu tip oxucuların sorğuları konkret və dəqiq olur. Başqa sözlə, hazırlıqsız oxuculardan fərqli olaraq alim oxucular nə istədiklərini əvvəlcədən bilirlər. Onu da qeyd etmək yerinə düşər ki, ötən il kitabxanamız davamiyyəti 600 min dəfədən artıq olmaqla 40 minə yaxın oxucuya xidmət göstərib. Sualınızı ikinci hissəsinə gəlincə, deyə bilərəm ki, bəli, bu gün bizim resurslarımız oxucularımıza keyfiyyətli və operativ xidmət göstərməyə kifayət edir. Kitabxanamızın 2 milyonluq fondu həm yerli, həm də xarici ədəbiyyatla daim zənginləşdiyindən, dünya üzrə əməkdaşlıq etdiyimiz 600-dən artıq nüfuzlu elm və təhsil müəssisəsindən mübadilə yolu ilə əldə etidyimiz nəşrlərin sayı günbəgün artdığından, EBSCO, INTAS, SVITS, IOP, APS və s. kimi irihəcmli elektron informasiya bazalarına çıxışımız davamlı olduğundan oxucularımızın sorğularını dolğun şəkildə təmin etmək mümkün olur.

– Mütəmadi olaraq mətbuatda, televiziyada, veb resurslarda kitabxananın təşkil etdiyi sərgilər barədə məlumatlara rast gəlirik. Bu aktivlik nə ilə izah olunmalıdır?

– Bilirsiniz ki, ədəbiyyatın geniş ictimaiyyətə təqdim olunmasının, təbliğinin ən başlıca vasitələrindən biri də sərgilərdir. Bu həm də mütaliə mədəniyyətinin formalaşdırılması, inkişafı, populyarlaşdırılması nöqteyi-nəzərindən çox vacib məsələlərdəndir. Aktual ədəbiyyat sərgilərinin təşkili vasitəsilə cəmiyyətin informasiya təminatı kitabxanamızın qarşıya qoyduğu əsas vəzifələrdən biridir. Çünki, biz həm də ölkəmizdə informasiya cəmiyyəti quruculuğu işlərinə öz töfhəmizi vermək istəyir, informasiya bərabərsizliyini minimum həddə çatdırmaq üçün çalışırıq. Bu məqslədlə ötən il, Mərkəzi Elmi Kitabxanada və onun şəbəkə kitabxanalarında 125-dən çox sərgi təşkil edilib. Bunlardan: Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş ənənəvi və virtual formada geniş ədəbiyyat sərgisi ilə yanaşı “Heydər Əliyev və Azərbaycan elmi” adlı kitabının təqdimatını; “1941-1945-ci illər müharibəsində qələbənin 65 illiyi”nə həsr olunmuş ədəbiyyat sərgisini; Rusiya Elmlər Akademiyası Təbiət Elmləri Kitabxanasından alınan 150 addan çox 1066 nüsxə elmi jurnalın sərgisini; Rusiyanın “İnformnauka” Cəmiyyəti ilə Kitabxananın birgə təşkil etdiyi elmi və elmi-texniki jurnalların sərgisini qeyd etmək olar. Yubiley sərgilərindən isə “Şəfaət Mehdiyev – 100”; “Əziz Mirəhmədov – 90”; “Firudin Köçərli – 90”; “Fərəməz Maqsudov – 80”; “Asəf Nadirov – 80” və başqalarının adını çəkmək olar.

– Əvvəllər Mərkəzi Elmi Kitabxananın gördüyü işlər humanitar və ictimai elmlər bölməsi vasitəsilə AMEA-nın rəhbərliyinə təqdim olunurdu. Bir neçə ildir ki, rəhbərlik qarşısında müstəqil şəkildə hesabat verməniz nə ilə əlaqədardır?

– Mərkəzi Elmi Kitabxananın fəaliyyətinin ötən illərə nisbətən xeyli genişlənməsi, daha hərtərəfli olması ilə əlaqədar rəhbərlik tərəfindən belə bir qərar qəbul edildi. Bu kitabxanamızın məsuliyyətini artırmaqla yanaşı, AMEA Rəyasət Heyəti ilə birgə mühüm tədbirlərin keçirilməsində bizim daha fəal iştirakımızı təmin etdi. AMEA-da təşkil olunan mühüm yubiley, konfrans və sairə tədbirlərin kitabxanamız tərəfindən təşkil olunan ədəbiyyat sərgilərilə müşayiət olunması artıq bir adət halı alıb. Məsələn, ötən il, Dağıstan Respublikasının görkəmli dövlət xadimi Seyid Qurbanovun xatirəsinə həsr olunmuş “Azərbaycan-Dağıstan: qardaşlıq münasibətləri tarixi, müasirlik, perspektivlər” və “Azərbaycan-Dağıstan əlaqələri” mövzusunda AMEA Rəyasət Heyətində keçirilən beynəlxalq elmi konfrans zamanı kitabxana böyük ədəbiyyat sərgisi təşkil etmişdi. Görkəmli alim, akademik Bəkir Nəbiyevin 80 illik yubileyi, görkəmli alim, akademik İmam Mustafayevin anadan olmasının 100 illik yubileyi, xalq şairi Rəsul Rzanın 100 illik yubileyi, akademik Ziyad Səmədzadənin 70 illik yubileyi ilə bağlı geniş ədəbiyyat sərgiləri də bu qəbildəndir. Əlbəttə, kitabxanada əlamətdar günlərə həsr olunmuş tədbirləri də unutmaq olmaz. 2010-cu ilin yanvar, fevral, mart, may aylarında müvafiq olaraq 20 yanvaq şəhidlərinin xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq salnaməsi. Tariximizin qan yaddaşı 20 yanvar faciəsinin 20-ci ildönümü” adlı konfrans sərgi, “Xocalı faciəsi sənədli və bədii əsərlərdə”, “31 Mart Azərbaycanlıların soyqırımı günü”nün 92-ci ildönümünə həsr olunmuş “Azərbaycan xalqının faciəvi tarixi səhifələri”, “Heydər Əliyev irsinin tədqiqinin təbliği”, “Azərbaycan II Dünya müharibəsində”və s. mövzularda konfrans-sərgilər keçirilib, “Müasir informasiya məkanı və kitabxanalar” Ümumrespublika elmi-praktik konfransı, “Heydər Əliyev irsi və müasir Azərbaycan dövlətçiliyinin təbliği məsələləri” mövzusunda elmi sessiyalar təşkil olunub. Bütün bunların fonunda bir daha vurğulamaq istəyirəm ki, AMEA Rəyasət Heyəti qarşısında müstəqil şəkildə hesabatla çıxışımızın səbəbi fəliyyətimizin əhatəliliyi ilə bilavasitə bağlıdır.

– Kitabxana ilə tanışlıq zamanı bizə yeni nəşrlərinizi də göstərdiniz. Düşünürəm ki, həmin nəşrlər barədə məlumat oxucularımıza da maraqlı olar.

– Hər il olduğu kimi, ötən il də bir sıra əhəmiyyətli kitablar nəşr etmişik. Misal olaraq “Müasir informasiya məkanı və kitabxanalar: Ümumrespublika elmi-praktiki konfransının materialları”nı, “Biliklər cəmiyyətində virtual informasiya”, “Kitabxana fondlarının formalaşdırılması”, “Kitabxanaların qəza və təbii fəlakət hallarına hazırlığı: mühafizə və konservasiya metodları”, “Azərbaycan Milli Elmlər Akademiyası nəşrlərinin biblioqrafiyası. İllik. 1989.” adlı nəşrləri, Mərkəzi Elmi Kitabxananın “Elmi Əsərlər”inin 11-ci buraxılışını, “Müstəqilliyə gedən yol: Azərbaycan Xalq Cümhuriyyəti” (1918-2009-cu illər) biblioqrafik göstəricilərini göstərmək olar. Əməkdaşımız, filologiya elmləri doktoru Gülşən Əliyevanın “Yandım avazeyi-eşqinlə sənin....” adlı kitabı da oxucularımız, füzulisevərlər tərəfindən böyük rəğbətlə qarşılandı. Yeri gəlmişkən həmin əməkdaşımız Ümummilli lider Heydər Əliyev ideyalarının və dövlətçiliyimizin təbliği sahəsində səmərəli fəaliyyətinə görə “Mərhəmət elçisi” jurnalı tərəfindən “Vətənə xidmət” diplomu ilə təltif olunub. Uzun illərdən bəri davamlı olaraq nəşr etdiyimiz “Elmi əsərlər”imiz ötən il beynəlxalq standart seriya nömrəsi (ISSN – 2219-5874) alaraq, Azərbaycan Respublikasının Prezidenti yanıda Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli protokoluna əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısı”na daxil edilib.

Şəxsi biblioqrafik göstəricilərin hazırlanması və nəşr olunması baxımından da ötən ili kitabxanamız üçün uğurlu hesab edirik. Belə ki, ötən il akademiklər – Arif Mehdiyev, Ziyad Səmədzadə, Abdulla Qarayev, Vaqif Fərzəliyevin şəxsi biblioqrafik göstəriciləri çapdan çıxıb. AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın həyat və fəaliyyətini əks etdirən biblioqrafik göstərici nəşr olunub. Hazırda akademik Arif Paşayevin şəxsi biblioqrafik göstəricisi çap mərhələsindədir. Həmçinin akademiklər Məmməd Cəfər Cəfərov və Əbdülvahab Salamzadənin, müxbir üzvlər Telman Qurbanov və Vəli Əliyevin şəxsi biblioqrafik göstəriciləri çapa hazırlanıb.

– Aybəniz xanım, bilirik ki, yeni texnologiyalardan istifadə, oxuculara elektron vasitələrlə xidmət kitabxanaların qarşında duran başlıca vəzifələrdəndir. Bu istiqamətdə nə kimi işlər görürsünüz?

–Biz elə bir dövrdə yaşayırıq ki, informasiya və kommunikasiya texnologiyalarından istifadə etmədən hər hansı bir irəliləyişdən danışmaq olmaz. Müasir kitabxanalar kimi Mərkəzi Elmi Kitabxana da fəaliyyətini ən son texnologiyaların tətbiqi ilə daha da təkmilləşdirib, oxuculara elektron kataloq və elektron kitabxanadan istifadə imkanları təqdim edib. Bu sahədəki işlərimizi davamlı olaraq həyata keçirir, kitabxana proseslərinin avtomatlaşdırılmasını daim diqqət mərkəzində saxlayırıq. İstifadə etdiyimiz “İRBİS–64” Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi bu sahədə fəaliyyətimizi sürətləndirməyə imkan verir. Belə ki, məhz həmin sistem vasitəsilə elektron kataloqumuzu oxucuların istifadəsinə vermişik. Ötən il “İRBİS–64” Avtomatlaşdırılmış kitabxana-informasiya sistemini AMEA-nın Fizika İnstitutu, İqtisadiyyat İnstitutu, Polimer Materialları İnstitutu kitabxanalarında və “Azərbaycan Milli Ensklopediyası” Elmi Mərkəzində yerləşdirmişik. Bundan əlavə, Kitabxananın elektron kataloqunu İnternet vasitəsilə oxuclara təqdim etmək məqsədi ilə “VEB-İRBİS” proqramından istifadə etməyə başlamışıq. Hazırda “VEB-İRBİS” proqram təminatının interfeysinin Azərbaycan dilinə tərcümə edilməsi istiqamətində işlərimizi davam etdiririk. Alimlərə göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə artıq bir neçə ildir ki, kitabxanamızda “Azərbaycanşünaslıq” adlı elektron informasiya mərkəzi fəaliyyət göstərir. Ötən il mərkəzin “Azərbaycan tarixi”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan elmi”, “Azərbaycan mədəniyyəti”, “Azərbaycan ədəbiyyatı” (müstəqillik dövrü), “Azərbaycan muzeyləri”, “Qobustan” və s. adlı məlumat bazalarına 3 428 adda sənəd daxil edilib. Bundan başqa mərkəzin elektron fondunu zənginləşdirmək məqsədilə   “Azərbaycanın kitab abidələri”, “Azərbaycanda neft” elektron məlumat bazaları genişləndirilib, “Azərbaycan və xarici dillərdə ədəbiyyatın elektron kataloqu”na 8944 adda cari ədəbiyyat, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” məlumat bazasına isə 530 adda yeni material daxil edilib. Təqdirəlayiq haldır ki, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” məlumat bazası respublikanın Heydər Əliyev irsini Araşdırma Mərkəzinin saytına daxil edilib. Həmçinin, Mərkəzi Elmi Kitabxananın Veb-səhifəsinin təkmilləşdirilməsi işi də davam etdirilib, saytın mütəmadi olaraq yeniləşməsi həyata keçirilib.

– “Kadrlar hər şeyi həll edir!” şüarının bütün ictimai-siyasi formasiyalarda özünü doğrultuğu artıq hər birimizə məlumdur. Sizi, bir müəssisə rəhbəri kimi kitabxanaçı kadrlarınızın professionallığı nə dərəcədə qane edir?

– Hər halda düşünürəm ki, kadrlarımızın peşəkarlığı lazımi səviyyədədir. Belə olmasaydı, il ərzində 40-50 min oxucuya yüksək səviyyədə xidmət göstərmək mümkün olmazdı. Lakin bu o demək deyil ki, hər bir kitabxanaçımızın intellektual səviyyəsi bizi tam qane edir. Əlbəttə, biz əməkdaşlarımızın daha bilikli, daha bacarıqlı olmasını istəyirik. Müasir kitabxanaçı təkcə müvafiq sahə üzrə diplomu olan şəxs deyil, o həm də bir neçə əcnəbi dildə danışmağı bacaran, informasiya texnologiyalarından lazimi səviyyədə bəhrələnən peşəkardır. Biz belə kadrlarımızın sayını artırmaq üçün əlimizdən gələni əsirgəmirik. Hazırda Kitabxananın 5 nəfər aspirantı və 12 nəfər dissertantı var. Çalışırıq ki, bu sahədə alimlərimizin sayını artıraq və oxuculara xidmət işinin keyfiyyətini yüksəldək.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 2 mart.- S.6.